Cavanşir Qənbər, şeirlər

Tanrıya xitab

Göyə ha çıxmamışam, göydən yerə gəlmişəm,

Dərdə sirdaş gəlmişəm, qəmə lələ gəlmişəm.

Yaratmısan dünyanı, mən də belə gəlmişəm,

Mənə də bir şans tanı.., aman ver, çıxım gedim!

 

Demirəm, yer-göy mənim, bulud papağım olsun,

Sən yadıma düşəndə, çıxmağa dağım olsun,

Öləndə söyülməyim… – kəfənim-ağım olsun,

Heç olmasa bir ümüd, güman ver, çıxım gedim!

 

Ruhum zaman yolçusu, can bildiyim soxaqdı…

Həyat mənə kef deyil, əndəşədi, sınaqdı.

Bilirəm deyəcəksən,  bu nə üzlü qonaqdı…

Var-dövlət istəmirəm, zaman ver çıxım gedim!

 

Hərə öz hayındadır

 

Kimdi naxıra baxan,

Hərə öz hayındadır.

Dana öz hayındadır,

Kələ öz hayındadır…

 

Ortada varmı qayda?

Qazandan çıxmır bayda.

Millətə yoxdu fayda,

Manqal köz hayındadır,

Lülə öz hayındadır…

 

Bir az isinib sinə,

Köpəklər çıxıb tinə.

Tülkülər girib hinə,

Xoruz öz hayındadır,

Fərə öz hayındadır…

 

Doğrusu, adam çaşır,

Ətək görən sarmaşır.

Hara gəldi dırmaşır,

Pələ öz hayındadır,

Dələ öz hayındadır…

 

Eşşəyin şələ dərdi,

Şələnin şülə dərdi,

Yüklənib hərə dərdi,

Eşşək öz hayındadır,

Şələ öz hayındadır…

 

Bəlkə kimsə unutdu,

Bizə qalan umutdu.

Ortada qaçdı-tutdu,

Siçan öz hayındadır,

Tələ öz hayındadır…

 

Etmə qonşu gapını,

Aç, papaq var qapını…

Ye, bayramdı hapını,

Qağa öz hayındadır,

Lələ öz hayındadır…

 

Ver

 

Tanrım, sən bizlərə yazığın gəlsin,

Öküz dərdi verdin, xış dərdi də ver…

Hər işi ətəklə, kələklə ölçdük,

Qarın dərdi verdin, baş dərdi də ver…

 

Küfr etdik, can aldın qəza gətirdin,

Qovlaya-qovlaya duza gətirdin,

Qara qartalları cəza gətirdin,

Qoyun dərdi verdin, quş dərdi də ver…

 

Bir ovuc göz yaşı gözündə qalsın,

Arzular gül açsın, yetim qocalsın.

Qoy hamı beşcə il pensiya alsın,

Quru ömrü verdin, yaş dərdi də ver…

 

Bir qarın çörəkdi, olsun-olmasın.

Öləndə cismimiz dördə qalmasın.

Təki üstümüzdə daş tapılmasın,

Torpaq dərdi verdin, daş dərdi də ver…