Ayaz Imranoglu, şeirlər

Ayaz Imranoglu

AYRILIQ

 

Hələ ayrılığın yormayıb məni,

Uzun bir yolçuyam mən sənə doğru.

Ovsunlu gözümə şəklini çəkib

Tilsimə salacam deyərsən: -«oğru».

 

Hələ ayrılığın ümid kimidir,

Arzular, xəyallar şərab içirlər.

Bizim sevgimizdən məst olan dünya,

Leylilər, Məcnunlar baxıb keçirlər.

 

Hələ ayrılığın uşaq kimidir,

Elə dəcəl-dəcəl mənə baxırsan.

Əlvida kəlməsin deməyə nə var,

Nazınla, ədanla oda yaxarsan.

 

Hələ ayrılığın ruhsal adı var,

Mənim Göy evimə yazılıb adın.

Hələ ki, doymazlıq halındayam mən.

Cismani yaşamlar bilməz ki, dadın.

 

 

ÜŞÜYÜR GÖRÜŞ YERİ

 

Bu günki küləkdə yaman soyuqdu,

Bu görüş yerimiz üşüyür yenə.

Üşüyür çiçəklər mənim yerimə,

Çiçək xatirələr tövsüyür yenə.

 

Gah o günə gedir, bu günə dönür,

Uzaq ulduzlar tək parlayıb, sönür.

Gəlib ürəyimdə söylənib, dinir,

Bir köhlən at kimi kişnəyir yenə.

 

Sevənlər üşüyüb keçir bu yerdən,

Soyuq duyuq düşüb yan keçir məndən,

İçimdə od tutan xatirələrdən,

Xəyalın gözümdə dinşəyir yenə.

 

Sevgi yarasıymış görüş yeridə,

Sevgi yarasıymış gözlər özü də.

Bu küləklər yazan sözlər özü də,

Ruhumun özü tək göyləşir yenə.

 

Cəhalət tozu

 

Xurafat, cəhalət tozunda batıb,

Bir nimdaş paltarıq bəşər əynində.

Köhnəlmiş dilənçi torbası kimi,

Asıldıq Vətənin çiyinlərindən.

 

Qara his kif atır dam — bacamızdan,

Parovoz kimi də tüstülənirik.

Zaman qatarında yabançı dinlər,

Tolerant olmaqla üstələnirik.

 

Yadlığı yağ kimi yavanlıq edib,

Bu dolu mədəyə zorla dürtürük.

Ağu tuluğuna dönüb qarnımız,

Həzm üçün ağaca, daşa sürtürük.

 

Doğmamız var ikən ögey gəzmişik,

Ögeydən doğmalıq ummağa dəyməz

Yabançı dinlər də yabanı otdu,

Boy atdı heç zaman o səni öyməz …

 

GƏLİR

 

Hərdən elə kövrəlirəm,

Göz yaşın içməyim gəlir.

Sahmanlayıb söz yükümü,

Dünyadan köçməyim gəlir.

 

Bulağam, tamın itirmiş,

Arıyam, şanın itirmiş.

Ruhumda canın itirmiş,

Dünyadan köçməyim gəlir.

 

Şırımlanmış yarı canam,

Laxtalanmış qara qanam.

Bir ağı de yazıq anam,

Dünyadan köçməyim gəlir.

 

İKİMİZ İDİK DÜNYADA

 

Hardasa sən mənə salam vermisən,

Hardasa bir tikə çörək yemişik.

Sonrada bir eşqə badə qaldırıb,

Sən mənim, mən sənin sözün demişik.

 

Hələ ki, yuxuydu  gerçək ömrümüz,

Dünyada ikimiz… kimsə yox idi.

Hər yeni görüşə imza atırdıq,

Ac olan ehtiras, sevgi tox idi.

 

Ayrıldıq izimiz tozumuz itdi,

Elə bil olmamış nə mən, nə də sən…

Gerçək həyatımdan bezar olmuşam,

Yuxuna qayıdım gözlərimdə çən.

 

Ruhum mənim

 

Hələ çiçək ətirlidi,

Mis kimi dağ havalıdı.

Hələ uşaq təbəssümlü,

Dədəlidi, babalıdı

Ruhum mənim.

 

Yerel deyil, Göyel ərmiş,

Gözlərində nur cücərmiş.

Həqiqət barını dərmiş,

Bütöv dünya memarıdı

Ruhum mənim.

 

Min yol dilindən asılmış,

Yarasına duz basılmış.

Yenə özünə qısılmış,

Yurd Ululu, obalıdı,

Ruhum mənim.

 

İnam Evi — Göy Evi var,

İnsanlığa sevgili yar.

Çalınanda saz ilə tar,

Bir Qobustan qavalıdı

Ruhum mənim.

 

Hər dindən uca olandı

Mütləqə İnam qalamdı.

Türk yaddaşında qalandı,

Dünənlidi, sabahlıdı

Ruhum mənim.

 

Yoxa çıxsa o şər dedi,

Dünya körpələşər dedi.

İnsanlaşsın bəşər dedi,

Yalanlarla davalıdı

Ruhum mənim.

 

MƏN ELƏ BİLİRDİM

 

Mən elə bilirdim qəhərlənərək,

Hərdən gizli-gizli ağlayacaqsan.

Mən elə bilirdim getmə deyərək,

Əlimdən yapışıb saxlayacaqsan.

 

Mən elə bilirdim ürkək baxışlar,

Küskün görünəcək bu səhər çağı.

Mən də deyəcəyəm: — nə olub, nə var,

Niyə tutulubdur ayın qabağı?!