Ceyhun Həsənzadə — Gör nə günə qaldı bu dövran belə (şeirlər)

Ceyhun Həsənzadə

Gör nə günə qaldı bu dövran belə

 

Gör nə günə qaldı bu dövran belə?…

Qan sovuran bitlərə kef məclisi,

Atlar ölüb, itlərə kef məclisi,

Şıllaq atan şitlərə kef məclisi,

Gör nə günə qaldı bu dövran belə,

Düşdü hansı bir hala insan belə?

 

Aşdı-keçdi imkana sığmazları,

Sığdı necə,vicdana sığmazları?

İnsan etdi insana sığmazları,

Halbuki etməz bunu heyvan belə.

Gör nə günə qaldı bu dövran belə?

 

Çox az qismi mərddi bu insanların,

Vicdanı çox sərtdi bu insanların,

Hər şeyi bir dərddi bu insanların

Dərd gətirir dərdinə dərman belə.

Gör nə günə qaldı bu dövran belə?

 

Tövbə edə az qala şeytan daha,

Qaldıra baş, göstərə vicdan daha,

Dalda qoyub şeytanı insan daha,

Heyrət edir bizlərə şeytan belə…

Gör nə günə qaldı bu dövran belə?

 

Allah, özün bizlərə imdad elə,

Yaşlı kişi-qadını bərbad… elə,

Ər belə pis gündədir, arvad elə,

Qız yaman vəziyyətdə,oğlan belə…

Gör nə günə qaldı bu dövran belə…

 

Fitnə salıb, qan qoxuyanlar hanı?

Şeytana tor-zad toxuyanlar hanı?

Dövrana meydan oxuyanlar hanı?

Hər kəsi udmuş qəbiristan belə…

Ay nəbilim… kimdi bu, ad-san belə…

Gör nə günə qaldı bu dövran belə?

 

Həccə gedib yeddi dəfə, amma ki…

Görmədi vicdan gözü, nə idrakı,

Bilmədi heç dərdi qonşusundakı,

Haqqı edib tərki müsəlman belə.

Gör nə günə qaldı bu dövran belə?

 

Tülkü yenə min bir oyunlar qurub,

«Liçka» verib, çaqqala ad uydurub,

Qurd çəkilib dağlara səssiz durub,

Səs eləmir tülküyə aslan belə,

Gör nə günə qaldı bu dövran belə?

 

Əvvəli bir, axırı min hoqqadır,

Hər yol ilə mərdə tikən torbadır,

Dünya ədalətsiz olan dünyadır,

İndi deyil, bu cürdü çoxdan belə,

Gör nə günə qaldı bu dövran belə?

 

Böylə bilinməz yaşı, çox köhnədir,

Ən qoca insan ona bir körpədir,

Dünya təlatüm dolu bir səhnədir,

Çatmaz ona yüz qara zindan belə.

Gör nə günə qaldı bu dövran belə?

 

Ceyhun, indi var kimin pul-sərvəti,

Birbaşa hər yerdə keçir söhbəti,

Yoxdu sənin haqq sözünün qiyməti,

Gorbagor olasan qəzəlxan belə.

Gör nə günə qaldı bu dövran belə?

 

Hər bir anı hoqqadır axşam-səhər

 

Hər bir anı hoqqadır axşam-səhər.

Çox xoşa gəlməz şey olur hər səfər.

 

Biqanacaqlar nə qədər sayda var,

Qalmamış insanlara hörmət-dəyər.

 

Alma vecə, sən də bir az sırtıq ol,

Şadlıq elə, çəkmə qəti qəm-kədər.

 

Sən bu siyasət nədir qarışırsan?

Xalqı oyatmaq sənə qalmış məgər?

 

O xalqı Allah da oyatmaz qağa,

Yalandan yatmış kimidirsə əgər.

 

Ey Bakı, paytaxt şəhərimsən mənim,

Sən necə oldun belə bədbaxt şəhər?

 

Şahidisən sən nələrin can Bakı,

İndi beşindən boşanır dörd nəfər…

 

Arvad ərə, ər də atır arvada,

Hər kəs özüyçün yaşayır bəxtəvər…

 

Üzdən iraqlar yetişir, dərdə bax,

Ölkədə bu yöndə çox artır bəhər…

 

Dözmür adam, gördüyü hər mənzərə,

Ya ona infakt gətirir ya şəkər.

 

Çirkab içində yaşayan pisləri,

Bəlkə gömər torpağa bir gün Xəzər…

 

Gəl narazı olma a Ceyhun, belə,

Gəlincən əcəl yaşa, döz birtəhər…

 

Olduq

 

Haqqa kor ola-ola,

Axırda yalan olduq.

Biz bu xislətimizlə,

Puç olduq, talan olduq.

 

İtən abır-ar oldu,

Millət ahuzar oldu,

Vətən bizə dar oldu,

Yaman imtahan olduq.

 

Yatdıq gündüz həm gecə,

Heç nə almadıq vecə,

Elə yaz fəslindəcə,

Töküldük, xəzan olduq.

 

Ögeylik-yadlıqdı bu,

Yalandan adlıqdı bu,

Nə cür azadlıqdı bu?

Ona qadağan olduq…

 

Tamam pozuldu niyyət,

Dəyişildi vəziyyət,

Pulluya gül xasiyyət,

Yetimə tikan olduq.

 

Gözə üfürdük qumu,

Söylə igidlik bumu?

Əzə-əzə məzlumu,

Guya «pəhləvan» olduq.

 

Danışdı çoxu nağlı,

Xalqın yolları bağlı,

Ürəyi dərdli, dağlı,

Gözləri giryan olduq.

 

Özgəyə-yada qaçdıq,

Özümüzlə dalaşdıq,

Düşmənə qucaq açdıq,

Üstünə yorğan olduq.

 

Vermədik heç məhəl də,

Heç nə etmədik əldə,

Qorxaq olduq əməldə,

Sözdə «qəhrəman» olduq.

 

Heç kim bilə bilməz (Qəzəl)

 

Yazmış qədər Allah, «nə var», heç kim bilə bilməz,

Dost-aşinalar, həm də yar, heç kim bilə bilməz.

 

Rişxənd eləyib, meyvəsi yoxdur deyib insan,

Barsız niyə qalmış çinar? heç kim bilə bilməz.

 

«Çiy süd əmən insan» dedilər insana, düzdür,

Bəs kimdə qalıb etibar, heç kim bilə bilməz.

 

Yollar necə yoldur, bizi nə gözləyir orda?

Çökmüşmü bu yol, ya hamar, heç kim bilə bilməz.

 

Ömrün qatarı yol gedər illərlə dolanbac,

Harda dura bir gün qatar, heç kim bilə bilməz.

 

Bəlkə dəvənin imkanı olsaydı qanaddan,

Dünya bizə gələrdi dar, heç kim bilə bilməz.

 

Vermiş, nəyi almış, (O,) bilir hər kəsi ancaq,

Etmiş necə dərdə düçar, heç kim bilə bilməz.

 

Hər şeyi görəndir və biləndir Kərim Allah,

Hikmətdi nə Pərvərdigar heç kim bilə bilməz.

 

Ceyhun, çalışıb haqqı dedin, sən qəmə düşdün,

Çəkdin elə qəm-ahuzar, heç kim bilə bilməz…

 

Qiymət