Cəmil Həsənlinin mənasız kitabı. Kimlər ziyalı sayılır. — Seymur Baycan

Fikirlər Xatirələr

Ziyalıların Söyüdlüdə baş verən hadisələrə necə susması, ziyalıların öz mövqesizliklərinə, biganəliklərinə bəraət qazandırmaq üçün hansı bəhanələrin arxasında gizlənmələri Gültəkin Hacıbəylini bərk maraqlandırır. Yəni loru dildə desək, keçmiş millət vəkili ziyalıların necə susmalarının reseptini axtarır.

 

Etiraf edək ki, çox maraqlı axtarışdır.

Hər şeydən əvvəl Gültəkin xanım Azərbaycan dilində normal danışmağı və yazmağı öyrənməlidir. Siyasətlə məşğul olan şəxsin öz doğma dilində normal danışa və yaza bilməməyi böyük nöqsandır. Onun “türkcə” yazmaq və danışmaq səyləri ən azı yüngüllük kimi görünür. Çox güman, istifadə etdiyi “türkcə” sözlərin saxta, süni, uydurma sözlər olduğundan, Akop Martayanın həyat və fəaliyyətindən, Atatürkün türk dilini necə məhv etməyindən xəbərsizdir. Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıb sayılır. Necə deyərlər, yüz il yaşa, yüz il öyrən. Məncə, gec deyil, Azərbaycan dilində normal yazmağı və danışmağı öyrənmək olar. Sadəcə bir az əziyyət çəkmək, hər gün otuz-qırx səhifə kitab oxumaq lazımdır. Siyasətçi insanlara xitab edir, insanlarla işləyir. Hər bir siyasətçi xitab etdiyi, işlədiyi adamların dilində normal yazmağı və normal danışmağı bacarmalıdır. Bu, işin əlifbasıdır…

 

Bəzən sualların cavabları insanın yanında, gözünün qarşısında olduğu halda insan nədənsə cavabları uzaqlarda axtarır. Beləliklə vəziyyəti mürəkkəbləşdirir. Əslində, siyasətçinin vəzifəsi vəziyyəti mürəkkəbləşdirmək yox, vəziyyəti sadələşdirməkdir. Sadə izahlar, sadə cavablar siyasətçinin insanlarla işləmək bacarığını, gücünü göstərir. Vəziyyəti mürəkkəbləşdirməyə, “ziyalılar susmağı necə bacarırlar, hansı bəhanələrin arxasında gizlənirlər?” suallarına cavabları uzaqlarda, mücərrəd məkanlarda axtarmağa ehtiyac yoxdur.

 

Baş verən hadisələrə necə susmağın, hansı bəhanələrin arxasında gizlənməyin yol-yolağasını, çəmini, reseptini Azərbaycanda ən yaxşı bilən adamlardan biri Gültəkin xanımdı. Millət vəkili olduğu vaxtlarda ölkədə baş verən qanunsuzluqlara, dərəbəyliyə necə susurdu? Qan qaraldan hadisələri necə görmürdü? Pis xəbərləri necə eşitmirdi? Qan qaraldan hadisələri görməmək, pis xəbərləri eşitməmək üçün hansı bəhanələrin arxasında gizlənmişdi? Gültəkin xanım millət vəkili olduğu vaxtlarda hansı bəhanələrin arxasında gizlənmişdisə, ziyalılar da bu gün elə həmin bəhanələrin arxasında gizlənib. Bəzi reseptlər dəyişmir. Forma dəyişə bilər, mahiyyət olduğu kimi qalır.

Əgər necə susmağın, hansı bəhanələrin arxasında gizlənməyin resepti xanım siyasətçinin yadından çıxıbsa, bu resepti təzədən əldə etməyin çox asan bir yolu var. Gültəkin xanım səngər dostu Cəmil Həsənliyə müraciət etsin. Cəmil müəllim isə öz növbəsində Anar Rzayevə. Anar Rzayev xəsislik etməz, necə susmağın, hansı bəhanələrin arxasında gizlənməyin reseptini, hər halda, Cəmil müəllimə ötürər.

 

Müxalifət düşərgəsi daima ziyalı mövqeyi axtarışındadır. Ziyalı mövqeyi axtarırlar, amma mövqesiz, yaltaq adamları da özlərinə dost hesab edirlər. Görəsən, ziyalı dedikdə onlar kimləri nəzərdə tutur? Oxuyanları, çalanları, meyxana deyənləri, yoxsa kitab yazanları?

 

Ziyalı dedikdə yazan və pozan adamları nəzərdə tuturlarsa, ziyalı ordusunun dəqiq ünvanın onlara göstərirəm. Azərbaycan Respublikası, Bakı şəhəri, Xəqani küçəsi – 53. Yazıçılar Birliyində ziyalılar qarışqa kimi qaynaşır. Orda ziyalı əlindən barmaq basmağa yer tapılmır. Döşəmə, divar, tavan, pilləkən, hətta binanın damı ziyalılarla doludur. Müxalifət düşərgəsinə ziyalı mövqeyi lazımdırsa, Cəmil müəllimi Anar Rzayevin qəbuluna yollasın. Anar müəllimin əlinin altında azı iki min şair, yazıçı, tənqidçi, publisist var. İki min balaca rəqəm deyil. Əməlli-başlı ordudur.

Bu abstrakt ziyalı axtarışına son qoymaq lazımdır. Cəsarətiniz çatırsa, konkret adamların yaxasından yapışıb ziyalı mövqeyi göstərməyini tələb edin. Buna cəsarətiniz çatmırsa, ziyalı axtarmağın başını buraxın.

Yeri gəlmişkən, yaxınlarda Cəmil müəllim “Labirint” verilişində aparıcının “Anar Rzayevi yenə də dostunuz hesab edirsiniz?” sualına “hə” cavabı verdi. İstədim bu barədə ayrıca yazı yazam. Amma sonra fikrimdən daşındım. Yazı yazmaqda məna görmədim. Bu qədər haqq-hesabdan, bu qədər yazı-pozudan, bu qədər tənqidlərdən sonra Cəmil müəllim Anar Rzayevi yenə də dostu hesab edirsə, ona nəsə izah etməyin, nəsə başa salmağın artıq heç bir mənası qalmayıb. Cəmil Həsənlinin Anar Rzayevə “platonik sevgisinin” səbəbləri daha dərindədir. Bu mövzuda nəsə izah, nəsə şərh etmək mənasını itirib. Cəmil Həsənli uşaq, yeniyetmə, gənc deyil ki, ona yazılı və ya şifahi formada nəsə izah edəsən, nəsə başa salasan. Ağsaqqal kişidir, kitablar oxuyub, kitablar yazıb. Bir tarixçi kimi Yazıçılar Birliyinin necə və hansı məqsədlərlə yaradıldığını, orda hansı murdar hadisələrin, ixtilafların baş verdiyini çox adamdan yaxşı bilir. Deməli, problem bilməməkdə deyil. Problem insan təbiətində, insan xarakterindədir.

Çox xahiş edirəm, jurnalistlərdən biri Anar Rzayevlə əlaqə saxlasın. Öyrənsin görək Anar Rzayev də Cəmil Həsənlini özünə dost hesab edirmi? Görək bu dostluq qarşılıqlıdır, yoxsa birtərəfli?

Cəmil Həsənlinin “Zamanın sınağında” adlı xatirələr kitabı nəşr olunub. Oxumamışam, amma dəqiq bilirəm ki, o kitab əhəmiyyətsiz, mənasız, lazımsız xatirələrdən ibarətdir. Xatirə yazmaq müəllifdən səmimiyyət, cəsarət tələb edir. Anar Rzayevi özünə dost hesab edən adam xatirələrində hansı səmimiyyəti, hansı cəsarəti nümayiş etdirə bilər?

Qiymət