AZƏRBAYCAN ƏDƏBİYYATININ RUSDİLLİLƏRİ – Əli Bəy Azəri

Fikirlər Xatirələr

 

 

Dünya çalxalanır. Hadisələr sürətlə bir-birini əvəzləyir. Publisistika cəmiyyət üzərində mütləqi-hakimdir. İctimaiyyətin fikrini yönəltmək üçün siyasilər, işbazlar istənilən cildə girib min cür hoqqadan çıxırlar. Bədii ədəbiyyat nisbətən axsasa da öz yolu ilə irəliləməkdədir.

Çiçəklənən dövrünü yaşayan Azərbaycan ədəbiyyatı çoxşaxəliliyi ilə Nil, Amazonka, Volqa və başqa dünya çaylarını xatırladır. O boyda nəhəng çaylar kükrəyə-kükrəyə gəlir, sonda parçalanıb arxa, dəhnəyə dönərək dənizə, okeana qarışıb itib-batırlar.

Azərbaycan ədəbiyyatı çiçəkləndiyi kimi həm də ən acınacaqlı dövrünü yaşayır. Özünü ədəbi sima hesab edənlərin bir neçə qruplara bölünməsi, aralarında iğtişaş, nifaq oyunları qyrmaları heç də yaxşı hal deyil. On illərdir ki, qruplaşmalararası dava gedirdi. İndi bu davalar nisbətən səngiyib, özünü ədəbi sima hesab edənlər yaza bildiklərini yazıb yavaşıyıblar, çaylar kükrəyib coşandan sonra sakitləşdikləri kimi…

İş o yerə çatıb ki, indi hər qrup öz liderini hörmətdən salmaqla məşğuldur, yəni liderlik iddiasına düşənlər çoxalıb. Bu da liderin çoxarvadlı kişi kimi hər bir qrup üzvünə gözmuncuğu hədiyyə etməsinə bənzəyir. Nəticədə ədəbiyyat yaranmır. Daha doğrusu, asan yol tapıblar. Türk seriallarının səhnələrini yazırlar, dünya ədəbiyyatının bəzi nümunələrindən öz əsərlərinə möhtəşəm giriş düzəldirlər. Daha nə bilim, nə hoqqalardan çıxırlar.

Azərbaycanda daha bir qrup var, onlara rusdilli qrup deyirlər. Sayca çox azdılar. Hamı ilə mehriban davranırlar. Heç bir qruplaşma ilə ədavat, rəqabət aparmırlar, öz yaradıcılıqları ilə məşğuldurlar. Nə qədər uğur qazanıblar, irəliyə gediblər, deyə bilmərəm, amma bir onu bilirəm ki, yerində saymırlar, heç kimi də təkrarlamırlar.

Bütün qrup və qruplaşmalara uğurlar arzulayıram. Allah ədəbiyyatımızı yalançı ədəbi simalardan qorusun!

Əli BƏY AZƏRİ

baş redaktor