Vururuq
Qaldırıb rumka göyə,sağlığa millət, vururuq,
Dərd çəkib,qəm yeyirik, ürəkdə möhnət,vururuq.
Kişi «döylük», ala, dur rumkaya süz, biz də vuraq,
Ara bir «mahna» edib bir şeyi əlbət, vururuq…
Eləyib həqqi-salam,söz və kəlam, «əlli qram»,
Fərqi yox,erməni-rus, tapanda fürsət vururuq.
Bizi qoymuş nə hala, «andır»a qalmış bu şərab?
Siz bizə,biz də edib şeytana lənət,vururuq.
Vecimə heç nə deyil,kim nə deyir,bəlkə söyür,
Bizi kim təhqir edir,onlara rəhmət,vururuq…
Qələmin hökmü yalaqlarda olandan bu yana,
Qoymuşuq milləti haqq-düz sözə həsrət,vururuq.
Hələ biz asmayırıq-kəsməyirik şükr eləyin,
Humanistik, edirik lap sizə hörmət,vururuq.
Millətin xeyrinə bir söz yaza, dəyməz gözə heç,
Malın üstündə yazıb,ən yekə qiymət vururuq.
Kim ki,rüşvət-zad alır, biz ona qan uddururuq,
Ancaq işdən çıxarıb,oğraşa töhmət vururuq…
Haqq-mübariz olan insanları biz axtarırıq,
Versin Allah bərəkət,olsa nə qismət,vururuq…
Bizi vurmaqda dayandırmağa yoxdur ki,səbəb,
Əgər aşkarda alınmaz belə xəlvət vururuq….
Partdayır,paxmel olub baş,yenə ley-pey gedirik,
Dayanaq,bəlkə edək fasilə? dəhşət vururuq…
Ceyhun, öyrəşmişik artıq belə də, doğru sözü,
Yox cəsarət deməyə, kim desə minnət vururuq.
Şəhid övladı
Dağ kimi atanı itirib bugün,
İçində ah çəkir, edir fəryadı.
Təpədən-dırnağa hər halı üzgün,
Göz yaşı axıdır şəhid övladı.
Nə qədər arzusu var idi axı,
Canıtək sevdiyi atası üçün.
Puç oldu indi çox ümidi axı,
Çaş-başdır nə etsin, nəyi düşünsün…
Atanı itirmək asan şey deyil,
Namərdin gülləsi amansız oldu.
Can bala,ağlama göz yaşını sil,
Bu həsrət-ayrılıq zamansız oldu.
Səndəki bu dərdi görüb ölmədik,
Amma özümüzü tutdurduq yasa,
Nə qədər düşündük,tapa bilmədik,
Bir söz ki…Ovudar səni hardasa…
Söz verən vacibdir sözünü tutsun,
Vədəni verdiksə gərək düz verək.
Biz sənə nə deyək,səni ovutsun?
«İntiqam söz verək,qisas» söz verək?
Məğrur dur, aşağı çöküb dayanma,
Dərdini mənə ver, saralım-solum.
Nə olar,boynunu büküb-dayanma,
O bükük boynuna qurban mən olum.