Bəxtiyar Abbasov – şeirlər

Bəxtiyar Abbasov

 Bəsdi

Aldanma dünyanın gözəlliyinə,

Kəfənin əynində dəstdisə, bəsdi.

Haqdan deyiləni qoyma tərsinə

Düşüncə müəmma, bəhsdisə, bəsdi.

 

Necə var olubsan yoxluq içində,

Niyə ac qalıbsan toxluq içində.

İtirmə özünü çoxluq içində,

Ətrafın, əhvalın nəhsdisə, bəsdi.

 

Düşərsən tufana, qara, sazağa,

Bacarmaz qurtarsın dardan yüz ağa.

Gəl məndən ayrılıb getmə uzağa,

Aranı İntizar kəsdisə, bəsdı.

 

 

 

Bir yana

Qarabağ taleyi yaşayan kəsəm,

Adım bir yanadı, soyum bir yana.

Çəkir mənliyimi həqiqət anı,

Ağıl bir yanadı, duyum bir yana.

 

Eşq ilə atəşin vəhdətiyəm mən,

Sınaq məhvırinin qüdrətiyım mən.

Od ilə torpağın vəhdətiyəm mən,

Atəşim bir yana, suyum bir yana.

 

Həmişə canından doğrular keçir,

Yanından, yönündən oğrular keçir.

Ay Allah, canımdan ağrılar keçir,

Hələlik sevgini qoyum bir yana.

31.12.2020

 

 

Dul

Niyə yad olubdu, daşa dönübdü,

Bir vaxt doğma olub bizə gələnlər.

Danlaq götürəyim nahaq yerədi,

Məni doğru duyar sözə gələnlər.

 

Hər şeyi söyləsəm yaranar vəcdə,

Olunan hər hiylə görünməz vecdə.

Könüllü diz qoyub edirəm səcdə,

Qoy sınsınn önümdə dizə gələnlər.

 

Qaçsam da günəşin şüalarından,

Bədnəzər bəndənin dualarından,

Qurtara bilmədim qadalarından,

Gözdən uzaq düşər gözə gələnlər.

 

Ən ülvi dünyaya açılmış yolam,

Əhdində ən kirik İntizar dulam.

Sizinçün müntəzir, bir müti qulam,

Eşqdən tər doğulub təzə gələnlər!

 

 

Dədə (təcnis)

Dedim hesablayım məndən gedəni,

Gördüm ki, oturmur ədəd ədədə.

Özünə ay müştaq olan bəndəcik,

Qədərdə işləmir ədə, dədə də.

 

Özgə bazarında özgədi dəyər,

Sanma sənə dəyən özgədi, dəyər.

Abid olanlarda özgədi dəyər,

Bizlərdə işləməz ədədə dədə!

 

Əgər İntizarsan, demə yaram az,

Məlhəmi tapılmaz, almaz yara maz.

Hayana baxıram dəyyus, yaramaz,

Harada qalmısan ə, Dədə, Dədə!

 

 

 

Həmrənglik şeiri

Tək yol açıqdı havaya,

Sərhədlərmiz mənfurlaşır.

Hamıya olmuşuq misal,

Daxilimiz gavurlaşır.

 

Hardan ulaşdıq sümsüyə,

Yaşayırıq söyə-söyə.

Ritmimiz düşmür sümüyə,

Alətimiz şeypurlaşır.

 

Yarımız yad ölkələrdə,

İt ulayır bölgələrdə…

Aqil, adil kölgələrdə,

Bicbalalar məhşurlaşır.

 

Oğru-doğru olub əlbir,

Halala qalmayıbdı yer.

Xərcləyir savabı bir-bir

Bəxtiyar da məkruhlaşır.

30.12.2023

 

 

AYıB ŞEİR

Hesabımı sormağa

Fahişədən, çəngidən,

Heç özüm də bilmirəm

Nədi məni ləngidən.

 

Olmadı gül göndərən,

Bir şirin dil göndərən.

Aləmi tərs döndərərən

Sevgiləri səngidən…

 

Qazancım quruş oldu,

Hər anım vuruş oldu,

Haqqımda duruş oldu,

Qurtarmaram cəngidən

29.12.2021

 

 

 

Olasan

Bütün nəzərdən istəsən,

Mahir cadugar olasan.

Məcnundan betər sevəsən,

El içində xar olasan.

 

Ayılmayasan röyadan,

Qurtulasan rəng-boyadan.

Ötüşəsən bu dünyadan,

Külli ixtiyar olasan.

 

Qalmayasan belə yerdə,

Ölüb diriləsən bir də,

İlişib qalasan sirrdə,

Təkliyinə yar olasan.

 

Görməyəsən min bir sifət,

Yurdunu qurasa xəlvət.

Kimsəylə qılmayıb ülfət,

Əhli-İntizar olasan.

28.12.2021

 

Elədim

İşim, gücüm qurtarıbdı,

Dünyaya göz-qaş elədim.

Mənə yaraşmır tərəddüd,

Nə etdim birbaş elədim.

 

Çıxmaram haqqın yolundan,

İçsəm də qəmin bolundan.

Tutub həsrətin qolundan,

Özümə yoldaş elədim.

 

Başlamadım oyunları,

Oynatmadım meymunları…

Oxumadan qanunları

Hakimi çaş-baş elədim.

 

Yeyə bilmədim yalanı,

Demirəm hər bir olanı…

Sinəyə döyən oğlanı

Sıradan çıxdaş elədim.

 

 

“Daha”

Çabalardan çıxmır səmər,

Yoxdu cəhdin intəhası.

Çox yeyənlər qudurmazlar,

Sona yetməz iştahası.

 

Nə şeir yazır yazarı,

Nə loğman kəsir azarı.

Yoxdur ucuzluq bazarı,

Çapır tək əlin bahası.

 

Gördüklərin məxmər talan,

Quldur yalan, qarət yalan.

Yolların sonuncu dalan,

“Daha”nın olmur dahası.

 

 

Uğursuz şeir

Sən də şeytanın torundan

Toxuma, bala, toxuma.

 

Patıdan, ağdan, qaradan

Qoxuma, bala, qoxuma.

 

Zindanlar düzmə önümə,

Uzunuma, həm enimə.

Ağılar qatma günümə,

Zəhər boyama yuxuma.

 

Çox oynatma qol yanına,

Ətir verməz gül yanına…

Səsini al sal yanına,

Oxuma, bala, oxuma.

22.12.2022

 

 

Nəğmə

(“Nəcəfi” havası ustündə)

Mənə əl uzadan gözəl,

Qəlbimə yol çəkməlisən.

Toxunma aman günüdü,

Əl üstə əl çəkməlisən.

 

Yandırarsan bir dənə şam,

Nə sübh-sabah, nə də axşam.

Gözün görə yoxa çıxsam,

Saçından tel çəkməlisən.

 

Əhvalını eyləmə tox,

Nağıllara inanma çox.

Başın üstdən şəklimi yox,

Bir qızılgül çəkməlisən.

 

İntizarlıq deyil köçün,

Sevgini de için-için.

Sən məni sevməyin üçün

Dünyadan əl çəkməlisən.

18.12.2023

 

Vəkillərə

Çox oxudum nağılları,

Bir əkil-bəkil tapmadım.

Rüzgar yolubdu saçımı,

Başımda kəkil tapmadım.

 

Adi bir söz də yer elər,

Geri baxsan göz bərələr…

Saralıbdı xatirələr,

Solmamış şəkil tapmadım.

 

Başı sındırma, balası,

Mənə olubdu olası…

Sözümə dayaq olası,

Həqiqi vəkil tapmadım.

27.11.2022