Ayaz Arabaçı — şeirlər

Ədəbiyyat

Şeytana atmağa daş qalmayacaq

 

Kim nə gizlədibsə, kim nə yığıbsa,

Olacaq aləmə faş, qalmayacaq.

Əgər həqiqətə düz baxa bilsək,

Gözümüz qıyılıb çaş qalmayacaq.

 

Sağalmır, ey həkim, bu mənfur yara,

İt yağı sürtməkdən gəlmişik zara.

Ağa-ağ deməsək, qaraya-qara,

Göz nədi, hətta heç, qaş qalmayacaq.

 

«Duxun» var ağzını açıb «ı» elə,

Bu satqı elədi, bu alqı elə,

Elə ağladırlar bu xalqı elə,

Heç kimin gözündə yaş qalmayacaq.

 

Bir başda kir durub, bir başda pasaq,

Sevgi qadağandı, məhəbbət yasaq.

Hər hürən köpəyə bir daş tullasaq,

Şeytana atmağa daş qalmayacaq..

 

Min-min ox tuşlanır uçan qanada,

Güllə nə şeydi ki, könül qanada.

Mənə bir yer tapın dəlixanada..

Məndə bu gedişnən baş qalmayacaq.

 

Səhvi düz çıxanın, düzü nə çıxır

 

Nə vaxtdı qaranlıq bir meşədəyəm,

Hər tərəf canavar izinə çıxır.

Yoxdu bir gül belə, bir çiçək belə,

Ot-alaq adamın dizinə çıxır.

 

Ağrıma-acıma, dərdimə «əhsən!»

Kəsmədi o yellər başımdan əsən.

Həyatda elə yol varmı görəsən,

Zirvəyə birbaşa düzünə çıxır.

 

Finala nə qalıb — beş-altı oyun,

Möhtəşəm olacaq yası bu toyun.

A «müəllim», a «qalxoz», a mal, a qoyun,

Səhvi düz çıxanın, düzü nə çıxır ?

 

Hər xırda şeylərdən qaralmaz qanım,

Dəyərə-məyərə boş verin, canım!

Abır reklamına çəkilən xanım,

Gündə əllisinə-yüzünə «çıxır».

 

O kimdi tapşırıb qoyunu qurda..

Zülmətə qərq olub nur oğlu nur da!

Dədə, sən bilərsən, günəş bu yurda,

Hansı adamların üzünə çıxır?

 

Bu dəfə də gedim-gəlim, ayrılaq

 

Day, bizimki neynəsək də alınmır,

Ay həyatım, ay əcəlim, ayrılaq.

Bu sevginin nöqtəsini qoymağa,

Gəlməsə də heç cür əlim, ayrılaq..

 

İçimizdə son baharın «tansı»dı,

Fürsət düşüb, ayrılığın şansıdı.

Gör təqvimdə düşərli gün hansıdı..

Qırmızıla, mənim dəlim, ayrılaq.

 

Deyəcəyim sözü sənə qıymıram,

Bu daşlaşmış üzü sənə qıymıram,

Yol uzaqdı, düzü, sənə qıymıram,

Yorularsan, özüm gəlim, ayrılaq.

 

Durub-durub demə ki, «kaş olmasın».

Son görüşdü, gözündə yaş olmasın,

Elə-belə dava-dalaş olmasın..

İstəyirəm həlim-həlim ayrılaq.

 

Loğmanlım ey, təbiblim ey, həblim ey,

Gül ətirli, bal çiçəkli ləblim ey,

Gələn dəfə güc taparam, nəblim ey,

Bu dəfə də gedim-gəlim, ayrılaq.