“BÖYÜK QAYIDIŞ”ın KİÇİK İNCƏLİKLƏRİ, Əli Bəy Azəri yazır

Fikirlər Xatirələr

İşğaldan azad olunmuş ərazilərdə yaşayışın bərpası nə vaxt vüsət alacaq?

 

İndi bu sualın düşündürmədiyi adam yoxdur. Bəlkə də var, ancaq onların həmin ərazilərə aidiyyəti, yaxud da həmin ərazilərdən olan adamlara qohumluq əlaqələri yoxdur. Başqa cür ola da bilməz. Belə ki, uzun müddət erməni işğalında inləyən ərazilərin böyük bir hissəsinin azad olunmasında Azərbaycanın bütün bölgələrindən səfərbər olunmuş döyüşçülərin qanı axıdılmışdır.

Uzun müddət başqa bir sual da beyinləri yağır etmişdi: “Görəsən, torpaqlarımız işğaldan nə vaxt azad olunacaq?” Görünür insanlar kimi ölkələrin də öz tale yazıları mövcuddur. Müəyyən zaman keçdi və Azərbaycan uzun müddət erməni işğalında olan torpaqların böyük bir hissəsini azad etdi.

Düzdür, elə həmin andan “Böyük Qayıdış” üçün müəyyən addımlar atılmağa başladı. Ərazilərin minalardan təmizlənməsi, yolların bərpası və yenilərinin çəkilməsi, çaylar üzərində körpülərin salınması və digər kommunikasiya işlərinin aparılması iostiqamətində nəhəng işlər görülməkdədir. Bu barədə hökumət mütəmadi olaraq əhaliyə hesabat verməsə də müəyyən yerlərdən məlumat əldə etmək olur. Mətbuatda və sosial şəbəkələrdə yayılan və reaksiya doğuran ən böyük məlumat işğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi məsələsidir ki, bu da hali, xüsusən də ziyalılar tərəfindən birmənalı qarşılanmır. Məsələyə diqqət yetirmək gərəkdir.

“Hökumət Qarabağın kəndlərini ixtisar edir” sərlövhəli bir lövhə yayılıb. Həmin lövhədə bəzi rayonların işğaldan əvvəlki və birləşdirildikdən sonra olacaq kəndlərin sayı göstərilib. Qubadlıda 91-dən 24, Cəbrayılda 89-dan 25, Zəngilanda 71-dən 22, Füzulidə 76-dan 27, Ağdamda 115-dən 48, Kəlbəcərdə 145-dən 63, Laçında 124-dən 45 kənd salınması barədə hökumətin qərar qəbul etdiyi göstərilib. Nədənsə işğaldan əvvəl 30-dan çox kəndi olan Şuşa rayonu bu siyahıya salınmayıb. Hadrutla birləşdirilməsi nəzərə alınmaqla bir hesab olunan Xocavənd rayonunun və Xocalının adının siyahıda görünməməsi əhalidə müəyyən məyusluq yaradır. Rəsmi açıqlanma olmadığından yaranmış suallara cavab gözlənilmir. Onu da qeyd etmək yerinə düşərdi ki, Ağdərə rayonu ləğv edilmiş, kəndləri Ağdam və Kəlbəcər rayonlarına birləşdirilmişdi. İndi həmin kəndlərin də taleyindən bir xəbər yoxdu. Hələ ki…

2020-ci ilin Şuşanın azad olunması ilə başa çatan 44 günlük payız döyüşləri, “Zəfər” paradı çox güman ki, hələ də göz önündə canlanmaqdadır. İşğaldan azad olunmuş ərazilərin bərpası və “Böyük Qayıdış” barədə müzakirələr ard-arda davam etdirilsə də səngiməkdədir. İki il yarımlıq bir müddət keçsə də yalnız bir kəndin salınması və 80 ailənin köçürülməsi məsələnin hələ çox uzanacağından xəbər verir. Son günlər belə bir məlumatın yayılması isə bəzi ümidsizliklər yaratmaqla həm də narazılıqlara səbəb olur. Odur ki, necə deyərlər, “Böyük Qayıdışın incə detallarını” incələmək məcburiyyətindəyik. Mülahizələrimi coğrafiyasına yaxından bələd olduğum, ərazisini yaxşı tanıdığım Zəngilan rayonu üzərində qurmağa çalışacağam.

Zəngilan rayonu haqqında dəqiq məlumatlar verməli olan İcra hakimiyyətində otuz illik dəqiqləşmələr başa çatmadığından bəzi hallarda qeyd edəcəyim məlumatlar tam dəqiqliyi əks etdirməyə bilər. Belə ki, Vicepediya məlumat portalına müraciət edəndə də orda olan məlumatlarda natamamlığı aşkar edirik. Orda Zəngilan rayonunun 81 kəndi olduğu qeyd edilir. Həmin kəndlər sırasında Ağbəndin adı qeyd olunmayıb. Təsəvvür edin, 44 günlük Vətən Müharibəsində Ağbəndin işğaldan azad olunması xüsusi ilə vurğulandı və İranla sərhəd zolağının tam olaraq bərpa edildiyi bəyanlandı. Rayon vərkəzləri ilə bir səviyyədə tutularaq bayraq qaldırıldı və Ali Baş Komandana məruzə edildi. İran İslam Respublikası ilə memarandum imzalandıqdan sonra ölkə başçısı həmin kəndə səfər edərək Araz çayı üzərində salınacaq dostluq körpüsünün təməlqoyma mərasimində iştirak etdi. Razılaşmaya əsasən burdan Arazın o tayına dəmir yolu və magistral şosse adlayacaq, qonşu ölkənin ərazisi ilə irəliləyərək Təbriz-Culfa yollarına qoşulacaqdır. Belə məşhur bir kəndin adının Vicepediyaya salınmaması nə deməkdir? Məncə, bu, rayon rəhbərliyi ilə yanaşı həm də ziyalıların diqqətsizliyidir.

Beləliklə, Zəngilan rayonunun İran İslam Respublikası ilə 40 kilometrdən çox sərhəd zolağı mövcuddur. Dəmir yolu xətti boyunca işğala qədər Həkəri, Mincivan, Bartaz və Ağbənd adlı dəmir yolu dayanacaqları (stansiyalar) olub. Bu ərazi ölkə başçısının qeyd etdiyi kimi Zəngəzur dəhlizinin Şərqi Zəngəzur hissəsinə aiddir. Ölkənin başqa bölgələri ilə, xüsusən də paytaxt Bakı şəhəri ilə əhalinin əsas istifadə etdiyi nəqliyyat növü dəmir yolu olduğundan bu yaşayış məntəqələrinin bərpası mütləqdir.

Ermənistanın Mehri və Qafan rayonları ilə 157 kilometrlik sərhəd zolağı boyunca 20-yə yaxın kənd mövcud olub. Bunlar soldan – Araz çayından Qubadlı rayonu ərazisinədək belə yerləşmişdilər. Ağbənd, Vejnəli, Bartaz, Ördəkli, Sobu, Rəzdərə, Kolluqışlaq, Şatarız, Keçikli, Yusiflər, Nəcəflər, Aşağı Gəyəli, Pirveyis, Canbar, Günqışlaq, Qazançı, Ağkənd, Seyidlər, Quyudərə Xəştab, Yuxarı Yeməzli, Saralı Xəştab, Ağbis, Ağakişilər… Bunlardan Rəzdərə, Kolluqışlaq və Şatarızın, Yusiflərlə Nəcəflərin, Pirveyislə Canbarın birləşdirilməsi mümkünlüyünü nəzərə alsaq 18 kəndin bərpası vacib olaraq qalmaqdadır. Düzdür, bu kəndlərdə işğala qədər poçt, tibb məntəqəsi və uşaq bağçası fəaliyyət göstərməyib. Kəndlərin bəzilərində səkkizillik məktəb olub. İndi də hökumət dövlət qayğılarını azaltmaq məqsədi ilə belə bir ixtisaretmə addımını atmış ola bilər. Bununla belə, hesab edirəm ki, birinci növbədə dövlət sərhəddi boyunca yerləşən kəndlər bərpa olunmalı və sərhəddimiz möhkəmlənməlidir.

Hər kənd bir tarixdir. Elə kənd var ki, onun tarixi Şumer mədəniyyətinə kimi gedib çıxır. Bartaz kəndi buna sübutdur. Min illiklər keçsə də bu kəndin adamları öz danışıq tərzini dəyişmirlər. Yaxud, Sobu kənd camaatı… Fiziki görünüşləri, davranışları ilə başqalarından fərqlənirlər. Dövlətin Qubanın Xınalıq kəndinə bu qədər diqqət və qayğı ilə yanaşdığı bir dövrdə işğaldan azad olunmuş rayonlarda belə tarixi zəngin kəndlərin bərpasına laqeyd yanaşması heç ağlabatan görünmür.

Say tərkibinə görə, qeyd etdiyimiz kimi 4 dəmir yolu dayanacağı və 18 sərhədboyu kənd artıq 22 rəqəmini tamamlamış oldu. Görəsən, bu siyahını kim hazırlayıb və heç bir araşdırma aparmayan hökumət necə qərar qəbul edib?

Heç kimə sirr deyil ki, işğaldan azad olunmuş rayonlar arasında yeganə “Ağıllı kənd” layihəsi Zəngilan rayonunda salınıb. Ölkə başçısı digər rayonlarla müqayisədə Zəngilana daha çox səfər edib, buranın flora və faunası ilə yaxından tanış olub. Zəngilan rayonu Azərbaycanın yeganə rayonudur ki, ərazisindən üç bolsulu çay axır. Ərazisi əkinçilik və heyvandarlıq üçün əlverişlidir, münbitdir. Meşə-çöl sahəsi ilə digər rayonlardan geridə qalmır. Bəsutçay qoruğu dünyada ikinci hesab olunsa da xan çinarın təbii artımı ilə birinciliyi qazanmı hesab olunmalıdır. Deməli, əhalinin təsərrüfatla məşğul olması üçün hər şərait var. Qeyd edək ki, “Ağıllı kənd” bir pilot layihədir. Odur ki, həmin kəndin düzəni pozulmasın deyə sakinlərə təsərrüfatla məşğul olmağa icazə verimir. Başqa kəndlərin bərpasında bu məsələ mütləq nəzərə alınmalıdır. Əhalini kəndə bağlayan başlıca səbəblərdən biri də məhz, təsərrüfatla məşğuliyyətdir. Düzdür, sovetlər dağılandan sonra kolxoz, sovxozlar da arxivə qoşulub. Müəyyən müzakirələr aparılsa da Bələdiyyə təsərrüfatı heç bir yerdə yaradılmayıb, yəqin ki, işğaldan azad olunmuş rayonlarda da tətbiq olunmayacaq. Bununla belə, fərdi sahibkarlıq subyekti kimi geri qayıdacaq sakinlərin hüquqları dövlət səviyyəsində tanınmalı və hər cür dəstək verilməlidir.