BÖYÜKAĞA AĞA

Ədəbiyyat

Pomidor

Xaçmaz pomidoruna

 

Millətin dərdi, səri səninlə olub həmişə,

Tapmısan bu bölgədə çox böyük ad-san, pomidor.

 

O qədər məşhur olub şimal bölgəsində adın,

Xaçmaz ilə çəkilir indi yanbayan, pomidor.

 

Hər il fevral ayında cücərib səməni kimi,

Səpirik şitillikdə, olursan mehman, pomidor.

 

Yarım hektar əkmişəm, az qalıb ki, canım çıxa,

Qiymətin xəstə edib, qan qusuram, qan, pomidor.

 

Bir yeşik qırxca kilo, hər kiloda beşcə qəpik,

Arvad da beş qəpiyə eyləyir idman, pomidor.

 

Həm dərir, həm daşıyır tək arvadım əlli yeşik,

Çağırmışam Ginnesi, etsin qəhrəman, pomidor.

 

Oğluma toy eləyib, qıza cehiz almalıyam,

Bu qiymətə nə edim, ay filan-filan, pomidor.

 

Bir dənə afrikalı sarı banan bir manata,

Utanıb gir yerə də, tağda qızaran pomidor.

 

Zavod qarşısındakı izdihamda nələr olmur,

Növbədə əzab çəkir yüzlərlə insan, pomidor.

 

Bir daha Böyükağa əkməyəcəkdir səni, bil,

Hökmünü veribdir artıq, edir elan, pomidor.

 

Əkməz

 

Mənim dərdlərimə yanan tapılmır,

Dedim ki, gəl otur, ürək dostu ol.

Həyatın hər üzün görüb gəlmişəm,

Süfrəmə əl uzat, çörək dostu ol.

 

Kinayə eləyib demə dəlidir,

Arxamca danışma, dost olmaz böylə.

Necə ürəyim var sənə bəllidir,

Qəlbində nəyin var üzümə söylə.

 

Təriflə yıxırsan dostun evini,

Bilirəm, yaltaqlıq peşəndir sənin.

Yəqin yavan gəldi duz-çörək sənə,

Sən, yaltaq dostusan yağlı tikənin!

 

Duz-çörək dostunun qiyməti olmur,

Onun ağırlığın mizan da çəkməz.

Dostluqla əkilən gül-çiçək solmur,

Ağa dost yolunda kol, tikan əkməz!

 

Azərbaycan bayrağı

Şəhid olan kəslərin özünün dəyanəti,

Üç rəngin birliyində cahanın əzəməti.

Dik baxdılar ölümə, çəkinmədilər qəti,

Yalın şəhid əlinin avtomatı, darağı –

Azərbaycan Bayrağı.

Qan üstünə düzülən gülümə bax, gülümə,

İyirmi ildən artıq dözürük bu zülümə.

Haydı igidlər, haydı, salam deyək ölümə,

Qıraq, vaxtı çatıbdı, bu tilsimi, sınağı –

Azərbaycan Bayrağı.

Şəhidimiz olmasın, tabut üstə sərməyək,

Təzə, tər qərənfili məzar üçün dərməyək.

Düşmənin canın alaq, canımızı verməyək,

İgid başına qoyar ay-ulduzlu papağı, –

Azərbaycan Bayrağı.

Yumruq kimi birləşib, tam bütövdür bu ölkə,

Birlikdən yağıların qəlbinə çökür kölgə.

Nə torpaqdan, nə daşdan pay verilməz bir tikə,

Bu torpağın olmayıb heç bir zaman ortağı, –

Azərbaycan Bayrağı.

Dünya meydanlarında rəqibindən bac alır,

İgid Vətən övladı baxıb ona güc alır.

Dünyanın hər yerində əzəmətlə ucalır,

Məni rahat buraxmır Qarabağın qınağı –

Azərbaycan Bayrağı.

Nə o yan, nə bu yandan istəmirik qan olsun,

Sülhün carçısıyıq biz, qoy sülhə qurban olsun.

Azərbaycana dünya, bax belə heyran olsun.

Atomdan da güclüdür nifrət adlı yarağı, –

Azərbaycan Bayrağı.

İgidlərin durduğu səngərlərdə dalğalan,

Anaların dilində, laylalarda havalan.

Körpələrlə beşikdə, nənnilərdə yırğalan,

Ana üçrəng bayrağa bükməlidir qundağı, –

Azərbaycan Bayrağı.

Ay-ulduzun şöləsin Dərbənd görsün şimaldan,

Şəninə tərif desin Təbriz qədim mahaldan.

Türklərin bayrağına pay düşübdür hilaldan,

Məkan seçək sancmağa dünyada hündür dağı,

Azərbaycan Bayrağı.

 

Ucalarda dalğalan Azərbaycan Bayrağı!

Azərbaycan Bayrağı!

 

Olana
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə

 

Ay -ulduz bəzəkdir kəhkəşan üçün,

Bir insan yükünü daşıyan üçün.

Dünya cənnətdir e, yaşayan üçün,

Həmxasiyyət olub, həmrəy olana!

 

Mənəm-mənəm deyib gəzən nə qədər,

Bəy, xan ölüb gedib, nökərdi rəncbər

Nurundan bəxş edər hər gün, hər səhər,

Həmxasiyyət olub, həmrəy olana!

 

Günəş hərarətli, torpaq ruhlu ol,

Sənindir bu dünya: ön, arxa, sağ, sol.

Yerdən səmalara açılacaq yol,

Həmxasiyyət olub, həmrəy olana!

 

Torpaq cana gəldi şəhid qanından,

Hər insan keçməyir şirin canından.

Vətən də verəcək öz ad-sanından,

Həmxasiyyət olub, həmrəy olana!

 

Təbiət göstərir səxavətini,

Yaltaq, riyakarın olmaz mətini.

Ağa da bölüşər öz niyyətini,

Həmxasiyyət olub, həmrəy olana!

 

Əsgər qardaşım

 

Şəhidinin qanı getməsin hədər,

Salamla şəfəqi Murovda, əsgər.

Düşməni qanında boğana qədər

Qoy olsun balışın səngər, qardaşım,

Vətən xilaskarı, əsgər qardaşım!

 

Qalmasın düşmənə torpağı, daşı,

Kəsilsin ayağı, əzilsin başı.

Elini pərişan görməsin naşı,

Gözləyir el səndən zəfər, qardaşım,

Vətən xilaskarı, əsgər qardaşım!

 

Düşmən güvənirdi havadarına,

İndi inamı yox etibarına.

Bu payız zəhər qat son baharına,

Xalq olub arxanda sipər, qardaşım,

Vətən xilaskarı, əsgər qardaşım!

 

Düşmənə layiqli qəbir qazırsan,

Təbəri yazantək tarix yazırsan.

Şəhidi əbədi diri Xızırsan.

Niyə dəstəkləmir bəşər, qardaşım?!

Vətən xilaskarı, əsgər qardaşım!

 

Yolunu gözləyir sevdiyin hər an,

Onunçün heç zaman qalma nigaran.

Qələbə qoy olsun ona ərməğan,

Bu həsrət bu qədər yetər, qardaşım,

Vətən xilaskarı, əsgər qardaşım!

 

Ağayam, arzumu qoyma gözümdə,

Atəşdir, alovdur kəlmən sözümdə.

Qılıncın, qələmim Cıdır düzündə

Görüşsün, yazaram əsər, qardaşım,

Vətən xilaskarı, əsgər qardaşım!

28 sentyabr 2020

 

Həkim
Akademik Mirqasımov adına respublika xəstəxanasının oftolmologiya şöbəsinin həkimi Səbinə xanıma

 

Gördüyü iş incəsənət əsəri,

Zülmətlərdən xilas edir bəşəri.

Bir cüt göz insanın ləli, gövhəri,

Daim nurun keşiyində dur, həkim!

 

Dərd hər kəsin vücudunda bir yağı,

Dərd insana verir daim göz dağı.

Həkimin silahı, cərrah bıçağı,

Dərdin, şərin gəl boynuni vur, həkim!

 

Sinəsində ürək, sanki yanar köz,

Əməli xoş, niyyəti xoş, gülər üz.

Ləblərindən səpələnən hər bir söz,

Bayatıdır, “Cahargah”dır, “Şur”, həkim!

 

Nə yaxşı ki, yaxşılar var həyatda,

Gözəl olur yaxşı olan həyat da.

Səbinə xanıma arzum, həyatda

Budur, qoy O, olsun çox məşhur həkim!

 

Tanrım səni muradına yetirsin,

Gülüzarı hüzuruna gətirsin.

İcazə ver Ağa sözün bitirsin,

Səadətlə öz ömrünü sür, həkim!

 

Olmayacaq

Bilikli, savadlı olmasa uşaq,

Qoyduğun yol, cığır, iz olmayacaq.

Ötəcək nəsillər, sönəcək ocaq,

Bizdən sonra gələn biz olmayacaq!

 

Bir az yaxın əyləş məsləhətim var,

Ürək verdiyinə eylə etibar.

Ürəkdə gizlənən söz etsə qubar,

Qəlbini söz deşər, biz olmayacaq!

 

O, sağa dartmasın, sən sola çəkmə,

O, gül əkəcəksə, sən tikan əkmə.

Şələ bağlayanda dağıtma, sökmə,

Yan-yana yanmayan köz olmayacaq!

 

Kişilik sözdədir, həm də əməldə,

Əsl-nəcabətdə , həm də təməldə.

Var-dövlət, eyş-işrət, bu gəlhagəldə,

Görən O, kəslərdə üz olmayacaq!

 

Ağa, təsir etmir zaman nadana,

Düzün düz olduğun çətin ki, qana.

“Quran”la, ayətlə gəlmir imana,

Düz sözlə əyirlər düz olmayacaq!

 

Qaldı ürəklərində

 

Qaldı ürəklərində,

İki dəniz arzusu.

Qaldıraraq ağ bayraq,

Çökdü hayın ordusu!

 

Barmaqlıq arasından,

Bakımızdan keçirlər.

İndi çayı zindanda,

Qolu bağlı içirlər!

 

Əyilməyən başları,

Əsgərim hər gün əyir.

Qarabağ “nazirinə”,

Arxadan təpik dəyir!

 

Otuz illik işğaldan,

Azaddır torpağımız.

Xankəndində ucaldı,

Üç rəngli bayrağımız!

 

Dünya elə kar olub,

Xalqımın haqq səsində.

Xain əllər uzansa,

Yanar “Od Ölkəsində”!

Özünə öyrətmə

 

Bir qara gözlünün qucağı üçün,

Beş günlük həyatın ocağı üçün,

Nəvə, nəticənin xoş çağı üçün,

Gəl məni özünə öyrətmə, dünya!

 

Qaçırma sən məni ad-san dalınca,

Qoyma hər addımda çapım qılınca.

Axirət evinə üryan salınca,

Heç məni özünə öyrətmə, dünya!

 

Bir qarın çörəkçin gədaya satıb,

Gövhər-ləl sözümü zibilə qatıb,

Şairsən deyərək başımı qatıb,

Sən məni özümə öyrətmə, dünya!

 

Sən yaxşı kişisən, deyib öydürmə,

İşbilməz, “dələgey” deyib söydürmə.

Haqşıza haqq verib məni döydürmə,

Ağanı özünə öyrətmə dünya!

 

Gətirər

(qəzəl)

Demişəm, dərdimə canan özü dərman gətirər,

Nə biləydim yazaraq ölmümə fərman gətirər?

 

Çıxmışam saf-çürüyə, mən bəşər övladlarını,

Bu qədər üzü dönük var, biri iman gətirər?

 

Baxırsan əhli imandır namazı, fitrəsi var,

Ayırıb varidatından, elə ehsan gətirər?

 

Hər zaman söz verilir, söz ilə doymaz ki, qarın

“Soğan olsun nəğd olsun”, çətin fisincan gətirər!

 

Yazıb biabır edər, qurdalama şairi sən,

Möhlət ver üçcə günə qarşına dastan gətirər!

 

Olma nəfsinin qulu, cəng açacaqdır başına,

Gülə-gülə qarşına milyonu, şeytan gətirər!

 

Tox olub, tox olacaq dünya malında yox gözü,

Ağanın istədiyin yarı, Xuraman qətirər!