Ayaz Imranoglunun şeirləri

Ayaz Imranoglu

UNUTMAQ

…Bu yaşda qarşında şagirdin kimi,

Dərsini bilməyən uşaq olmuşam.

Yolumu, izimi itirib hər gün,

Nabələd adam tək çaşbaş qalmışam.

 

Duyğusal qəlbində misrana dönüb,

Olacam sevginin mən şah əsəri.

Heyrətə dönəcəm nə vaxtsa, haçan,

Bu arzu, bu istək olsun bəşəri.

 

«Unut ki, unudum mən də» deyirsən,

Mən necə unudum sevən ürəkdi.

Unutmaq xəyanət sayılsın gərək,

Bu sevgi eh mənə axı gərəkdi.

 

ŞƏKİL

Bu şəkil gözlərin, şəkil qaşların,

Elə sevə-sevə mənlə danışır.

Şəkil dodaqların, şəkil kipriklər,

Sevgi yarışında kimlə yarışır?

 

Bu şəkil saçların, şəkil yanaqlar,

Darıxır, darıxır bir dodaq üçün.

Şəkilin mənimlə görüşə gəlib,

İlahi, bu görüş kaş olaydı çin.

 

UNUT Kİ, UNUDUM MƏN DƏ

Sən özün əzəldən həsrəti seçdin,

Mənim sevdiyimi bilə-bilə sən.

Baxıb zövq alırdın əzablarıma,

Gəlirdin qarşıma gülə-gülə sən.

 

Mən səni istədim, həsrəti deyil,

Sevgi oyunundan bezar yaşdayam.

Bircə işarənlə Fərhad olardım,

Baxıb görərdin ki, dağda-daşdayam.

 

İndi həsrətimlə məzələnirsən,

Gördüm qələmindən şeirdə çıxır.

İndi gözəllərdə təzə qaydadır,

Aşiqin öldürüb, yasına çıxır.

 

Əhddən, etibardan söz açmısansa,

Qoy gəlim diz üstə yenə əhd edim.

Sən mənim sevgimə cavab ver gülüm,

Min dəfə dirilim, ölüm, cəhd edim.

 

Cəhd edim o əli min yol tutmağa,

Min yol qara bassın, ilğıma gedim.

Sən o əllərini çəkmə önümdən,

Dartınım kəndirdə, ulğuma gedim.

 

Bax, indi bu başa, bax bu meydana,

Edim kötüyündə sürütlə, gətir.

Sevgini qılınc tək əlində tutub,

Sevgimi sınağa çəkməyi bitir.

 

CƏBRAYILSIZ

(Şairə xanım Məryəm Aslanqızına)

 

Qayaları keçilməyən,

Zəmiləri biçilməyən.

Buz bulağı içilməyən,

Cəbraylsız öləmmirik.

 

Kim qarğıdı bizi belə,

Ömür-günüm, gözüm elə.

Ümid, güman ildən-ilə,

Çiçək açmır güləmmirik.

 

Hardan gəldi daş atanlar?

Hara qaçdı baş qatanlar?

Bir qəpiyə satılanlar

Yarasadı görəmmirik.

 

Yumaq kimi yığılmışıq,

Qum kimiyik dağılmışıq…

Dərd içində boğulmuşuq,

Haqqı deyib dinəmmirik,

 

Cəbrayılsız öləmmirik.

Dinimiz nə olacaqdı?

Günümüz nə olacaqdı?

Sonumuz nə olacaqdı?

Biləmmirik, biləmmirik,

Cəbrayılsız öləmmirik.

2019-cu il

 

YERİŞİN

Özün yox, yerişin görüşdü bu gün,

Bu yeriş bir asta nəğmə kimiydi.

İzimin üstünə iz qoya-qoya,

Yaşayan cismin yox, ruhun diniydi.

 

Hərəmiz bir səmti ünvan seçmişik,

Gedirik sahibsiz yetimlər kimi.

Kədərdən, qüssədən içimiz susqun,

Nifrətə boy verdik, böyütdük kini.

 

Bu eşqin badəsin sındırıb de kim?

Atdığın addımlar boşluğa düşür.

Mənsə yerişini görmüşəm deyə,

Min kərə deyirəm: Allaha şükür!

 

Qiymət