Cavanşir Qənbər, şeirlər

Cavanşir Qənbər

Hardasan

 

Könlüm ,  gözüm,  əlim səni axtarır,

Sığal gəzir telim, səni axtarır,

İçim yanır, çölüm səni axtarır,

Ay insafsız, a qıvlasız hardasan?

 

Sənsiz çəmən, sənsiz çöl də çöl deyil,

Sənsiz çiçək həmin çiçək, gül deyil,

Sinəm dərya, göz yaşlarım göl deyil,

A dənizsiz, a dəryasız hardasan?

 

Aralıyıq,  aramızda bələn var,

Kövrəlmişəm, kəndinizdən gələn var!

Bir demədin,   həsrətindən ölən var,

Ay imansız, a mövlasız hardasan?

 

Cavanşirəm, öncə belə deyildin,

Zaman sıxdı, dövran əydi, əyildin.

Addımbaşı sevdalıyam deyirdin,

Ay ilqarsız, a sevdasız,  hardasan?

 

Nə var

 

Bir sirli aləmdi gəlib- gedirik,

Kim bilir, kim gəlib, o yanda nə var?

Bir qara quyudu, bir dərin kaha,

Kim görüb eşəndə, oyanda nə var?

 

Deyirlər ki, birdən din deyən olmaz…

Dünyada ədalət din deyən olmaz!

İllərcə yatarsan, “- Din!”- deyən olmaz,

Oyan…

bədbəxt adam, oyan…da nə var?

 

Olar od ələnər, su gəlməz bəndə,

Şeytan qarmaq atar, lox düşər bəndə.

Sən hara qaçırsan , ağılsız bəndə?

Haqqın bu yandadır, o yanda nə var?

 

Olmasın

 

Teylə qoyunları, ay çoban lələ,

Çalış, bu qoyunlar sürü olmasın!

Halalca – yavanca duz çörək olsun,

Süfrədə heç balıq, kürü olmasın.

 

Kimə nə… bir millət narazı olsun,

Bakılı, Gəncəli, Yerazı olsun.

İstərlər, on dənə Arazı olsun,

Ortada bir ” Dəli Kürü ” , olmasın…

 

Bəri dur, bir kəlmə deyim, sirr olsun,

Bəlkə, bir yumruqda hamı bir olsun.

Qoy Şəhid ocağı Məkkə pir olsun,

Millətin daş- qaya piri olmasın…

 

Tələsmə, bir-iki sözüm var hələ,

Çoxdandı əcəli tutmuşam dilə.

Endir çomağını yerlə bir elə,

Sürü Cavanşiri – sürü olmasın.

 

Gülürlər

 

Çoxu deyir, haqq adamı deyilsən,

Qismətimlə barışıram, gülürlər…

Yalanların sevdalısı çoxalıb,

Həqiqəti danışıram, gülürlər…

 

Öz sözümü dost da demir üzümə,

Bir az duram, yandan baxam özümə.

O qədərdi odun atan közümə,

İçin- için alışıram , gülürlər…

 

Çılpaq gəzir , daha çoxu bürünmür,

” Peşə qədim”, yolun sonu görünmür.

Eh… çoxunun sağı, solu bilinmir,

Sən kimləsən- soruşuram, gülürlər.

 

Hinkir- minkir , bilən deyir, ilişmə,

Qoşa- qoşa Tanrı salıb peşimə.

Bəndə deyir, gəl qarışma işimə,

Haqq işinə qarışıram, gülürlər…

 

Yaratdı

 

O qədər dünyada ac-gic gördüm ki,

Aclar gözlərimdə toxluq yaratdı…

Məni bağışlasın ulu Yaradan,

İnsan yaratmadı, çoxluq yaratdı.

 

Yaz qışa dönəndə nəfəsim öldü,

Qarğa qıy vuranda qıy səsim öldü,

Dünyaya gəlməyə həvəsim öldü,

Ümüdlər içimdə yoxluq yaratdı…

 

Yaxşını yamanla çütləşdirdilər,

Başımı pul ilə kütləşdirdilər.

Nə qədər bəndəni bütləşdirdilər,

Bütlər cəmiyyətdə loxluq yaratdı…