Cavanşir Qənbər, şeirlər

Gəl gedək.

Eşitmişəm,  o dağlara qar yağıb,

İzin düşsün izim üstə, gəl, gedək.

Sən bilirsən harda olsam yerin var,

Qolum üstə, dizim üstə, gəl gedək.

 

Qırx il keçdi, demə yenə tezdi ha,

Bundan belə qazancımız bezdi ha…

Demədimmi, mənim sözüm sözdü ha,

Dayanmışam sözüm üstə, gəl gedək.

 

Zaman keçir nə gizlədim, nə danım,

Qocalıram, yoxdu köhnə meydanım.

Sən sərinlə,qoy od tutum mən, yanım,

Qar səpərsən közüm üstə, gəl gedək.

 

Cavanşirəm, öz dərdimi  yazıram,

Daş altından çeşmə kimi sızıram.

Bundan belə sən nə desən hazıram,

Nə istəsən gözüm üstə, gəl gedək!

 

İllik hesabat.

On il elə getdi, on beş il belə,

Bir başdı, bir il də sallayaq – getsin…

Qurdlara ət verək, meymuna banan,

Yenə yaltaqları yallayaq, getsin…

 

Nə nifrət cücərdək, nə kin saxlayaq,

Şərlə aramızda bir tin saxlayaq.

Elə sinəmizi əkin saxlayaq,

Beldi qabar atıb, çullayaq getsin…

 

Kağız üzərində qanunumuz sərt,

Harına şirinçay, kasıblara dərd.

Beş altı satqın var, on – onbeş namərd,

Millətdi.., yağlıyaq, ballıyaq getsin…

 

Dirçəliş bizdəndi, haqdandı kömək,

Nəfəs var- sabaha ümüd var demək.

Deyirlər, günahdı çox da dərd yemək,

Bəlkə əlli – əlli tullayaq, getsin…

 

Vallahı, yanında sırtıq üzlərin-

Qarışqa yüküdür dərdi bizlərin.

Dəmir parçasını şərəfsizlərin,

Döşünə nal kimi nallayaq, getsin…