Bəxtiyar Abbasovdan şeirlər

Bəxtiyar Abbasov

Üstdə

 

Hər yan kameradı, keçmək mümkünsüz,

Dayanıb qalmışam cızığın üstdə.

Rəisdən doğru söz ala bilmirəm,

Qıfıl asılıdı ağızın üstdə.

 

Naşı dəlləkləri başa çəkdilər,

Kəkilin yerinə toxum əkdilər…

Başlara kələm də, turp da çəkdilər,

Sınaq aparılır yazığın üstdə.

 

Alimlər budursa, axtarma düha,

Danışmaq mənasız, susmaqsa baha.

Əllərim sensora öyrəşib daha,

Qəmim yapışmayır kağızın üstdə

 

Soyuq şeir

 

Yenə çəkildik xəlvətə,

Yenə girdik qınımıza.

Yenə gözlər dikilibdi

Sayımıza, sanımıza.

 

İtlər də gəlib çıxdılar,

Bitlər də gəlib çıxdılar,

Bütlər də gəlib çıxdılar,

Daraşdılar canımıza.

 

Ağı bizdə, qəhər bizdə,

Dolanmaq birtəhər, bizdə..

Uğur bizdə, zəfər bizdə,

Kölgə düşdü şanımıza.

 

Toy da, yas da eyni gündə,

Sevinclə qəm eyni yöndə…

Gen gündə yox, bu dar gündə,

Qardaş gəlməz yanımıza.

 

Yaddan gələn irin olub,

Quyuları dərin olub…

Nədən belə şirin olub,

Susayıblar qanımıza.

 

İçində

 

Hərdən qələm tubub yazıram az-maz,

İtmişəm bir suru yazar içində.

Nədir, göz dəyibdir,  tilsimlənmişəm?

Hələ yol gedirəm nəzər içində.

 

Qazancım quruşdur, əməyim müftə,

Yemirəm hər axşam qızartma, küftə.

Rəis rast gələndə istəyir “siftə”

İtibdir hesabım bazar içində.

 

Bu boyda ağrılı can niyə laldı?

Bilən yox ağrının hansı halaldı!

Hayana baxıram, dərddi, məlaldı,

Millət eşələnir azar içində.

 

Bilmədim

 

Quru yudum şər donunu,

Bir sulu sərə bilmədim.

Tapsam da haqqın qapısın,

Cəhd edib girə bilmədim.

 

Bəxtimizə şər düşübdü,

Oda hər bəşər düşübdü.

Zalım qartıb, şər şişibdi,

Qolunu gərə bilmədim.

 

Ürək ümman, qurudu göz,

Hamı deyir səbr elə, döz..

Ayə kimi dedim min söz,

Bəhərin dərə bilmədim.

 

İntizarlı eşqim göyçək!

Bilən yoxdu nədir gerçək!

Pəncərəmi döyən mələk,

Üzünü görə bilmədim.