Asif Ata haqqında bir-iki söz — Firuz Mustafa

Firuz Mustafa
Belə bir filosof vardı: Asif Ata. (25.IX.1935 — 5.VI.1997) Özüm bilərəkdən “rəhmətlik” yazmıram, zira o, heç bir dini, o cümlədən “rəhmətlik” ifadəsini qəbul etmirdi. Amma bunun müqabilində öz dinini yaratmaq istəyirdi. Bəzi tərəfdarları hərdən onun din deyil, inanc və ya inam ocağı yaratdığını da söyləyir. Olsun. Düzdür, onun dini inamla əvəz etmək istəyi vardı. .Amma burası da var ki, o, özünü öz “inancının” mürşidi hesab edirdi. Asif vaxtilə çox məşhur olan bir “Ocaq” adlı cəmiyyət təsis etmişdi. Həmin cəmiyyət bir xeyli basqılara da məruz qalmışdı. Dünyasını dəyişərkən yetirmələri, şagirdləri, əgər belə demək caizsə, müridləri onu Beyləqanda məxsusi bir yerdə dəfn etmişdilər. Bu cür dəfn mərhumun vaxtilə öz arzusu olmuşdu. Sonra yaxın qohumlarının təhriki ilə onun nəşini Beyləqandan aparıb yenidən Ağstafada torpağa tap.ırdılar.
Asif Ata ilə xoş münasibətimiz vardı. Həmkar idik. O da vaxtilə mən işləyən elmi-tədqiqat institutunda çalışmışdı. Orijinal təfəkkürlü, istedadlı, məğrur bir adamdı. Ətiacılığı və özündən müştəbehliyi də vardı.
Asif Atanın (əsl soyadı Əfəndiyev idi) qardaşı Rasimi də tanıyırdım. Əmisi Həmid Əfəndiyev isə vaxtilə mənə “Diamat” dan dərs demişdi. Mənim tanıdığım Əfəndiyevlərin hamısı “ideologiyalaşmış”, tapındığı məsləkə cani-dildən bağlı adamlar olub. Məsələn, elə adını çəkdiyim Həmid Əfəndiyev kommunizmə, onun gələcək qələbəsinə ürəkdən inanan adam idi. Çoxlu qanadlı ifadələri vardı. Məsələn, “Mao mıyıldayaraq biz Sovet adamlarını qorxuzur”, “Bir addım gedi gedirəm, iki addım irəli getmək üçün”, “Boş nehrə kimi taqqıldayan içi boş adamlar” və sair. Onun qardaşı Bala Əfəndiyev də bu cür əqidəli, dönməz kommunistlərdən biri olmuşdu; amma buna baxmayaraq onu öz həmkarları, dostları 1937-ci ildə “antikommunist” kimi güllələmişdilər.
Asif də xarakteri ilə prinsipal, dönməz əqidə və məslək adamı idi. O, özünün yaratdığı “mütləqə inam” adlı bir ideyaya tapınmışdı və bu ideyanın da bir xeyli tərəfdarları da vardı.
Əslində Asif Əfəndiyev (Ata) fəlsəfə mütəxəssisi idi. Amma daha çox ədəbiyyatşünaslıqla, tənqidlə məşğul olurdu. Onun üçün sanki cəmi iki rəng mövcud idi: qara və ağ. Asifin ədəbi baxışlarında da bu iki “rəng” dominant idi. O, hər hansı bir əsər və ya müəllif haqqında söhbət açarkən ya tənqid, ya da tərif edərdi. Orta xətti qəbul etmirdi.
Asif Əfəndiyev (Ata) danışanda bir qədər kəkələyirdi. Ermənistanda doğulmuş, orta təhsilini Ağstafada, ali təhsilini Moskvada almışdı.
Bir vaxt Az.Tv-də apardığı verilişlər populyar idi. Həmin verilişlərin yayınlanmasında televiziyanın o vaxtkı sədri Elşad Quliyevın təşəbbasünü, Ədəbi-dram redaksiyasının Baş redaktoru (mənim dayım) Nahid Hacızadənin xeyirxahlığını unutmaq olmaz. Sonralar bu verilişlər “yuxarıların” təzyiqi ilə birdəfəlik bağlandı.
Mən indi onun barəsində ətraflı nəsə yazmaq istəmirəm. Sadəcə, mətbuatda oxudum ki, bu gün Asif Əfəndiyev (Ata) dünyaya gələn gündür. O, 1935-ci ildə doğulub. Amma onun özünün yaratdığı bir təqvim də vardı. Orada aylar bir qədər “başqa” cür sıralanmışdı. Belə ki, həmin təqvimə görə il Mart ayının 1-dən başlayır. Mən vaxtilə mətbuatda dərc olunmuş həmin ay sıralanmalarını indi sizə də təqdim edirəm: Bu təqvimin birinci ayı “Günəş”� adlanır. Həmin təqvim bax bu cürdür: 1. Günəş (I ay) — mart.2. Çiçək (II ay) — aprel.3. İşıq (III ay) — may.4. Şölə (IV ay) — iyun.5. Od (V ay) — iyul.6. Qürub (VI ay) — avqust.7. Ata (VII ay) — sentyabr.8. Xəzan (VIII ay) — oktyabr.9. Yağış (IX ay) — noyabr.10. Sərt (X ay) — dekabr.11. Qar (XI ay) — yanvar.12. Köçəri (XII ay) fevral.
Təqvimdə həftənin günləri də yeni “qaydada” adlarladır: I. Arzu — həftənin I günü — bazar ertəsi.II. Ümid — II — çərşənbə axşamı.III. Dözüm — III — çərşənbə.IV. Mərhəm — IV — cümə axşamı.V. Qismət — V — cümə.VI. Murad — VI — şənbə.VII. İnam — VII — bazar.
“Ocaq” təqviminin 1-ci (birinci) ili bizim indiki tarixin 1979-na uyğundur. “Ocaq” hərəkatı da Milad təqvimi ilə 1979-cu ildən (Mart ayından) fəaliyyətə başlayıb.
Asif Əfəndiyev (Ata) daha çox şərqçi və türkçü idi. Amma o, gəncliyində Hegelin fanatı, yəni hegelçi olmuşdu.
Asif Əfəndiyev (Ata) arada qanadlı ifadələr işlətməyi də sevirdi. Bir dəfə ziyalılarla bağlı verilən suala belə bir cavab vermişdi: “Bizdə əsasən iki tip ziyalı var. Onların bir qismi lotu, digər qismi isə mütidir”. Əlbəttə, mən bu fikirləri tam bölüşmürəm. Amma qismən razılaşmaq da olar. Qoy ruhlar aləmini öz ruhuna uyğun şəkildə interpretasiya edən, inam və mütləq adamı, mərhum Asif Atanın ruhu şad olsun.
25.09.2015
F.M.
Əlyazmalarımın daxil olacağı növbəti cildi sistemləşdirərkən bir neçə il öncə yazdığım bu qeydləri gördüm. Yazılma tarixindən belə məlum olur ki, bu kişik «atüstü» eskiz sentyabda qələmə alınıb. Sentyabr- Asif Atanın ad günüdür. Ruhu şad olsun.
Qiymət