Nizami Gəncəvinin türk şairi olduğunu yalnız onun Gəncədə yaşamasına bağlamaq nə qədər intellektual bir çəlimsizlik…
Hind-fars mistisizmi ilə türk realizmi arasında Nizami ilə başlayan, Mövlana və Molla Nəsrəddin qarşıdurmasında davam edən, nəhayət, Füzulidə Nizaminin Mövlanaya məğlubiyyəti ilə başa çatan, Nəsimidə yenidən dirilməyə cəhd göstərən fəlsəfi, estetik mübarizədən xəbərsizliyin nəticəsidir bu.
Nizami fars dilində türk, türkmən realist düşüncəsini fars mistik düşüncəsindən ayıran bir Çin səddidir. Bu səddin yalnız daşları bizim deyil. Çünki Nizaminin dövründə türk dilində məktəblər və məktəb anlayışı yox idi. O dövrdə türk dilində cəmi on-on beş min söz vardı. Fars dili isə bütünlüklə İslamın özünü yenmiş 250-300 min söz ehtiyatına sahib idi. Hətta osmanlı zadəganları da övladlarını İran coğrafiyasına müəllim yanına göndərirdilər.
Fars dilinin zənginliyinin də səbəbini yazmışdım. Nüşirəvanın dövründə Yustinianın son «Afina məktəbini» bağlayıb qovduğu yeddi yunan müəllimi sasani sarayına sığınıb yunan-Roma mətnlərini pəhləvi, suryani dillərinə tərcümə etmişdilər. Sasani şahları Platonu, Aristoteli oxuyurdular. IV əsrdə yaradılan Gundişapur (Qondişapur) universiteti həmin vaxt hind və yunan qaynaqlarına sahib olan dünyanın əsas elm mərkəzinə çevirilmişdi.
Müsəlmanlar Sasaniləri tarixdən siləndə, İslamın Sasani mədəniyyətinə əsir düşəcəyini ağıllarına belə gətirmirdilər.
Nizami Gəncəvinin təkbaşına necə mədəni bir güclə kəllə-kəlləyə gəldiyini və necə intellektaul bir gücə, cəsarətə sahib olduğunu təsəvvür edin indi.
Və hanı ədəbiyyatımızda Nizami Gəncəvinin bu gücü, bu gücünün izləri?
Stalinizm Nizamini bizə inzibati müstəvidə qazandırdı, olsun, amma bu tələm-tələsik qazanc bizi estetik, fəlsəfi baxımdan Nizamidən daha da uzaqlaşdırdı.
Son yüz ildə hansı yazıçımız, şairimiz üçün Nizami ilham qaynağı olub?
Hansı ədəbi əsərlərimizdə Nizamidən təsirlənmələr var?
Nizami Gəncəvinin bu gün heç təsir göstərmədiyi bir ədəbiyyat varsa, o da Azərbaycan ədəbiyyatıdır.
Çünki dilimizə inzibati səriştə ilə tərcümə olunmuş Nizami Gəncəvi ədəbiyyat faktına çevirilə bilmədi.
Nizami bu gün bir azərbaycanlı üçün daha çox faydasız təbabət, gecikmiş mərifət, kustar bəlağət faktıdır.