BAŞDAŞINDAKI ŞƏKİL (hekayə) ƏLİ BƏY AZƏRİ

Əli Bəy Azəri

 

 

İran tərəfin gömrük məntəqəsini keçəndən sonra əlli-altmış addım gedib dayandım. Günəşdən qorunurmuş kimi əlimi gözlərimin üstünə tutdum – bu, mənim adətimiydi, gün oldu, olmadı baxanda belə eliyirdim. İndi də ərazidə sıra ilə, sırasız dayanan maşınlara göz gəzdirdim.

-Təbriz…

-Ərdəbil…

-Əhər…

Dəllalların bir-birinə qarışan səsi baş-beynimi apardı. Lap istədim əllərim ilə qulaqlarımı tıxayım, həmişə qarmaqarışıq yerlərdən kənar gəzərdim, səs-küyü heç uşaqlıqdan xoşlamazdım. Həyatımda bir neçə dəfə belə yerlərə tuş gəlsəm də öyrəşə bilmirdim, haray-həşir, vurçatlasın mənlik deyildi. Tez bir tanış maşın tapıb aradan çıxmaq, bu qaraguruhçu dəllalların baş-beynimi aparan qarğa-quzğun səslərindən canımı qurtarmaq istəyirdim.

Tanış deyəndə ki, başqa bir ölkədə mənim nə tanış maşınım olacaqdı? Burda – aləmin bir-birinə qarışdığı, beş tümən qazanc yolunda qonşusunun da hulqumunu üzməyə, ayaqlarının altına salıb tapdalamağa hazır olan yüzlərlə “ac-yalavac”ın arasında kimi tanıyırdım?

İrana gedişim üçüncü, ya dördüncü dəfəydi, dəqiq yadımda deyildi. İlk dəfə Xudafərindən, qalan vaxtları Biləsuvardan keçmişdim. Heç hansında problemim olmamışdı, gedəndə də, gələndə də rahatlıqla adlamışdım, basırığa, cığan-vığana düşməmişdim. Amma nədənsə, bu dəfə yaman ehtiyat edirdim. Elə bilirdim ki, biz tərəfi adlasam da İran tərəfi keçə bilməyəcəyəm. Gömrük işçiləri nəyi isə bəhanə gətirib məni saxlayacaq, saatlarla sorğu-suala tutub zəhləmi tökəcək, sonra da geri qaytaracaqlar, qoymayacaqlar gedib niyyətimi hasil eyləyim.

İncəvara, bu dəfə də rahatlıqla keçdim, heç bir əngəl-filan olmadı.

…Məndən altmış-yetmiş metr aralıda dayanmış bir maşın diqqətimi çəkdi. Şüşəsində bizim dildə, yəni latın əlifbası ilə “Culfa” yazılmışdı. Görən kimi tanışını, qohumunu tapmış adam təki sevindim. Neçə dəfə gedib-gəlməyimə baxmayaraq İran hərflərinə alışa bilmirdim. Heç danışıqlarına da alışammırdım, baxmayaraq ki, eynən bizim kimi danışırdılar, amma bir az sözləri uzadırdılar. Köhnə kişilər demiş, o taydakılara quşum qonmurdu…

Gəlmə olduğumu görüb hər tərəfdən üstümə düşdülər. Çağırmaqlarına baxmayaraq əhəmiyyət vermədən maşınların arası ilə keçib getdim. Arada hətta biri qolumdan tutub dartdı.

-Babaamm, haraa belə tələsirsən? İndi səni hara gonlun istəsə apararıq. Tez və rahat… Day bizi bəyənməyib yanımızdan niyə düz keçirsən?

-Babam, sizin hərflərlə yazmışıq ki, bilasıınz. Xoşun çəkir latın oxu, xoşun çəkir kiril.

Çənə döyməmək, onsuz da başa düşməyəcək, ya da başa düşmək istəməyəcəkdi deyə uzun-uzadı nəyi isə izah eləməmək, özümün də zəhləmi tökməmək xətrinə yavaşca qolumdan tutanın qolunu kənara itələyib yoluma davam etdim.

Sürücü podpresində “Culfa” yazılmış maşının yanında dayanıb üzü mən tərəfə baxırdı, bəlkə də elə mənə baxırdı, uzaqdan ona tərəf gəldiyimi görməmiş deyildi. Dəqiqləşdirmək üçün bir də podpresə baxdım. İndi nəzərimə çatdı ki, iki dəfə “Culfa” yazılıb, biri kiril, biri də latın hərfləri ilə. Gülməkdən özümü güclə saxladım; az qala on il olacaqdı ki, kirill hərflərinə “əlvida” deyib latın hərfləri ilə yazıb oxuyuruq, amma kiril hərfləri hələ də ekrandadır.

Sifətindən oxunurdu ki, sürücü Arazın bu tayındandı, bəlkə də mənə elə gəlirdi, özü də danışmasa belə naxçıvanlı olduğunu düşündüm. Nədənsə, fikirləşdim ki, Arazın Güney tayındakılar daha xoşsifət, daha məsumdular. Sovet hakimiyyəti, rustəbiətli davranış, təlim-tərbiyə onları geridə qoysa da fel-fırıldaqdan, bic-bicəngəlikdən də nisbətən kənarda saxlamışdı.

-Salam! – Yaxınlaşan kimi ucadan salamlaşdım.

-Əleyküməsalam. – Sürücü bildiyim şəxs sakitcə, lap quyunun dibindən gələn güclə eşidiləcək səslə salamımı cavabladı. Mənə elə gəldi ki, o, haray-həşirlə müştəri toplayanlardan çəkindiyi üçün astadan salamlaşır, qorxur ki, yeganə müştərisini də gəlib əlindən alacaqlar. Ancaq yüz o taylı gəlsə də mən onların heç birinin maşını ilə gedən deyildim.

Maşına nəzər saldım, salonda oturanlar vardı.

-Culfaya gedirikmi? – Podpresdəki yazıya işarə elədim.

-Allahın köməkliyi ilə Naxçıvana. – Sualımı sürücü eyni tərzdə astadan cavabladı.

-Sizdə sıxlıq olar… – Xalaxətrin qalmasın astadan pıçıldadım.

-Babam, sizdə sıxlıq olar. – Sürücü dillənməmiş qulağımın dibindən kimsə səsləndi, zalım oğlu elə bil məni güdürmüş, yana çevriləndə onu gördüm, ələngənin, yekəpərin biriydi.

Sürücü gülümsündü, nə cavab vermədi, nə də əhəmiyyət… Sonra keçib sükan arxasında əyləşdi. Mən də maşına yaxınlaşdım. Bir nəfər qabaqda, iki nəfər arxada oturmuşdu. Arxa qapını açdım, bir kişi, bir arvad idilər.

-Salam. Mən də otursam narahatçılıq olmaz ki? – Hər ehtimala qarşı soruşdum.

Onlardan səs çıxmadı.

-Həmişəki kimidir. Niyə narahatçılıq olsun ki? – Sürücü kefikök vəziyyətdə gülümsündü.

-Onda nəyi gözləyirik? – Məntiqsiz də olsa soruşdum.

-Sizi. Buyurun, əyləşin, gedək.

-İstəyirsiniz, mən arxaya keçim. – Qabaq oturacaqda oturan, məndən beş-altı yaş cavan olmasına baxmayaraq da, on-on beş kilo ağır görünən kişi təklif etdisə də razılaşmadım.

-Eyb etməz.

Salona keçib oturdum, yerimi rahatladım. Heç birimiz bir-birimizə mane olmurduq.

-Süleyman. – Tanışlıq verdim, amma heç biri buna əhəmiyyət vermədi.

-Siz Culfaya gedirsiniz? – Əvəzində sürücü heç nə eşitmirmiş kimi az qala pıçıltı ilə soruşdu.

-Yox. Üçdibinə gedirəm.

-Onda Səfərlidə düşəcəksiniz, yoxsa Tüəlidə?

-Səfərlidə.

Maşın yerindən tərpəndi.

Məhərrəm əminin qırx mərasiminə gedirdim. O, Üçdibində yaşayırdı – o taylı qohumlarımızdandı.

Şərəfnisə qocam Üçdibin qızıydı. Əslində, Şərəfnisə qocamın babasıgil Üçdibinə bizim Sürtün kəndindən köçüb getmişdilər, bunu Şərəfnisə qocam böyüklərindən, biz də ondan eşitmişdik.

Babam Hüseyxan kişi Şərəfnisə qocamı bahar bayramı vaxtı, Üçdibinə, qohumlarıgilə bayramlaşmağa gedəndə görüb bəyənib. Ailə qurandan sonra Sürtün kəndində yaşamalı olublar, daha doğrusu, Şərəfnisə qocam bura gəlin gəlib.

Kəndin başqa sakinləri kimi təsərrüfatla məşğul olurmuşlar, mal-heyvan saxlayırmışlar. Qışı Araz qıraqlarını, Hasanı bağı, Sığırt düzlərini otarır, yayı Alçalıya, Əvəlikliyə, Miyandərə yaylağına qalxarmışlar. Şərəfnisə qocamın dediyinə görə, üç yüzdən çox qoyun-keçiləri, on-on beş sağılan iribuynuzlu mal-qaraları varıymış. Sovet hökumətinin dalğası onları yaylaqdan enəndə vurub. Kiçik kəndlərin birləşdirilməsi, kollektiv təsərrüfatın yaradılması məsələsi ortaya çıxanda Hüseyxan babama bolşevik dostlarından kimsə qabaqcadan xəbər gətirib. Deyib bəs nə durmusan, təzə hökumət gəlir, əlində nəyin var, hamısını alacaq, özünü də kulak damğası ilə damğalayıb Sibirə sürgün eliyəcək. Hüseyxan babam da ha yenişə-yoxuşa fikirləşir, bir çarə tapa bilmir. Hökumətlə hökumətlik eliyəsi deyil ha… Gözün baxa-baxa on illərlə zəhmət çəkib təsərrüfat yaradasan, gəlib qapından yığıb aparalar, cıqqırını da çıxarda bilməyəsən, bir söz deyəmmiyəsən. Bununla da qane olmayalar, adının qabağına bir kulak nallayıb özünü göndərələr gedər-gəlməzə, xaraba qalmış Sibirə. Nə sənin ailə-uşağından xəbərin ola, nə onların səndən… Sonra da kim harda öldü, öldü…

“Ağıllı fikirləşincə, dəli vurub çayı keçər” deyiblər. Hüseyxan babam da fikirləşməklə çıxış yolu tapa bilməyəcəyini görüb gecə ilə təsərrüfatını sürür Arazın o tayına. Şərəfnisə qocama da tapşırır ki, hazırlaşın, bir gecə də gəlib sizi aparacam. Şərəfnisə qocamın da elə o vaxtdan gözü yolda, qulağı səsdə qalır, amma nə Hüseyxan babam onları aparmağa gəlir, nə də bir xəbərini alırlar…

Rus qaradovoyları Araz boyu mühafizəni elə gücləndirirlər ki, nə o taydan bəri, nə bu tərəfdən o taya bir adam gedə bilir. Sonra da üç-dörd yerdən tikanlı məftillər çəkib birdəfəlik əlaqəni kəsirlər. Hüseyxan babam o tayda qalır, Şərəfnisə qocam da iki körpə uşaqla bu tayda.

-Deyəsən buralara birinci dəfədir gəlirsiniz? – Sürücünün səsi məni fikirdən ayırdı.

-Necə ki? – Sualın mənasını başa düşmədiyimdən dəqiqləşdirmək istədim.

-Heeçç! Belə görünürsünüz. – Sürücü cavabladı. – Fikriniz, diqqətiniz geridədi. Elə hey Araz tərəfə baxırsınız…

-Hə… elədir… Fikir-xəyal insanı rahat buraxır ki…

-Hələ xeyli yol gedəcəyik. Bir istəyiniz olsa, utanmayın, deyin. Çay-filan, ayaqyolu…

Dinmədim. Bayaqdan heç fikir verməmişdim, indi baxdım ki, böyrümdəki arvadla kişi xısın-xısın danışırlar. Qabaqda oturan da, maşallah, div yuxusuna getmişdi, bir xorultu-nərilti salmışdı ki… Deyirdin bəs, bu dəqiqə maşının hava filtirlərini sorub içəriyə gətirəcək.

Başa düşdüm ki, sürücüyə söhbət eləmək üçün yol yoldaşı lazımdı, amma bu, indiki halda mənlik deyildi. Heç bir söz demədən üzümü bayaqkı səmtə çevirdim. Sürücü də, deyəsən, bunu başa düşdü və daha heç bir söz demədi.

…Şərəfnisə qocam ömrünün sonunadək səksəkə üstündə yaşadı, gecə də, gündüz də gözü Xaçamaş yalında, qulağı xoş xəbər sorağında qaldı. Səksənbeşi adlayıb, doxsanı haxlayanda artıq nə dizində təpər qalmışdı, nə ürəyində yağ. Əti də ərimişdi, bir sümük, bir dəriydi. Amma ümidini üzməmişdi, elə hey gözü yol çəkirdi, bayatılarla özünə təskinlik verirdi: “Hamının gedəni gəldi, bəs mənim gedənim hanı?”

…Bir gün xəbər gəldi ki, bəs hamı Arazın qırağına toplaşsın, tikanlı məftilləri qırıb dağıdacaqlar. Hökumətin zəif vaxtlarıydı, ölkə daxildən dağılırdı. Bir tərəfdən də ermənilərlə dava qızışmaqdaydı. Ancaq heç kimin ağlına gəlməzdi ki, tikanlı məftillər qırıla bilər. Yatsaydın, heç yuxuna da girməzdi bu. Amma bu beləydi, sən demə, tikanlı məftillərin qırılması ilə də hökumətin dağılmasının sürətlənməsi başlayacaqdı.

Hamımız Araz çayının qırağına toplaşdıq. Qonşu kəndlərdən də axışıb gəlmişdilər, uşaqlı-böyüklü bir neçə yüz adam olardıq. Bununla belə, cürətimiz nə idi ki, tikanlı məftillərə yaxın gedək. Təsəvvür etdiyimiz kimi deyildi, tikanlı məftillər boyunca sərhədçi əsgərlər də düzülməmişdi, yalnız sərhədçi qülləsindən bir əsgər durbinlə bizi müşahidə edirdi.

Sərhəd xofu hələ də canımızdaydı. Biz heç vaxt sərhəddə yaxın getməzdik. Məcburiyyət qarşısında sərhəd boyu addımlayanda da o taya – İran tərəfə baxmaz, heç qolumuzu belə tərpətməzdik. Dəfələrlə belə hal olduğundan sərhədçilər mal-heyvan otaran kəndlini tutub zastavaya aparmış, sorğu-sualla zəhləsini tökmüşdülər.

“Ay, nə bilim, sən İrana işləyirsən, agentsən, şpionsan. Əlinlə İrana işarə verirdin. De, görüm harda, kiminlə görüşürsən? Sənə nə qədər pul verirlər?” Bir sözlə, başını aşağı salıb kəndçiliyini edənin də beş dəqiqənin içində kəndçiliyini burnundan gətirir, bu işıqlı dünyaya gəldiyinə peşman qoyurdular.

İndi bizim cürətimiz nə idi ki, sərhədə yaxın gedək, ya tutalım, əlimizə kəlbətin alıb tikanlı məftilləri qıraq, dirəkləri aşıraq. Çox da ki, yuxarıdan sifariş gəlib. Gözləyək, qoy özləri gəlib çıxsınlar. Görək tikanlı məftilləri necə qırırlar.

Arazın o tayında da xeyli adam toplaşmışdı. Bizdən fərqli olaraq onlar daha şən görünürdülər; səs-küy salır, ucadan nə isə deyib qışqırışırdılar, amma sərbazlar gözə dəymirdilər.

Elə bu vaxt sərhədçilərin VİLLİS və çadırlı QAZ-66 maşınının bizə tərəf gəldiyini gördük. İstər, istəməz canımıza bir üşütmə düşdü. İndicə avtomatların şaqqıldayacağı, bizi qırıb çatacaqları anın yaxınlaşdığını düşündük. Ancaq heç kim yerindən tərpənmədi, dişimizi dişimizə qıcayıb durmuşduq. Arazın sərt silyanı da bir yandan əhədimizi kəsirdi. Maşınlar yaxınlıqda dayandılar və içindəki adamlar yerə tökülüşdülər, onlar mülki vətəndaşlardı, bu da bizə bir az toxtaqlıq gətirdi. Gələnlərdən kimsə səsgücləndirici vasitəsilə nə isə deyirdi. Səs həm çox boğulurdu, həm də tunelin üstündəki Dəvəboynu dağlarında əks-səda verirdi deyə heç nə başa düşüb anlamaq olmurdu.

Adamlar maşından tökülən kimi sərhədə tərəf cumdular və əllərindəki kəlbətinlər və digər kəsici alətlərlə sərhəd dediyimiz tikanlı məftilləri doğrayıb yerə tökməyə başladılar. Sərhədçi qülləsindən müşahidə edən əsgər güllə atmadı – bu hal bizə çox qəribə göründü və biz də cürətlənib dirəkləri aşıranlara tərəf köməyə getdik. Gələnlər arasında iki, ya üç sərhədçi zabit vardı, onlar da qüllədən baxan əsgər kimi dayanıb müşahidə edirdilər.

Bir neçə yerdən tikanlı məftilləri qırıb özümüzə yol açdıq və elliklə keçib düz çayın qırağına getdik. Araz çayı çox sakit axırdı, elə bil ki, laldı, ya da günahkar uşaqlar kimi səsini çıxartmağa qorxurdu. Bir xalqı ikiyə böldüyündən, bəlkə də, qohumları bir-birindən ayrı saldığına görə utanırdı. Hər halda mənə belə gəlirdi.

Burdan o taylı qardaşlarımızın səsini daha aydın eşidirdik. Kimisi əllərini yudu, kimisi də şaxtaya, sazağa baxmayaraq corablarını çıxardıb ayağını suya saldı.

-Oxxayy! – dedi. – Əhd eləmişdim. Axır ki, əhdimə çatdım.

Sonra ara qızışdı, o taylı-bu taylı danışıqlar başladı. Camaat bir-birindən qohumlarını saraqladılar.

Hüseyxan babamın ölüm xəbərini də onda eşitdim. Kişi gəlib ailəsini aparmaq üçün çox cəhd edib, amma alınmayıb. Əlacı hər yerdən üzüldükdən sonra Üçdibin kəndində Şərəfnisə qocamın çox gənc ikən dul qalmış xalası qızı ilə evlənib. Hazırda Üçdibində Məhərrəm adlı bir oğlunun öz ailə-əyalı ilə ata ocağında yaşadığını da o taydan dedilər.

Bu xəbər mənim üçün böyük üzüntü idi. Üzünü görməsəm də Hüseyxan kişi dost-doğma babam idi. Onun başqa arvaddan olan oğlu Məhərrəmin və ailəsinin mənimlə necə qohumluq əlaqələrinin yaradılacağına, ümumiyyətlə ünsiyyətimizin alınacağına az ümid bəsləyirdim. O taylı-bu taylı, qismən də olsa yaxınlaşmaq təskinliyi ilə axşam şər qarışanda kəndə qayıtdıq. Ertəsi gün yenidən görüşəcəkdik, özü də təzə tapdığımız qohumları da çağıracaqdılar.

-Yorulmadın ki! – Gözüm baxa-baxa sürücünü az qala Məhərrəm əmi zənn edəcəkdim.

-Necə bəyəm?

-Deyirəm, yoruldunuzsa, yol üstü bir çay içək…

Baxdım ki, qabaqda oturan adam öz xornasındadı, zalım oğlu, elə bil iki günlük gecə növbəsindən çıxıb. Böyrümdəki kişi də arvadı elə qucaqlayıb başını çiyninə qoyub, elə bil min ilin tamarzısıdı, day bilmədim arvadıdı, oynaşıdı, elə də xısın-xısın pıçıldaşırdılar ki, bir kəlmələrini də eşidib başa düşmək olmurdu. Odur ki, onları “narahat” etməmək naminə astadan dilləndim.

-Hələ sür! Qabaqlarda bir yerdə oturarıq.

-Necə məsləhətdi! – Sürücü könülsüz mızıldandı, salondakı ab-hava ona da ləzzət eləmirdi, görünür, havasını dəyişmək istəyirdi.

…Dirəklərin aşırıldığı, tikanlı məftillərin qırıldığı vaxtlar, o tayla əlaqələrin yaranhayaran çağında Şərəfnisə qocamın ürəyi lap üzülmüşdü, yatağa girmişdi, durub gəzməyə taqəti qalmamışdı. Ədəbxanadan başqa heç hara apara bilmirdilər, getmirdi. “Məni rahat buraxın, bir havır dincimi alım, bərk yorulmuşam” deyirdi. Yorulacaqdı da, bir ömür durmadan işləmişdi, dünyanın ac-yalavac vaxtında iki yetim böyütmüşdü, sonra da nəvələrinin yolunda kül-torpaq etmişdi özünü. Kənd yerində nə ki, xırda-xuruş iş vardı, hamısına əl atmışdı. Ömür vəfa etsəydi, özünü yüzə də çatdırardı.

Neçə gün idi yataqda idi Şərəfnisə qocam, sudan başqa heç nə dilinə vurmurdu. Öləcəyini bilirdik, özü də hiss eləmişdi, hayana ola, dünyagörmüş arvaddı, kənddə neçəsinin gözünü basıb çənəsini çəkmişdi. Amma rahatlanıb canını tapşıra bilmirdi, ta ki, o taydan Hüseyxan kişinin ölüm xəbəri gəldi, elə bil arvadın da gözünə işıq gəldi. Göz yaşı sel-suya dönüb yanağı aşağı axdı. Toxtaqlığın mənası yoxdu, hamımız ona qoşulmuşduq. Havayı deyildi, altmış il idi xəbər gözləyirdi. Kimin ürəyi partlamazdı ki.

Gözlərinin yaşı quruyandan sonra dəsmalla sir-sifətini sildim. Gözlərini açıb məzlum-məzlum mənə baxdı, güclə eşidiləcək səslə soruşdu:

-Məhərrəm dedikləri adamı öz gözünlə gördün? – Qocama hardansa güc gəlmişdi, ötkəmləşmişdi.

-Həə! – Həm cavab verdim, həm də başımı tərpətdim.

-Çox oxşuyurdu babana… – Qocamın çənəsi titrədi, sanki kişinin o tayda evlənməsini, oğul sahibi olmasını bu yaşında da qəbul edə bilmirdi.

-Hə. – Babamı harda görmüşdüm ki, mən, şəkilinə baxmışdım, o da sinədən yuxarı, bozumtul şəkilinə. Yalandan da olsa təsdiqlədim ki, arvadın gözü yoldan yığışsın.

-İmkan düşən kimi… gedərsən. Qəbrini taparsan… deyərsən ki… qocam… halallığını verib… rahat yat…

Şərəfnisə qocam bu an gözlərini bərəldib mənim gözlərimə zillədi, bilmədim xəbərə görə təşəkkürmü edir, yoxsa yalan, ya doğru danışdığımı gözlərimdən öyrənmək istəyir. Əllərini güclə də olsa yataqdan yuxarı qaldırdı, dodaqlarını tərpədib nəsə demək istədi, dedi də, amma mən eşidə bilmirdim, sanki Tanrı ilə öz aralarında nə isə pıçıldaşırdılar. Sonra qollarını aşağı saldı və başını azacıq o tərəfə əydi.

Arvadın səsi xırıldadı… bəlkə də boğazında xırıltılı səs eşidildi… tam hərəkətsiz qaldı… Sifətindəki son həyat işarəsi çəkilməyə başladı.

-Qoca… qoca… – dedimsə də… artıq gec idi, Şərəfnisə qocam boynunu büküb gözlərini bərəltmişdi.

İndi mənə çatdı ki, arvad canını tapşırıb. Bu, çox qəribə göründü, xəstə adamın qüvvətlənməsi, danışması və… bir anın içində… ölməsi… İnanmaq istəməsəm də çıxdım ki, qadınlar arvadı rahatlasınlar.

Ertəsi gün mən Arazın qırağına gedə bilmədim. Şərəfnisə qocanın dəfni ilə məşğul olduq, onu İslam adəti ilə son mənzilə yola saldıq. Qışın soyuğuna baxmayaraq Arazın qırağına getmək, artıq adət şəklini alırdı. Adamların sayı azalsa da çayın qırağına toplaşırdılar.

Axşam çayın qırağından gələnlər otaylılar arasında Məhərrəmin də olduğunu, məni soruşduğunu dedilər. Şərəfnisə qocamın ölüm xəbəri onu da sarsıdıbmış.

Çox keçmədi ki, o taya gediş-gəliş başladı. Adamlar daha çayın qırağına toplaşmırdılar, kim o taya getmək istəyirdisə, gedib adını yazdırırdı. Xudafərində məntəqə yaratmışdılar, o taya getmək istəyənləri qeydə alırdılar. Sovet hökumətinin yeni qanunlarıydı, nə viza lazım idi, nə də xarici pasport. İran tərəf də Sovetin qırmızı pasportunu nəzərə alırdı.

Dağlıq Qarabağ və ətrafdakı rayonlar, xüsusən də Arazqırağı ərazilər işğal olunana kimi o taya Xudafərin körpüsündən keçib gedirdik. O taylı soydaşlarımız isə bu körpüdən keçib gəlməzdilər, həmişə Arazı gizlində keçib gələrdilər. Bilmirəm, onların hökuməti icazə vermirdi, yoxsa özləri belə istəyirdilər. Bir də görürdün ki, gecənin bir aləmində kimsə qapını döydü. Kənd yerində qapı döyməzdilər, eləcə aralıdan səslənərdilər ki, ev yiyəsi kimin gəldiyini səsindən tanısın. Durub qapını açırdın – görürdün iranlı dayanıb qarşında.

-Babam, gecənin bu vaxtı nə şəbbə-xeyir?

Deyirdi:

-Xeyirdi, babam. Allah qonağıyam, özü də Məhərrəm əmindən salam gətirmişəm.

Məhərrəm əmi özü heç vaxt Arazın bu tayına adlamazdı – nə gizlin, nə də hökumət yoluynan. Babamdan daha çox anasına oxşamışdı, sakit təbiətliydi, elə bil əsəbləri yoxdu, atasının yurdu ilə heç maraqlanmazdı. Bizə bir az oxşamışdı – həm qanundan qorxurdu, həm də çaydan…

İlk vaxtlar iki dəfə Xudafərindən keçib o taya getdim, axtarıb qohumlarımı tapdım, onları yaxından tanıdım, əlaqəmizi gücləndirdim. Amma dədə-baba yurdumuz işğal olunandan sonra getmədim, gedə bilmədim. Hansı üzlə durub öz yerlərimizə baxacaqdım?

O tayda dayanıb həsrət-həsrət doğma yurd yerlərimizə baxmağa ürəyim dözməzdi. Necə olsa da, dəmir, daş deyildi ürəyim, yumruq boyda bir parça ətdi, dözməyib partlaya bilərdi.

Arada necə oldusa, bir dəfə üzə salıb məni də apardılar. Burdan elə çıxdıq ki, şəvinik düşəndən, şər qarışandan sonra gedib çatdıq ora. Gecə vaxtı ha baxsan da təbiət elə təbiətdi, istər Zəngilan dağları olsun, istər Xızı, istər Qusar, istər Qax dağları, istərsə də Savalan, ya Aslandüz, bir fərq görməzsən.

Həmin axşam bütün qohumlar yığışdı başımıza. Hərəsi bir söz soruşur, bir şey danışırdı. Babamın qohum-əqrəbası mənə elə şirin gəlirdi ki, hamısını qucaqlayıb bağrıma basmaq istəyirdim. Gecə yarısı olmasına baxmayaraq heç kim bizdən ayrılıb yatmaq istəmirdi, çox maraqlı vaxt keçirirdik.

Yatmaq vaxtı gələndə Məhərrəm əmi, mən, bir də mənimlə gələn dayoğlu Səməd bir otaqda yatmalı olduq. Axşamdan qızışan söhbət zamanı heç nə soruşmayan, heç nə də danışmayan, ancaq oturub matdım-matdım baxaraq bizi dinləyən Məhərrəm əmimin lap astadan – hiss etdim ki, Səmədin eşitməsini istəmir, soruşması nəsə mənə çox qəribə təsir bağışladı, elə bildim ki, babamın nə isə mühüm bir sirrini açacaq.

-Qağa, biz qohum deyilik?

Onun belə soruşması mənə lap sirli göründü. Fikirləşdim ki, yüz faiz babamın qızılı olub-olmadığını soruşacaq. Kişi çox güman ki, onlara olmayan “qızılının” yerini deyib. Mən də hazırlaşırdım cavablamağa. Deyəm ki, bəs bu neçə illər nə ilə dolanmışıq? Babam mal-heyvanı yığıb bura adladanda quru yurdda qoydu bizi. Bir həsirimiz vardı, onu da Sovet hökuməti alıb kolxoza baydaq tikdirdi.

-Necə qohum deyilik? – Qəfildən ağzımdan çıxdı deyə səsimi azaltdım. Babamın nəvəsi mənəm, oğlu da sənsən, əmim sayılırsan. Mən Şərəfnisə arvadından olan oğlunun oğluyam, sən də Lala arvadından olan oğlusan… Bəs neçə vaxtı bunları aydınlaşdırmışıq axı… İndi bu nə məsələdir, soruşursan..?

-Hirslənmə, sözümün canı var…

-Di nə durmusan, de… Babamın qızıllarının yerini soruşacaqsan? – Yenə də özümü saxlaya bilmədim.

-Biz qohumuqsa, deməli, bir xalqıx, bir millətik. Elə deyilmi? – Məhərrəm əmi, deyəsən, dediklərimin heç birinə əhəmiyyət vermirdi.

-Əlbəttə, elədir.

-Sən oxumuş adamsan. Yaxşı, onda mənə cavab ver, görüm, biz necə eyni xalq, eyni millətik ki, bizə türk, sizə azərbaycanlı deyirlər?

-Elə türk də azərbaycanlı, azərbaycanlı da türkdür dayna!..

-Yox, baba nəvəsi, mən burda səninlə razı deyiləm. Nə Məhərrəm əmin Süleyman deyil, nə Süleyman Məhərrəm əmin ola bilməz. Burda nə isə başqa bir şey var, böyüklərimiz bizdən gizlədirlər.

-Hamımız Azər adlı bir kişinin törəmələriyik.

-Hələ bilmək olmaz ki, bu Azər də kimin uydurmasıdı.

-Bu söhbətlər bizlik deyil. Yaxşı olar ki, yataq. – Astadan dilləndim. – Yat, Məhərrəm əmi, gecə yarını çoxdan keçib. Səhər obaşdan durub Kəleybərə gedəcəyik. Gərək yatıb dincələk ki, getdiyimizə görə o dağlara çıxa bilək.

Səhər obaşdan qonşunun taksi maşınında yola çıxdıq. Kəleybərə çatanda hər tərəf qatı duman idi, günün hansı vaxtıydı, bilmədik, heç saata baxıb müəyyənləşdirmək də istəmədik, nəyimizə lazımdı, gəzintiyə çıxmışdıq. Maşını Kəleybərdə qoyub yolumuza piyada davam etməli olduq. Babəkin qalasına qalxan yol cığır kimiydi, insafən, bu cığırı da yaxşı düzəltmişdilər, iki nəfər qabaq-qabağa gələndə rahatlıqla keçə bilirdi. Məhərrəm əmi asta yerisə də bizdən geridə qalmırdı, arabir dayanır, bizi də dayandırır, nəfəsini dərə-dərə müəyyən söhbətlər danışır, sonra yolumuza davam edirdik.

Babək qalasına yüz-yüz əlli metr qalmış qatı duman təbəqəsini yarıb keçdik. Duman dənizi bizdən aşağıda qaldı. İlahi, bu nə mənzərəydi, göz istəyirdi ki, tamaşa eləsin. Bir az da bizim Daşkəsən yaylalarına oxşayırdı, xüsusən də Xaşbulağa, Qoşqar zirvəsinə. Qoşqarın zirvəsi də çox zaman duman, bulud təbəqəsindən yuxarıda olardı.

Qəşəng də gün çıxmışdı. Səməd telefonu ilə bir neçə şəkil çəkdi. Bizdən başqa da qalanı ziyarət edənlər vardı, onların arasında iki gənc diqqətimizi cəlb etdi, görünür, universitet tələbələriydi. Bizim gəlmə olduğumuzu onlar da hiss etmişdilər, arabir nə isə soruşur, bu tay ilə maraqlanırdılar.

-Sənin o telefonun üçümüzün bir yerdə şəklini çəkə bilərmi? – Məhərrəm əmi nə fikirləşdisə, Səməddən soruşdu.

-Niyə çəkmir? Çəkər! Lap beşimizin də şəkilini bir yerdə çəkər. – Səməd sualı başa düşdü, düşmədi, deyə bilmərəm, gülümsəyərək belə cavab verdi.

-Onda ver uşaqlardan birinə, bizim şəkilimizi çəksin.

Səməd qalanı ziyarət edən oğlanlardan birinə telefonu ilə necə şəkil çəkmək lazım olduğunu izah etdi. Biz üçümüz obyektivin qabağına keçdik. Məhərrəm əmi ortada dayandı, mən sağında, Səməd isə solunda durduq, qollarımızı onun kürəyində çarpazladıq. Cavan oğlan iki dəfə çıqqıldadıb şəkillərimizi çəkdi, sonra telefonu Səmədə verdi ki, baxsın. Səməd ekrana baxıb razılıqla başını tərpətdi.

-Təşəkkürlər! Yaxşı düşmüşük.

Məhərrəm əmi ekrana baxandan sonra dönüb mənə baxdı, elə diqqətlə baxdı ki, elə bil birinci dəfəydi görürdü, bəlkə də bu, mənə belə göründü. Baxdı, baxdı və birdən boynumu qucaqladı.

-Dədə balası, – dedi, – ölmədim, bu günümü də gördüm. Sən mənə dədəmin əmanətisən, dədəmin yadigarısan.

Məhərrəm əmi başını çiynimə qoymuşdu, tərli boynumdan nəfəs alırdı.

-Dədəmin iyini səndən alıram. Sən ona daha çox oxşayırsan. Elə bil özüsən ki, varsan.

Özümüzlə yemək götürmüşdük, qalanın yanında, elə ayaqüstü adama bir tikə yeyib geri döndük.

İndi istəməsin, Şərəfnisə qocam məni yaman çox istəyirdi. Həmişə boynumu qucaqlayıb bağrına basardı, boyun-boğazımı iyləməkdən doymazdı. Lap ot biçməkdən, odun yarmaqdan tərli-tərli gələndə də belə edərdi. Deyirdim, ay qoca, tərliyəm, imkan ver, gedim yuyunum, paltarımı dəyişim. Bıldır-bıldır göz yaşı axıdardı. Deyərdi, bala, Hüseyxan babanın iyini səndən alıram, mənə çox görmə bunu. Deyirdim, bəs o biri qardaşlarım, axı onlar da səninlə Hüseyxan babamın nəvələridi… Deyirdi, yox, ay bala, onlardan babanın iyini alammıram…

Razılaşırdım, bir də baxırdım ki, tərim soyuyub, gedib yuyunmağa, paltar dəyişməyə ehtiyac qalmayıb. Kənd həyatının qayğıları olduğu kimi öz gözəlliyi də vardı. Bir də bu genetik kod, nəydisə, mən bilmirdim, heç indi də doğru-dürüst izah edən olmadığından tam anlamamışam. Amma babaların ruhu kimin canına hopursa, onun bütün xüsusiyyətləri də onun canında yaşayır. Beş barmaq bir olmadığı kimi bütün qardaşlar da eyni ola bilmir…

İndi Məhərrəm əmimin bunu necə duyması, hiss etməsi mənə qəribə gəlirdi. Məhərrəm əmim Şərəfnisə qocamı görməmişdi ki, deyəsən o, öyrətmişdi. Bunu necə bilmək olardı? Bəs, mən niyə bilmirdim.

Ertəsi gün geriyə dönəndə hamı ilə görüşüb öpüşdükdən sonra Məhərrəm əmim məni bir də qucaqlayıb bağrına basdı. O üzümdən, bu üzümdən öpdü, boynumu iylədi. Mən aralanmaq istədim, buraxmadı, elə bil hiss etmişdi ki, bir daha görüşməyəcəyik. Astadan qulağıma pıçıldadı:

-Süleyman, sən dədəmin özüsən ki, varsan. Səndən onun iyini alıram. Bizi unutma, imkan düşən kimi gəl.

Aralaşıb maşına minmək istəyirdik ki, bir də səsləndi.

-Şəkil yaddan çıxmasın.

Biz Təbrizə gəlib telefondakı şəkilləri çıxartdırdıq, bir neçəsini Seyfulla adlı qohumumuz vasitəsilə Məhərrəm əmiyə göndərdik, qalanlarını isə özümüzlə gətirdik.

O vaxtdan on ildən çox keçib, bəlkə də on beş il. Ancaq bu müddət ərzində mən bir daha o taya gedə bilməmişəm.

-Çatdıq!

Sürücünün səsi məni xəyallar, xatirələr aləmindən ayırdı. Mənə elə gəldi ki, sürücü əyləci möhkəm basıb, ya da maşını yavaşdan nəyəsə çırpıb. Çünki maşın dayananda özümdən asılı olmayaraq qabağa getdim və alnım qabaqdakı oturacağın söykənəcəyinə toxundu. Bununla da qabaq oturacaqda oturanın xorultusu xırp kəsdi.

-Çay içəcəyikmi? – Ayılan kimi dərhal soruşdu.

-Rəhmətliyin oğlu, yolboyu yatmısan, dünyadan xəbərin olmayıb. – Sürücü deyindi. – Yolda iki dəfə çay içmək imkanı olub, demişəm. Ya eşitməmisən, ya da eşidib özünü yuxuluğa vurmusan. Səfərlidə çayxana var ki, çay içək?

Sakitcə maşından düşüb sürücünün pulunu verdim.

-Azdı. – dedi. – Beş manat da əlavə elə. Sən olmasaydın, başqa müştəri götürəcəkdim. Mən Culfanın qiymətini alıram.

Heç bir söz demədən beş manat da verib, onlardan aralandım. Keçiddə pul dəyişsəm də taksi sürücüsü bu taylı olduğundan ona özüm Azərbaycan pulu verdim, əslində elə onun üçün də bir fərqi yoxdu.

Artıq axşamüstü idi, havanın tam qaranlıqlaşmasına az vaxt qalardı.

Gecəni Mustafanın evində qaldım, mərhumun evinə getmək istəmədim. Gedib nə edəcəkdim ki? Başsağlığını sabah versəydim yaxşı olmazdımı? Yenə ölən kimi xəbər tutub gəlsəydim, başqa məsələ…

Mustafa Məhərrəmin bacısı Suqra xanımın oğluydu, ailəsi ilə Səfərlidə yaşayırdı. Kənddə böyük bir dükanı vardı, topdansatış kimi fəaliyyət göstərirdi. Fərasətli adamıydı, hamıyla dil tapa bilir, ünsiyyət qurmağı bacarırdı. Hesab-kitabını da yaxşı bilirdi. Culfadan Biləsuvaradək hamının ona borcu olurdu, Arazboyu bütün dükanlara nisyə mal buraxır, ayın sonunda ya özü düşüb yığır, ya da dükan sahibləri gətirərdilər. Mustafa əsl tacir idi – elə İran taciri…

Narahat hisslərlə yerimə girdim, elə bil yatağıma qor doldurmuşdular. Bircə səhər tez açılaydı…

…Qarışıq bir ərazidəyik. Deyəsən, bura qəbiristanlıqdı. Gah xeyli adam izdihamına rast gəlirəm, gah da ikimizdən başqa heç kimi görmürəm. Adamlar çox olsa belə heç kimi tanımıram, tanıdığım bircə adam varsa, o da Mustafadır.

Diqqətlə baxıram, hə, bura qəbiristanlıqdır. Tez qəbirlərin arasında Məhərrəm əmimin qəbirini axtarıram. Aram-aram qəbirlərin arası ilə keçirəm, Mustafa isə fərqinə varmır, alçaq, torpaq qəbirlərin üstündən adlayıb keçir. Belə olmaz axı, qəbirləri tapdalamaq, üstündən adlamaq günah sayılır. Bunun dinə aid olub-olmadığını bilmirəm, insanlığa yad bir şey kimi qəbul edirəm. Mustafanın qabaqda inamla addımlamağı məni arxayınlaşdırır, çalışıram ki, ondan geridə qalmayım. Və… qəfil yer ayağımın altından qaçır, özümü havadan asılı kimi hiss edirəm, nəfəs almağa havam çatışmır. Səndərləyirəm, başım hərlənir, sonsuzluğamı, havasızlığamı düşmüş kimi müvazinətimi itirirəm. Gözümə qaranlıq çökür, qaramat basır məni. Yan-yörəmə boylanıram, vahimələnirəm. Elə bil Mustafa da qeybə çəkilib.

-Süleyman dayı, sənə nə oldu, qəbristanlıqdanmı qorxdun?

Dilim söz tutmurdu, birtəhər başdaşını göstərdim.

Qəbirlər arxasında hündür başdaşılı bir qəbir var idi, o qəbirin başdaşından bizə işıq düşürdü. Bu nə işıq idi, nə vaxtdan qəbiristanlıqda işıq yandırırlar…

Birtəhər gözümü açdım, qan-tər içindəydim… Otaqda işıq yanırdı, özü də düz gözümə düşürdü. Mustafa düz otağın ortasında namaz qılırdı. Divardakı saata baxdım, beşin yarısıydı.

İlahi, nə vacibdi ki, namazı bu vaxta salmısan? Olmazdımı ki, hava işıqlaşanda insanlar namazını qılıb işlərinin dalınca gedərdilər…

Yox! Yox! Mən bunu heç vaxt edə bilmərəm. Etmərəm də… Namaz qılsam belə gecə yarısı durub işığı yandırmaz, kiminsə yuxusuna haram qata bilməzdim.

Özümü yuxuluğa vurdum, elə Mustafaya da bu sərfəli idi. Dəstəmazı yığışdırıb işığı söndürdü, soyunub yatağına girdi.

Səfərlidən Üçdibinə maşınla yarım saatlıq yoluydu. Biz səhər yeməyi yeyəndən sonra Mustafa dükanına getdi.

-Uzağı bir saata gəlirəm. – dedi.

Dükanında başqa işçiləri – nəzarətçi, satıcılar, fəhlələr olsa da vacib işi çıxdığını hələ axşamdan demişdi. Odur ki, bir saat gözləməli oldum. Sonra dərsə ikinci növbədə gedəcək oğlundan dükanın yerini soruşub evdən çıxdım.

-Bəlkə aparıb göstərim? – təklif eləsə də:

-Lazım deyil, özüm taparam. – deyib getdim.

Onun, doğrudan da işi çox idi, bir saata yekunlaşdıra bilməmişdi. Nə isə hesabat aparır, xırda tacir dostlarına mal buraxırdı.

-Dayı, – o, mənə dayı deyə müraciət edərdi, – sən Allah, incimə! Bu tacirləri başa salmaq çətin məsələdir, gərək bir batman beçə balıynan xar tut doşabı qarışdırıb yeyəsən, sonra gəlib bunlarla çənə döyəsən. Bilirlər ki, bu gün dayımın qırxıdı, hüzrdə olmalıyam, amma bununla belə, yığışıb gəliblər. Həm nisyə götürdükləri malın pulun gətiriblər, həm də yeni mal götürməyə gəliblər. “Gərəkdirsə, yenə də pul verək, dayının hüzurunu yola ver” deyirlər. Bir az səbr elə, bunları başımdan cəhənnəm eliyim, gedax.

Mustafa ilə birlikdə Üçdibindəki yas mağarının qabağına çatanda camaatın çoxu çöldəydi.

-Deyəsən, məclisə indi gəliblər. – Astadan səsləndim.

-Yox. İndiyə kimi bir havır “Quran” oxunub, çay içilib. Tam vaxtında gəlmişik, indi məzarıstana getməyə hazırlaşırlar. Bizdə qayda belədi. Günorta namazından sonra ehsan veriləcək. Ona qədər gedib məzarıstanı, dayımın qəbrini ziyarət edib qayıtmalıyıq.

Maşından düşüb camaata qoşulduq. Mustafa bir-iki nəfərlə əl tutub görüşdü, mən də… Burda kimi tanıyırdım ki… Bir dəfə gəlmişdim, o da lap çoxdan. Məhərrəmin ana qohumlarından kimi görmüşdümsə də indi adları da, sifətləri də yadımdan çıxmışdı.

Molla qabaqda, camaat da arxasınca qəbiristanlığa yol aldıq. Girişdə o, dayandı və ucadan salavat çevirdi.

-Cəmi qəbiristanlıq əhlinə bir salavat çevirək!

-Allah rəhmət eləsin, yerləri behiştlik olsun! – Molla ilə bərabər salavat çevirdikdən sonra yerbəyerdən səsləndilər. – Amin!

Sonra mollanın arxasınca qəbiristanlığa daxil olduq. Qəbirlər, xüsusən də başdaşılar mənə öz ölkəmizdəki lap köhnə qəbirləri xatırlatdı. Bizdə də nemes müharibəsinə qədər qəbirlərə alçaq başdaşı qoyar, şəkil vurulmazdı. Ərəb hərfləri ilə mərhumun adını, soyadını yazardılar, hətta təvəllüdünü miladi ilə deyil, ya hicri-qəməri, ya da şəmsi-qəməri tarixi ilə göstərərdilər. Bu yazılardan nə orda mənə bir şey aydın olmuşdu, nə də bu qəbirlərin başdaşlarındakı yazılardan bir şey anladım.

Birdən gözüm təzə qəbrin uca başdaşına sataşdı. Təzə qəbir bir az aralıda salınmışdı. Qara paltarlı adamlar həmin qəbiri dövrələməyə başladılar. Havanın buludlu olmasına baxmayaraq qəbirin başdaşındakı şəkil gözümü qamaşdırdı, sanki günəşin şüaları güzgüdən əks olunurdu. Gözlərimi qıyıb baxdım, anlamadım. Gözlərimi yumub açdım, başımı silkələdim… Ola bilməzdi… İlahi, bu nəydi gözlərimi qamaşdıran?

Bu qəbir niyə o biri qəbirlərdən aralıdaydı, təkdi, tənhaydı? Qərib idimi? Hələ bir buna bax! Başdaşındakı şəkilə bax! Başqa qəbirlərin başdaşlarına şəkil vurulmayıb axı… Bəs bu kimin şəklidir? Bu ki, mənəm. Bu ki, mənim şəklimdi. Güzgüdəmi baxıram özümə? Yox, yox, bu güzgü deyil, başdaşındakı şəkildir. Mənim şəklimi niyə başdaşına vurublar? Qara paltarlı adamlar niyə məni dövrəyə alıblar. Məgər mən ölmüşəm?

“Ay camaat, mən ölməmişəm, mən sağam. Burda…ayam!” – qışqırmaq, haray-həşir qoparmaq istədimsə də, səsim çıxmadı. Qollarımdan bərk-bərk tutmuşdular, nə qədər çabaladımsa da əllərindən çıxa bilmədim, az qalırdı ürəyim partlasın. Sanki qəbirdən xortdayıb çıxacağıma, qaçıb hər tərəfi bir-birinə qatacağımdan qorxurdular.

Yaxşı, bəs səsim niyə çıxmırdı, ağzımı ki, tutmamışdılar…

“Məən… mən ölməmişəm… sağam… burdayam…” – bir də qışqırmaq, buradakı adamlara özümü göstərmək istədim, cəhd etdimsə də yenə heç nə alınmadı. Eləcə ışqıra-ışqıra qaldım, sakitləşdim, süstləşdim, bir tikə kəsilmiş ət parçasına döndüm.

Adamlar öz işlərindəydi, qəbri dövrəyə almışdılar, kimsə yerdən balaca daş götürüb mənim şəklim vurulmuş, özü də mənə baxan başdaşını döyəcləyir, nə isə deyir, ağlaşırdılar. Molla nə isə oxuyur, əllərini üzünə çəkir, xorla onun dediklərini təkrarlayırdılar.

Yavaş-yavaş sakitləşdim, özümə gəldim. “Yaxşı, bəs mən nə vaxt öldüm ki, xəbərim olmadı? Mən axı müharibədəydim, ermənilərlə vuruşurdum, vətənimizi, torpaqlarımızı, min illər boyu məskən salıb yaşamış, ölmüş əcdadlarımızın qəbirlərini, bizə miras qoyduqları yurd yerlərini qoruyurdum.

Bəs necə oldu öldüm?

Mən axı ölməməliydim!

Mən axı söz vermişdim.

Müharibəyə yollananda generala söz vermişdim ki, ölməyəcəyəm. Atamı, yaxınlarımı arxayın etmişdim ki, ölməyəcəyəm. Atəş səslərinin tüğyan etdiyi zamanda ilk övladımı dünyaya gətirənə, sonralar elə övladlarıma da söz vermişdim ki, müharibədə ölməyəcəyəm. Söz vermişdimsə, deməli, ölməməliydim. Ölə bilməzdim.

Bəs bu necə oldu? Yox, bu ola bilməz, mən ölməmişəm!

-Dayı! – Mustafa astadan qolumu tərpətdi. – Sizdə qəbiristanlığa getmirlər?

-Niyə soruşdun, bacıoğlu? – Lap astadan dilləndim və hiss etdim ki, səsim gəlir, batmayıb.

-Heeç… elə-belə soruşdum.

-Mənə noolmuşdu? – Onun mənə çox qəribə və təşvişlə baxmasından səbəbini öyrənmək üçün astadan pıçıldadım.

Çiyinlərini çəkib gülümsədi.

Qəbiristanlıqdan çıxan izdihama qoşulduq. Ürəyimdən keçsə də qəbirə yaxınlaşa bilmədim. İndi hamıdan geridə qalmaq, başdaşına öz şəklim vurulmuş qəbirə yaxınlaşmaq, elə baxmaq istərdim ki… Məhərrəm əmimin qəbrinin başdaşını qucaqlayıb hönkür-hönkür ağlamaq, uzun illərdən bəri yığılıb qalmış nigilimi mənə doğma olan adamın sığındığı torpağa boşaltmaq, yüngülləşmək keçirdi ürəyimdən. Özümü çox ağır hiss edirdim, elə bil dünyanın yükünü çiyinlərimə yükləmişdilər, çəkə bilmirdim, yeridikcə ayaqlarım torpağa batırdı.

Mustafanın arxasınca ağır-ağır addımlayırdım.

Çadırın önündə dövrə vurub toplandılar. Ovuclara gülab suyu səpildi. Molla nə isə oxuduqdan sonra çadıra doluşduq. Uzunluğu hardasa iyirmi metrə yaxın olan çadırın baş tərəfindəki şəkil içəri girən kimi bərq vurub gözümü qamaşdırdı. Başım gicəlləndi.

Bu nədir, yenəmi məni qaramat basır?

Özümü cəmləşdirib Mustafaya nəsə demək istədimsə də deyə bilmədim. Çənəm əsməyə başladı, qəhər məni boğurdu, bilmirdim Məhərrəm əminin ölümünə heyfslənirəm, yoxsa…

Addım-addım çadırın ortasına tərəf getdim, boş yerlərdən birinə sığınıb oturdum. İndi divardakı şəkili aydınca görürdüm – həmin şəkil idi, bizim Babək qalasında çəkdirdiyimiz şəkil. Maraqlıdır, Məhərrəm əmimin bundan başqa şəkili yoxdurmu? Onun heç pasport şəkili də olmayıb? Yaxşı, bəs onda bu şəkildə niyə onun şəkilini ayırıb böyütməyiblər?

Özümü sorğuya tutdum, sual yağışına qərq etdim, deyəsən canım islanır, yavaş-yavaş özümə gəlirdim.

-Camaat! – Molla danışmağa başladı. – Hər insanın axirətə yollanmazdan qabaq bir vəsiyyəti olur. Bu vəsiyyəti o, özü demir, mələklər dedirdirlər. Rəhmətlik Məhərrəm özünü burada qərib sayırdı, deyirdi ki, əsl vətənimiz Arazın o tayıdır. Deyirdi, əvvəlcə orda qohum-əqrəbamız yaşasa da, ortada tikanlı məftil olduğundan gedə bilmirdik, sonra tikanlı məftilləri qırıb dağıtsalar da erməni gəlib işğal elədi, bizə gözdağı çəkdi. Bu necə vətəndə yaşamaqdır, adam da öz vətənində qərib olar? Bu vəsiyyətinə də əməl edib bir az aralıda basırdıq, qərib kimi… Bir də vəsiyyət etdi ki, bax, bu başımızın üstündə gördüyünüz şəkili böyüdüb həm mağara, həm də qəbrinin başdaşına vuraq.

Həyəcanım yavaş-yavaş azalırdı, deyəsən qabağıma çay qoydular. Stəkanı götürüb dodaqlarıma yaxınlaşdırdım, isti çay canıma ilıq məlhəm yaydı.

-Düzdür, bizdə qəbirin başdaşına şəkil vurulmur. İslamda bu barədə heç bir qadağa da yoxdur, yəni vurmaq da olar, vurmamaq da. Amma rəhmətlik Məhərrəm deyirdi ki, atası Hüseyxan kişinin yarısı o tayda qalıb. Özü cismən bu tayda yaşasa da ruhu o taydaydı. Elə Məhərrəmin bu şəkli də rəhmətliyin o tayda yaşayan qohumları ilə birlikdə çəkdirdiyi yeganə şəkildir. Məhərrəm deyirdi ki, bizi heç olmasa şəkildə ayırmayın, qoyun birlikdə olaq.

Molla çayından bir qurtum içdi.

-Yaxşı adam idi Məhərrəm, əlindən mərdimazarlıq gəlməzdi. Onun gül camalına bir salavat çevirək.

Əllər sifətlərə çəkildi.

-Yeri behiştlik olsun! – Molla ucadan səsləndi.

-Amin! – Yerbəyerdən səsləndilər.

Gözüm şəkildə qalmışdı, bilmirdim şəkildəki Məhərrəmdi, yoxsa özüməm…

Məclisə ehsan gələndə siqaret çəkmək üçün çadırdan çıxdım.

Yarım saatdan sonra Mustafa qolumdan tutanda ayıldım. Məhərrəm əmimin qəbrinin başdaşını qucaqlayıb ürəyimi boşaltmışdım.

Qaradinməz Məhərrəm əmimlə o ki, var dərdləşdim.

Şərəfnisə qocamla da söhbətləşdim, yaman qəribsəmişdim.

Üzünü görmədiyim Hüseyxan baba da burdaymış, onunla da danışıb xeyli yüngülləşdim.

Sən demə, hamısı burdaymış, aralarında bir mən yox idim, o da öz ayağımla gəlmişdim.

Mustafa qolumdan tutub dartırdı, amma heç getmək istəmirdim…

…bir neçə addımdan sonra dönüb baxdım, başdaşındakı şəklim də elə baxırdı ki… elə bil məni ilk dəfəydi görürdü…