Əli Bəy Azərinin baş jurnalımızda («Azərbaycan») sistemli şəkildə gedən nöqsanlar barədə son yazısını çoxları oxudu. Amma, çaxsaylı yazarlar ordusu bu yazını necə qəbul etdilər, necə yozdular? Dilimizdə, ədəbiyyatımızda təmizliyi alqışlayan 20-30 nəfər bu tənqidi olduğu kimi qəbul etsələr də, çoxları bu tənqidi yazıya bəzəkli-düzəkli don geyindirdilər. Arxa planda pıçıltı ilə asıb-kəsməyi sevən ağzı göyçəklər isə lap kökündən vurdular: «Əli Bəy Anarı hörmətdən salmaq üçün yazıb bu yazını»! Bəlkə, yazıçı Anarı hörmətdən salmaq, onun əsərini belə çoxsaylı səhvlərlə nəşr edənlərə lazımdır? Axı, bu qədər səhv hətta, «Azərbaycan» üçün də çoxdur!
Səhvləri görməyə zəka lazımdır, göstərməyə isə cəsarət, vətəndaşlıq borcunu anlamaq, ədəbiyyatı sevmək! Niyə bu «asıb-kəsənlər», bir azərbaycanlı kimi milli mənəviyyatın keşiyində dayanmaq, təmizliyinə çalışmaq istəyən mübariz bir kəsin tənqidi məqaləsinə «şəxsi-qərəzlik edir» damğası vururlar? Əli Bəyin olduqca zəhmətkeş və həqiqəti sevən mübariz bir insan olduğunu ədəbi mühit insanlarından bilməyəni yoxdur. Sadəcə olaraq, öz yazılarının çap olunmağı xatirinə, yaxud, jurnalın və AYB-nin kabinet idarəçilərinə xoş gəlmək xatirinə həqiqətin gözünün içinə tüpürürlər. Ədəbiyyatçı ədəbiyyatın zibillənməsinə yox, təmizliyinə çalışmalıdır.
Jurnalın yazı mədəniyyətində belə biabırçılığın olmaması üçün redaktor olmalıdır, oxusun, düzəliş versin. Nəyi düz demir Əli Bəy? Hansı «şəxsi dava»dan gedə bilər söhbət? Bir dəfə maraqlanın jurnalda yazılanlarla.
90-cı illərdə Rusiyada alırdım bu vaxtilə qızıl səhifəli jurnalı. İndi oxumuram. 10 il qabaq oxuduğum ifadə sərhəd çəkdi jurnalla mənim arama: «…kəndin-kəsəyin qulağına dolan yovşan qoxusu…» !!! Lazım olsa, axtarıb taparam o yazını.
Son illərdə «Azərbaycan» jurnalının çox nömrələrində ədəbi dilin təmizliyinə qarşı çıxan ifadələrin işlənməsi, cürbəcür norma pozuntularının daimiliyi, «yeniliklə» (yadelli sösü işlətməklə) cümlədə məntiqi mənanın pozulması, sözlərin yersiz işlədilməsi, söz sırasının pozulması, durğu işarələinin qaydasızlığı norma halına düşüb. Ədəbiyyatımızda ədəbi mühiti təyin edən yazıçı və şairlərin baş orqanı, ruporu sayılan jurnalın bu vəziyyətə düşməyi acınacaqlıdır. Əli Bəy bunu deyir ədəbiyyatçılar ordusuna.
Dilimizə yeni (yad) sözlərin gəlişi o vaxt doğru olar ki, hansısa yeniliyi izah etməyə dil çətinlik çəksin. Məs.: «internet» sözü girdi dilimizə, başa düşdük ki, yeniliyi izah etməyə dilimizdə başqa söz yoxdur. Amma, «bu telefonları qapayım» kimi ifadəni çox gözəl söz ifadəmizlə, «bu telefonu söndürüm» -lə desəydik daha sadə və ruhumuza uyğun olardı. 1 №-li jurnalda niyə belə səhvlər olur? Yəni, kollektiv Azərbaycan dilinin incəliklərini bilmir?
Dilimiz zəngin dildir, heç bir xarici sözə ehtiyac yoxdur.
Kefli İsgəndərin dövründə «bonjur», «müsyö» işlədərdilər ki, ətraf bilsin bu insanın Avropa ilə tanışlığını. İndi də moda düşüb, Türkiyəyə rəğbəti dilimizin hesabına bildirirlər. Yazıçılarımız var ki, ilin neçə ayını Türkiyədə olurlar, onlarla kitabları Tükiyədə tərcümə olunur, satılır. Görün o yazıçılar bir dənə də olsa türk sözü işlədirlərmi danışıqlarında?
Hərəmizin tarixlərdən gəlmiş öz dilimiz var. Yüz dəfə qardaş ölkə olsun, əgər öz gözəl sözümüzü «unudub» yerinə türk sözü qoyursansa, ədəbi dilin təmizliyini pozursan.
Mediamızda 1 nömrəli sayılmalı olan «Azərbaycan» jurnalında belə səhvlər, o cümlədən, «türkləşmə modabazlığı» çox böyük qusurdur, dilimizə hörmətsizlikdir, ən azından, səhlənkarlıqdır.
Müasir publisistikamızın ən böyük bəlası birdir: yox, zəif və savadsız redaktorlar, qoca — halsız «şef»lər deyil, yox! Səbəb ədəbiyyatçılar arasında çoxluq edən «mənə nə dəxli» deyənlər, mübariz səsləri batırmağa çalışan xor ansamblıdır.