İşğal, yoxsa… farsların əlindən nicat?
Niyə Dəmirqapı Dərbənd? Məğər başqa şəhər-qalaların qapıları dəmirdən olmayıb? Nə vaxt bu adı alıb? Kim qoyub bu adı? Kim və nə vaxt tikdirib Dərbənd qalasını? Memarı kim olub? Qədəm qoyan anda dərhal məchul suallar adamı çulğalayır. Fikirləşə-fikirləşə qalırsan. Düşüncələr burulğanında ha çabalayırsan, bir tərəfə çıxa bilmirsən. Xəyalən, Dədə Qorqud əyyamı göz önündən keçir, ancaq bununla da qane olmursan. Fikir-xəyal daha qədimə aparır səni… ağlın dərk etmədiyi, şüurun nüfuz edə bilmədiyi ZAMANa və MƏKANa. O yerə ki, hələ daş-daş üstə qoyulmayıb, nə qala var, nə şəhər. Sadəcə qoca təbiətin yaranışından bir insanlardı bir də… ucsuz-bucaqsız təbiətin yanında çox kiçik görünən dağlarla dənizin arasında qalmış kiçik bir keçid, dar bir bərə….
***
DƏRBƏND – azərbaycanlıların ulu əcdadlarının tunc dövründə məskən saldığı və bu gün də çoxluq olaraq bir çox xalqlarla dostluq, həmrəylik şəraitində yaşadığı Rusiya tabeli qədim şəhərdir.
Dərbənd – Dağıstanın mərkəz tabeli qədim mədəniyyət və sənaye şəhəridir, arxeoloqların, tarixçilərin və elm adamlarının ən çox müraciət etdiyi qədim insan məskənidir, Avropa ilə Asiyanın kəsişdiyi coğrafi məkandır.
Dərbənd – bütün türkdilli xalqlar üçün ən müdrik ozan, ağsaqqal obrazında yaradılmış Dədə Qorqud diyarıdır, onun danışıq tərzini günümüzədək qoruyub yaşadan diyardır.
***
Dəmirqapı Dərbənd haqqında ilk məlumatım uşaqlıq illərimə təsadüf edir. O vaxtlar “Cırtdan”, “Məlikməmməd” nağıllarını mütailə edib qurtaran kimi dastanları oxumağa başladım, özü də birbaşa “Koroğlu” dastanını. Aşıq lovğalığı ilə bürünmüş dastan tez qavranılırdı deyə təkrar-təkrar oxuyurdum. Elə həmin dastanın “Koroğlunun Dərbənd səfəri” qolundan bu müqəddəs şəhərin varlığından xəbər tutmuşdum. Koroğlunun Dərbəndə gəlməsi, Möminə xatunla evlənməsi, sonradan bir oğlu olması, tezliklə cəngavər kimi böyüməsi, Koroğlunun bir də gələndə onu tanımaması, meydanda qurşaq tutub cəngə girmələri, yerə yıxıb başını kəsmək istəyəndə qolbağını görüb tanıması və digər hadisələr aşıq dili ilə elə təsvir olunur ki, elə bil Dərbəndin mərkəzi meydanında baş verənləri öz gözlərinlə müşahidə edirsən.
İkinci məlumatım yuxarı siniflərdə oxuyanda oldu. Dünya şöhrətli dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığında da Dərbənddən bəhs olunur. Dərbənd hakimi Seyfəddin Müzəffərə bir qəsidə yazıb göndərən Nizami sarayda çox yüksək qiymətləndirilir. Seyfəddin Müzəffər özünün ram edə bilmədiyi Afaq adlı çox ağıllı və savadlı kənizini Nizamiyə peşkəş edir, bağışlayır. Afaq ağlı, fərasəti ilə Nizamini də heyran edir. Odur ki, böyük Nizami onu cariyə məqsədilə istifadə etmir, külliyyatını qaydasına salmaq üçün xəttatların işinə nəzarəti ona tapşırır. Bütün gəzintilərdə Nizaminin yanında olan, təbi gəldikcə şairin söylədiyi qəzəlləri, məsnəviləri yazıya alan Afaqla Nizami arasında məlhəm münasibət yaranır və Göygöl gəzintisi zamanı Nizami Afaqa aşiq olur…
Sonralar – yetkinlik yaşına çatanda bu məsələ məni daha çox düşündürürdü: “Azərbaycan xalqının həm qolu zorlu pəhləvanı (Koroğlusu), həm də başı dərrakəli mütəfəkkiri (Nizamisi), nədən Dərbənd gözəlini seçsinlər? Nədir bu Dərbənd gözəlindəki heyranedici cazibə?”
Rusiya ilə sıx əlaqələrim orta məktəbi bitirdikdən sonra başladı. Ali məktəb illəri, gənc mütəxəssis kimi bir müddət işləmək 1984-1992-ci illərə təsadüf etdi. Həmin illər ərzində, bəlkə də on dəfə, bəlkə də çox Rusiyaya gedib, geriyə qayıtdım. Təyyarə ilə getdiyim iki-üç dəfəni çıxmaqla qalan vaxtlarda dəmiryolu nəqliyyatından istifadə edirdim. Xoş təsadüfdən gedəndə də, gələndə də Dərbənddən gecə ilə keçirdim və bu gözəl şəhəri bir dəfə də olsun doğru-dürüst görə bilməmişdim. Dərbənd haqqında yalnız tarixi məlumatlara malik idim.
Dərbənddə ilk insan tunc dövründə məskən salıb. Əcdadlarımızın ən qədim insan məskənlərindən biri hesab olunur. Uzun müddət şimal tayfalarından gələn hücumlara sipər olub, Azərbaycanı basqınlardan, qarətlərdən qoruyub. Bir müddət Quba xanlığının tabeliyində olub. 1722-ci ildə Böyük Rus imperatoru Pyotr Dərbəndə qədəm qoyub. 1735-ci ildə Ordu sərkərdəsi və şahın vəliəhdi Nadirqulu xanın sayəsində baş tutan Gəncə müqaviləsinə əsasən yenidən mərkəzi Azərbaycan hakimiyyətinin tabeçiliyinə qaytarılıb.
Sonuncu dəfə 12 oktyabr 1813-cü ildə bağlanan Gülüstan müqaviləsinə görə yerləşdiyi coğrafi əraziyə əsasən Rusiyanın tabeçiliyinə keçir və bu gün Rusiya Federasiyasının ən cənub şəhəri hesab olunur.
Dərbənd Azərbaycanın paytaxtı Bakı şəhərinin 250 kilometrliyində yerləşir. Üzü şimala sağdan Xəzər dənizi, soldan isə Böyük Qafqaz sıra dağlarından Calqan dağ silsiləsi ilə əhatə olunur. Çox güman ki, DƏRBƏND etimologiyaya görə DAR və BƏRƏ, yaxud DAR və BƏND sözlərinin birləşməsindən əmələ gəlib, dilin diffuziyası sayəsində Dərbənd kimi formalaşıb. İstər şimaldan cənuba, istərsə də cənubdan şimala yürüş etmək üçün hökmən bu DAR BƏNDdən keçmək məcburiyyətində qalıblar.
DAR BƏRƏnin dağ divarları haqqında məlumat yazılı mənbələrdə VI əsrdə öz əksini tapıb. Böyük Qafqaz səddi adlanan həmin divarlar Dərbənd qalası (Narın qala) ilə birlikdə möhtəşəm müdafiə sistemi təşkil edib. Narın qalanın cənub-qərb küncündən başlayaraq qərbə doğru 40 kilometr məsafədə uzanan həmin divarların indi yalnız 20 faizi qorunub saxlanır.
Dərbənd, əslində ikidir – yuxarı və aşağı, həm də köhnə və yeni olaraq. Köhnə Dərbənd zəhmətkeşdi, yeni sahibkardı. Köhnə Dərbənddə doqquz məhəllə mövcuddu, yeni Dərbəndi məhəllələrə bölmək, nəyi isə müəyyənləşdirmək mümkünsüzdü. Köhnə Dərbəndin məhəllələri ayrı-ayrılıqda hərəsi bir kənddi, sanki başqa-başqa kəndlərdən köçüb bura gəliblər, məhəllə-məhəllə məskunlaşıblar. Hər məhəllənin özünün məscidi, mollası, ağsaqqalı, öz adət-ənənəsi var.
Məhəllələr elə salınıb ki, elə bil məcburən bir-birinə sıxlaşdırılıblar, evlər bir kisənin içindəki daşlar kimi bir-birinə sıxılan kimidilər. Məcburən bir-birinə sıxlaşıb, dostlaşıblar. Hər şeyi yoluna qoyan, bütün yaraları sağaldan, dərdləri yüngülləşdirən zaman onları da qaynadıb bir-birinə qarışdırıb, mehribanlaşdırıb.
Hündür daş arkalar hər iki tərəfdən dəmir qapılarla bağlanıb-açılır. Şimaldan Dərbənd qala, Daş qala, Orta qala, cənubdan Qala qapı, Məscid qapı adlanır, doqquz qapının bəziləri ya uçurulub, ya da adı unudulub.
***
Dərbənd müqəddəs şəhərdir.
5 avqust 1722-ci ildə rus qoşunları Dərbənd üzərinə hücuma keçib. 23 avqustda qalanı işğal ediblər. Şəhər əhalisi axund İmam Qulubəylə birlikdə Böyük Pyotru qarşılayıb. Yürüşü davam etmək üçün bir neçə gün qoşun burada düşərgə salıb. Avqustun 30-da naməlum səbəbdən 1700 at ölüb. Qoşun üzü cənuba hücum-yürüşü davam etdirə bilməyib.
Dərbənd qalası – Narın qala adlansa da bura bir qala deyil, bütöv bir qalalar sistemidir. Ümumilikdə üç müdafiə sistemi vardır. Əsas hissə Narınqala idi ki, dağların qoynunda yerləşirdi və üzü dağlara uzanıb gedirdi. İkincisi şəhər ətrafında olan qaladır. Üçüncüsü isə dəniz yaxınlığında yerləşən qala idi ki, Dübari adlanırdı. Sədd boyunca 80 bürc var idi ki, bunun da onu böyük bürc idi. Hər bürcdə 100, orta hesabla 50, ən azı isə 15-20 nəfər yerləşə bilərdi.
Dərbənd qala-şəhərinin işğalı Rus-İran müharibəsinin bir epizodudu.
Dərbəndi almaq və üzü cənuba doğru hərbi yürüşü davam etdirmək məqsədilə 1796-cı ildə Dağıstanın şimalındakı Qızılyar (daha dəqiqi Gizliyar) yaşayış məntəqəsində güclü rus ordu korpusu yaradılır. İmperatriçanın şəxsən tanıdığı və təyin etdiyi general-mayorlar knyaz Pavel Dmitriyeviç Sisiyanov, Sergey Alekseyeviç Bulqakov (bəzi mənbələrdə “Bulaqov” kimi qeyd olunub), Rimskiy-Korsakov, baron Leontiy Keinteviç Beniqsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platovun komandanlığı altında iki piyada və iki süvari (kavaler) briqadası olmaqla korpus formalaşdırılır. General-poruçik Valerian Zubov Ordu komandanı təyin olunur. Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə getmək üçün əmr verir. Qoşun Dərbənd istiqamətində hərəkətə keçir.
Zubov anlayır ki, ilk əvvəl ön divarı ələ keçirmək lazımdır. Bu məqsədlə 12 funtluq toplardan qalaya atəş açılır. Ancaq bu divarda bir təsir əmələ gətirmir. Onlar qalanı hücumla almağa qərarlaşırlar.
Savelyevin komandanlığı altında olan qoşun əvvəlcədən gəlib Dərbənd ətrafında yerləşmişdi. Savelyev Rusiya imperiyası ilə Qacar İranı arasında ittifaq qurmaq təklifi ilə Dərbənd hakimi Şeyx Əliyə məktub göndərtdirir. Şeyx Əli məktubu cavablandırmır və qala qapısına yaxınlaşan rus əsgərlərinə atəş açmaq əmri verir. Odur ki, Savalyev qoşunu qaladan atəş məsafəsində uzaqlaşdırır və Zubovun gəlişini gözləyir.
Varvara İvanovna Bakutinanın gündəliyindən Dərbəndin alınması haqqında qeydlər:
“… ruslar Dərbəndi asanlıqla alacaqları barədə heç bir ümidverici şans olmadan qalanı mühasirəyə götürdülər, divarlara künclərdən lağımlar atdılar, əlavə səngərlər hazırlayıb səngərləndilər, amma nəticədə bir iş görə bilmədilər. Qraf Savelyevə əmr göndərdi ki, səngərləri buraxıb geriyə çəkilsinlər.
1 may 1796-cı il istirahət günü idi. Mən düşərgənin kənarlarına gəzintiyə çıxmışdım, ətraf çox qəribə idi. Biz uzaqdan Dərbənd salınmış dağları müşahidə edirdik, durbinlə şəhərin özünü görə bilirdik.
Gözümüzün önündə daş divarlar ucalırdı, hansı ki, bu divarlarla əhatələnmiş qalanı farslar “məğlubedilməz” adlandırırdılar. “Dəmir qapılar” adlandırılan ərazi Rusiyanın girişi sayılırdı.
Təbiətin özü ilə möhkəmləndirilmiş, dənizə yaxın yüksələn, yüksək, dolanbac dağlar üzərində Dərbənd özü tikilmişdi. Şəhərin bir hissəsi dağlıq sahədə, digər hissəsi isə qumsallıq sahildə salınmışdı.
Şəhərin hər iki tərəfində qalın daş divarlar uzanır, bir tərəfi silsilə dağlara dirənir, digər tərəfini isə dənizin ləpələri yuyur.
Bir tərəfdən də üçüncü divar şəhəri qoruyur, şəhərə perpendikulyar salınmış divar aşağı hissəni ayırır və Dubar adlanır.
May ayının biri axşam qoşun ertəsi gün düşərgədən Dərbəndə yürüş etmək əmri aldı. Özləri ilə ən az yaraq-yasaq götürmək və əsas yükü geridə saxlamaq tapşırıldı. Səfər-yürüşlərdə qoşun üçün ən ağır yük qadınlar və onların əşyalarını daşıyan arabalar sayılırdı.
Qərargah-düşərgədə arabalardan ibarət dördbucaq guşə düzəltdilər və kiçik mühafizə altında qadınları, onların əşyalarını, çadırları, ehtiyat ərzaq və sursatları orada saxladılar. Mən də onlarla qaldım, çünki ərimlə səfərə çıxanda ona söz vermişdim ki, hər bir buyruq və əmrinə sözsüz və müzakirəsiz tabe olacağam.
2 may günü qoşun Dərbənd istiqamətində hərəkətə keçdi və 15 verst getdikdən sonra şəhərin 1,5 verstliyində yeni düşərgə saldı, bu, artıq döyüş düşərgəsi idi. Briqadalar bir-birinin yanında cəbhənin üzü şəhərə istiqamətində dağın ətəyinsdən dənizə qədər döyüş düzülüşü vəziyyətini aldılar. General Beniqsenin briqadası, hansı ki, Vladimir polkunun tabeçiliyindəydi, dənizə lap yaxın ərazidə, sanki şumlanmış sahədə yerləşmişdi, yağışdan daha çox islandı, geyimləri tamamilə palçığa bulaşdı, hətta tufan onların çadırlarını aşırıb dağıtdı. Təbiətin belə kəskin şıltaqlığına baxmayaraq ruslar bir neçə dəfə qalanı almağa cəhd göstərdilər. Qalanın müdafiəçiləri də havanın kəskinliyinə baxmayaraq müdafiə olunurdular, imkan vermirdilər ki, ruslar yaxınlaşıb qala divarları üzərinə çıxsınlar, ya da lağım atıb divarın altından içəri keçsinlər. Qala bürclərində müdafiə olunanlar hücumçuların üzərinə daşlar yağdırırdılar ki, nəticədə ruslar biabırcasına hücumu dayandırıb geriyə — düşərgəyə döndülər.
3 mayda adaya hücumun qarşısı qətiyyətlə alınır. Polkovnik Krivtsov və onun batalyonundakı əsgərlərin böyük qismi yaralanır. General Rimskiy geri çəkilərək mövqe tutmaq məcburiyyətində qalır. Növbəti gün Zubov qalaya yaxın mövqelər qurdurur.
Həqiqətən də, ruslar üçün farsların qabağından geri çəkilmək, dönüb qaçmaq biabırçılıq idi, amma buna görə əsgər-döyüşçüləri günahlandırmaq olmazdı, əsas günahkarlar onların komandirləri idi, döyüşqabağı belə bir vəziyyətlə üzləşə biləcəkləri barədə onları təlimatlandırmamışdılar. Əsgər-döyüşçülər, bəlkə elə onların komandirləri də dəfələrlə zəif müqavimət göstəriləcəyini zənn edirdilər. Odur ki, komandirlər öz səhvlərini və günahlarını başa düşən kimi bir yerə toplaşıb baş komandanın yanına onları yenidən qalanın yuxarısına aparıb təkrar müşavirə keçirilməsini xahiş etdilər. Baş komandan onları dinləsə də yenidən müşavirə keçirmədi, onları məğlubiyyətlərinə görə danlamadı da, Dərbənd işğal olunanadək onlarla çox mülayim davrandı.
Döyüşə ciddi hazırlıq getmədiyindən ərim məni görmək üçün bizim qaldığımız düşərgəyə gəldi və mənə döyüş düşərgəsinə yollanmağa razılıq verdi. Mayın 5-də mən döyüş düşərgəsinə gəldim və bir daha geriyə qayıtmadım. Beləliklə, heç bir həyəcansız və qorxusuz mən ön cərgə düşərgəsində qaldım. Güclü həmlə hazırlığı aparılmasa da hər şey öz qaydasında gedirdi. Mən dənizin qırağına gəlir, qumluqda gəzişir, balıqqulağı toplayırdım, dağın yuxarı hissələrinə qalxırdım, dağlıq ərazi daha gözəl idi, çoxlu çeşmə və bulaqlar vardı, elə bil daş çarhovuzlardan süzülüb axırdı.
Düşərgədə vəziyyət heç də ürəkaçan deyildi, güllə məsafəsində yerləşdiyindən əsgərlərin çoxu yaralı idi. Birinci gecəni heç də rahatlıqla keçirə bilmədim, güllə səsləri hər dəqiqə məni narahat edirdi. Şəhər camaatı xor ilə qorxulu səslər çıxarır, sözləşiblərmiş kimi təhlükə hiss edən öküzlər, inəklər və eşşəklər də bəzən onlara qoşulurdular.
8 may günü səhər obaşdan hücum başlandı. Batareya bütün silahlarından həmin qülləyə atəş açdı, hansı ki, həmin qüllədən yağdırılan daş rus əsgərlərini pərən-pərən salmış, geriyə dönməyə vadar etmişdi. Qüllə müdafiəçiləri arasında çoxlu ölən və yaralananlar olduğundan yerdə qalanlar şəhərin içinə doğru geri çəkilməyə başladılar. Bu zaman Voroşilov alayının ovçuları qala bürcünə dırmaşmağa başladılar və kiçik bir meydan zəbt etdilər. Gün ərzində başqa istiqamətlərdə hücum davam etdirilsə də ikinci uğurlu bir addım alınmadı. Farslar həmin qala bürcünü geri qaytarmaq üçün bir neçə dəfə cəhd göstərsələr də məğlubiyyətə düçar oldular.
8 mayda general Bulakovun qüvvələri adaya hücum çəkir. Qaladakıların güclü müqavimətinə baxmayaraq ruslar tədricən adanın ətraflarını ələ keçirirdi. Ruslar əsas hədəfi Narınqalaya yönəldirlər.
9 may günü ara-sıra atışmalar olsa da ciddi döyüş alınmadı.
Mayın 10-u səhər tezdəndən rus qoşunu hər tərəfdən qalanın üzərinə hücuma keçdi və bütün silahlardan qala atəşə tutuldu. Bir də gördük ki, general Bulqakovun batareyaları döyüş aparan ərazidə qalanın mollası atəş altında qaladan çıxıb və gəlir. Görünür, şəhər camaatı qırğından bezib və mollanı danışığa göndəribmiş. Molla general Bulqakovun yanına gəlib ərz etdi ki, şəhər camaatı qalanı təslim etməyə hazırdır və ruslar razılaşsa danışıqlar aparmaq üçün Şıxəli xan özü də gələcək, ancaq bəri başdan söz verməlisiniz ki, onları öldürməyəcəksiniz və şəxsi əmlakları qarət olunmayacaq. Yalnız bu şərtlə şəhər camaatı silahı yerə qoyub təslim olacaq. General Bulqakov bu barədə baş komandana məlumat ötürdü. Baş komandan məlumat alan kimi dərhal atəşin dayandırılmasına əmr verdi.
Xəbər gətirən molla həmin adam idi ki, 74 il əvvəl şəhərin qapısının açarını Böyük Pyotra təqdim etmişdi, bu rəvayətdimi, gerçəkdimi, heç kim deyə bilməzdi, amma belə danışırdılar.
İki saatdan sonra Dərbənd hakimi Şıxəli xan qrafın hüzuruna gəldi, onun başının üzərində cəllad xəncər tutmuşdu. Bu, ona işarəydi ki, Şıxəli xan səhvini başa düşür və qala camaatının sağ qalması üçün özünü qurban verməyə hazırdı. Dərbənd camaatı arasında ən varlı və nüfuzlu sayılan, həm də hakimin məsləhətçilərindən biri olan Qədir bəy qrafa müraciət etdi:
-Burda əgər bir nəfərin boynu vurulmalıdısa, o da mənəm. İkinci bir baş kəsiləsidisə, hakimin başqa məsləhətçilərindən biri olmalıdı. Şıxəli xan cavandı, təcrübəsizdi, onu bu işə biz təhrik etdik. Rusların mərhəmətinə inanır və xanın bağışlanmasını xahiş edirik.
Qraf gülümsündü, hamını bağışladığını bildirdi.
-Biz buraya baş kəsməyə gəlməmişik. – dedi. – Gəlmişik ki, sizi farsların zülmündən və əsarətindən xilas edək.
Beləliklə, Dərbənd qalası 10 may 1796-cı ildə rus qoşunları tərəfindən alındı”.
Rusların itkisi 107 əsgər və 11 zabit olur. Qənimət olaraq 28 top ələ keçirilir.
***
Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putin 2015-ci ildə Dərbənd şəhərinin 2000 illiyi münasibətilə keçirilən möhtəşəm tədbirdə demişdir: “DƏRBƏND – Rusiya Federasiyası ərazisində ən qədim şəhərdir. Bəzi məlumatlara görə orada yaşayış beş min il əvvəl, daha çox dəqiqləşdirilmiş məlumata əsasən isə iki min il əvvəldən şəhər fəaliyyətdə olub. Şübhəsiz, Dərbənd insanlığın inkişafı üçün ən unikal yerdi və ən yüksək diqqətə layiqdi”.
Dəmirqapı Dərbənd haqqında materiallar toplayanda çox mənbələrə müraciət etdim. Hətta orta məktəb dərslərinə də dönə-dönə qayıtdım. Fikirləşdim ki, heç olmasa dərslik hazırlayanlar mövzuları dəfələrlə süzgəcdən keçirib yeniyetmə övladlar üçün asan variantda məlumatlar yazarlar. Ancaq çox təəssüf ki, orada da hazır cavablar tapa bilmədim. Beləliklə, Dəmirqapı Dərbənd mövzusu mənə qədər müraciət etmiş minlərlə alimdən tutmuş həvəskara kimi cəmi qələm sahiblərinə müəmmalı qaldığı kimi sirli-sehrli, açılmamış qaldı.
Amma mən iki mühüm məsələni dəqiq öyrəndim. Birincisi, Dəmirqapı Dərbəndi belə asanlıqla öyrənmək mümkün olsaydı, daha bu müqəddəs şəhər minlərlə arxeoloqun, tarixçinin, səyyahın, turistin diqqətini cəlb eləməzdi. İkincisi isə burada yaşayan müxtəlif xalqların nümayəndələrini birləşdirən amalın, ümumilikdə doğma şəhərə olan hədsiz sevgiləridir. Dərbənddə yaşayan xalqlar doğma şəhəri eyni sevgi ilə sevir və bölüşmək ağıllarından və qəlblərindən kənar bir hissdir ki, heç vaxt onlara yaxın düşə bilməz.
Necə deyərlər, bütün xalqlar eyni səslə, eyni avazla, eyni sevgi ilə Dədə Qorqud sayağı qışqırır:
-E…he…heyyy!!! Dəmirqapı Dərbəndim mənim… heeyyy…