Cavanşir Qənbər – şeirlər

Cavanşir Qənbər
Yazaram
Bəyənərsiz…
-innən belə,
Gül yazar, çiçək yazaram.
Məhd edərəm qara günü,
Ağlardan göyçək yazaram.
Şellənərəm, Mil düzündə,
Ceyranların baş dizində.
Xəyallarım göy üzündə,
Tüklənib lələk yazaram.
Təriflərəm bəyi-xanı,
Utanmaram, xala canı.
Efirləri ər meydanı,
Xəlbirı, ələk yazaram.
Mən durmuşam, qələm durub,
Hellənərəm, yüz-yüz vurub.
Şeytanlar saray qurub,
Yerdədi mələk yazaram.
Sənə baxıb, mənə baxıb,
Telimizdə dənə baxıb,
Bu çəkdiyimiz, günə baxıb,
Utanmır… külək yazaram.
Yal verib itə pişiyə,
Barmaq qoyub, hər deşiyə.
El malını çox kişiyə,
Göndərib fələk yazaram.
Dillənmərəm, tama-dada,
Fərd eyləməz olsa qida.
Şükür bizə:-Afrikada,
Tapılmır, çörək yazaram.
Olar, yuxumu qataram,
Üç-dörd saat gec yataram.
Hər birinizə layk ataram,
Hamıya ürək yazaram.
20 yanvar
Qar görəndə yadıma,
O qanlı yanvar düşür.
Həmin ildən Bakıya,
Yanvar ayı qar düşür.
İlişib yaddaşımda,
Bir məşum şəhər qalıb!
İllərdi ki, əlimdə,
Qərənfillər tər qalıb.
Hər daşda, hər divarda,
Eləbil can görürəm…
Harda şəhid yatırsa,
Azərbaycan görürəm!
Baxım
Dünən gördüm telfona qərib bir mesaj gəlib,
Dur, canlı çıx “Tik-toka”, bir azca sənə baxım…
Deyir, mən olan yerdən hər şey gözəl görsənir,
Bəlkə sənin gözündə bir az vətənə baxım!
Bilənlər, yaxşı bilir… mənim olmaz yalanım,
Bu millətə qurbandı, yenə, olub-qalanım,
Yazdı ki, dağı-daşı niyə düşüm dolanım?
At papağı, telində dumana-çənə baxım!
Yazdı, hər şeydən yazdı, qismətdən yaşdan yazdı…
Dərdi qoydu kənara, eşqi bu başdan yazdı
Hasarına hörülən tumarlı daşdan yazdı,
Bircə onu yazmadı…daşı hörənə baxım!
Görürəm, bu ölkədə hər şeyin qiyməti var,
Pulun varsa menyuda, qu quşunun əti var,
Atın da hörməti var, itin də hörməti var,
Görmədim kimsə deyə… itim hürənə baxım!
Qalır 
Dərd birdimi, ikidimi,
Ha, çəkirsən biri qalır…
Dərdi çəkə-çəkə adam,
Bir sümük, bir dəri qalır…
Daşlar deşir, tikan batır,
Adam qaçır, əcəl çatır.
Ölən- ölür, yatan- yatır,
Zamanədən geri qalır…
Ruh uçur, yer oyulur,
Torpağa əməl qoyulur.
Halvayla günah yuyulur,
Dodaqlarda kiri qalır…
Tanrı bizi bölmür Qağa,
Bölən… Haqqı görmür Qağa,
İnsan olan ölmür Qağa,
Vallah adam diri qalır…
Billah , adam diri qalır!
Gələrəm
Gözləyibsən, gözlə məni,
Açılsın başım gələrəm.
Hələ indi əllibeşdir,
Yüz olsun yaşım gələrəm.
Kövrəldirsən, bəndəm himə,
Dodaq dəyir sarı simə.
Günəş doğsun bu bəxtimə…
İsinsin qışım gələrəm.
Darıxma, gülüm darıxma,
Çəmənim çölüm darıxma,
Darıxma, ölüm darıxma,
Torpağım, daşım gələrəm.
Xatirədir məndə olan,
Bir ürəkdi qopub, qalan.
Məni əsgər yola salan,
Gözlə, savaşım gələrəm.
Bir daxmadır açıq qapım,
Tanrıyladır, sözüm- gapım.
Dayan , bir bəxtimi tapım,
Küsüm, dalaşım, gələrəm.
O gördüyün kefdi- haldı,
Görən deyir , bumu çaldı.
Eh, ağaran saç- saqqaldı,
Ağarsın qaşım, gələrəm.
Yaşayıram, var həvəsdə,
Həvəs ölmür , sevən kəsdə.
Qazanı qoy ocaq üstə,
Dəmlənsin aşım gələrəm.