Mən bilirdim qorxuludur böyük eşq
Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu — belə olacaq…
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq…
Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dönə-dönə demişdim…
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim…
Çoxdur onun tərəddüdü, gümanı,
Qısqanclıqdır bərabəri, ekizi…
Bəzən olur qara rəngə boyanır,
Tutulanda qəzəbindən gün özü…
Mən görmüşdüm, mən bilirdim, bilirdim,
Bədbəxt olur insan qəlbən sevəndə…
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən, de indi…
Göstər mənə sevib xoşbəxt olanı,
Sevib bədbəxt olanlarsa nə qədər…
Çox Məcnunlar oldu eşqin qurbanı,
Külə döndü gör nə qədər Leylilər…
Məhəbbətin bir sifəti inamdır,
O birsi həsrət, əzab, dərd, kədər…
Bir gün oldu azıb qaldıq dumanda,
Nagah kəsdi yolumuzu şübhələr…
Olduq dedi-qoduların gülüncü,
Aramıza girdi iblis ayrılıq…
Məhəbbətin kin ovxarlı qılıncı,
Bir də gördük öz qınından sıyrılıb…
Bir də gördük uçurumdur irəli,
Ümid, inam gördük bizdən əl üzüb…
Heç nə görmür məhəbbətin gözləri,
Görünəndə yaman üzü, sərt üzü…
Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim — bunu belə olacaq…
Bu sahilsiz, məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq…
1994
Səni unutmaqdan ötrü
Ən dözülməz ağrılara, acılara tab edirəm,
Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Ürəyimin al qanını döndərib kabab edirəm,
Başıma çəkib içirəm səni unutmaqdan ötrü,
Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü…
Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,
Gözlərimi qırpan təki görürəm mənə baxırsan…
Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,
Öz-özümlə döyüşürəm səni unutmaqdanötrü,
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü…
Köküsümü cırıb açıram ayrılığın küləyinə,
Bütün keçmiş-keçənləri xəlbirləyib ələyirəm,
Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,
Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,
Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü…
Ay ilə həmfikir oluram uzun-uzun gücələri,
Gündüzləri sağa-sola hey ölçürəm küçələri,
Otağımda gizlənirəm sındırırsan pencərəmi,
Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,
Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?..
Çözələnir xatirələr, könlüm, ruhum qübarlanır,
Tarım durur əsəblərim, enir, qalxır damarlarım,
Su verirəm meynələrə, mıx vururuam divarlara,
Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü,
Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü…
İş olmayan yerdə belə özümə iş gördürürəm,
Qışda qar təmizləyirəm, yayda milçək öldürürəm,
Bütün sək-rəqibləri öz üstümə güldürürəm,
Hey haldan-hala düşürəm səni unutmaqdan ötrü,
Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü…
Səndən özgə nə vurğunam, nə möhtacam kimə isə,
Səndən qeyri olmasa da ehtiyacam kimə isə,
İstəyirəm ürəyimi qəsdən açım kimə isə,
Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,
Mələklərlə “görüşürəm” səni unutmaqdan ötrü…
Gözümdən çətin gedəsən gözümə qor dolmayınca,
Canımdan çətin çıxasan canım rahat olmayınca,
Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,
Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü,
Ölümə elçi düşürəm səni unutmaqdan ötrü…