BAĞLI QAPI (hekayə) NİZAMİ KOLANILI

Ədəbiyyat

Səhər erkən durub həyətə çıxdım. Hava soyuq idi, payız mehi üzümə dəydi, bədənimdən bir üşütmə keçdi.

Bir az həyəti dolandım. Hinin ağzını açıb toyuqları çölə buraxdım, hamısı qanad çalıb həyətə səpələndilər. Bir qab dən götürb səpdim, toyuqdan qabaq sərçələr özlərini yetirdilər. Toyuqlar yıqışana qədər xeyli dənlədilər. Çil xoruz özünü yetirdi. Sərçələr uçub həyətdəki ağaca qondular. Elə bu vaxt evin qapısı açıldı.

-Gəl, yeməyini ye. Mən həkimə gedəcəm Hafizlə, Bərdəyə, nə isə hərdən ürəyim sancır.

Bu sözləri birinci dəfə deyirdi, eşidirdim. Əl-üzümü yuyub içəri keçdim. Süfrə hazır idi, ikimiz də oturub səhər yeməyini yedik. Arada fikir verirdim, çox ürəksiz yeyirdi yeməyi. Çayı da stəkanda yarımçıq qoyub durdu.

-Sən evdə ol, mən gedirəm. – deyib qapıdan çıxdı.

Bir stəkan çay süzüb oturdum. İstədim televizoru açam. “Əşşi, onsuz da maraqlı bir veriliş yoxdu axır zamanlar heç bir yenilik yoxdu”, deyib fikrimdən vaz keçdim.

Çayımı içib yenidən həyətə çıxdım. Hara gedəcəyimi, nə iş görəcəyimi bilmirdim. Həyətdə kötüyün üstündə oturub göydə uçan bir dəstə quşun dövrə vurduquna tamaşa etməyə başladım. Necə də sakit-sakit uçurdular.

“Gözdüyüm gəlsinlər, sonra gedib bir az dolanıb gələrəm”, fikrimdən keçən yalnız bu oldu.

Saat dördə işləmiş gəlib çıxdılar. Çox yorğun görünürdü. Ayağa durdum soruşam ki, ay qız həkim nə dedi. Məni gözləmədən içəri keçdi, paltosunu çıxarıb asılqana asdı. Keçib divanda oturdu. Mən də gəlib yanında əyləşdim. Gördüm sifəti ağappaq olub, dilləndim:

-Bir danış görək həkim nə dedi?

O, dinmədi, başını qaldırıb xeylı üzümə baxdı. Onda hiss elədim ki, danışmağa gücü yoxdu. Gözləri həminki gözlər deyildi. Bu gözlərdə artıq həyat eşqi sönmüşdü. Bir kəlmə də olsun danışmadı. Başını divana söykədi, gözlərini yumdu. Durub onu silkələdim.

-Dur, uzan yerində, sakitləş, yəqin yorulmusan.

İstədim onu qaldırım, əlləri yanına düşdü…

-Dur yerinə, bura narahatdı… – Ha sirkələdim, ondan səs gəlmədi.

Artıq o, dünyadan köçmüşdü.

Çölə çıxıb qışqırdım. Elə bildim ki, səsimi dünyanın hər yerində eşidirlər. Oğlum özünü yetirdi.

-Ata, nə olub, niyə qışqırırdın?

-Anan rəhmətə getdi. – dedim, dizlərim büküldü, yerə oturdum.

***

Onun ölümündən düz bir il keçməsinə baxmayaraq hər gün bu kötüyün üstündə oturub budaqların arasından evin qapısına saatlarla baxıram. Gözləyirəm qapı açılacaq, o yenə məni səsləyəcək, “çayın soyudu, gəl çayını iç”, deyəcək.

Günlər, aylar keçdi, bir il tamam oldu, amma o qapı açılmadı. Sanki, o qapının açarını özü ilə götürüb aparmışdı.

Sahilə dünyadan köçəndən bəri bir neçə dəfə otaqda olmuşam, elə bil ki, bu həminki ev, otaq deyil. Ancaq divarda asılan böyük şəklini görəndə hiss edirdim ki, uzun illər xoşbəxt yaşadığımız, heç bir dərd-sərimiz olmayan günlərimiz bu evdə, bu otaqda keçib. İndi bu ev, bu otaq mənə yad bur məkanı xatırladır. Hər tərəfə baxsam da onun şəkli gözümün qarşısından getmir. Onun baxışları da sanki dəyişib, qara saçları da elə bil ağarıb.

Qəlbimdə elə bil ildırım çaxdı, fikirlərdən ayrılıb onun şəklini götürüb doyunca baxdım, sinəmin üstünə qoyub gözlərimi yumdum. Elə bil bir pıçıltı səsi gəldi: “Biz nə tez ayrıldıq, biz ayrı necə yaşayacayıq, nə qədər bizim arzularımız yarımçıq qaldı. Həyat çox qəddardır, ömür qısa oldu”. Pıçıltılar getdikcə yox oldu. Şəkilə baxdım, gözlərim tor görürdü. Göz yaşım gözlərimə dolmuşdu, yanaqımdan aşaqı göz yaşları cığır salmışdı. Ürəyim tez-tez çırpınırdı, özümü saxlaya bilmədim yerə oturdum, hönkürtü ilə ağlamaqa başladım. Ağladıqca elə bil yüngülləşirdim. Ayağa qaxdım, şəkli həmənki yerinə asdım, ona xeyli baxdım, vidalaşır kimi evdən çıxdım, qapını bərk vurdum. Özüm də bilmədən: “lənət olsun sənə belə dünya”, deyib həyətə çıxdım. Ağaclara baxa-baxa, hər budağa əlimi vura-vura yarpaqların olmadığını gördüm. Deməli, yarpaqların da ömrü sona yetib, saralıb tökülüb. İnsan da belədi, vədə gələndə saralıb həyatdan köçür.

Həyətdən çıxdım, uzanan asfalt yola baxdım, heç kim yox idi. Gözlərimi sildim, ətrafa göz gəzdirdim, gələn yox idi. Başımı qaldırıb göydə topa-topa buludlara baxdım. Buludlar yavaş-yavaş yerlərini dəyişirdilər.

Deyirlər insan dünyadan köçəndə ruhu göylərdə dolaşır. Kaş, biləydim onun ruhu hardan məni görür. Maşın sürətlə gəlib keçəndə fikrimdən ayrıldım. Bəsdi deyib bu fikirləri başımdan çıxardım. Dedim bir az gəzim, bəlkə fikrimdən çıxa, deyib oğlumgilə getdim. Dedim, nəvələri görüm, neçə vaxtdı görmürəm.

Qapını açıb həyətə keçdim, nəvələr həyətdə oynayırdılar. Məni görüb qışqırdılar: “babam gəldi” deyib mənə sarı qaçdılar. Hər ikisini qucağıma aldım, üzlərindən öpdüm.

-Ata evdədi? – soruşdum.

-Yox, gedib harasa.

-Bəs anan evdədir?

Elə bu vaxt qapı açıldı, gəlin məni görüb səsləndi:

-Ata, nə yaxşı gəlmisən. Keç içəri.

-Qızım, elə burda uşaqlarla əylənim bir az. Sonra işim var, gedəcəm. Gəldim görüm necəsiz?

-Yaxşıyıq, ata. Sən necəsən?

-Mən qanadı qırılmış bir quşam, necə olacam… Təki siz sağ olun.

Gəlin tutuldu, bir söz deyə bilmədi. İçəri keçdi, bir azdan “padnosda” çay gətirdi.

-Gəl, ata, çay iç. İndi yemək hazır olsun, yemək də yeyərsən… Yəqin ki, Hafiz də gələr o vaxta qədər.

Həmişə oğlumgilə gələndə deyərdi: “Kişi, nəvələrin yanına əliboş getmək olmaz. Sən hazırlaş, mən tez mağazindən şirniyyat alım, gəlim”. İndi əliboş, tək gələn baba kimi keçən günləri yada salıb sıxıldım, əliboş gəldiyimə pis oldum.

***

Həyətdə ağac kötüyünün üstündə oturub yenə evin qapısına baxırdım, qapı açılmırdı ki, açılmırdı. Xəyallarım məni keçmişə qaytarırdı…

Məktəb illərində onu görüb sevmişdim. Onlar qonşu kənddə olurdular. Evləri də düz yolun kənarındaydı. Gündə neçə dəfə o yolu gedib-gəlirdim ki, onu görəm, ancaq görə bilmirdim. Kaş, onunla görüşə biləm, doyunca söhbət edə biləm, deyirdim. Hələ ki, bu mənə qismət olmurdu. Qərara gəldim ki, gedib məktəb yolunda duram, gələndə heç olmasa uzaqdan da olsa görüm. Səhəri belə də etdim. Gedib gözlədim, gələndə onu gördüm. Elə bildim dünyaları mənə bəxş etdilər. Hələ də onun uzun qara saçları yadımdan çıxmır, ona çox gözəl yaraşırdı. Bir neçə dəfə belə onu uzaqdan da olsa gördüm.

Sənədlərimi ali məktəbə vermişdim. Bakiya getmək lazım idi, imtahana. Getdim.

Həmən ili məktəbə qəbul ola bilmədim, dedilər konkursa düşmüsən. “Kəndə qayıdanda onu mütləq görmək lazmdı, açım dərdimi deyim, qoy bilsin ki, onu sevirəm. Bu gün-sabah hərbi xidmətə çağıracaqlar, iki il sonra gələcəm, ona qədər məni gözləsin. Bəlkə mənə “yox” dedi, onda necə olacaq”. Qarışıq fikirlər məni cana gətirmişdi. Onu mütləq görməliyəm. Qərara gəldim. Onu görmək üçün onların kəndinə getdim. Yolun kənarında gözlüyürdüm ki, gördüm bacısıgildən gəlir. Nə olur, olsun, sözümü deməliydim. Ona tərəf gedib qarşısında dayandım.

-Sahilə, bilirsən, mən səni sevirəm. Sənə elçi göndərəcəm, nişan taxıb, sonra hərbi xidmətə gedəcəm, gələndən sonra evlənərik.

Qız tutulub qalmışdı, məndən belə sözləri gözləmirdi. Dayanıb üzümə baxırdı.

-Sən nə danışırsan? Mən oxumaq istəyirəm. Hələ o haqda düşünmürəm, çəkil yolumdan.

Onun qolundan tutdum.

-Bura bax, səni sevirəm, məni gözlə. Əgər başqasını sevirsənsə, de.

-Mən heç kimi sevmirəm. Mənim fikrim oxumaqdır. Onu gələcək göstərər, yaşayarıq görərik. –  deyib məndən uzaqlaşdı.

Bütün bədənim əsirdi. Məndə hardandı belə cürət, qızın qolundan da tutdum.

Hərbi xidmətə gedəndə onu bir də görə bilmədim.

***

Sovetlər birliyində hərbi xidməti başa vurub qayıtdım. Bu günləri səbirsizliklə gözləyirdim. Bu iki ildə ondan heç bir xəbər, nə də məktub almamışdım. Mən özüm də istəmişdim neçə dəfə məkturb yazim, ancaq yazmamışdım. İstəmirdim kimsə bu haqda bilsin. Hərbi xidmətdən qayıdanda evdə hamı toy-bayram edirdi. Mənim fikrim onun yanındaydı. Kaş, onu bir dəfə görəydim. Elə bir adam da yox idi, ondan soruşum, görüm hardadı, bəlkə məni gözləməyib, başqasına ərə gedib.

Xeyli fikirdən sonra hərbi formanı dəyişdim, evdən çıxdım. Onlarln kəndinə gəldim, yenə onu görmək mənə qismət olmadı. Evə qayıtdım, kor-peşiman…

Sonradan öyrəndim ki, rayonda tibb texnikumunda oxuyur. Səhəri hərbi komissarlığa getməli idim. Gedəndə onu görərəm, dedim, ən yaxşısı budur.

Həmin gün, yəni gəldiyim gün yaxşı qonaqlıq oldu. Qonaqlar, dost-tanışlar, hamısı gəlmişdi mənimlə görüşməyə. Məclis dağılanda yataq otaqına keçdim. Yataqımda uzanıb onu fikirləşdim, onunla necə görüşərəm. İki ildi görmürəm, bəlkə mənə yaxın durmadı. Fikrimə çox şey gəldi, amma heç birinin baş tutacağına inanmadım. Gözlərimi yumdum, çox yorğun idim, tez də yuxuya getdim.

Rayon mərkəzində, hərbi biletimə möhür vurdular, ordan çıxıb Texnikumun yataqxanasına gəldim. Günortadan keçmişdi, gözləyirdim nə vaxt dərsdən çıxıb gələcəklər. Yaxınlıqda olan çayxanada oturdum, bir çaynik çay gətirdilər, çox susamışdım, isti adamı yandırırdı. Yaz aylarında hərdən belə istilər olur. Çayı içib durdum. Küçənin baş tərəfindən bir dəstə qız gəlirdi. Yəqin onlardı, gəlir. Onlara yaxınlaşdıqca ürəyim çırpınırdı, görəsən, görüşümüz baş tutacaq. Qızlar yaxınlaşdı, yataqxananın qarşısında dayandılar, o da orada idi, istədim yaxınlaşım, fikrimdən vaz keçdim. Yox, getsin yataqxanaya, sonra birinə deyərəm, çağırar, qızların yanında olmaz.

Xeyli gözlədim, içəri keçdilər. Hələ də ürəyimin döyüntüsü keçməmişdi. Yataqxananın qapısını açdım, içəri keçdim. Bir qadın oturmuşdu, məni gördü, ayaqa qalxdı.

-Ay bala bura qadın yataqxanasıdı. Sizə kim lazımdı?

Özümü itiridim.

-Ay xala, qohumum burda yataqxanada qalır, onu görmək istəyirəm.

Adını soruşdu, dedim.

-Onda çöldə gözlə, deyərəm, gələr.

Küçəyə çıxdım, xeylı gözlədim. Gözüm qapıda qalmışdı. Birdən qapı açıldı, o idi, ətrafa baxdı, məni gördü. Mən də ona tərəf gəldim, salam verdim, salamı aldı.

-Necəsiz? – Sorusdum.

-Yaxşıyam. – dedi. – Sən nə vaxt gəlmisən hərbi xidmətdən?

-İki gündü gəlmişəm.

-Bəs nə bildin mən burdayam?

-Soruşdum bacın qızından, o dedi.

-Yaxşı, kəndə gedərəm, onun dərsin verərəm.

-Mən soruşdum. Onun nə günahı var?

-Axı niyə deyib.

-Yaxşı, hirslənmə, günah məndədi.

-Onda gedin, mən də dərsdən gəlmişəm, gedim dincəlim.

-Yaxşı.

-Gedin, mən də gedirəm.

-Kəndə nə vaxt gələssiz?

-Şənbə, bazar günü evdə olacam.

-Yaxşı, sağ olun. – deyib yataqxananın qapısını arxasınca bağlayana qədər ona baxdım.

Axşama yaxın evə gəlib çıxdım.

***

Orta məktəbdə oxuyanda əlaçı idim. Ona görə hazırlaşıb Ali məktəbə qəbul olmağı qarşıma məqsəd kimi qoydum. Gecə-gündüz hazırlaşıb Ali məktəbə qəbul oldum. Kəndə qayıdanda sevincimin həddi-hüdudu yox idi. Səhər gedim onu görüm deyim ki, qəbul olmuşam Ali məktəbə, onu sevindirim.

Səhər axşamçağı onların kəndinə getdim, onu görmək üçün, amma yenə görünmürdü. Bir neçə dəfə o yana-bu yana getdim, yenə görünmədi. Kor-peşman evə qayıtdım. İstədim atama deyim ki, mən qız istəyirəm, ona elçi gedin, nişan taxın. Sonra fikirləşdim ki, Ali məktəbə hələ bu il qəbul olmuşam, yaxşı düşməz, fikrimdən vaz keçdim.

***

Kaş, o günlər olaydı, cavanlıq illərim, ən xoş günlərim idi. O vaxt onu görə bilməsəm də, onu sevirdim, həmişə can atırdım ki, onu görəm, amma indi yoxdu, həmişəlik gedib.

Üçüncü kursda oxuyanda elçi getdilər, nişanı taxdıq. Bir az işim yüngülləşdi, indi bir az arxayın oldum nişanlı olduğumuza görə. Alı məktəbi qurtardım, təyinatımı Mingəçevir şəhərinə verdilər. Həmin ili toy elədik, evləndik. Çox xoşbəxt idik. Əvvəlcə atamgillə bir yerdə yaşadıq, sonra Mingəçevirdə işə düzəldim, ora köçdük. Böyük bir Qastronomun müdiri işləyirdim, işim çox yaxşı idi. Xoşbəxt yaşayırdıq. Bir necə il işlədim, işim düz gəlmədi, işdən çıxmalı oldum. Bir ay işsiz qaldım, çox yerdən təklif aldım, işləməyə razılıq vermədim. Elə bil şəhərdən xoşum gəlmədi, onunla məsləhətləşib kəndə qayıtdıq. Yenə atamgillə bir yedə yaşadıq. Amma fikrim başqa idi, torpaq sahəsi götürüb ev tikmək istəyirdim.

Sovxozdan torpaq sahəsi götürdüm, ev tikdirdim, köçdük. Bir övladımız dünyaya gəlmişdi, oğlumuz olmuşdu. Mən də sovxozda işləyirdim, mühasibatlığa baxırdım, güzəranımız getdikcə yaxşılaşdı, heç nəyə ehtiyacımız yox idi.

Aylar keçdi, bir oğlumuz da dünyaya gəldi. Həyat üzümüzə gülürdü xoşbəxt yaşayırdıq. Yoldaşım da tibb məntəqəsində tibb bacısı işləyirdi. Övladlarımız böyüyürdü, həyatımızdan çox razı idik. Allaha şükür edirdik, övladımız, işimiz, evimiz… hər nə lazımdı, Allah verib. Sonuncu övladımız qızım dünyaya gələndə, o çox sevindi, gözünün yaşını silə-silə: “çox sükür, qızımız da oldu” dedi.

***

Artıq hava qaralmışdı, ətrafa baxdım, heç kim yox idi. Tənha həyəti dolandım. Hər addımda bir xatirə, hara baxıram, onu görürdüm, aldanırdım, o artıq yox idi. Həyətdən çıxıb oğlumgilə gəldim, məni gözləyirdilər. İçəri keçdim, əyləşdim, bir stəkan çay içib o biri otaqa keçdim.

“Bu kişi lap dəli olub, heç özünə gəlmir, nə qədər təskinlik verirəm, olmur ki, olmur”, oğlum mənim arxamca bu sözləri deyəndə eşitdim. “Hə, bala, dəli olmasam yaxşıdı, tənhalıq pis şeydi. Bir ildi mən öz evimə girib beş dəqiqə otura bilmirəm. Deməli dəliyəm, ağlım gedib ananla… nə desən mənə olar, dəli də, ağılsız da, çünki mən də onunla bərabər ölmüşəm”. Divanın üstünə uzanım bəlkə yuxuya getdim, fikrim dağılsın. Gözümü tavana zilləyib baxırdım, onu görürdüm. Gözlərimi yumub bərk-bərk sıxdım, yaxşı olar yuxuya gedim. Necə uzanmışam divanda, elə də yuxuya getmişəm, gəlin üstümə yorğan atıb yaxşı ki, yoxsa üşüyərdim gecə.

Səhər açıldı, tez durdum. Adət eləmişəm tez durmağa, indi də durub həyətə çıxdım. Pencəyi çiynimə salıb öz həyətimə gəldim. Həyətdə ancaq quşların səsi eşidilirdi. Tam sakitlik çökdü, gözüm yenə qapıya sataşdı. İstədim içəri keçəm, gedə bilmədim. Yaxşısı budu gedib şəkilləri görmüyüm. Həyəti dolandım, yenə xatirələr. Ərik ağacının altında dayandım, ağaca xeyli baxdım budağın birində bircə dənə yaşıl yarpaq qalmışdı, qalan yarpaqlar saralıb tökülmüşdü. Onun da vaxtı gələcək, saralıb düşəcək. Keşən ili onunla birlikdə meyvələri yıqmışdıq, hər meyvədən mürəbbə bişirib yığmışdı evə. Hələ onun birini də açıb yeməmişik, açmağa əlim də gəlmir.

***

Birinci Qarabağ müharibəsi başlayanda mən də cəbhəyə getdim. Ona deyəndə ki, könüllü Qarabağa gedirəm, vuruşmağa, elə bil gözlərindən şimşəklər çıxdı. Üzümə elə baxdı ki, özüm də bunun hərəkətindən qorxdum. Soruşdum sənə nə oldu belə, dinmədi. Qolundan tutub silkələdim, danış görüm. Gözlərini sıxanda göz yaşları yanağını islatdı, qucaqladım. “Qorxma, mənə heç nə olmaz, vətəni qorumaq lazımdı”. Axır kı, onu razı saldım, ancaq “özünü qoru, bu üç uşaq, mən səni gözləyəcəyik”, dedi.

Bir həftədən sonra “Milli qəhrəman” Şirin Mirzəyevin könüllü batalyonuna yazıldım. Onunla vidalaşıb “Səni Allaha, uşaqları da sənə tapşırıram”, deyib onun əlini əlimdən buraxdım və həyətdən çıxdım.

Bir il üç ay cəbhədə oldum, ancaq torpaqlarımızı qoruya bilmədik, torpaqlarımız işğal olundu. Bizim də kəndimiz qorxu içində idi, çünki erməni-rus qoşunlarının qarşısını ala bilmirdik, cəbhədə xəyanət çox idi. Ona görə ermənilər Ağdamı aldılar. 1993-cü ildə bizim kənd də işğal olundu. Xoş günlərimiz qara günlərlə əvəz olundu, qaçqın həyatı başladı. Bir ömür əzab-əziyyətlə qurduğumuz isti ocağımızı tərk elədik. Neçə illər çadırlarda yaşadıq, sonra çiy kərpicdən ev tikdik, bir az şəraitimizi yaxşılaşdırdıq. Nə qədər yaxşı olsa da öz yurd-yuvamızın yerini vermirdi. Ermənilər işğal olunmuş kəndlərin evlərini yandırıb dağıdırdılar. Xaraba qoyurdular bütün kəndləri, şəhərləri. Çox əzab-əziyyətlər çəkdik, bir-birimizə arxa-dayaq olduq, övladlarımız böyüyüb ailə qurdular, indi neçə nəvələrimiz var.

Dövlətimiz məcburi köçkünlərə ev tikib verirdilər. Bizə də bu evlərdən verdilər, ancaq şəhərcik rayon mərkəzindən çox uzaqda salınmışdı. Hər şəraiti olsa da iş yox idi, insanlar yenə çətin vəziyyətə düşmüşdülər. Torpaq payımız da yox idi əkin-biçin edəsən, ya da mal-heyvan saxlayasan, ancaq dövlətin yardımı ilə ailələr dolanırdı. Belə güzaran nəyə lazımdı, insanlar bezib bu acınacaqlı həyatdan. Çoxları evlərini qoyub şəhərə iş dalınca gedirdilər, fəhləlik edib çörək pulu qazanmağa. Şəhərdə rayon kimi iş yoxdu.

Düz bir ildi o rəhmətə gedəndən heç bir işlə məşqul olmuram. Əlim-qolum soyuyub, həyatdan bezmışəm. İl mərasimi yaxınlaşır. Hamı kimi mən də onun ehsanını verməliyəm. Elə imkan yoxdu, ancaq məcbursan, verməlisən, adətdi. Dövlətimiz də çox çalışdı, belə adətləri yığışdıra bilmədi.

O, rəhmətə gedəndən bir-iki dəfə qapımı açıb evdə oturmuşam, ancaq onsuz evdə otura bilmədim. Qapını birdəfəlik bağladım, eləcə həyətdə oturub o bağlı qapıya baxıram. Bundan başqa ayrı çarəm yoxdur. İlinə iki gün qalmış gecə yuxuma girdi, hələ bu bir ildə yuxuma girməmişdi, birinci dəfə idi ki, yuxuma girirdi. Yenə oturub həyətdə qapıya baxırdım. O, indi əvvəlki kimi, əlində sumkası işdən gəlirdi. Məni görcək tələsik gəlib dayandı, ayağa durdum, əlini uzatdi, az qaldı üzümə dəysin, geri çəkildim. “Sənə nə olub belə əsəbləşmisən?” Dilləndi: “Mənə de görüm o qapını niyə bağlı qoyursan, niyə açmırsan? Hər gün gəlirəm baxıram qapı bağlıdı, qayıdıb gedirəm. Niyə açmırsan qapını, dur aç. Bir də qapını bağlı saxlasan, məni görməyəcəksən, eşitdin, birdəfəlik çıxıb gedəcəm”. Yerimdə donub qalmışdım, mən qapını niyə bağlı saxlayıram, onun açarı doğrudan da məndədi. Qolumdan tutub, gəl, dedi, aç mənim gözümün qabağında görüm ki, açdın qapını. Qapını taybatay açdım, içəridən gözəl sərin külək üzümə sığal çəkib keçdi. Bu da qapı, gəl içəri. İçəri daxil oldum, əvvəlki kimi ev çox səliqəli idi. Arxaya döndüm, o, qapının ağzlnda dayanmışdı, gəl içəri, evi necə səliqədə yıqışdırmısan, elə də qalır. Durub mənə baxırdı… Xeylı baxdıqdan sonra dilləndi: “Bir də bu qapını bağlama. Gedirəm, hər gün gəlib baxacam, görüm ki, qapı açıqdı. Əgər bağlasan, bir də məni görməyəcəksən. Evində ol, evi tək qoyma”, deyib həyətdən çıxdı. Ha səsləndim, cavab vermədi. Kor-peşman keçib divanda oturdum. Divarda asılmış şəklinə baxdım, görən o nə vaxt gələcək. Birdən asılmış şəkil divardan qopub yerə düşdü, şüşəsi qırıq-qırıq oldu. Səsə yuxudan ayıldım, bədənim təmiz su içində idi, bərk tərləmışdim, deməli, gördüklərim yuxu imiş. Yerin içində uzanılı qaldım, xeyli fikirdən sonra götür-qoy elədim, yuxunu yozmağa başladım.

Onun ruhu narahatdi, mən evə getmirəm. Qapı bağlıdı. Yox, gərək bu gündən öz evimə gedim, ölənlə ölmək olmaz. Durub geyindim, bir stəkan çay içib evə gedirəm. Oğluma xəbərdarlıq elədim:

-Bu gündən orda qalacam, bir ildi əziyyətimi çox çəkdiz, oğul.

Dilləndi:

-Ata, bu nə sözdü, bura da sənin öz evindi, nə vaxt istəsən, gəl, get.

-Sağ ol, bala, anan yuxuma girmişdi, məndən yaman inciyib. Deyir evin qapısını niyə bağlı saxlamısan. Evində ol, qapını bağlama, hər gün gəlirəm, qapı bağlı, qayıdıb gedirəm. Ona görə bu gündən ordayam. Gedim. – deyib qapıdan çıxdım.

Həyətə girəndə yuxunu xatırladım, doğrudan da çox səhv eləmişəm. Qapını taybatay açdım, üzümə bir nəfəs toxundu, bəlkə də onun nəfəsi idi.

***

Onun il mərasimini də yola saldıq, özümü çox yüngül hiss eləyirdim, ona olan son borcumu vermişdim. İndi yaşamaq lazımdı.

O gündən sonra evin qapısını heç bağlamadım.

Əbədi olaraq canımdan çox sevdiyim həyat yoldaşımı beləcə itirdim. Birdəfəlik.

Allah heç bir evin qapısını bağlı qoymasın.