Ceyhun Həsənzadə, şeirlər

Yoxsa səni…

 

Etmisən sən düzü car, istə üzr, yoxsa səni…

Bunun öz yolları var, istə üzr, yoxsa səni…

*******

Sənə lazımdı məgər haqq deyəsən? Haqq səsinə,

Qulağın olmalı kar, istə üzr, yoxsa səni…

*******

Sənə kim “tırka” verib,kimdi tutanlar ipini?

Var belə çox havadar, istə üzr, yoxsa səni…

*******

De ki,səhv eyləmişəm,bir də etmərəm belə şey,

Bizə gəl açma bazar, istə üzr, yoxsa səni…

*******

Çox fikirləşmə,üzr istə “davay” gözləyirik,

Bunu tez eylə bacar, istə üzr, yoxsa səni…

*******

Qara zindan olacaq lap ən azı yüngül işin,

Dörd tərəf bağlı divar, istə üzr, yoxsa səni…

*******

Zalimə lənət edibsən, bu nə “volyadır” axı?

Yayıb hər yerdə şüar, istə üzr, yoxsa səni…

*******

Nə bilim…şilləyə getdi,pula getdi əqidə

Çoxu oldu giləvar, istə üzr, yoxsa səni…

*******

Ceyhun,sən haqqı deməklə nədi qardaş, amalın?

Çoxalıb mərdiməzar, istə üzr, yoxsa səni…

 

Yandırma qazı

 

Vermisən sən bu qaza xod hara? Yandırma qazı!

Qaza borc göz çıxarır, ver ara, yandırma qazı.

*******

Borcu borc üstə yığıb,kef eləyirsən hələ ki,

Sonra bu borcu da vermək var a, yandırma qazı.

*******

Öl soyuqdan yola ver,gözlə ki, yaz fəsli gələr,

Baxma heç vaxt nə yağış, lap qara, yandırma qazı.

*******

Gizli qaz çəkmək oğurluqdur, adam oğru olar?

Səbr et, sıx dişini,aşkara yandırma qazı.

*******

Hətta var qazda limit,qəlbdə ümid səbr edirik,

Kömək olmaz, nəsə çatmaz kara, yandırma qazı.

*******

Tör-töküntü yanası varsa nəyin atma çölə,

Taxta yandır,belə düşsən dara yandırma qazı.

*******

Qara millət,qaradır bəxtin əzəldən bu yana,

Necə ki,neft qaradır, gün qara, yandırma qazı…

*******

Donub öl,xəstələnib lap belə yorğanlara düş,

Qalmayıb cibdə qəpik,pul-para, yandırma qazı…

*******

Sən bu “Odlar diyarında” oda həsrət yaşadın,

Özünü atma qəti “od”lara, yandırma qazı…

*******

Nəyi pisdir? belə qazlaşmağa sənsən narazı,

Açmısan evində karvansara, yandırma qazı.

*******

Deyilən vədlər edilmədi, bir an döndü qaza,

Vur apar sən bu qazı anbara, yandırma qazı…

*******

Ceyhun, əvvəlcə sönür,haqq sözün yaddan çıxılır,

Partlayır sonra olur qumbara, yandırma qazı…

 

Pul ölüb

 

Keçinibdir ayaq üstə, canı yoxdur, pul ölüb,

Zəlilər tək sovurublar, qanı yoxdur, pul ölüb.

*******

Pula bir zərbə dəyib ki, hələ gəlmir özünə,

Yıxılıb,sanki çöküb, bir yanı yoxdur, pul ölüb…

*******

Bu qoğal nəysə haramdır yetimə, düşmür o da,

Taa əzəldən kasıbın dövranı yoxdur, pul ölüb.

*******

Bərəkət-ruzi  elə o köhnə pullarda idi,

“Nizami”si, “Məmməd”i, “Şirvan”ı yoxdur, pul ölüb.

*******

Pula yox, sən bu pulu öldürənə lənət oxu,

Pulun heç bir günahı-nöqsanı yoxdur, pul ölüb…

*******

Daha gecdir dirənib,son nəfəsində dayanıb,

Edə bir çarə təbib-loğmanı yoxdur, pul ölüb.

*******

Dirilərsə sayılar möcüzə bir, amma çətin,

Geri qaytarmağa heç dərmanı yoxdur, pul ölüb….

*******

Qərib ünvanlara iş tapmaq  üçün getdi çoxu,

Qərib ellərdə qalıb,ünvanı yoxdur, pul ölüb…

*******

Yatırır divləri narkoz verərək divlər elə,

İşin əvvəlki kimi cırtdanı yoxdur, pul ölüb…

*******

Düzü inkar eləmə,bircə sözü etiraf et,

Çox uzun söyləmə bu dastanı, yoxdur, pul ölüb…

*******

Bir tikə əppəyyə möhtac yaşayır millət hamı,

Tapa fürsət,sevinə bir anı yoxdur, pul ölüb…

*******

“Toxun acdan xəbəri yox” demə, qardaş balası,

Zor bilirlər kasıbın imkanı yoxdur, pul ölüb…

*******

Xalqın onurğası tək yük götürənlər kef edir,

Bunu hər kimdir edən,vicdanı yoxdur, pul ölüb.

*******

Siz bu Ceyhun deyəni anlamayın başqa cürə,

İraq olsun, nəsə bir üsyanı yoxdur, pul ölüb…

 

Mənə nə

 

Çox ola ac-yalavac, lap ölə millət, mənə nə.

Gəl görə hər cürə işgəncə və zillət, mənə nə…

*******

Lal olub hər edilən zülmə susub, seyr edənə

Yüz faiz cəlladı  qan uddurar əlbət, mənə nə.

*******

Qara neftin qara gün taleyinə,andım ola,

Məndən olduqca uzaqdır, qara rüşvət, mənə nə.

*******

Günü-gündən çoxalır qiyməti,hörmət bahadır,

Görməsən, eyləmərəm mən sənə  hörmət, mənə nə.

*******

Var pulum,villalarım,yoxdu sizin heç nəyiniz?

Qalxa Alp dağlarına bir günə qiymət, mənə nə.

*******

Bağ evimdə elədi xidməti oğlum gecələr,

Dağ yerində var edən torpağa xidmət, mənə nə…

*******

Var kürü-ikra balıq, evimdə hər gün yeyirik,

Yesə kartof qabığı evində külfət, mənə nə…

*******

Sürüm öz dövranımı,kef də çəkim,sonra ölüm,

Deməyin bircə kərə öləndə rəhmət, mənə nə…

*******

Qızı yaşda biri ilə yaşayır “sevgi” guya,

Maşınlar-evlər alır hər dəfə xəlvət, mənə nə…

*******

Çalır alqış neçə yaltaq, çoxalıb xeyli sayı,

Üzdədir arsız-abırsız, ya biqeyrət, mənə nə…

*******

Çəkib it zülmü hər an, şükr eləməkdən başqa,

Barmağı qatdalasın, neylədi dövlət mənə nə???

*******

Ceyhun,çox haqqı demək şairə zindan yaşadar,

Qal ürəkdə elə çox arzuya, həsrət, mənə nə…