Bəxtiyar Abbas, şeirlər

Ədəbiyyat

Səhər-axşam

Bizim tək uyuyur, yuxudan durur,

Həm də həsrətlidi yer səhər-axşam.

Çaylar buxovlanıb, Araz qanlıdı,

Çırpınır əllərdə Kür səhər-axşam.

 

Bu zaman içində canı xəstəyəm,

Məşuqa çatım ki, dərman istəyim.

Arzudan keçmişəm, muraz üstdəyəm,

Gözlərim yol çəkir hər səhər-axşam.

 

Bir də görəcəklər Günəşim döğdu,

Gəldi Vəfadarım, vədəsi haqqdı…

Yer yana, göy uça xeyiri yoxdu,

Çatacam vüsala bir səhər-axşam.

26.03.2023

 

Baxaram

Taleyim namərd çıxıbdı,

Mən onu yıxıb baxaram.

Küncündəki qaranlığa

Şimşəktək çaxıb baxaram.

 

Əli yardan üzüb gedib,

Fağır, kirmiş süzüb gedib,

Həyatımdan küsüb gedib,

Su kimi axıb baxaram.

 

Hicrandır ruhumda, bəli!

Ürəyimə çəkir əli.

Eyləsəniz məni dəli,

Özündən çıxıb baxaram.

 

Talismanı baş altına,

Ötürün yaddaş altına…

Məni qoysaz daş altına,

Torpaqdan çıxıb baxaram.

10.04.2021

 

Yollar, a yollar

Yollardan gəlmişik biz bu dünyaya,

Bu da bir səfərdir, yollar, a yollar.

Dünyanın sonunda qurtarmaz heç nə,

Ölüm qapısından yollara yollar.

 

Hər kəsin taleyi üzünə gülmür,

Bəxti çağırsa da yaxına gəlmir.

Hər bəndə qibləyə yönələ bilmir,

Ayrılır dörd yana qollar, a  yollar.

 

Gəlmişdi eşq üçün adsız, ədasız,

Əldə vardı hökmü, gedir bədasız.

Bəxtiyar salınır yola vidasız,

Dünya kəfən ilə çullar, a yollar.

26.03.2023

 

Yiyə

Qarabağ qalıbdı başı-başına

Millət yox, başqadı səpin yiyəsi.

Hələ ki, ixtiyar rus əlindədir,

Yoxdur boğazlarda ipin yiyəsi.

 

Doğru, düz adama paxıl deyilir,

Baraban başlardan ağıl deyilir.

Hər axşam bizlərə nağıl deyilir,

Bizi ələ salır gopun yiyəsi

 

Bəxtiyar, hirsləndin, dili soyutma,

Ağlasan gözündən seli soyutma.

Haydı ay əsgərim, əli soyutma,

Sənsən bu silahın -topun yiyəsi.

26.03 2021

 

Zarafatyana

O qədər qayğım var vaxt darlığında,

Elə fırlanıram dərd kruqunda.

İstərdim birtəhər girləyim başı,

Əgər qismət olsa mərd kruqunda.

 

Yenə ağrılarım başlar yaramda,

«Yox»da yox olmuşam, varam «varam»da

Nə itim azıbdı düzdə, Haramda,

Bir eşşək minəydim yurd kruqunda.

 

Elə bil gələcək sultan axçası,

Guya açılacaq sərvət boxçası.

Sən açdın onlayn uşaq baxçası,

Məni qısqayıblar qurd kruqunda.

26.032021

 

Behişt gülü

Dünən  mağazadan aldığm gülün

İyi oxşayırdı xlora, yoda.

Məndən gül istəyən, qurusun dilin,

Niyə ürəyimə saldın dərd, qada.

 

Güllər ağuşunda, çəmən içində,

Dağların qoynunda boya çatmışam.

Uşaqlıq adında ömür köçümdə

Baldırğan dibində kalan yatmışam.

 

Sivri qayalara dirmaşanda mən,

Əllərim, üzlərim xınalanıbdı.

Diz qoyub doyunca su içən zaman,

Ülkər lal bulaqlar sonalanıbdı.

 

…Ay dilin qurusun, ay gül istəyən,

Dünyanı başıma tərsə çevirdin.

Duya bilməyirəm, axı sən nədən,

Behişt qucağında gül istəyirdin.

26.12.2017

 

Həsrət mələyi

Bütün şeirlərim həsrət mələyi,

Toya yaraşmayır tost seçimində.

Olub qəribliyim vida diləyi,

Keçir ürəklərdən dost biçimində.

 

Sözümün əyninə bəylik kostyumu

Hələ biçilməyib dərzi əlində.

Hər sətrim istəyi göylərdən umur,

Hələ də qalıbdı ərzi əlində.

 

Yalançı pofosla mikrofonlara

Üfürən olmayıb bu duzlu dilim.

Hələ düşməmişəm saxta fonlara,

Yalan bir kəlməni yazmayıb əlim.

 

Bütün şeirlərim həsrət mələyi,

Hələ də üz vermir yazılmışlara.

Mənim arzularım hələ mələyir,

Oxşamır keflənən sozalmışlara.

26.03.2019

 

Yaraşıq yeri

(Cığalı təcnis)

Sən mənim həsrətim, intizar dadım,

Sənsən vüsalımın yaraşıq yeri.

Mən aşığam şıx yeri,

Lampada işıq yeri,

Bağrımı qan eyəmə,

Gözəl bəzən, şux yeri.

Bir dəfə gülmədi üzün üzümə,

Gələndə mən tərəf yara şıx yeri.

 

Gülüm erkən solub, verir indi dən,

Ahıl görkəmimə düşür indi dən.

Mən aşığam indidən,

İndi sünbül, indi dən,

Bu gecə uzun oldu,

Açılacaq indi dan

Yar bütün dumanı, çəni indidən,

Olmasın gümana, yar, aşıq yeri.

 

Daha Məcnun halım çətin düzələ,

Nə çöl ələ gələr, nə də düz ələ.

Mən aşığam düz ələ,

Düz ayağa, düz ələ.

Təsbehdi söz düzümüm,

Zikrlərni düz elə.

Bəxtiyar gözündən söz al düz ələ,

Köksümdən zülmətə yar işıq yeri.

26.03.2019

 

Deyil ki…

Bir silkin içindən, düzünə düz bax,

Göz görən zahirdi, batin deyil ki…

Bəndə olan kəslər qorusun dəyər,

Bu da əmtəə deyil, satın deyil ki…

 

Yoxdu ayaqüstə olanı asan,

Doğru olmağından nə çəkin, usan.

Doğrunu söyləmək olmayıb asan,

Yalan da danışmaq çətin deyil ki…

 

Olanlar pislikdən o yana, ötə,

Bu mövzu bitərmi… çətin ki, bitə…

Etibar tutaq ki, verilib itə,

Şərəf insanındı, itin deyil ki…

08.04.2021

 

Hallısan

Niyə  sağa çəkdin axı, ay Qoçu,

Yoxsa səni radar tutub, hallısan?

Bir də gördük hər yan səni göstərir,

Həm Feysbuk, həm də Yutub, hallısan.

 

Sənin özün gedib zülmə yenmisən,

Susub, susub, rəzilliyə enmisən,

Nə deyiblər, eləcə də dinmisən,

Hamı deyir ağlın itib, hallısan.

 

İşlərimiz daha qalıb gumana,

Özün gözlə, saldırarlar dumana,

Əl qatılır ibadətə, imana,

Deyərlər ki, çəkib-yatıb, hallısan.

04.04.2023

Qiymət