Akşin Xəyal — «Mənim erməni oğlum»

Bu gün onunla bir daha görüşdük. Məktəbimizin arxasında. Heç kimin görə bilməyəcəyi bir yerdə. Yenə hər zamanki kimi bir-birimizə gələcək planlarımızdan, xəyallarımızdan, arzularımızdan danışdıq. Gələn il hər ikimiz orta məktəbi bitirib sənədlərimizi ali məktəbə vermək fikrindəydik. Mən ədəbiyyatçı, o isə inşaat mühəndisi olmaq istəyirdi. Ali məktəbi bitirəndən sonra ikimiz də Xocalıya qayıdıb işimizi, karyeramızı elə doğma şəhərimizdə qurmaq fikrindəydik.

Sadiq mənimlə paralel sinifdə oxuyurdu. İki ildir ki, hər gün səhər dərsə gedəndə də, dərsdən qayıdanda da məni addım-addım izləyirdi, amma cəsarət eləyib yaxınlaşıb sözünü deyə bilmirdi. Düzünü desəm, mən də ona qarşı biganə deyildim. Bir gün arxamca gəlməyəndə narahat qalırdım. Gözlərim şəhərin küçələrində, məktəbdə, məktəbin həyətində − bir sözlə, hər yerdə onu axtarırdı.

Nəhayət ki, keçən ay özündə güc tapıb yaxınlaşdı. Utanautana sevgisini etiraf elədi. Mən də çox utanmışdım, amma cavab olaraq sadəcə gülümsəyib yoluma davam etdim. Həmin gündən etibarən hər fürsətdə görüşür, məktublaşırdıq.

Hər bir görüşümüz kimi bu görüşümüz də öz xüsusiliyi ilə yadda qalan oldu. Soyuqdan donmuş əllərimi ovuclarına alaraq öpüb nəfəsiylə qızdırmışdı. İlk dəfə idi ki, əlimdən tuturdu. İlk dəfə idi ki, onun isti nəfəsini əllərimdə hiss edirdim. Nəfəsinin istisi barmaqlarımın ucundan sankibütün bədənimə yayılaraq xoş bir istilik vermişdi vücuduma. Həmin an bir daha onu nə qədər çox sevdiyimi anlamışdım.

Bugünkü görüşümüzlə bağlı düşüncələrimi, fikirlərimi hər gün yazdığım gündəliyimə həkk elədim. Altında da tarixi qeyd etdim: 25 fevral 1992- ci il. Unudulmaz bir gün olduğu üçün tarixin altından qırmızı qələmlə xətt çəkdim. Gündəliyi bağlamışdım ki otağımın qapısı açıldı və qapının arasından balaca qardaşım Həmidin başı göründü: − Gəl görüm, bacısının ürəyi, deyib qollarımı açdım.

Həmid hırıldıyaraq qucağıma qaçdı. Həmidin yeddi yaşı var. Birinci sinfə gedir. Evdə elə iki uşağıq. Mən və mənim ürəyimin bir parçası Həmid. Çox dəcəl uşaqdı.

Hərdən dəcəlliyinə əsəbləşsəm də, hirsim tez soyuyur, onu bağrıma basıb toppuş yanaqlarını öpüb dişləyirəm. Gülərkən mırıq dişləri onu daha da şirin göstərir. Qucaqlayıb yanaqlarından öpdüm, saçlarını əlimlə qarışdırıb: − Nə istəyir mənim ürəyim? − deyə soruşdum.

Yenə mırıq dişləri ilə gülümsəyərək: − Ana deyir gəlsin yemək yesin, dedi.

Anam kartof qızartmışdı və mənim sevdiyim üçün xiyar şorabası da açmışdı. Belə soyuq, şaxtalı havalarda kartof qızartması ilə xiyar şorabası ən sevdiyim yemək olur. Hər üçümüz: anam, mən və Həmid süfrəyə oturduq.

Bir atam çatmırdı. Atamı bir neçə gün idi ki, görmürdük.

Şəhər ermənilər tərəfindən mühasirədə olduğundan atam da digərləri kimi şəhərin kənarında qurulmuş müdafiə barikadasındakı müdafiə dəstəsində keşik çəkirdi.

Atamla anam bir-birilərini sevib evlənmişdilər.

Bir-birlərinə uzaqdan qohum idilər. Elə atam da anamı bir qonaqlıqda görüb bəyənmişdi. Həmişə onların sevgisinə həsəd aparmışam. Arada düşünürəm ki, görəsən, Sadiq də məni atamın anamı sevdiyi qədər sevirmi?  Atam hüdürboylu, idmançı cüssəli biridir. Yaşının qırxdan keçməsinə baxmayaraq, çox güclü, cəld və çevikdi. Anam isə yaşına görə çox arıqdır. İncə beli, uzun saçları ilə həmişə hamıdan seçilib. Hətta deyərdim ki, anam şəhərdə ən gözəl qadındır.

Təzəcə yeməyə başlamışdıq ki, atışma başladı.

Şəhər bombardman olunurdu. Anam ikimizi də otağın bir küncünə sıxıb quş qanadlarını açıb balalarını təhlükədən qoruyan kimi əllərini açaraq hər ikimizi bərk-bərk qucaqladı. Həmid qorxudan ağlamağa başladı. Düzü mən də qorxudan tir-tir əsirdim, amma uşaq qorxmasın deyə təmkinli davranaraq ona ürək-dirək verirdim. Yarım saata qədər bu vəziyyətdə qaldıq. Qapımız bərk-bərk döyülməyə başladı. Qorxudan üçümüz də bir-birimizə qısıldıq. Qapı getdikcə daha da bərk döyülürdü. Həmid də qorxusundan ağlamağını kəsib, bərəlmiş gözləriylə gah mənə, gah da anama baxırdı.

− Cəmilə, ay Cəmilə, aç qapını mənəm.

Əmimin səsi idi. Əmim də atamla bərabər şəhər kənarında keşik çəkirdi. O yaşca atamdan balaca idi.

Övladı olmadığı üçün yoldaşı ayrılıb getmişdi. Əmim də meylini bizə salmış, bizə öz övladı kimi baxır, hər nazımızla oynayırdı.

Anam cəld yerindən sıçrayaraq qapını açdı. Əmim yarı hərbi, yarı mülkü geyimdə içəri daxil oldu. Bizə təcili geyinməyimizi tapşırdı. Dediyinə görə, ermənilər tanklarla və digər hərbi texnikalarla artıq şəhərə daxil olurlar. Ona görə də bizi təhlükəsiz bir yerə aparmalıdır, evdə qalmaq qorxuludur. Səsindəki qorxu və həyəcandan vəziyyətin nə qədər ciddi olduğunu anladıq. Tez-tələsik əlimizə nə keçdiəynimizə keçirib evdən çıxdıq. Əmim Həmidi qucağına alıb iti addımlarla getməyə başladı. Biz isə onun dalınca qaçırdıq. Hava bərk şaxtalı idi. Neçə gündən bəri yağmış qar şaxtanın gücündən yerdə buzlaşmışdı deyə bir neçə dəfə yıxıldım. Atılan mərmi və bombalar göy üzünü sarımtıl rəngə boyayırdı. Yaxın ətrafımızda partlayan bombaların işığı buzlaşmış qarın üstündə əks olunaraq gözümüzə düşür, yeyin yeriməyimizi əngəlləyirdi. Ətrafda insanlar, bəlkə də, özləri də bilmədikləri istiqamətlərə qaçışırdı. Qışqır-bağır, ah-nalə, uşaq ağlamaqları atılan bombaların səsinə qarışaraq soyuq, şaxtalı gecənin sakitliyini pozurdu.

Hara getdiyimizi dəqiq bilməsəm də, aeroport istiqamətində getdiyimizi bilirdim. Və nəhayət, əmim beşmərtəbəli bir binanın qarşısında dayanıb, qucağında bərkbərk sinəsinə sıxdığı Həmidin saçından öpərək: “Çatdıq” deyib, binanın zirzəmisinə endi, biz də onun ardınca.

Yarıqaranlıq, çox da böyük olmayan zirzəmidə əksəriyyəti uşaq və qadınlardan ibarət olan yüzə yaxın adam vardı. Biz də zirzəminin qaranlq bir küncünə qısılaraq oturduq. Əmim əynindəki gödəkçəsini çıxarıb Həmidi ona bükdü. Özü isə avtomatının darağını güllə olub olmadığını dəqiqləşdirmək üçün yoxlayıb zirzəminin qapısında keşik çəkməyə başladı.

Gecə saat iki idi. Əmim tank, avtomat səslərinə çölə çıxdı və hövnlak içəri qayıdaraq:  − Qalxın, ermənilər şəhərə giriblər. Bura artıq təhlükəsiz deyil, birazdan bura da soxularlar. Bir çıxış yolumuz qalıb, meşə yolu ilə Ağdama keçmək, – dedi.

İçəridə çaxnaşma düşdü. Hamı yerindən qalxaraq qapıya tərəf yüyürürdü. Əmim avtomatını çiyninə salaraq Həmidi qucağına aldı. Biz də onunla bərabər zirzəmini tərk edərək meşəyə tərəf qaçmağa başladıq. Şəhərin içindən erməni tanklarının “nərilti”si gəlirdi. Şəhəri demək olar ki,tam yandırmışdılar, alov ərşə qalxaraq göy üzünü qırmızı rəngə boyamışdı.

Dizdən qar təpəyə çıxmağımıza maneçilik törədirdi. Çox əzab əziyyətdən sonra nəhayət ki, təpəyə dırmaşa bildik. Son dəfə çönüb şəhərə baxdım. Anadan olduğum, uşaqlığımın keçdiyi, gələcəyinə xoşbəxt xəyallar qurduğum şəhər indi alovlar içində yanırdı.

Təpəni aşaraq meşəyə daxil olduq. Əmimin dediyinə görə meşənin sonunda bir erməni postu var. Əgər o postu sakitcə, nəzərə çarpmadan keçə bilsək, Ağdama keçmiş olarıq. Elə əmimin dediyi kimi də meşənin sonunda çox dauzaqda olmayan bir işıq göründü. Əmim dedi ki, oradır erməni postu və burda çalışmalıyıq ki, səs salmadan gedək. Elə əmim sözünü yeni bitirmişdi ki, postdan bizi atəşə tutmağa başladılar. Camaat qışqırışaraq üzü Ağdam istiqamətində qaçmağa başladı. Əmim Həmidi anamın qucağına verib, posta tərəf atəş açaraq bizi qorumağa çalışırdı. Onu da deyim ki, dəstədə tək silahı olan da elə əmim idi. Qaçdıqcasağımda, solumda yıxılan adamları görüb dəhşətə gəlirdim. Hər an bizə də güllə dəyə bilərdi. Bir az irəliləmişdik ki, qarşı tərəfdən də atəşə tutulduq. Demək, mühasirədəydik. Daha qaçmağın da bir əhəmiyyəti yox idi. Hamı başını tutaraq yerə − qarın üstünə uzandı. Əmim bir ağacın arxasınakeçərək qarşı tərəfə atəş açmağa başladı. Ancaq onun müqavimət göstərməsi də cəmi bir neçə dəqiqə çəkdi. Gülləsi qurtardı. Üzü bizə tərəf ayaqlarını uzadaraq arxasını ağacasöykəyib oturdu.

Şalvarının cibindən bir güllə çıxarıb avtomatının darağına taxdı. Avtomatın qundağını yerə, lüləsini isə boğazının altına dirəyib dolmuş gözləri ilə bizə baxaraq:  − Məni bağışlayın! – deyib tətiyi çəkdi.

Anam hönkürərək Həmidin başını sinəsinə sıxdı ki,uşaq bu mənzərəni görməsin. Qışqırıb yerimdən qalx- dım. Əmimin meyitinə tərəf qaçmaq istəyirdim ki, meşəlikdən beş-altı erməni əsgəri çıxaraq bizi atəşə tutdu.

Yerə uzanmış camaat qalxaraq geriyə qaçmağa başladı.

Lakin arxa tərəfdən də bir neçə əli avtomatlı erməni əsgəri çıxaraq atəş açmağa başladılar. Qarın üstü al qırmızı qan idi. Sanki buludlardan qar deyil, qan yağmışdı. Dəhşətli bir gecə idi. Tanrı da həmin gecə unutmuşdu Xocalını. Ahnalə, körpələrin ağlaşması, yerdə ölümlə əlləşən yaralıların iniltisi ərşə qalxırdı.

Ermənilər atəşi dayandırıb bizə yaxınlaşdılar.

İçlərindən biri Azərbaycanca dizüstə oturaraq əllərimizi boynumuzun arxasında çarpazlamağı əmr etdi. Qadınların qucağındakı körpələri alaraq qarın üstünə düzdülər. Buna etiraz edən qadınları avtomatın qundağı ilə vurub yıxır, kişiləri isə güllələyirdilər. Azərbaycan dilində danışan erməni əsgəri üzünü bizə tutub:  − Sizin nəsliniz kəsilməlidir. Gələcəkdə sizlərdən erməni nəsli yetişməlidir, – deyib qarın üstünə düzdükləri körpələri güllələdi. Körpələrinin analarının naləsi, bəlkə, başqa kəndlərdən də eşidilərdi. Tükürpədici bir mənzərə idi. Dəhşətli idi. Günahsız, məzlum körpələrin cansız bədənləri analarının gözlərinin qarşısında təpiklənirdi. Sağ qalan kişiləri dəstədən ayıraraq əllərini arxadan bağlayıb hamısının cinsiyyət üzvlərini kəsdilər. Bu dəfə qadınların naləsi kişilərin əzablı nəriltisi qarışmışdı. Qışqırtılara Həmid tab gətirməyib anamın qucağında ağladı. Əsgərlərdən biri anama yaxınlaşaraq rus dilində:  − Türk fahişəsi, bizdən uşaq gizlədirsən sən? – deyib anamın saçından tutub sürüdü.

Həmidi də anamdan alıb digər erməniyə verib anamı əmimin gödəkçəsinin üstünə uzadıb soyunduraraq zorlamağa başladı. Anam o şərəfsizin qollarında çırpınır, çıxmağa çalışırdı. Daha dözə bilmədim. Yerimdən atılaraq irəli cumdum. Həmin ermənini anamın üstündən qaldırmağa çalışırdım ki, əsgərlərdən biri saçımdan tutdu.

Saçımı əlinədolayıb saxladı. Gözümün qabağında anam dörd-beş nəfər tərəfindən növbəylə zorlanırdı. Saçım erməninin əlində olduğundan tərpənə bilmir, yalnız qışqıraraq ağlaya bilirdim. Həmid də mənə qoşulub ağlayırdı. Azərbaycan dilində danışan erməni cibindən bir cərrah bıçağı çıxarıb anamın bir döşünü kəsməyə başladı.

Anamın çığırtısı bir yana bıçağınanamın döşünü kəsəndə çıxan səsi, xırçıltını eşidəndə elə bil ürəyimə ox batırdı.

Nəfəsim daralır, ürəyim partlamamaq üçün mübarizə aparırdı. Erməni anamın döşünü kəsib Həmidin ağzına soxdu. Anamın inilti dolu qışqırtısı, Həmidin ağlayıb çırpınaraq erməninin əlindən çıxmaq istəməsi, mənim nəfəsim kəsilə-kəsilə “ana” deyə qışqırtılarım bir-birinə qarışmışdı. Bir müddət sonra anam artıq nə inildəyir, nə də qışqırırdı. Anam ağrıdan, qan itirmədən huşunu itirmişdi, bəlkə də, artıq ölmüşdü.

Azərbaycan dilində danışan erməni ( Samvel çağırırdılar onu) Həmidi digər ermənidən alaraq:  − Bu küçük böyüyüb bizə güllə atacaq, – deyərək uşağı soyundurdu və əlindəki cərrah bıçağıyla onun dərisini diri-diri soymağa başladı. Anamın döşünü kəsən bıçaq indi qardaşımın dərisini soyurdu. Uşağın ciyiltili qışqırığından hamı donub qalmışdı. Göz önündə əzab çəkirdi qardaşım. Diri-diri dərisini soyurdular. Heç uf da demədən, qəhqəhə çəkə-çəkə uşağı rahatlıqla soyurdular.

Artıq baxa bilmirdim, əllərimlə üzümü qapamışdım. Birdən yanımdakı erməni qollarımı tutub arxamda çarpazladı. Başqa bir erməni isə gözlərimi məcburən açdı. Qardaşımın necə soyulduğuna, bu qəddar, şərəfsiz işgəncəyə baxmağa məcbur etdi. Artıq dayana bilmirdim.

Ürəyim tabgətirmirdi. Gözümün qabağı qaralırdı. Uşağın qışqırtısı sanki qulaqlarımın pərdəsini silkələyirdi.

Həmidin səsi kəsiləndə qan içində dərisi soyulmuş, qulaqları, burnu kəsilmiş halda ölmüşdü artıq.

İçimizdə olan qocaları da sıraya düzərək güllələdilər. Ancaq qadın və qızlar qalmışdı. Bizi isə qabaqlarına qataraq yola çıxardılar. Yolda iki hərbi yük maşını dayanmışdı. Hamımızı bir maşının yük yerinə yığaraq bilmədiyimiz istiqamətə tərəf sürdülər.

***  Səhər bizi Əsgərana gətirdilər. Maşından düşəndə ətrafa göz gəzdirdim. Bir həyət evinin həyətindəydik. İki mərtəbəli hündür bir ev idi. Həyəti çox böyük idi və hündür də daş hasarla əhatə olunmuşdu. Hasarın üstündə tikanlı məftillər çəkilmişdi. Bizi evin arxa tərəfinə apardılar. Cəmi on-on beş nəfər qalmışdıq. Bəzilərini üzdən tanıyırdım, bizdən aşağı məhəllədə qalanlar vardı, dükanda işləyən iki satıcı qadın vardı. Yaxın tanıdığım bircə ədəbiyyat müəlliməmiz Gülnar müəllimə idi. Gülnar müəllimənin iyirmi yeddi yaşı vardı. Yeni ailə qurmuşdu, heç bir il deyildi. Əri dəbizim məktəbdə idman müəllimi işləyirdi. Məndə ədəbiyyata vurğunluğu elə Gülnar müəllimə yaratmışdı. Ədəbiyyatı sevdiyim qədər də elə Gülnar müəlliməni sevirdim. Anam, əmim və qardaşım gözümün qabağında öldürüləndən sonra tək yaxınım o qalmışdı. Bütün yol boyu maşında onun əlini buraxmadım. Elə indi də onun əlindən tutaraq evin arxasına tərəf gedirdik.

Evin arxasına keçəndə dəhşətə gəldim. Doğranmış meyidlər, kəsilmiş başlar, ağaclardan asılmış insanlar… Torpaq isə üzərinə axıdılmış qandan rəngini dəyişmişdi.

Bir neçə kişi əlləri arxadan bağlanaraq üzü üstə uzadılmışdı. Tərpənmələrindən sağ olduqları bilinirdi. Bizi ətrafı setkalanmış bir yerə salıb qapısını qıfılladılar. Samvel yerdə uzadılmış əsirləri bir-bir təpikləyib uca səslə:  − Qalxın görüm bu qadınların içində hansınızın qızınız, arvadınız, bacınız, qohumunuz var! – dedi.

Əsirlər ayağa qalxanda birinin atam olduğunu gördüm. Saqqalı uzanmış, gözlərinin altı şişib göyərmiş, ağzı, burnu qan içindəydi. Atama yazığım gəldi. Döyülməkdən ayaq üstə durmağa taqəti də qalmamışdı. Ani gözgözə gəldik və elə o an gözüylə mənə sakit durmamı işarə elədi. Əsirin birini o qədər döyüb, əziyyət vermişdilər ki, tərpənməyə belə taqəti yox idi. Ermənilərdən biri öz dillərində nəsə deyə-deyə onu saçından tutaraq qaldırdı. Üzünü görəndə bədənimə sanki cərəyan buraxdılar. Dizlərim qatlandı. Yıxılmamaq üçün bir əlimlə setkadan, bir əlimlə Gülnar müəllimədən yapışdım. İçimdən bir hıçqırtı gəldi, “Sadiq” deyə bağırmaq istədim. Boğuldum, səsim boğazımda xırıldadı. Mənim Sadiqim, mənim ilk və tək sevgim, gələcək xəyallarımın qurucusu. Səni bu vəziyyətdə görməkdənsə, kaş ölərdim. Sadiqin sifəti elə vəziyyətdə idi ki, bəlkə də, heç məni görmürdü. Üzü döyülməkdən o qədər şişmişdi ki, gözləribelə açılmırdı. Samvel onun saçından yapışmış əsgərə rus dilində:  − O artıq nəfəs alan bir ölüdür, güllələyin getsin, – deyə əmr etdi.

Əsgər Sadiqin saçını buraxan kimi Sadiq üzü üstə yerə yıxıldı. Əsgər isə əlindəki avtomatın lüləsini onun başına söykədi.

− Yox…! − deyə qışqırdım. – Dəyməyin ona. Məni öldürün, amma ona dəyməyin, – ağlayaraq yalvarmağa başladım.

Əsgər mənə baxaraq kinayəli-kinayəli gülərək tətiyi çəkdi. Qan Sadiqin başından onun üzünə fışqırdı.

Qışqıraraq irəli qaçıb dizi üstə oturaraq barmaqlarımı setkaya keçirib səsim gəldikcə qışqırıb ağlayırdım. Atamın da burda olduğunun heç fərqində deyildim.

− Bu gözəlçəni gətirin onun meyidinin üstündə zorlayın! – yenə Samvel rus dilində əmr verdi.

İki əsgər qıfılı açaraq içəri girib qollarımdan yapışaraq məni ayağa qaldırdılar və qapıya tərəf dartdılar. Bu vaxt Gülnar müəllimə arxadan cumaraq əsgərləri yumruqlamağa başladı:  − Buraxın uşağı, əclaflar! Buraxın onu, o hələ uşaqdır!  Əsgərin biri çevrilərək onun sifətinə bir yumruq ilişdirdi. Zərbədən Gülnar müəllimə bir neçə addım geriyə yıxılıb, üzünü ovucları arasına aldı. Samvel məni buraxıb onu gətirmələrini əmr etdi. Məni setkanın bir küncünə tullayıb, Gülnar müəllimənin qollarından tutaraq sürüyüb apardılar. Onu yerə uzadaraq biri qollarını tutdu, digəri içlərində hamısından yaşlı görünən kök, saqqalı bir erməni əsgəri isə onun paltarının sinəsini cıraraq, donunu yuxarı qaldırıb alt paltarını çıxardı və zorlamağa başladı. İyrənc qəhqəhələrlə gülərək dörd ya beş erməni əsgəri onu növbəylə zorlayırdılar. Döşlərini o qədər dişləmişdilər ki, qanı axırdı. Zorlayandan sonra təbii ehtiyaclarını onun ağzına, üzünə boşaltdılar. Çəkdikləri siqaretləri sinəsində, budlarında söndürdülər. Sonra müəlliməni sürüyərək gətirib mənim yanımda yerə atdılar. Məni aparmaq istəyirdilər ki, Samvel: “O mənimdir, ona dəyməyin” − deyə qışqırdı. Öz dillərində dodaqlarının altında nə isə mızıldanaraq çölə çıxdılar.

Kişi əsirləri diz üstə oturdaraq onlara “Qarabağ ermənilərindir” deməklərini əmr etdilər. Digər iki əsir atamdan yaşca çox cavan idi və görünür, çox qorxurdular.

Onlar hər ikisi ermənilərin dediklərini təkrarladılar.

Samvel erməni dilində əsgərlərə nəsə dedi, onlar isə həmin əsirləri qaldıraraq harasa apardılar. Növbə atama çatmışdı.

Samvel onun başının üstündə duraraq ona da “Qarabağ ermənilərindir” deməsini əmr etdi. Atam isə cavabında onun anasını söydü. Samvel atamın sifətinə necə təpik vurdusa atam arxası üstə yuvarlanaraq yerə sərildi. Bir erməni əsgəri onu qaldıraraq yenə diz üstə oturtdu. Samvel yaxılaşaraq yenə ona “Qarabağ ermənilərindir” deməsini əmr etdi. Yenə söyüş vəyenə atamın sifətinə dəyən təpik.

Daha dayana bilmədim “Ata” deyərək qışqırıb qaçıb özümü atamın üstünə atdım. Atamı qucaqlayıb başımı sinəsinə qoyaraq hönkürdüm. Samvel saçımdan tutaraq məni geri çəkdi. Rus və azərbaycandilində söyüşlər yağdıraraq qarnıma bir təpik vurdu. Sancıdan qıvrılaraq yerə uzandım. Samvel atamı saçından tutaraq dizi üstə qaldırıb kəmərindəki süngü bıçağını çıxararaq onun boğazına dirəyib:  − Sənə yaşamaq üçün son şans verirəm, denən “Qarabağ ermənilərindir” – dedi.

Atam bu dəfə bütün ermənilərin anasını söydü.

Artıq hər şey məlum idi, atamın başını kəsəcəkdi.

Qarnımdakı ağrını unudaraq yerimdən qalxıb atama tərəf qaçmaq istəyirdim ki, gicgahımdan dəyən zərbədən huşumu itirərək yerəyıxıldım. Özümə gələndə erməni əsgərləri atamın başını top kimi təpiklə vuraraq bir-birilərinə atırdılar. Sürünə-sürünə atamın başsız bədəninə yaxınlaşdım. Başımı sinəsinə qoyaraq qoxusunu doyunca çəkdim içimə və yenə də huşumuitirdim.

Ayıldıqda yarıqaranlıq bir yerdəydim. Mal təzəyinin iyi gəlirdi içəridən. Yerə saman döşənmişdi. Çox güman ki, bura əvvəllər tövlə olmuşdu. Gözüm qaranlığa alışana qədər gözlədim, sonra ətrafa göz gəzdirdim. İçəridə məndən başqa 50-60 nəfər də vardı. Hamısı da qız, gəlin, qadınlar. Üzbəüz divarda çox hündürdə balaca bir pəncərə vardı, əgər pəncərə demək olardısa ona. Oradan içəri sızqa ay işığı süzülürdü. Və çox güman ki, o pəncərə olmasaydı içəridəkilər hamısı havasızlıqdan boğulardı.

Qalxıb kürəyimi divara söykəyərək oturdum. Yanımda biriuzanmışdı və zarıyırdı. Üzü üstə uzandığından sifəti samana dirənmişdi deyə nəfəsini güclə alıb verirdi.

Ehtiyatla çiynindən tutub arxası üstə çevirdikdə onun Gülnar müəllimə olduğunu gördüm. Başını qaldırıb dizimin üstünə qoydum. Üzünə dağılmış saçlarını yana çəkdim. Gözlərini açıb üzümə baxıb:  − Elnurə, – deyə zarıdı.

− Burdayam, müəllimə, – deyib saçlarını sığalladım.

Qucağımda tir-tir əsirdi. Əlimi yerə sürtüb pencəyini tapıb üstünə atdım. Əlimi atıb əlindən tutmaq istəyirdim ki, əlində əlimə nəsə soyuq bir şey dəydi.

Yaxınlaşdırıb baxdım, süngü bıçağı idi. Yavaşca qulağına əyilib:  − Müəllimə, bu nədir? – pıçıldadım.

− Məni içəri sürüyən əsgərin kəmərindən çıxardım, xəbəri olmadan. Bir daha mənə toxunarlarsa özümü müdafiə etmək üçün, – dedi və bıçağı məndən alaraq o biri əlinə ötürüb sinəsinə sıxdı.

Bir az sonra nəfəs almasından hiss etdim ki, yuxuya getdi. Mən də başımı divara söykəyərək yatdım.

Balaca pəncərədən gözümə düşən zəif gün işığı məni oyatdı. Səhər açılmışdı. Əllərimi yerə dirəyib qurcunaraq bir az yuxarı dartındım. Gülnar müəllimə hələ yatırdı. İçəri göz gəzdirdim. Oyanan da vardı, hələ yatan da. Hiss elədim ki, ayağım keyiyib. Gülnar müəllimənin başı sanki gecəkinə nisbətən ağırlaşmışdı dizimin üstündə.

Çiynindən tutub rahat uzansın deyə başını azca yuxarı bud tərəfimə çəkmək istəyirdim ki, ölmüş adam kimi boynu düşdü. Qorxdum, tez barmağımı burnuna tutdum, nəfəsi gəlmirdi. Cəldüstündəki pencəyi kənara atdım. Bir əlində ucu qanlı süngü bıçağı, digər əlinin isə biləyində damarları doğranmışdı. İndi diqqətlə fikir verdim ki, altımızdakı sarı saman qana boyanıb. Başımı əllərimin içinə alıb dayanmadan dəli kimi qışqırmağa başladım. İçəridəkilər səsimə diksindilər. Bir neçə qadın “Ay qız noldu sənə” − deyərək mənə yaxınlaşdılar. Biri əlimdən tutub dartır, biri saçımı sığallayaraq nəsə deyirdilər. Amma öz səsimdən nə dediklərini anlamırdım. Elə bu an qapı taybatay açıldı.

İçəri gün işığıyla bərabər soyuq bir hava doldu. İki erməni əsgəri yaxınlaşaraq məni sakitləşdirməyə çalışan qadınları təpiklə vurub hərəsini bir tərəfə atdılar. Bir neçə an heç nə anlamadan mənə və qucağımda intihar etmiş Gülnar müəlliməyə baxdılar. Onun əlindəki bıçağı və kəsilmiş damarlarını görəndən sonra vəziyyətin nə yerdə olduğunu anlayaraq mənə öz dillərində nəsə qışqırdılar. Mən isə heç nəyə fikir verməyərək hələ də qışqırırdım. Əsgər mənə yenə nəsə dedi və mənim susmadığımı görüb var gücüylə ağzımın üstündən bir yumruq vurdu. Zərbənin təsirindən yerə uzandım. Dodağımda kəskin ağrı hiss edərək barmaqlarımı dodağıma toxundurdum. Dişim sınaraq alt dodağımı parçalamışdı. Ağzımın qanını köynəyimin qoluna silib, əllərimi yerə dayaq verərək qalxıb oturdum.

Erməni əsgərinin biri Gülnar müəllimənin ayaqlarından tutaraq sürüyüb apardı. Bir az sonra qapı yenidən açıldı.

Erməni əsgərləri nisbətən yaşlı qadınları qabaqlarına salıb apardılar. İçəridə cəmi altı nəfər gənc qız qaldıq. Gün- ortaya kimi bizi ac, susuz saxladılar. Günorta içəri iki vedrə su qoydular və hərəmizə bir tikə quru çörək verdilər.

Çörək o qədər bərk idi ki, dişimiz kəsmədiyindən vedrədəki suda isladıb yedik.

Axşam apardıqları qadınları gətirdilər. Gələnlərin üst-başı çirkli və üfunət qoxuyurdu. Danışdıqlarından öyrəndim ki, onları şəhər kənarında yerləşən bir malqoyun fermasında işlətməyə aparıbmışlar.

Kiçik pəncərədən günəş işığının düşmədiyindən və içəridəki havanın nisbətən soyumasından hiss olunurdu ki, gecə çoxdan düşüb. Başımı divara söykəyib mürgüləməyə çalışırdım ki, qapı açıldı və iki erməni əsgəri əllərində fənər içəri girdi. Biri fənərin işığını bir-bir hamının üzündə gəzdirib, mənim üzümdə saxladı. Yanındakı əsgərə məni göstərərək nəsə dedi və məni qollarımdan tutaraq ayağa qaldırıb çölə çıxardılar. Düşündüm ki, yəqin, məni öz əsirləri ilə dəyişməyə aparırlar. Amma məni darvazaya tərəf deyil, evə tərəf apardıqlarını görəndə yanıldığımı anladım. Uzun bir dəhlizdən keçərək dəhlizin sonundan sola burulub bir otağın qarşısında dayandıq. Əsgərlərdən biri cibindən açar çıxarıb qapını açıb məni içəri itələdi və qapını çöldən üzümə bağladı. İçəri qaranlıq olduğundan heç nə görə bilmirdim. Döşəmənin üstündə oturub həyəcanla başıma nə gələcəyini düşünürdüm. Təxminən yarım saata kimi belə oturub başıma gələnləri əmimin, anamın, qardaşımın dəhşətli ölümünü, Sadiqimin güllələnməsini, atamın başının kəsilməsini, Gülnar müəllimənin gözümün önündə növbəylə zorlanmasını və qucağımdakı cansız bədənini düşündüm. Dəhlizdən gələn ayaq səsləri məni fikirdən ayıltdı. Getdikcə yaxınlaşan ayaq səsləri mən olduğum otağın qarşısında dayandı. Açar cingiltisi… Və qapı açıldı. Qaranlıqdan üzünü görə bilmədiyim biri içəri girib işığı yandırdı. Bu Samvel idi.

İçəri göz gəzdirdim. Ortada köhnə bir taxta stol və iki stul, küncdə, pəncərənin qabağında dəmir bir çarpayı, çarpayının yanında isə kiçik bir taxta şkaf qoyulmuşdu. Çarpayıyla stolun arasında döşəmənin üstündə qurumuş qan ləkələri vardı. Samvel irişə-irişə mənə baxıb gedib çarpayıda oturdu. Çəkmələrini çıxarıb, məni çağıraraq əliylə yanında yer göstərdi. Yerimdən tərpənmədim. Bu dəfə daha sərt və əsəbi bir səslə yanına getməyimi əmr etdi. Yenə də yerimdən tərpənmədim. O, çarpayıdan qalxaraq mənə tərəf gəlib qolumdan tutdu. Qolumdan darta-darta aparıb çarpayının üsünə itələdi. Üzüstə çarpayıya yıxıldım və tez də qalxıb çaprayının baş tərəfinə qısıldım. Dizlərimi sinəmə sıxaraq qucaqlayıb oturdum.

Samvel taxta şkafdan iki stəkan və tünd rəngli üstündə erməni dilində yarlığı olan bir şüşə çıxardıb stolun üstünə qoydu. Şüşəni açaraq stəkanlara süzüb, qalxıb stəkanın birini mənə uzadaraq:  − Al, Yerevan konyakıdır, iç ağrıların azalsın, − dedi.

İçmək istəmədiyimi deyəndə saçımdan yapışıb məni çarpayıya yıxaraq burnumu tutdu. Nəfəsim kəsiləndə ağzım biixtiyar açıldı. Konyakı güclə mənə içirdi. Konyakın acılığı boğazımı yandıraraq mədəmə bir istilik verdi.

Hər özü içdikcə bir stəkan da məcbur mənə içirdirdi. Getdikcə başım gicəllənir, gözlərim qaralmağa başlayırdı. Mədəmdə sanki ocaq qalamışdılar. Otaq başıma fırlandı. Hər şeyi bulanıq görməyə başladım. Ondan sonra baş verənləri yuxu kimi xatırlayıram.

Səs-küy, qışqırıq səslərinə yuxudan oyandım.

Amma gözlərimi açmamışdım. Səs həyətdən gəlirdi. Yenə kiməsə işgəncə verir, ya da zorlayırdılar. Yavaş-yavaş gözlərimi açdım. Əsirlərin saxlandığı tövlədə olduğumu zənn etmişdim, amma işıqlı bir otaqda idim. Buranın hara olduğunu yadıma salmağa çalışdım. Başım ağrıdan az qalırdı partlaya. Əllərimlə başımı tutub, gözlərimi yumdum. Xatırlamağa başlayırdım. Dünən məni bu otağa gətirmişdilər. Sonra Samvel gəldi, mənə güclə konyak içirtdi. Sonra… Qəfil lüt olduğumu hiss eləyib gözlərimi açdım. Qalxıb oturmaq istədim ki, qasığımda kəskin bir ağrı hiss elədim. Əllərimi yerə dayaq verib yavaşca qalxıb oturdum. Budlarımın arasında qurumuş qan ləkələri vardı.

Zorlanmışdım. Atam yaşında bir kişinin, anamın, qardaşımın, atamın, sevgilimin qatili olan birinin, əzizlərimin qanına batmış əlləriylə məni necə soyundurmasını, piy basmış bədəniylə üstümə uzanaraq məni zorlamasını, onun iyrənc saqqalı sifətini, saralmış dişlərini düşündükcə özümdən, öz bədənimdən iyrəndim və üzüstə çarpayının kənarına uzanıb öyüyərək qusmağa başladım. Qusduqca gecəki konyakın acısı boğazımı yandıraraq ağzıma dolurdu. Onsuz da mədəmdə o konyakdan başqa heç nə yox idi. Öyüdükcə sanki mədəm gəlib boğazıma dirənirdi.

Qusub qutarıb elə uzanıqlı vəziyyətdə də dəli kimi qışqıraraq ağlamağa başladım. Göz yaşlarım yaz vaxtı navalçalardan süzülən damcılar kimi döşəməyə tökülürdü.

Amma bu göz yaşları doğmalarımın vəhşiliklə qətlə yetirilməsinə görə deyildi. Bu göz yaşları qadın olduğum üçün axırdı. Bəli, mən artıq qadın olmuşdum, həm də on yeddi yaşımda. Qadını olmaq arzusunda olduğum Sadiqimin qatilinin qadını olmuşdum. Sevdiyimin ölümünə doyunca ağlamağa belə fürsətim olmamışkən, sevdiyimin qatilinin qadını olmuşdum.

Qəfil açılan qapı məni fikirdən ayırdı. İki erməni əsgəri içəri daxil oldu. Çılpaq olduğumdan altımdakı əzik, çirkli və qanıma bulaşmış mələfəni dartıb sinəmə tutdum.

Əsgərlərin biri açıq qalmış ayaqlarıma baxıb diliylə dodaqlarını yaladı. Digər əsgər onun fikrini anlayıb əvvəl ona, sonra isə mənə baxıb qımışdı. Canıma qorxu düşdü.

Onlar mənə tərəf gəldikcə mən söykəndiyim çarpayının başına daha da qısılırdım. Vəhşi heyvanın şikarına cumduğu kimi ikisi də üstümə cumub biri biləklərimdən tutaraq başımın üstündə oturdu, digəri isə şalvarını soyunaraq özünü üstümə atdı. Qışqırmaq istədim, ağzımı tutdular. Məni növbəylə zorlayıb, təpiklə vurub çarpayıdan yerə atdılar. Əsgərlərdən biri paltarlarımı götürüb üstümə ataraq öz dilində nəsə dedi. Ağlaya-ağlaya əynimi geyindim. Ayağa qalxmağa taqətim olmadığı üçün qoluma girib məni sürüyərək əsirlərin saxlanıldığı tövləyə gətirdilər. Ağrıdan ikiqat olub qalmışdım. Qarnımı qucaqlayıb ilan kimi yerdə qıvrılırdım.

Beləcə günlər keçirdi. Hər gün gecələr Samvel, səhərlər isə müxtəlif əsgərlər tərəfindən zorlanırdım. Artıq müqavimət göstərməyə də taqətim qalmamışdı. Sadəcə göz yaşları içində həyata nifrət edərək işlərini bitirib nə vaxt məni rahat buraxacaqlarını gözləyirdim.

Bir gün yenə həmişəki kimi gecə Samvel tərəfindən zorlanaraq həmin otaqda səhəri açmışdım. İçəri on, on iki, on beş, on altı yaşlı yeniyetmə daxil olub növbəylə məni zorlayaraq ən iyrənc hərəkətlərini üstümdə sınaqdan keçirdilər. Sonradan öyrəndim ki, həmin yeniyetmələr məktəbdən qaçaraq qapıda dayanan keşikçi əsgərə pul verib məni bir saatlıq alıblarmış.

Artıq üç ay idi ki, əsirlikdə idim. Bu üç ayda insan təfəkkürünə sığmayan hər cür vəhşiliyi gördüm. Ölümlər, intiharlar, zorlanmalar, insanlarla heyvani davranışlar və sairə. Artıq adiləşmişdi bütün bunlar mənim üçün. Bir damcı qandan qorxan qız indi qanlar içində yatıb, qanlar içində oyanırdım. Son günlər özümdə qəribə dəyişikliklər hiss edirdim, hər şeydən iyrənir, tez-tez ürəyim bulanır, qusurdum. Əlim, ayağım şişməyə başlamışdı. Verilən işgəncələrdən, hər gün dəfələrlə zorlanmalardan, soyuq yerdə yatmaqdan hansısa xəstəliyə tutulduğumu düşünürdüm.

May ayının son günləri idi. Elə bir vəziyyətdə, elə bir şəraitdə idik ki, havadan yaz qoxusu deyil, qan qoxusunu duyurduq. Hərdən məni qadın yaratdığı üçün, hətta insan yaratdığı üçün Allaha üsyan edirdim. Anamı istəyirdim. Başımı qoyam dizlərinə yuxuya gedəm, bu acı həyatdan uzaqlaşam. Qardaşımı istəyirdim. Toppuş yanaqlarından çimdikləyəm, o da mırıq dişləriylə mənə baxıb şirin-şirin gülümsəyə. Atamı istəyirdim. Hər səhər dərsə gedəndə tük basmış yanağından öpəm, o da kobud əlləriylə saçlarıma sığal çəkə. Sadiqi istəyirdim. Əllərindən tutam, saatlarla gözlərinə baxam, o da barmaqlarının arxasıyla xəfifcə yanağıma toxuna. Sevdiklərimin hamısını gözümün qabağında öldürdülər. Məni niyə yaşatdı ki, Allah? Bütün bu acılara, əzablara dözmək üçünmü? Hər gün bu murdar məxluqların oyuncağına çevrilərək şəhvət və ehtiraslarını məndə söndürmələri üçünmü?! Bütün dünyadan, bəşəriyyətdən, insanlıqdan hətta özümdən belə iyrənirdim. Artıq yaşamağa, bütün bu acıları daşımağa gücüm qalmamışdı. Neçə gün idi ki, ölmək üçün yollar axtarırdım. Bu gün səhər Samvelin otağında küncdə stəkan qırığı gördüm, yerimdən qalxdım ki, götürəm, amma gecikdim, qapı açıldı və məni gətirib atdılar bura. Qərarımı vermişdim. Bu gecə o stəkan qırığıyla damarlarımı doğrayıb intihar edəcəkdim. Əsirlikdə olduğum müddətdə ilk dəfəydi ki, içimdə bir sevinc, rahatlıq hissi yaranmışdı. Bu gecə sevdiklərimə qovuşacaqdım. İlk də- fəydi ki, gecənin düşməsini, məni Samvelin otağına aparmalarını səbirsizliklə gözləyirdim.

Tövlənin qapısı zarıltıyla açıldı. Samvel və daha iki erməni əsgəri içəri daxil oldular. Bir neçə saniyə içəri göz gəzdirdilər. Mənə və məndən əlavə daha iki qıza çölə çıxmamızı əmr etdilər. Hər üçümüz onların dalınca çıxdıq çölə. Samvel üzünü bizə tutub:  − Sizi aparırıq dəyişməyə. Güman edirəm ki, orda Erməni xalqının qonaqpərvərliyindən bir ömür danışacaqsız, – deyərək hırıldadı.

Əsgərlər əllərindəki avtomatların arxasıyla kürəyimizdən vuraraq bizi həyətdə dayanmış hərbi yük maşınına tərəf itələdilər. Hər üçümüz maşının yük yerinə qalxıb bir-birimizə qısılaraq oturduq. Qızlar sevinclərindən ağlayaraq əllərini göyə tutub Allaha şükr edirdilər. Mənim isə şükr edəcək bir halım yox idi. İndi tam olaraq əmin oldum ki, Allah məndən üz döndərib. Bu gecə intihar edəcəkdim, əzizlərimə, sevdiklərimə qovuşacaqdım ki, bunu da Allah mənə çox gördü.

Təmas xəttində bizi Azərbaycan əsgərləri və Qızıl aypara cəmiyyətinin nümayəndələri qarşıladı. Oradan Gəncə şəhərinə gətirib bizi xəstəxanaya yerləşdirdilər.

Həkim müayinəsindən sonra mənə hamilə olduğumu dedilər. Bilmədim sevinim, ya kədərlənim. Hamiləyəm, ana olacam, amma kimdən? Hansısa bir ermənidən? Uşağı aldırmağı düşündüm. Hətta abort stoluna kimi getdim də.

Amma elə bil ki, içimdən bir səs “etmə” deyirdi. Öz körpəmin qatilinə çevrilmək düşüncəsi sıxdı məni və fikrimdən daşındım.

Bir həftə Gəncədə xəstəxanada yatandan sonra Azərbaycanın digər bölgələrində qohumlarımızın olubolmaması haqda soruşdular. Mingəçevirdə bir dayım yaşayırdı. Ondan başqa daha heç kimim qalmamışdı.

Onun adını və ünvanını verdim. İki gün sonra dayım dalımca gəldi xəstəxanaya. Dayım məni görcək bərk-bərk qucaqlayıb uşaq kimi hönkürüb ağladı. Üzümü ovcunun içinə alaraq üzümə baxıb, təzədən başımı sinəsinə sıxaraq hönkürtü vururdu. Əsirlikdə gördüyüm vəhşiliklər, işgəncələr məni o qədər daşlaşdırmışdı ki, gözümdə yaş belə qalmamışdı ağlamağa.

Artıq bir həftə idi Mingəçevirdə dayımın evində yaşayırdım. Hamilə olduğumu heç kimə demədim. Bilirdim ki, desəm uşağı aldırmağa məcbur edəcəklər məni.

Ona görə də hələlik susmağa qərar verdim.

Dayım anamdan yaşca böyük idi. Evlənəndən sonra Mingəçevirə köçmüşdü. İxtisasca mühasib idi. Elə burda da şəhər maliyyə şöbəsində yüksək vəzifədə işləyirdi. İki oğlu vardı. Böyük oğlu Rəşadın iyirmi, kiçik oğlu Bahadurun isə on səkkiz yaşı vardı. Dayımın yoldaşı uzaq qohumlarımızdan idi. Çox yaxşı qadındır. Dayım, yoldaşı, elə uşaqlar da mənimlə çox yaxşı davranırdılar.

Əlimi ağdan qaraya vurmağa qoymurdular.

Bir gün səhər dayımın yoldaşı Solmaz xalanın geyinib harasa getmək istədiyini gördüm. Hara gedəcəyini soruşdum, bazara gedib bəzi şeylər alacağını söylədi.

Xahiş elədim ki, pulu versin mənə mən gedim. Bütün günü evdə oturub televizora baxmaqdan sıxılırdım artıq.

Sağ olsun Solmaz xala, xahişimi rədd etmədi və beləcə həmin gündən evin bazarlığına, çörək almağa, zibil atmağa özüm getməyə başladım. Bir dəfə bazardan qayıdırdım. Blokun qarşısındakı oturacaqda iki qonşu qadın oturmuşdu. Yanlarından keçərkən istəmədən danışıqlarını eşitdim.

− Azz, bu Solmazın o əsirlikdən gələn qohumu deyil? − Hə, odur.

− Bu niyə özünü belə qudurub salam-zad vermir ki? Elə bil erməninin altından çıxan bu deyil…

Qadının dediyi söz sillə kimi dəydi mənə. Gözüm qaraldı, dünya başıma fırlandı. Əlimi atıb divardan tutdum ki, yıxılmayım. Bir təhər özümü evə çatdırdım. Solmaz xala halımın pisləşdiyini görüb nə olduğunu soruşdu. Başımın ağrıdığını deyib otağa keçib ağzımı yastığa dirəyib ağladım.

Həmin gecəni demək olar ki, yatmadım. Səhərə kimi ancaq bir fikir düşündürürdü məni: “Axı mənim günahım nə idi?” Səhərə yaxın bir az mürgülədim. Səhər bazara getməliydim deyə məcburən tez durdum. Solmaz xala alınacaq şeylərin siyahısını və pulu verdi, geyinib evdən çıxdım. Gözəl hava vardı. Bazara getməmişdən qabaq biraz gəzmək istədim. Getdim Kür qırağına. Dəmir məhəccərə söykənib bir müddət çayın sakit axışını seyr elədim. Ətrafa baxdım. Kimsənin olmadığından əmin olandan sonra, üzümü səmaya tutub, qollarımı yana açaraq sərin havanı içimə çəkdim. Əlimi qarnıma qoydum. İçimdə bir körpə böyüyürdü. Hər dəfə hamilə qadınlardan eşidirdim ki, ana olacağını bilmək çox gözəl bir duyğudur.

Adamı həyata bağlayır, yaşamağa sövq edir. Həyatda hər şeydən məhrum olduğum kimi bu hislərdən də məhrum olmuşam. Bilmirəm ana olacağıma sevinim, ya kədərlənim. Mənim uşağımın atası sevdiklərimin qatili, millətimin düşməni olan bir ermənidir.

Başım gicəlləndi, əlimi atıb dəmir məhəccərdən yapışdım ki, yıxılmayım. Bir müddət belə qalıb özümə gələndən sonra artıq gec olduğunu düşünüb Kürün sahilindən ayrılaraq bazara tərəf yönəldim.

Evə qayıdan da qapnın açıq olduğunu görüb döymədən içəri girdim. Əlimdəkiləri bir küncə qoyub idman ayaqqabılarımın iplərini açmaq istəyirdim ki, içəridən Rəşadın əsəbi səsi gəldi.

− Biyabır olmuşam, dost-tanış içinə çıxa bilmirəm, üzümə deməsələr də, arxamca deyirlər ki, zorlanmış bibisi qızını fəxrlə evlərində saxlayırlar.

− Düz deyir, mən də utanıram camaat içinə çıxmaqdan.

Buna bir əncam çək, ata, – bu da Bahadurun səsi idi.

Dayımın verdiyi cavabı eşidə bilmədim, çünki eşitdiklərimdən dünya başıma fırlanırdı. Yerdə oturub kürəyimi söykədim divara. Otaqdan çıxan Solmaz xala məni görüb özünü itirmiş halda:  − Qızım, nə olub sənə, qapının ağzında niyə oturmusan? − dedi.

Cavab vermək əvəzinə divardan tutaraq ayağa qalxıb otağıma qaçdım. Arxadan Solmaz xalanın:  − Utanırsız heç, eşitdi qız dediklərinizi. Dediyini eşitdim. Bir neçə gün otağımdan çıxmadım. Solmaz xala yeməyi güclə, danlayaraq yedizdirirdi mənə. Bu neçə gündə nə dayım, nə də uşaqlar otağıma girib halımla maraqlanmadılar. Özümü burada artıq yük kimi hiss edirdim və tezliklə bu evi tərk etməliydim. Amma hara, kimin yanına gedəcəkdim ki? Dayımdan başqa bir kimsəm qalmamışdı bu həyatda. Çıxılmaz bir vəziyyətdə qalmışdım. Nə getməyə bir yerim vardı, nə də daha burda qala bilərdim. Bircə yolum qalırd: Solmaz xaladan yol pulu alıb, Bakıya getmək. Kirayə ev tutardım, bir iş də tapıb öz-özümü birtəhər dolandırardım. Elə bu fikirlər başımda dolanırdı ki, dayım girdi içəri. Qalxıb oturdum. O da sakitcə gəlib yanımda oturdu. Uzun sürən sükutdan sonra nəhayət ki, dayım sakit səslə: Qızım, olanları təkrar sənə deməyə ehtiyac yoxdur.

Hamısını özün eşitdin, − dedi, − özün də yaxşı bilirsən ki, sənin daha burda qalmağın mümkünsüzdür.

Sözünə bir az ara verib, dərindən nəfəs alıb davam etdi:  − Uşaqlar haqlıdırlar, mən də son zamanlar hiss edirdim ki, işdə də, elə həyətdə də arxamca nəsə deyib gülüşürlər.

Ağlamamaq üçün dodaqlarımı gəmirirdim. Özümü toplayıb:  − Narahat olmayın, dayı, mən də düşünürəm ki, daha sizə yük ola bilmərəm. Mənə bir az yol pulu ver Bakıya gedim. Orada kirayə ev də tutaram, iş də tapıb dolanaram, – dedim.

− Yox, qızım, Bakıya getməyə qoymaram səni. Sən mənə bacımın yadigarısan. Sənə yataqxanada bir otaq almışam. Gedib orada qalarsan. Pul sarıdan da nə köməklik lazım olsa, edəcəm, – deyib əlini şalvarının cibinə salıb bir açar çıxarıb mənə uzatdı.

Bacısının yadigarıymışam. Evində saxlamağa utandığı, qoruya bilmədiyi, yataqxana otağına göndərdiyi yadigarı. Dayım dost-tanış arasında başı uca gəzsin deyə məni evindən çıxarır, amma halbuki mən onun başını aşağı edəcək bir günah işləməmişəm. Əsir düşməyim, günlərlə zorlanmağım, əzablara dözərək sağ qalmağım mənim günahım deyildi axı.

Fikrə dalmışdım deyə dayımın otaqdan nə vaxt çıxdığından xəbərim olmamışdı. Açarı çarpayının üstünə qoyub getmişdi. Daha gözləyə bilməzdim, getmək lazım idi. Yerimdən qalxıb cəmi iki-üç dəst olan paltarlarımı yüngül bir çantaya yığıb otaqdan çıxdım.

Solmaz xala məni yola salmaq üçün mənimlə aşağı düşdü. Blokun ağzında məni bərk-bərk qucaqlayıb bağrına basdı, üzümdən, saçlarımdan öpüb: − Bağışla, qızım, mən çox istərdim getməyəsən, amma kimdir mənə qulaq asan. Dayına çox dedim, yalvardım qulaq asmadı, – dedi və qoynundan bir büküm pul çıxarıb ovcuma basdı. – Götür bunları da, özünə iş tapana kimi dolanarsan, özüm də imkan düşdükcə gəlib dəyəcəm sənə, – deyib bir daha məni qucaqladı.

Qalacağım yataqxananın ünvanını bilirdim. Bazara gedəndə yanından keçib gedirdim. Yaxın idi deyə elə piyada getdim. İçəri girib qarşıma çıxan qadından otağımın harda yerləşdiyini soruşdum, ikinci mərtəbə dedi.

Pillələrlə yuxarı qalxıb qalacağım otağı tapdım. Üstünün rəngi getmiş, köhnə taxta qapını açıb içəri girdim. Balaca, təmirsiz bir otaq idi. Pəncərəsinin şüşəsinin bir tərəfi sındığından yerinə taxta vurmuşdular. Divarları rütubətdən kif basmışdı. İçəridə pəncərənin qabağına qoyulmuş köhnə taxta stol, yanında bir dənə kətil və bir paslanmış dəmir çarpayıdan başqa heç nə yox idi. Paltarlarımı çantadan çıxarıb stolun üstünə qoyub özümü üzü üstə yıxdım çarpayıya. Sanki illərin yorğunluğu vardı canımda.

Uzanan kimi də yuxu tutdu.

Oyandığımda pəncərənin çirkli şüşəsindən içəri gün işığı düşürdü. Deyəsən, bir sutkaydı yatmışdım.

Qalxıb oturdum. Bir az özümə gəlib dəhlizə çıxdım.

Üzbəüz qapıdan cavan bir gəlin çıxdı. Ondan tualetin yerini soruşdum. Dəhlizin sonunda dedi. Saatı da soruşdum, dedi doqquzun yarısıdır. Dünən axşam saat dörddən yatmışam. İndi də səhər doqquzun yarısı. Tualetdə böyük bir növbə var idi. Növbəm çatdıqda əl üzümü yuyub otağıma qayıtdım. Acımışdım. Mağazaya düşüb stəkan, qab və lazım olan başqa bir-iki əşya, bir də yeməyə bəzi şeylər aldım.

Artıq bir aya yaxındır ki, burda yaşayıram.

Qonşularla da tanış olmuşam. Yaxşı-pis birtəhər dolanıram. Özümə iş tapmaq barədə düşünürəm, çünki Solmaz xalanın verdiyi pul tükənmək üzrədir. İş tapmasam, acından ölərəm burada. Qarnım da böyüməyə başlayıb deyə paltarlarım əynimə olmur, yeni paltar da almalıyam. Qonşulardan soraqlaşdım. Dedilər mənzil istismar sahəsinə xadimə axtarırlar. Yollandım ora. Katibə mənə rəisin yanına girməyi məsləhət gördü. Rəis orta yaşlı, dolu bədənli bir kişi idi. İş üçün gəldiyimi dedim.

Kim olduğumu, harda qaldığımı və dayımın adını dedim.

Rəis məni ayaqdan başa süzərək:  − Hə, sən o əsirlikdə olan qızsan? – deyə soruşdu.

− Bəli, Xocalıdanam.

− Gəl otur görək, − deyib mənə yer göstərdi.

Keçib onunla üzbəüz stulda əyləşdim. Özü isə qalxıb otaqda var-gəl edə-edə mənə bir neçə sual verdi.

Neçə yaşım var, adım nədir və sairə. Danışa-danışa gəlib başımın üstündə duraraq əllərini çiyinlərimə qoyub: − Heç rəvadırmı belə gözəl, gənc bir qız xadimə işləyib, onun bunun ayağının altını süpürsün? – dedi.

− Mənim təhsilim yoxdur axı, heç orta məktəbi də bitirməmişəm.

− Eybi yox, hərfləri ki tanıyırsan, yaza bilirsən.

− Bəli, xəttim də yaxşıdır.

− Hə, lap yaxşı, sənə babat bir iş verərəm, maaşın da yaxşı olar, – deyərək əllərini çiynimdən sinəmə tərəf sürüşdürüb, köynəyimin içinə salaraq döşlərimi sıxmağa başladı.

− Buraxın, nə edirsiz, siz, dəli olmusuz? – deyərək stuldan qalxmağa çalışdım. Amma o, güclü əlləri ilə məni stula sıxdığından tərpənə bilmədim. Onun əlindən çıxmağa çıxış yolu axtarırdım ki, biləyi keçdi ağzıma və var gücümlə biləyini dişlədim. Bağıraraq məni buraxdı.

Yerimdən qalxıb qapıya tərəf qaçdım. Arxamca: − Qancıq, mənim o ermənilərdən nəyim əksikdir ki? Allah bilir neçə erməninin altından çıxmısan, – deyə bağırdı.

Qapını açıb çıxmaq istəyirdim ki, başım hərləndi. Əlimi atıb divardan tutmaq istədim, amma divara çatmamış yıxıldım.

Gözümü açanda xəstəxanada idim. Solmaz xala yanımda oturmuşdu.

− Mənə nə olub? – deyə soruşdum.

− Qorxma, qızım, sadəcə başın hərlənib yıxılmısan.

Dayın da burdadır, həkimin yanındadır, indi gələr o da bura.

Dayım əlində bir neçə kağız içəri girdi. Mənə qəzəbli baxaraq Solmaz xalanın qulağına nəsə pıçıldadı. Solmaz xala təəccüblü halda:  − Vay… – deyərək əlini ağzına apardı.

Sonra hər ikisi çölə çıxdılar. Bir neçə dəqiqə sonra Solmaz xala içəri qayıdıb yanımda oturdu.

− Qızım, həkim deyib ki, hamiləsən, həm də artıq dördüncü ayına keçmisən. Dayın da həkimlə danışıb, abort edəcəklər səni.

− Bilirdim hamilə olduğumu, Solmaz xala. Gəncədə xəstəxanada olanda demişdilər. Qorxdum, sizə demədim.

− Gərək mənə gizlində deyərdin, heç dayın da bilməzdi, gedib abort elətdirərdik.

− Yox, Solmaz xala, mənim bu uşağı aldırmaq fikrim yoxdur. Başa düş məni, xala, ürəyim gəlmir.

− Camaatdan ayıbdır, qızım. Deyəcəklər ermənidən uşaq doğub.

− Bu uşaq mənimdir, xala. Dörd aydır mənim bətnimdədir, mənim qanımdandır, mənim canımdandır.

Qurban olum, nolar, dəyməyin uşağıma, yalvarıram, öldürməyin balamı, − deyib ağladım.

Solmaz xalanın da gözləri dolmuşdu. Gördüm ki, mənə yazığı gəlir. Ən azından o da qadın idi və ən əsası ana idi. Məni çox yaxşı anlayırdı. Dayımla danışacağına söz verib palatadan çıxdı. Az keçmişdi ki, dayım əsəbi halda içəri girərək: − Sən nə danışırsan, başın xarab olub sənin, ermənidən uşaq doğmaq nə deməkdir?– deyə üstümə bağırdı.

− Dayı…

− Azzar dayı, niyə bunu vaxtında deməmisən? İstəyirsən ki, camaat içinə çıxa bilməyək, köçək çıxaq gedək buralardan? − Dayı, mən öz əlimlə öz uşağımın qətlinə fərman verə bilmərəm.

− Sən qələt edirsən. Sən kimsən ki, nəyəsə də qərar verəsən? Özbaşınasan, ya yiyəsizsən? – deyib üstümə yeriyərək qolumdan tutub dartaraq, – Qalx! Abort etmək üçün səni gözləyir həkimlər.

Özümdən asılı olmayaraq hirslə qolumu çəkib onun barmaqları arasından çıxardım. Ömrümdə ilk dəfə olaraq: − Hə, yiyəsizəm. Atası, anası, yaxınları ermənilər tərəfindən öldürülmüş, dayısı camaatın ağzını yığışdırmaqdansa evindən çıxarıb yataqxana otağına göndərdiyi yiyəsiz bir qızam! – dayımın üstünə qışqırdım.

– Mən uşağımı öldürməyəcəm! Əl çəkin məndən!  Dayım məni vurmaq üçün əlini qaldırdı və yumuruğunu havada sıxaraq əlini yenidən yanına salıb: − Rədd ol! Mənim bundan sonra sən adda bacım qızı yoxdur, – deyib qapını çırparaq çıxıb getdi.

Yenə gücüm göz yaşlarımla yastığı islatmağa çatdı.

***  Yağış getdikcə güclənirdi, evə çatmağıma isə hələ xeyli yol vardı. Bu il payız girəndən yağışlar heç ara vermirdi. Bir tərəfdən altı deşilmiş idman ayaqqabılarımın içinə dolan su, bir tərəfdən də də qarnımdakı körpənin ağırlığı yeyin yeriməyimə imkan vermirdi. Bütün günü də bazarda ayaq üstündə qaldığımdan ayaqlarım şişmişdi.

Avtobus dayanacağının yanından keçəndə istədim minib avtobusla gedəm. Əlimi cibimə salıb pulun qədərinə baxdım. Cibimdə yalnız bir çörəyin pulu qalmışdı. Avtobusla getsəydim gecə ac yatmalı olacaqdım deyə yenə də piyada getməyə üstünlük verdim.

İş tapa bilmədiyimdən yun corab, əlcək, stol örtüyü və digər bəzək əşyaları toxuyaraq hər gün bazara çıxarıb satırdım. Neçə gün idi demək olar ki, heç nə sata bilmirdim. Əlimdə olan pul da qutarmışdı. Ümidim Solmaz xalaya idi. Həftədə bir dəfə dayımdan gizlin yanıma gəlir, ya pul verir, ya da ərzaq alıb gətirirdi. Amma bir həftədən çoxdur ki, gəlmir. Yəqin evdən çıxmağa bəhanə tapa bilmir. Qonşularımdan da arada ərzaq yardımı edənlər olur. Üzbəüz qapı qonşum İlahə çox mehriban gəlindir.

Evində nə bişirərsə bir qab da hökmən mənə verir.

Yazığın əri Ağdamda şəhid olub, qardaşları dolanışığına köməklik edirlər. O halıyla hələ mənə də köməklik edir, əlində nə olur mənim də payımı mütləq verir. Bir də Tubu xala var. O da mənə qarşı çox mehriban və qayğıkeşcəsinə davranır. Tubu xala elə anamla yaşıd olar. Əri elektrik stansiyasında işləyir. Bir oğlu var: Yasin. Məndən üç-dörd yaş balaca olar, məktəblidir, dərslərində çətinliyi olan kimi qaçır üstümə, mən də kömək edirəm.

Dayımgilin qonşularında olduğu kimi burda da məni görəndə üz-gözünü turşudub ağız büzənlər var.

Qarnım böyüyüb, hamiləliyim özünü biruzə verəndən sonra belələrinin sayı bir az da artdı. Əvvəllər çox pis təsir edirdi. Saatlarla otağıma qapanıb ağlayırdım. Amma sonradan öyrəşdim artıq bəzi insanların bu cür düşüncələrinə. Heç kim başqasının dərdini yaşamadığı təqdirdə onu anlaya bilməz. Birinin dərdi başqasına qınaq hədəfi olub həmişə. Bu düşüncəyə sahib olan insanlar hər zaman olub və olacaq da.

Nəhayət ki, yataqxananın hər cür yemək iyi verən dəhlizinə özümü çatdırdım. Qapıya çatıb açarı kilidə salmışdım ki, İlahə qapını açıb: − Gəldin? – deyib yenidən içəri qaçdı və əlində iki dolu zənbil qayıtdı: − Solmaz xala gəlmişdi. Səni gözlədi, gəlmədin, bunları və bunu, − deyib əlini jaketinin cibinə salıb bir büküm pul çıxarıb mənə uzatdı: sənə çatdırmağımı xahiş etdi.

− Çox sağ ol, ay İliş, – deyib pulu və zənbilləri ondan aldım.

− Vay, qız, heç fikir vermirəm, sən təmiz islanmısan ki.

− Hə, yağış güclü yağır. Dayanacaqdan bura gələnə kimi islandım.

Yalan danışmağım yanaqlarımın qızarmasından bilinməsin deyə üzümü çevirib qapını açmağa çalışdım.

İlahə yaxınlaşıb əlini alnıma qoyub təşvişlə: − Ay qız, sən qızdırmadan yanırsan ki, – deyib əlimi kənara itələyib qapını açdı. Bir əliylə zənbilləri götürüb, o biri əliylə qolumdan tutaraq içəri keçməmə kömək elədi.

Yaş paltarlarımı çıxarıb stulun başına yığdı. Dəsmal götürüb saçlarımı quruladı və paltarımı geyinməyə kömək elədi. Yastığımı düzəldib məni yerimə uzandırıb: “Gözlə, gəlirəm” deyərək qaçıb otaqdan çıxdı. Beş dəqiqə sonra əlində bir fincan zoğallı çay qayıtdı. Çayı öz əliylə qurtum-qurtum mənə içirtdi. Anamı xatırladım. Hər dəfə xəstələnəndə başımın üstünü kəsdirər, əlimi tərpətməyə belə qoymazdı, yeməyi belə qaşıqla özü yedirərdi mənə.

Həmid isə balaca əllərini alnımda gəzdirərək, yanağımdan öpüb ağzının suyunu tökərdi üzümə. Gözümü açıb üzünə baxdıqda mırıq dişlərini göstərib tez də qaçıb gedərdi.

Amma indi nə anam mənə qulluq edir, nə də balaca Həmidim gedib-gəlib öpürdü məni. Bəlkə də, ruhları haradasa burda yaxınlığımda, lap yanımda dayanıb mənə baxırlar. Çox darıxdım onlar üçün. Bunları düşündükcə özümdən asılı olmadan göz yaşlarım axıb qulaqlarıma dolur, oradan da boynuma axırdı. Bütün gecəni qızdırmanın təsirindən dəhşətli yuxular gördüm. Səhər oyananda İlahə yanımdakı stulda mürgüləyirdi. Yazıq gecəni səhərə kimi yanımda qalmış, məni bu vəziyyətdə tək buraxmamışdı.

Günortaya artıq nisbətən yaxşılaşmışdım. Qalxıb geyindim. Özümə yemək hazırlamaq üçün lazımi ərzaqları götürüb mətbəxə getdim. Mətbəxdə əməlli-başlı növbə var idi. Qaz sobasının boşalması üçün divara söykənib gözləyirdim. Həm xəstəlikdən, həm də hamiləlikdən ayaq üstə durmağa çətinlik çəkirdim. Bu vaxt İlahə də əlində kiçik bir qazança içəri girdi. Məni halsız, divara söykənmiş vəziyyətdə görüb: − Ay qonşular, bu qız həm xəstədir, həm də hamilə. İcazə verin yeməyini bişirsin, sonra biz bişirərik, – deyə içəridəkilərə müraciət etdi.

Əlində doğranmış kartof və yağ ilə dolu tava olan Səyyarə xala adlandırılan kök qadın çevrilib hirsli baxışlarla əvvəl mənə, sonra İlahəyə baxaraq: − Xəstədir, getsin xəstəxanaya, hamilədir, getsin doğsun.

Belə mənim gözüm aydın. Hamiləymiş! Biz necə dayanmışıq növbəyə o da dayansın gözləsin, – uca səslə dilləndi.

− Ay Səyyarə xala, bir az insafın olsun. Görmürsən ayaq üstə güclə dayanır? Nolar ki, beşcə dəqiqəyə yeməyini bişirib gedəcək.

− Biz axşama kimi burda yatmayacağıq ki? Biz də beş dəqiqəyə bişirib gedirik də.

− Axı o, hamilədir, Səyyarə xala.

− Az, belə cəhənnəmə hamilədir. Ermənidən uşaq doğacaq, o da böyüyüb burada hamımızın başını kəsib gedəcək də. Nə yapışmısan axı hamilədir-hamilədir, – Səyyarə xala ağzı köpüklənə-köpüklənə növbəsindən çıxıb İlahəyə tərəf bir neçə addım atdı: − Gözləyir, hamı kimi canı çıxsın gözləsin, gözləmir cəhhənəm olub getsin.

İlahəyə tərəf çönüb mübahisə etməməsini demək istəsəm də, qəhər boğazıma dolduğundan danışa bilmədim. Onun dirsəyinə toxundum ki, lazım deyil.

Divardan tuta-tuta dəhlizə çıxdım. Bir neçə addım atmışdım ki, qarnımın altından dəhşətli bir sancı tutdu.

Özümdən asılı olmayaraq bir əlimi divara dayaq verərək bir əlimlə qarnımı tutub qışqırdım. Ağrı getdikcə daha da şiddətləndiyindən qeyri-ixtiyari olaraq qışqırırdım. Səsimə mətbəxdəkilər qaçıb gəldilər. İlahə qaçaraq gəlib qoluma girdi. Ətrafa baxıb həyacanlı halda: − Kömək edin, qurban olum, kömək edin, Elnurə doğur, – qışqırdı.

Lakin heç kim yerindən tərpənmədi. Səsimə Tubu xala da qaçaraq gəlib digər qoluma girib məni pilləkənə tərəf apardılar. Tubu xala üzünü otaqların birindən çıxan cavan oğlana tutub: − Fərhad, oğlum, xala qurban, qaç aşağıdan təcili yardıma zəng vur, – dedi və dərhal da nə düşündüsə: − Yox, təcili yardım gec olar, sən qaç bir taksi gətir, – deyə əlavə etdi.

Fərhad başını yelləyib, pillələrlə aşağı yüyürərək yoxa çıxdı.

Yataqxananın həyətinə düşdükdə taksi artıq orda idi. Fərhadın da köməkliyi ilə məni maşının arxa oturacağına uzatdılar. Fərhad qabaqda − sürücünün yanında əyləşdi, İlahə isə arxada − mənim yanımda oturub başımı dizlərinə qoyub, əllərimdən bərk-bərk tutdu.

Fərhaddan və taksi sürücüsündən utanaraq qışqırmamağa çalışsam da, arada ağrı o qədər güclü olurdu ki, qışqırmaya bilmirdim.

Artıq yarım saatdan çox idi ki, ana olmuşdum.

Oğlum olmuşdu. Uşağı hələ yaxşı görə bilməmişdim.

Doğuş olan kimi onu əskiyə bükərək apardılar. İçimdə bir narahatlıq vardı. Birdən uşağıma nəsə olar, ya elə özləri nəsə edərlər. Gözüm qapıda qalmışdı ki, kimsə gəlsin uşağımın necə olduğunu soruşum. Bir az sonra yaşlı bir tibb bacısı içəri girib mənə yaxınlaşaraq: − Elnurə sənsən? – deyə soruşdu.

− Hə, mənəm. Uşağım necədir, hardadır? − Həyacanlanaraq bir neçə sual dalbadal verdim.

− Qorxma, uşağın top kimidir, birazdan gətirəcəklər, əmizdirəsən, – deyib azca mənə tərəf əyilərək əlavə elədi: − Mən bura başqa şeyə görə gəlmişəm. Sevda doktor göndərib məni, pulunu istəyir.

− Nə pul? – təəccüblə soruşdum.

− Necə nə pul, ay qız? Səni o doğuzdurub. Bəs onun haqqını kim ödəyəcək? − Axı bura dövlətin xəstəxanasıdır, siz buradan maaş alırsız.

− Bura bax, mənə qanun oxuma burada. Camaat sənin dədənin nökəri deyil. Camaat əziyyət çəkib sənin küçüyünü doğuzdurub, haqqını istəyir.

Oğluma “küçük” deyəndə elə bildim ki, üzümə sərt bir şillə dəydi. Özümdən asılı olmadan qalxıb yerimdə oturub qəfil əlimi atıb yapışdım boğazından: − Mənim uşağım küçük deyil. Bunu hamınız anlayın artıq. Kimsə mənim uşağımı təhqir edə bilməz. Onu qoruyan bir anası var, − deyib, getdikcə daha möhkəm sıxmağa başladım.

Sıxdıqca gözləri bərəlir, üzü göyərir və dili ağzından çölə çıxırdı. Onun üzündə gördüyüm ifadələr tanış ifadələr olduğu üçün məni heç də qorxutmurdu.

Əsirlikdə olanda ermənilərin öldürdüyü əsirlərin üzlərində çox görmüşdüm bu ifadələri. Artıq yorulmuşdum, əzilməkdən, alçalmaqdan. Həyatın mənə çəkdirdiyi acıların qisasını bu qadından alacaqmışam kimi heç nə düşünmədən barmaqlarımı daha bərk sıxırdım. Onun isə yavaş-yavaş rəngi qaralır, gözləri hədəqəsindən çıxırdı.

Əlləri ilə biləklərimdən tutub sıxır, dartınır, xilas olmağa çalışırdı. Hərdən atdığı təpiklər və xilas olmağa çalışdığı zaman mənə vurduğu zərbələr məni daha əsəbiləşdirir və gözümü daha da qaraldırdı. Artıq o xırıldamağa başlamışdı. Sonra kimsə qolumdan tutub dartmağa başladı, daha bir kimsə barmaqlarımı açmağa cəhd göstərdi və istədiyinə də nail oldu. Qadın tappıltıyla arxası üstə döşəməyə yıxılaraq xırıldamağa başladı. Hər şey gözümdə dumanlı görünməyə başladı. Beynimdə bir uğultu yarandı.

Qarışıq, başa düşülməyəcək səslər, palataya doluşan adamlar, kiminsə qışqıra-qışqıra mənə nəsə deməsi. Bütün bunlar bir yuxu, xəyal kimi gəlirdi mənə. Sonra yəqin ki, huşumu itirmişəm. Çünki gözümü açanda ətrafda tam bir sükut hökm sürürdü. Sadəcə pəncərə şüşəsinə çırpılan yağış damcılarının səsi eşidilirdi. Başımı sağa çevirib döşəməyə baxdım. Qadın orada yox idi. Ayaq səsi eşidib azca dikəldim. Mənimlə bir palatada yatan digər qadın idi.

Çarpayısından qalxıb mənə yaxınlaşırdı: − Ayıldın? – deyə soruşdu.

Göz qapaqlarımı bir birinə sıxmaqla “hə” işarəsini verdim.

− Yazıq Sənubəri az qala öldürmüşdün, − gəlib çarpayımın ayaq tərəfində oturdu, − Həkimlər güclə ayıltdılar.

Cavab vermədim. Gözlərimi bir nöqtəyə zilləyib durmuşdum.

− Gedim deyim ayılmısan, uşağını gətirsinlər əmizdir.

Yazıq bayaqdan acından ağlayır, − deyib əlimi yavaşca sıxaraq ayağa qalxdı.

Bir neçə dəqiqə sonra yenidən palataya qayıtdı, arxasınca da bir tibb bacısı və qucağında mənim oğlum.

Tibb bacısı uşağı ehtiyatla qucağıma verdi. Oğlumu ilk dəfə görür və ilk dəfə qucağıma alırdım. Analıq hissi sözlə ifadə olunmayacaq bir hisdir. Onu qucağıma aldığım an indiyə kimi çəkdiyim bütün əzabları bir anlıq unutdum sanki. Elə bil ki, yeni bir həyata başlayırdım – analıq həyatına. Onun şirin yatışına baxdıqca, qoxusunu içimə çəkdicə özümü bu zülm və əzablarla dolu dünyada yox, tamam başqa, sakit, rahat bir dünyada hiss edirdim. Bəlkə də, Allah bu dünyada çəkdiyimiz əzablarla, ağrılarla, üzləşdiyimiz çıxılmaz vəziyyətlərin çətinliyi ilə bizə cəhənnəmin, bəzi xoş duyğularla isə (analıq hissi və s.), öz körpənin qığıltısı, qoxusu ilə cənnətin varlığını bizə xatırladır və ya hərəsindən çox cüzi bir hissə göstərməyə çalışır. Yaşadığımız hər əzab, hər çətinlik cəhənnəmin bu dünyada bir parçası, xoşbəxtlik, huzur isə cənnətin bir parçasıdır. Sadəcə şüurumuz bunu dərk etmək istəmir, alın yazısı, taleh deyib fərqinə varmırıq və ibrət götürmürük.

Oğlum elə döşümü əmə-əmə də yuxuya getdi.

Başımla tibb bacısına işarə etdim ki, gəlib götürsün. Dərin bir nəfəs alaraq qoxusunu içimə çəkib, alnından öpərək verdim tibb bacısının qucağına. Onlar qapıdan çıxana kimi gözümlə müşaiyət elədim. Qalxıb pəncərəyə yaxınlaşdım.

Hava artıq qaralmışdı. Bəlkə də, gecənin bir yarısıydı, bilmirəm, saatdan xəbərim yox idi. Nə qədər baxdımsa da, islanmış şüşədən uzaqdan işaran bir-iki bulanıq işıqdan başqa heç nə görə bilmədim.

Qayıdıb uzandım yerimə. İçimdə bir rahatlıq vardı.

Öz-özümdə düşündüm ki, yaxşı ki, təkidlərə, hədəqorxulara boyun əyməyib tələf etdirmədim uşağı. Yoxsa bir ömür özümü öz uşağımın qatili kimi görərdim və vicdanım heç vaxt rahatlıq tapmazdı. Hələ Xocalıda olarkən eşidəndə ki, kimsə uşağını abort etdirib o qədər də qəribə gəlməzdi mənə. Düşünürdüm ki, doğulmamış, üzünü görmədiyim bir şeydir, yəni çox adi gələrdi mənə abort. Amma hamilə olduğumu eşidəndə elə bil ki, içimdə hiss etdim o uşağı. Xəyalımda, təsəvvürümdə canlandırdım onu və düşündüm ki, aborta razılıq versəm, qatil olacam. Ondan sonra aborta razılıq vermiş ananı bir məhbusa günahsız olduğunu bilərək ölüm hökmü vermiş hakimə, abort edən həkimi isə günahsız olduğunu bilərək həmin məhkumun qətlini icra edən cəllada bənzədirəm.

Elə bu düşüncələrlə də yuxuya getdim.

Səhər Solmaz xala yanıma gəldi. Uşaq üçün müxtəlif oyuncaqlar və bir neçə dəst paltar almışdı. Ona da İlahə zəng vurub xəbər vermişdi. Dünən dayım evdə olduğu üçün gələ bilməmişdi, ona görə də bu gün dayımı işə yola salan kimi qaçıb gəlmişdi yanıma. Dayımdan gizlin gəldiyi üçün qalxıb alnımdan öpüb: − Mən gedim, qızım. Ya uşaqlar, ya dayın bilsə məni öldürər, − dedi.

− Çox sağ ol, Solmaz xala, çox əziyyət çəkirsən üstümdə.

Heç bilmirəm borcundan necə çıxacam.

− Qızım, mənim sənə etdiklərim sənin ananın mənə etdiklərinin yanında heç nədir, − dedi və gözləri yol çəkərək davam elədi, − Məni dayın qaçıranda babangil qəbul etmirdilər. Heç kimin məni görməyə gözü yox idi. Bircə anan durdu arxamda. Qorudu hamıdan, müdafiyə elədi, qoymadı kimsə məni əzə, alçalda. Mənə demək olar ki, bacı oldu o vaxtı anan… − dərindən ah çəkdi Solmaz xala.

Atan da bizə çox kömək edib. Biz Xocalıda yaşayanda dayın işsiz idi. İki körpə uşaqla çox çətin dolanırdıq.

Amma atan heç vaxt bizi nədənsə korluq çəkməyə qoymayıb. Zənbil-zənbil bazarlıq edib gətirərdi hər həftə.

Dayının cibinə pul qoyardı. Elə dayının bu işə düzəlməsində də, Mingəçevirdə ev almağımıza da atanın çox köməyi oldu. Dayın bütün bunları unutsa da, mən sənin ananın, atanın üstümüzdə olan haqqını itirmərəm, mənim balam.

Gözlərindən yanaqlarına süzülən yaşı silib ayağa qalxıb gülümsündü: − Yaxşı, qızım, mən gedim, gecdir daha. Nəyəsə ehtiyacın olsa, İlahəyə deyərsən mənə zəng vurar.

− Çox sağ ol, Solmaz xala.

Yerimdən qalxıb onu bərk-bərk qucaqladım.

Solmaz xala gedəndən sonra oğlumu gətirdilər, əmizdirdim. Bir saata yaxın da yanımda qaldı. Uşağı aparmağa gələn tibb bacısı əlində bir dənə qönçə qızılgül gətirib mənə çatacağını dedi.

− Kim verdi? – deyə soruşdum.

− Bir oğlan verdi. Xahiş etdi ki, sizə çatdırım.

− Oğlan? Necə oğlan idi? − Vallah, fikir vermədim, yalan deyərəm, − deyib uşağı götürüb getdi.

Fikir məni götürdü, kim göndərə bilərdi bu gülü mənə? Axı mənim bu şəhərdə tanıdığım elə bir adam yoxdur. Nə qədər fikirləşdimsə ağlıma bir kimsə gəlmədi.

Qalxıb stəkanı götürüb dəhlizə çıxıb tualetin yerini soruşdum. Dəhliz boyu arxamca deyilən “ermınidən uşaq doğan bu qızdır” sözlərini eşidirdim. Əsəblərim gərilsə də, özümü eşitməzliyə vurub, keçib getdim. Stəkanı suyla doldurub palataya qayıtdım. Gülün saplağını kəsib stəkana qoydum.

Uşaq qucağımda əlimdə iki selafon torba avtobus dayanacağına tərəf gedirdim. Arxadan kimsə adımı çağırdı, çevrilib baxdım. Bu həmin oğlan idi − sancım tutanda Tubu xalanın xahişi ilə mənə taksi gətirən oğlan. Hə, adı, deyəsən, Fərhad idi.

− Məni Tubu xala göndərib. Dedi piyada gəlməyəsən, − deyib başıyla yanında dayanmış taksini göstərdi.

− Tubu xala hardan bildi ki, bu gün çıxacam? Gülümsünərək çiynini çəkdi və maşının arxa qapısını açdı.

Yol boyu heç birimiz danışmadıq. Yataqxanaya çatanda uşağı mən götürdüm, torbalarımı isə Fərhad. İkinci mərtəbəyə qalxanda dəhlizdə Tubu xala ilə qarşılaşdıq. Məni görüb həm təəcübləndi, həm də sevindi.

− Ayy mənim gözəl balalarım gəlmiş. Mən də bayaq İlahədən soruşurdum ki, Elnurə nə vaxt çıxacaq gedək gətirək, − dedi.

− Çox sağ olsun Fərhad. Yolda təsadüfən rastlaşdıq, maşın tutub gətirdi − deyib Fərhada gözucu nəzər saldım, yanaqları qan çanağına dönmüşdü. Başını aşağı dikib dayanmışdı.

Otağıma keçəndə səsimizə İlahə də gəldi. Mənə uşağa baxmağın qaydalarını, bələməyi, altını dəyişməyi, hansı saatlarda yemək, hansı saatlarda su verməyi başa saldı. Tubu xala isə heç kimə fikir verməməyimi, başımı aşağı salıb uşağımla məşğul olub, həyatımı yaşamağımı tapşırdı. Həqiqətən, hər ikisinə necə təşəkkür edəcəyimi bilmirəm. Onlar olmasaydılar, mənə bu qədər dəstək olmasaydılar, çox çətin olardı mənə.

Fevral ayı olmasına baxmayaraq gün çıxmışdı, hava mülayim idi. Uşaq doğulandan bəri ancaq çörək almaq üçün mağazaya getdiyim istisna olmaqla evdən çölə çıxmamışdım. İlahə, Tubu xala və Solmaz xala sağ olsunlar, imkan vermirdilər ki, nədənsə korluq çəkim. Amma düşünürdüm ki, belə də olmaz, ömrümün axırına kimi kiməsə möhtac qala bilmərəm. Bir azdan uşaq böyüyəcək, xərcləri artacaq. Ona görə də bir iş tapıb özümü və uşağımı dolandırmalıyam.

Havanın günəşli olmasından istifadə edib bir az gəzməyi qərara aldım. Oğlumu geyindirib arabasına qoydum. Arabanı oğluma İlahə hədiyyə edib. Uşaqları böyüyüb. Daha arabaya ehtiyacı olmadığı üçün, həm də evdə qalıb yer tutduğuna görə hədiyyə elədi. Gödəkcəmi geyinib qapını açmışdım ki, gördüm qapının ağzına bir dənə qönçə qızılgül qoyulub. Doğum evindən çıxdığım gündən hər gün səhər qapının ağzına bir dənə qızılgül qoyulur. Hərdən elə olur ki, gülün yanına uşaq üçün oyuncaqlar da qoyulurdu. Nə qədər güdsəm də, gülü qoyanın kimliyini tapa bilməmişdim.

Parkın girişindən keçib gün tutan skamyalardan birində oturdum. Uşağın arabasını üzü günə tərəf qoydum ki, üşüməsin. Bir az oturmuşdum ki, bizdən bir az aralıdan üç-dörd oğlanın bizə tərəf baxaraq keçdiklərini gördüm.

İçlərindən biri aralanaraq mənə tərəf addımladı. Yaxınlaşanda tanıdım − dayımın kiçik oğlu Rəşad idi.

Gülümsünərək ayağa qalxıb ona əlimi uzadıb: − Rəşad, xoş gördük, necəsən? – dedim.

− Neynirsən burada? – əsəbi bir səslə soruşdu.

− Heç, uşağı çıxarmışam bir az hava alsın, − deyib gözümlə arabanı göstərdim.

− Erməni küçüyünü? − Rəşad…

− Küçüyünü də götür rədd ol get bu şəhərdən.

− Rəşad…

− Bir də şəhərdə qabağıma çıxsan, küçüyünü gözünün qabağında doğrayacam.

− Mən heç yerə getməyəcəm, sən kimsən ki, mənə qadağa qoyursan? − səsimin tonu nisbətən yüksəldi.

− İnanmırsan küçüyünü doğrayaram? – deyib uşaq arabasına tərəf cummaq istəyirdi ki, qarşısına keçib, iki əlimin içi ilə sinəsindən itələdim.

− Toxunma mənim uşağıma!  Qolumdan tutub sıxaraq məni kənara itələmək istəyirdi ki, sifətinə dəyən qəfil yumruqdan özünü saxlaya bilməyib səndələyib yıxıldı. Yumruğu vuran Fərhad idi. Bir əli ilə məni arxasına keçirib qarşımda üzü Rəşada tərəf dayanıb onun yerdən durmasını gözlədi. Rəşad yerdən qalxıb baş barmağıyla dodağından axan qanı silib: − Demək özünə sevgili də tapmısan. Yaxşı mən atama deyərəm, − deyib çevrilib yerə dəymiş çiynini ovxalayaovxalaya bir neçə addım atıb, geri çevrilib Fərhada – Səninlə də qalsın sonraya, − deyib getdi.

Fərhada sağ ol belə demədən skamyaya çöküb əllərimlə üzümü tutaraq hönkürdüm. Ağlayıb ürəyimi boşaldıb əlimi üzümdən çəkib arabaya baxdıqda uşağı orda görmədim. Başımı qaldırdıqda gördüm uşaq Fərhadın qucağındadır.

− Mən burda − parkın girişindəki gül dükanında işləyirəm. Bayaq oradan keçəndə gördüm sizi. İstədim gəlib biraz uşaqla oynayım, − mənə belə baxmadan elə uşaqla oynaya-oynaya dedi Fərhad.

− Bağışla, sənə də problem yaratdım − başımı aşağı salıb utana-utana dedim.

− Adı nədir bunun? – sanki məni eşitməyirmiş kimi soruşdu.

− Ad qoymamışam.

− Niyə? − Bilmirəm, ağlıma elə bir ad gəlməyib.

− Nəsimi olsun adı, − ərklə dilləndi.

− Niyə məhz Nəsimi? − Sevdiyim şairdir Nəsimi.

− Mən də çox sevirəm Nəsimini. Məktəbdə şeirlərini sevə-sevə oxuyurdum, əksəriyyətini də əzbər bilirdim.

Başıma o qədər oyun gəldi ki, hamısını unutmuşam, beynim tamam başqa şeylərlə yüklənib.

− Neçənci sinifə kimi oxumusan? − On birinci sinifdəydim.

Nəsə düşünüb dedi: − Məncə sən təhsini davam etdirməlisən. Mayın axırı məktəblər bağlananda sənədlərini hazırla ver məktəblərin birinə. Sentyabrdan on birinci sinfi yenidən oxu. Sonra imkan olar universitetə, ya texnikuma imtahan verərsən.

Fərhadın fikri ağlabatan idi. Heç indiyə kimi ağlıma gəlməmişdi. Həm özümün, həm uşağımın gələcəyi üçün oxumalıydım, yoxsa belə normal bir iş tapmaq mənim üçün çox çətin olacaqdı. Məktəblərin yerini də tapmaqda mənə kömək edəcəyinə söz verib sağollaşıb getdi. Mən də arabanın üzünü evə tərəf döndərdim.

Günlər bir-birini o qədər sürətlə qovurdu ki, yazın nə vaxt, necə gəlməyindən xəbərim olmayıb. Demək olar ki, monoton bir həyat tərzi keçirirəm, hər gün hər şey təkrarlanır. Hər səhər qapımın ağzına bir dənə qızılgül qoyulur. İlahə, Tubu xala hər gün bizə gəlir, hər gəlişlərində də əli boş olmurlar. Solmaz xala həftədə biriki dəfə imkan tapdıqca bir neçə dəqiqəlik gəlib dəyib tez də qaçıb gedir. Hər gün səhər uşağı parka çıxarıram və hər dəfə də Fərhad gəlir bir az uşaqla oynayıb gedir. Hər gün günortadan sonra uşağı İlahəyə tapşırıb düşüb iş axtarıram.

Fərhad oğluma elə Nəsimi deyə müraciyət edir. Mən də elə öyrəşmişəm, Nəsimi deyirəm. Nəsimi Fərhada çox öyrəşib. Hər dəfə parka gedəndə arabasından boylanaraq onu axtarır, uzaqdan onun gəldiyini görəndə isə gülümsünüb özünə məxsus səslər çıxarırdı.

May ayının axırı sənədlərimi toplayıb Fərhadın məsləhət gördüyü məktəbə yollandım. Məktəb direktoruna başıma gələnləri danışıb təhsilimi davam etdirmək istədiyimi dedim. Uşağım olduğunu biləndə qətiyyətlə “yox” cavabı verdi. Səbəb isə bu oldu ki, mən artıq qadınam, uşağım var. Belə vəziyyətdə orta məktəbdə məktəblilərin tərbiyəsini poza bilərəm. Demək olar ki, şəhərin bütün məktəblərini gəzdim. Amma hamısından eyni cavabı aldığım üçün oxumaq, təhsilimi davam etdirmək sevdamdan əl çəkdim və yenidən iş axtarmağa davam etməyi qərara aldım.

Bu gün yenə iş axtararaq bütün şəhəri gəzib yoruldum. Evə getməmişdən yol üstü bir su alıb parka döndüm ki, biraz oturub ayaqlarımın dincini alım, sonra yoluma davam edim. Elə bir az oturmuşdum ki, bir qadın da gəlib yanımda oturdu. Oturan kimi də başladı zəma- nədən gileylənməyə. Ona qulaq asdıqca arada özümdən asılı olmayaraq ah çəkirdim. Bu qadının nəzərindən yayınmadı.

− Nə olub, qızım? Niyə tez-tez ah çəkirsən? Bir dərdinmi var? − İş axtarıram, xala, işsizəm. Bir uşaqla yataqxanada qalıram, işə hava, su kimi ehtiyacım var, amma bu lənətə gəlmiş şəhərdə iş sanki bir tikə əppək olub göyə çəkilib.

− Haranısa bitirmisənmi, qızım, təhsilin varmı? – deyə soruşdu. Cavabında başıma gələnləri ona danışdım.

Qadın bir az düşünüb məndən telefon nömrəmi istədi, mən də yataqxananın nömrəsini verdim. İki gün keçmişdi ki, yataqxana komendantı məni telefona çağırdıqlarını dedi. Həmin qadın idi, mənimlə parkda elə həmin skamyada görüşmək istədiyini, mənə iş tapdığını dedi. Sevindiyimdən dəstəyi asıb, komendanta sağ ol belə deməyi unudaraq otağıma qaçdım. Tələsik geyinib Nəsimini İlahəyə verib parka qaçdım. Qadın oturub məni gözləyirdi. İş Gürcüstanın Tbilisi şəhərində idi. Həmidə xalanın (qadının adı belə idi) bir qohumunun orada dərzi sexi var. Tikiş bacaran, əl qabiliyyəti olan qız, qadınları burdan aparıb orda işlə təmin edirdi. Niyə məhz burdan işçi yığırdı ki, istəmir fabrikində azərbaycanlılardan başqa millətlər işləsin ona görə. Düşünəcəyimi deyib, Həmidə xalanın üzündən öpüb, evə gəldim. İlahəyə, Tubu xalaya olanları danışdım. Hər ikisi dedilər ki, bir az risklidir.

Çünki buradan qadınları başqa ölkələrdə işə düzəltmək adı ilə aparıb orada fahişəliyə məcbur edən vicdansız adamlar çoxdur.

Gecəni səhərə kimi demək olar ki, gözümə yuxu getmədi. Düşündüm və risk etməyi qərara aldım. Onsuz da burda bir iş tapa bilmirdim və çox güman ki, bu gedişlə heç tapa bilməyəcəm də. Ona görə də qərara aldım ki, onsuzda itirəcək bir şeyim yoxdur, risk edim. Lap görsəm ki, vəziyyət İlahəgilin dediyi kimidir bir yolun tapıb qaçaram.

Səhər Nəsimini İlahənin yanında qoyub sənədlərimi düzəltmək üçün evdən çıxdım. Hardan başlayacağımı, hansı idarələrə gedəcəyimi bilmədiyim üçün Fərhaddan kömək istəmək qərarına gəlib, onun işlədiyi gül dükanına getdim. O da İlahəylə Tubu xalanın dediyini deyib narazılığını bildirdi, amma israrlı olduğumu görüb mənə kömək eləmək üçün həmin günə işdən icazə aldı. Üç günə mənim və Nəsiminin xarici ölkəyə getmək üçün lazım olan bütün sənədlər hazır oldu. Uşağın adını elə sənədlərdə də Nəsimi yazdırdım. Həmidə xalaya zəng vurub getməyə hazır olduğumu dedim.

Tbilisiyə çatanda artıq səhər açılmışdı. Şəhər demək olar ki, dağlarla əhatə olunduğundan günəş də elə dağların arxasından boylanaraq öz şəfəqləri ilə şəhəri qıdıqlayıb oyatmağa çalışırdı. Şəhər müasir bina və tikililərlə zəngin olsa da, özünə məxsus qədimliyini də qoruyub saxlamağı bacarmışdı. Tbilisi, ümumiyyətlə, Gürcüstan haqqında o qədər də məlumatlı deyildim. Hər dəfə Tbilisi adı eşidəndə Şota Rustavelinin yazdığı “Pələng dərisi geymiş pəhləvan” əsəri yadıma düşür, gözümün önündə Avtandil, Tariel və Firidunun qəhrəmanlıqları canlanır.

Tbilisi avtovağzalında bizi bir nəfər oğlan qarşılayıb, qalacağımız yerə onun maşınıyla gedəcəyimizi dedi. Məndən əlavə daha üç nəfər qadın da Həmidə xalanın dediyi dərzi sexində işləmək üçün Azərbaycandan gəlmişdi. Bizi gətirən maşın iki mərtəbəli köhnə bir binanın qarşısında dayandı. Özünü Malik kimi təqdim edən sürücü bizi − dördümüzü də həmin binanın birinci mərtəbəsində yerləşən iki otaqlı bir mənzildə yerləşdirib, bu gün dincəlməyimizi, işə sabahdan başlayacağımızı dedi. Yaxınlarda uşaq bağçası olub-olmadığını soruşdum.

Çünki uşaqla işləməyim bir az çətin olacaqdı. Malik dedi ki, qonşuluqda Klara xala adlı yaşlı bir qadın var. Dayəlik edir. Sabah danışıb uşağı onun yanında qoyarıq. Gecəni səhərə kimi dəhşətli yuxular görərək tez-tez ayılırdım.

Yuxuda gah oğlumu əlimdən alıb satırdılar, gah özümü zorlayırdılar. Hər dəfə tər su içində ayılıb ətrafa baxıb, oğlumun yanımda yatdığını görüb rahatlaşırdım.

Səhər Malik dalımızca gəldi. Nəsimini Klara xala deyilən qadının yanına apardıq. Malik dedi ki, Rza bəyə (Rza bəy işləyəcəyim yerin sahibidir) mənim vəziyyətim haqda məlumat verib, o da mən ilk maaşımı alana kimi dayənin pulunu ödəməyi Malikə tapşırıb. Bura gəldiyim ilk gündən yaxşı adamlarla rastlaşırdım.

Klara xala bizi gülər üzlə qarşıladı. Maliklə rus dilində danışırdılar deyə başa düşmürdüm nədən danışırlar, amma söhbətin məğzindən başa düşdüm ki, Nəsimi Malikin ona gətirdiyi ilk uşaq deyil. Yəqin ki, mənim kimi uşaqlı qadınlar çox olub Rza bəyin dərzi sexində işləyən.

Nəsimini Klara xalaya tapşırıb hər üçümüz Malikin maşınına əyləşərək dərzi sexinə yola düşdük. Həmidə xalanın sex dediyi, əslində, böyük bir tikiş fabriki idi.

Fabrikin böyük bir həyətyanı sahəsində üç tikili vardı.

Malik tikililərlə bizi tanış etdi. Həyətin tam ortasında yerləşən uzun bina tikiş sexi, sağ tərəf küncdəki bina ofis binası, tikiş sexinə yaxın şüşəli bina isə yeməkxana idi.

Söhbət edə-edə sağ tərəfə − ofisə doğru addımladıq. Sənədlərimizi kadrlar şöbəsinə təqdim edib üstündə gürcü dilində nəsə yazılmış bir qapının önündə gözlədik. Malik dedi ki, bura Rza bəyin otağıdır. O hər bir işə götürdüyü işçiylə şəxsən özü tanış olmasa, işə götürmür. Nəhayət ki, mənim növbəm çatdı. Həyəcan və qorxu hissləri bir-birinə qarışmışdı. Həyəcanlanırdım ki, birdən başıma gələnləri eşidib məni işə qəbul etməz, qorxurdum ki, birdən bu da digərləri kimi mənim bədənimə göz dikər. Qapını döyüb içəri daxil oldum. Geniş bir kabineti vardı Rza bəyin.

Qapıyla paralel küncdə divardan televizor asılmışdı, hansısa Azərbaycan kanalından veriliş gedirdi. Üzbəüz divarda pəncərələr idi və pəncərə boyu uzun dəri divan qoyulmuş, divanın qarşısında divanın rənginə uyğun mebeldən jurnal stolu vardı. Girən kimi sol tərəfdə Rza bəyin masası yerləşirdi ki, masanın qarşısında iki dənə üzbəüz kreslo qoyulmuşdu. Masanın üstündə Gürcüstan və Azərbaycanın bayraqları Rza bəyin arxasındakı divarda isə Heydər Əliyevlə Zviad Qamsaxurdiya (1991-1993-cü illərdə Gürcüstan prezidenti) portretləri asılmışdı.

Rza bəy 55-60 yaşlarında ağ-gümüşü rəngə çalan saçları olan bir adam idi. İçəri daxil olub salam verdim, başıyla salamımı alıb, əli ilə kresloların birində mənə yer göstərdi. Həyəcandan əllərimi daraqlayıb bir birinə keçirmişdim ki, əllərimin əsməsini hiss etməsin. Bura kimin vəsitəsilə gəldiyimi soruşduqda Həmidə xalanın adını çəkdiyimdə ciddi çöhrəsində bir təbəssüm yarandı.

− Hə, o körpə uşağı olan qız sənsən, Xocalı qaçqını? – deyə soruşdu.

− Bəli, mənəm.

Həmidə zəng vurub, sənin haqqında danışıb mənə.

Bildiyimə görə başın çox bəlalar çəkib. Nə qədər ki, burdasan − mənim yanımda işləyirsən sən də, övladın da özünüzü güvəndə hiss edə bilərsiz. Get işinlə tanış ol, mən də lazımi tapşırıqları verəcəm Malikə.

Sevindiyimdən az qaldım qalxıb kişini qucaqlayam. Necə təşəkkür edəcəyimi bilmədən “sağ olun” deyib qaçaraq otaqdan çıxdım.

Malikin tapşırığı ilə bir dərzi qadının yanında köməkçi vəzifəsinə təyin edildim. Bir ay köməkçi kimi işləyib işi öyrənəndən sonra dərzi işləyə bilərdim. Afaq − yanında şagird olduğum dərzi qadın otuz yaşında sarışın, şən, zarafatcıl biri idi. Çalışırdı ki, bütün bildiklərini mənə öyrətsin. Gürcüstanda yaşayan azərbaycanlılardan idi.

Bir ay ərzində dərziliyin bütün sirlərinə yiyələnə bildim. Həm əvvəldən də əl qabiliyyətim yaxşı idi bu sahədə. Ona görə də o qədər çətinliyim olmadı. İşlərim yolunda gedirdi. Otaq yoldaşlarım da yaxşı adamlardı.

Nəsimi də Klara xalaya öyrəşmişdi, hələ elə olurdu ki, gecələr də ağlayır, qadından ayrılmaq istəmir, onunla qalırdı. Klara xalanın sayəsində rus dilini də öyrənmişdim, necə deyərlər çulumu sudan çıxarmağı bacarırdım. Hər gün işdən sonra və əsas da istirahət günlərində qızlarla şəhəri gəzirdik deyə artıq şəhəri də tanımağa başlamışdım.

Çox vaxtı özüm tək şəhərə çıxır “Köhnə şəhərin” dar küçələrində gəzir, Narikala məbədinin qalıqlarını, Şah Rostomun hamamlarını, Metexi kilsəsini, Tiflis cümə məscidini gəzir, oradan “Yeni şəhərə” düşür, Rustaveli prospektinə çıxır, Kür çayının sahilində saatlarla oturub gözümü çaya zilləyib xəyallara dalıram. Mingəçevirdə də həmdəmim, sirr ortağım Kür çayı idi, burada da. Getdikcə daha çox bağlanırdım bu çaya. Arada baxdıqca insanlara bənzədirəm Kürü. Sakit-sakit axmağına baxmayaraq arada bir də görürsən suyu bulanır, lilləşir, sanki kiməsə, nəyəsə, bəlkə də, zəmanəyə, bəlkə də, insanlara əsəbiləşir. İnsanlar həyatda hər şeyə məhdudiyyət qoyduqları kimi Kürün də azadlığını əlindən alıb, qarşısında bəndlər tikiblər. Deyirlər insan Allahın şah əsəridir, amma mən düşünürəm ki, insan Allahın səhvidir. Dünyada baş verən bütün nanəcibliklər Adəm övladı tərəfindən törədilir. Ağaclar qırılır, atmosfer korlanır, heyvanların kökü kəsilir, təbiət insan əli ilə məhvə doğru gedir. Əgər bütün bunlar yaşamaq üçün edilirsə, bu gedişlə sonda təbiət məhv olacaqsa, təbiəti olmayan bir dünyada hansı yaşamaqdan söz açmaq olar.

İnsan övladı təbiəti məhv etdiyi kimi özü-özünü də məhv edir. Müharibələr, tökülən qanlar, kəsilən başlar, qundaqdaca öldürülən körpələr. Bütün bunları düşündükcə öz fikrimlə tam razılaşıram ki, Allah bir gün insanı yaratdığına peşman olub əsəbiləşəcək və bütün yaratdıqlarını Qiyamət qoparıb məhv edəcək.

Günəş qüruba doğru irəlilədiyindən şəhərin üstünə dağların kölgəsi düşməyə başlayırdı. Evə getmək vaxtıydı.

Prospekti keçib avtobus dayanacağına çatdım. Bazar günü olduğundan avtobusda o qədər də adam yox idi. Keçib oturdum. Məndən qarşıdakı oturacaqda gənc qızla oğlan oturmuşdu. Bir-birilərinə çox yaxın oturmaqlarından, qızın arada başını oğlanın çiyninə qoymasından sevgili olduqları bəlli olurdu. Elə hardasa mən yaşda olardılar. Çox xoşbəxt görünürdülər. Baxdıqca içim dağlanırdı. Bir vaxtlar mən də bu cür xoşbəxtliyi yaşayırdım, mən də Sadiqlə gələcəyimizə xəyallar qururdum, xoşbəxt həyat, isti yuva, ailə, uşaq düşünürdüm. Nə vaxtsa arzularımın gerçəkləşəcəyinə, xəyallarımda qurduğum həyatı yaşayacağıma inanırdım. İndi isə bunları xəyal belə edə bilmirdim. Sevdiyim insan − xəyallarımın səbəbkarı həyatda olmayandan sonra necə xəyal edə bilərdim ki? Sadiq mənim üçün cismən ölmüşdüsə də, ruhən yaşayırdı, mən isə cismən yaşayır, ruhən ölümüşəm sanki. İnsanın yaşamaq istədiyi həyatı xəyal belə edə bilməməsi elə cismən yaşayıb, ruhən ölməsi deməkdir.

Evə çatanda hava artıq qaralmışdı. Nəsmini götürmək üçün Klara xalanın qapısını döydüm. Qadın qapını açıb şəhadət barmağını dodaqlarına qoyub sakit olmamı işarə eləyib, pıçıltıyla dedi ki, Nəsimi yatıb. Oyatmayım, qalsın, sabah götürərəm. Təşəkkür edib evə getdim. Qızlar qəhvə falına baxırdılar. Mənə də təklif etdilər, etiraz etdim.

Özümə dəftər və qələm almışdım gündəlik yazmaq üçün.

Xocalıda olanda yazdığım gündəlik qaldı ordakı evimizdə.

Son yazdığım tarix 25 fevral 1992-ci il idi. Həmin gün Sadiq ilk dəfə məni əlimdən öpmüşdü və həmin gün onunla son görüşüm oldu. Unudulmaz günlərimdən olduğu üçün sonda tarixin altından qırmızı qələmlə xətt çəkmişdim. Hardan bilərdim ki, altına qırmızı xətt çəkdiyim bu tarix mənim həyatıma heç zaman unudulmayacaq bir “qırmızı xətt” çəkəcək.

Gecə qızlar yatandan sonra stolüstü lampanın işığında yazmağa başladım. Qırmızıyla xətlədiyim tarixdən bu günə kimi baş verənləri, başıma gələnləri, əsirlikdə yaşadıqlarımı, əsirlikdən sonrakı həyatımı qısaca olaraq yazıb bitirdiyimdə artıq gecə saat üçdən keçmişdi. Dəftəri qatlayıb döşəyimin altında gizlədib uzandım yerimə.

Afaq xanımı sexə briqadir, məni isə onun yerinə dərzi təyin etmişdilər. Çox mehriban qadındır. Bu bir ay ərzində bir-birimizə o qədər bağlanmışdıq ki, iş vaxtı qutarandan sonra da ayrılmaq istəmirdik. Bir dəfə işdən sonra təkid edərək məni evlərinə qonaq apardı, əriylə oğluyla tanış etdi. Gürcüstanın Marnaule rayonundan işsizlikdən qaçaraq paytaxta gəlmişlər. Əri Məhəmməd Azərbaycan restoranlarının birində kabaçı, özü isə bizim fabrikdə işləməyə başlamışlar. Məhəmmdəd də çox mehriban, qayğıkeş və gülərüz bir insandır. Gözlərinin ağı qarası oğullarının altı yaşı var. Gülərkən qabaqdan tökülmüş mırıq dişləri mənə Həmidi xatırlatdığı üçün onu daha da çox istəyirdim.

Bu gün maaşımı almışdım, işdən çıxanda bir az bazarlıq edim deyə maqazinə girdim. Kassanın qarşısında dayanıb aldıqlarımı paketləyirdim ki, arxamdan bir tanış səs satıcıdan siqaretin qiymətini soruşdu. Yox, bu ola bilməzdi, yəqin, səhv edirəm. Bu onun səsi ola bilməzdi! Həmin səs satıcıyla aldığı siqaret və onun keyfiyyəti barədə söhbət etməyə başladı. Dinlədikcə səsin onun səsi olduğuna daha da əmin olurdum. Qorxu və həyəcandan əllərimin əsdiyini, ayaqlarımın titrədiyini hiss etdim.

Çönüb arxaya baxmaq istəyirdim, amma onu gördükdə mənə yaşatdıqlarının yenidən yaşayacağımdan qorxub yerimdə donub qalmışdım. Nə edəcəyimi, hansı addımı atacağımı düşünürdüm ki, satıcının “başqa bir şey lazımdır?” sualı məni fikirdən ayıltdı. Paketlərimi götürüb, təşəkkür edib, qorxa-qorxa arxaya çevrildim. Bəli, bu o idi − anamın, qardaşımın, atamın, Sadiqimin qatili, mənim qızlığımın sahibi, qansız, əcalf Samvel idi. Əlimdəkiləri yerə atıb, atılıb boğazından yapışmaq istəyirdim ki, satıcıyla sağollaşıb maqazini tərk etdi və mən də dərhal onun dalınca çıxdım. Səkinin üstüylə aşağı məhəlləyə doğru gedirdi. Cəld maqazinə qayıdıb paketlərimi satıcıya verib, təcili işim çıxdığını, yükümün burda qalmasını, birazdan gəlib götürəcəyimi xahiş etdim və əlimdəkilər satıcıya verərək küçəyə qaçdım. O qədər də uzaqlaşmamışdı. Arxasınca düşüb izləməyə başladım. Qarşıdakı tindən sola burulub, köhnə məhəllələr deyilən yerə tərəf addımladı. Qapısının üstündə rəngarəng işıqlarla “Bar” yazılmış bir yerə girdi. İçəri girib-girməməyimə qərar verə bilmirdim, amma onu itirə bilməzdim deyə özümdən asılı olmadan içəri daxil oldum. Yarıqaranlıq, rəngarəng işıqlar sayrışan, siqaret tüstüsüylə dolu bir zal idi. Qapıyla üzbəüz müxtəlif içkilərlə dolu bar piştaxtası, divar boyu isə dörd nəfərlik masalar düzülmüşdü. Hansısa xarici musiqi səslənir və bu musiqinin sədaları altında yarıçılpaq geyinmiş, əllərində siqaret bir neçə qadın rəqs edirdi. Bir anlıq gözüm qaranlığa alışsın deyə qapının ağzında durub, sonra gözlərimlə onu axtarmağa başladım. Bar piştaxtasının sol tərəfində küncdəki masada əyləşmişdi. Soyuqqanlı olmalı və özümü itirməməliydim. Piştaxtaya yaxınlaşaraq qalxıb piştaxta qarşısına düzülmüş yerində fırlanan kətillərin birində oturub bir kokteyl sifariş verdim və gözümün ucuyla onun masasını izləməyə başladım. Ofsiant qızla nə barədəsə gülə-gülə danışırdı. Qarşımda − piştaxta arxasında barmen də onu görüb gülümsəyərək başıyla salam verdi.

− Deyəsən daimi müştərinizdir? – deyə barmendən soruşub, başımla Samveli göstərdim.

− Hə, artıq neçə aydır ki, hər gün axşamlar gəlir. Çoxlu pulu var, – iki barmağını bir birinə sürtərək pul işarəsi göstərərək qımışdı.

− Bəs nəyə xərcləyir o çoxlu pulu? Ancaq içkiyə? − O qadın xəstəsidir. Bizim bara da çoxlu gözəl qadınlar gəlir, hər gün birini seçib aparır.

− Bəs onda onun pulundan sizə nə, o ki, pulunu qadınlara xərcləyir, sizə yox.

− Bizim barın öz qanunları var. Əgər bir qadın müştərisini bizim bardan tapıb gedirsə, qazancının otuz faizini bara verir.

− O, qadınları özü seçir?  − Bəli, bizim ofsiantımız müştəri axtaran qadınları ona göstərir, o isə qıraqdan baxıb seçimini edir.

− Bəs mən sabah gəlsəm, sizin ofsiantınız məni də ona göstərə bilərmi? − Əlbəttə, sadəcə dediyim kimi otuz faizi bizimdir.

Stəkanın dibində qalmış bir qurtum kokteyli başıma çəkib yerimdən qalxaraq barmenə tərəf əyilərək: − Sabah gələcəm, əgər məni ona bəyəndirə bilsəz və o məni seçsə əlli faiz sizindir, – deyib oranı tərk etdim.

Küçəyə çıxanda hava artıq qaralmışdı. İti addımlarla şeylərimi qoyduğum maqazinə tərəf yüyürdüm.

Paketlərimi götürüb taksiyə oturub evə sürdürdüm.

Gecəni səhərə kimi yatmayıb beynimdə müxtəlif planlar cızmağa başladım. Allah mənə qisas almağım üçün bir fürsət vermişdi və bu fürsətdən necə istifadə etməyim artıq məndən asılı idi. Qisasımı almaq üçün hər şeyə hazır idim və içimdə az da olsa, qorxu hissi yox idi. Şansımı əlimdən buraxsaydım, özümü heç zaman bağışlamazdım.

Səhəri demək olar ki, diri gözlə açdım.

İş vaxtının bitməsini səbirsizliklə gözləyirdim.

Nəhayət ki, iş vaxtının bitdiyini bildirən zəng çalındı.

Yolda qızlara, burada uzaq bir qohumumu tapdığımı bu gecəni onlarda qalacağımı və Klara xalaya Nəsimidən muğayat olmasını deyib, onlardan ayrıldım. Taksiyə oturub şəhər mərkəzinə getdim. Mağazaları gəzib özümə dar, mini bir ətək, qarnı açıq bir köynək alıb elə mağazanın soyunub-geyinmə otağında geyinib, qarşıma çıxan ilk gözəllik salonuna girdim. Saçlarımı qısa kəsdirib, üzümü makiyaj elətdirdim. Güzgüdə özümə baxdığımda dünən barda gördüyüm fahişələrdən heç də fərqlənmədiyimi gördüm.

Barda elə dünənki ab-havaydı: siqaret tütüsü, yarı qaranlıq zal, sayrışan rəngli işıqlar və ortalıqda oynayan fahişələr. Yaxınlaşıb barın arxasında oturub, kokteyl sifariş verdim. Barmen əvvəl tanımadı məni, sonra bir az diqqətlə baxıb: − Sən? – deyə soruşdu.

− Aha, mən.

− Çox dəyişmisən.

− Müştəriniz gəlməyib hələ? İçəri göz gəzdirib: − Harda olsa, gələr, − dedi.

Başımı yuxarıdan aşağı yelləyib, kokteylimdən bir qurtum içdim. Yarım saatdan bir az çox vaxt keçmişdi, amma o, hələ görünmürdü. Masaların arxası yavaş-yavaş dolmağa başlayırdı. Saata baxdım, doqquza az qalırdı.

Ofsiant qız barmenə yaxınlaşıb, gözüylə məni göstərərk qulağına nəsə pıçıldadı. Barmen yaxınlaşıb piştaxtanın arxasından mənə tərəf uzanaraq: − Səni başqa müştərilər də istəyir, getmək istəmərsən? – dedi.

Başımı yellədim.

− Fərqi nədir ki, müştəri müştəridir.

− Onun pulu daha çoxdur.

Gülümsünüb digər müştəriyə yaxınlaşdı.

Onun nə vaxt gəlib içəri girməsindən xəbərim olmamışdı, bir də gözümün ucuyla baxdım ki, elə dünənki masada oturub ofsiant qızla danışır. Dərindən nəfəs alıb, kokteylimi içməyə davam elədim. Pivə və bir neçə çərəz sifariş verdi. İçəridəki qızlar onu gördükcə yaxınlaşıb görüşür, hərəsi bir az söhbət etdikdən sonra yenidən ya oynamaqlarına davam edir, ya da başqa müştərilərin masalarında otururdular. Bir dəfə də üzümü çevirəndə gördüm ki, ofsiant qız məni göstərərk ona nəsə deyir, o isə başını yelləyərək gülümsünürdü. Qəfil yerimdən qalxıb onun masasına tərəf getdim. Stulu çəkib: Olar? – deyə soruşdum və cavab gözləmədən də əyləşdim, − Tanış olaq, adım Marina, − deyib əlimi uzatdım.

Yerindən azca qalxıb, uzatdığım əlimi tutub, öpərək: − Samvel, − dedi.

Bir müddət məni süzüb: − Nə içəcəksən? – deyə soruşdu.

− Heç nə, sadəcə məni buradan sakit bir yerə apar.

Yerindən qalxıb, əlini arxa cibinə aparıb, pul qabını çıxararaq: − Bara nə qədər verəcəksən? – deyə soruşdu.

− Əlli dollar bara verəcəm, əlli də mənə verərsən bəs edər.

Bardan çıxanda narın yağış çısələyirdi. Hava da günortakına nisbətən soyumuşdu. Samvel mənə gözləməyi tapşırıb, özü taksi dalınca getdi və iki dəqiqə keçməmiş qarşımda bir taksi dayandı. Samvel arxa qapını açıb əli ilə məni çağırdı. Taksiyə oturana kimi içimdə nə bir qorxu, nə də həyəcan vardı. Arxa oturacaqda Samvelin yanında oturdum. Özüm də bilmirdim nə edirdim, bu işin axırı necə olacaqdı. Qəfil içimə qorxu düşdü. Birdən duyuq düşüb, məqsədimi anladı və məni öldürdü. Bəs o zaman oğlumun aqibəti necə olacaq, ona kim baxacaq. İçimdəki bu suallara özüm də cavab tapmağa çalışırdım. Yəqin uşaq evinə verərlər. Əgər uşaq evinə versələr, yaxşı olar. Ən azından Azərbaycanda deyil, burada böyüyər, kim olduğundan xəbəri olmaz, həm də “erməni oğlu” qınaqlarından uzaq olar. Onsuz da, artıq bu yolun dönüşü yox, ya öləcəm, ya da öldürəcəm.

Maşın bir binanın qarşısında dayandı. Maşından düşəndə yağış biraz da güclənmişdi. Binanın blokuna girib, dördüncü mərtəbəyə qalxdıq. Samvel açar çıxarıb qapını açıb, məni içəri ötürüb özü də dalımca girdi. Ev bir otaqdan ibarət idi. Ortada bir taxta masa, ətrafında iki dənə taxta oturacaq, Divarda köhnə bir servant, onunla üzbəüz isə dəmir çarpayı qoyulmuşdu. Çarpayının ətrafı boş araq, konyaq, pivə şüşələri ilə doluydu. Samvel oturacaqlardan birini çəkib çarpayının yanına qoydu. Sevantdan bir şüşə konyak və iki stəkan götürüb stulun üstünə qoydu. Əliylə başının arxasını qaşıyaraq nə fikirləşdisə, servantın digər bir gözünü açıb şokalad götürdü. Onu da masanın üstünə qoyub ağır bədənini çarpayıya çırparaq məni də əlimdən tutub dartaraq yanında otuzdurdu. Çiyinlərimdən tutub, boynumdan, boğazımdan öpməyə başladı. Əlimlə onu kənara itələyərək: − Tələsmə, gəl biraz içək sonra, − deyib gülümsədim.

− Əla fikirdir, − deyib, konyak şüşəsinin ağzını açıb stəkanlara süzdü.

Adama iki stəkan içəndən sonra düşündüm ki, vaxt udmaq üçün onu söhbətə tutmalıyam.

− Gürcüsən? – deyə sual verdim.

− Yox, erməniyəm, istirahət edirəm burada. Gələn həftə qayıdacam Ermənistana. Bəs sən hardansan, ləhcən qafqaz ləhcəsidir.

− Mən rusam, amma Bakıda doğulub böyümüşəm, ona görə ləhcəm qafqaz ləhcəsidir.

− Oho… Bakı − mənim doğma vətənim. Mən də Bakıda doğulmuşam, çox sevirəm oraları. Çox az qalıb. Tezliklə türklərin axırına çıxıb, Bakını da alıb böyük Ermənistan yaradacayıq.

Qan vurdu beynimə, konyak şüşəsini götürüb təpəsinə vurmaq istədim, amma yenə də səbrimi sıxıb, yalandan gülümsədim. Stəkanları konyakla doldurub birini mənə uzadaraq: − Bunu da içək böyük Ermənistanın şərəfinə, − deyib stəkanı başına çəkib, məni qucaqladı və yenə boynumdan öpə-öpə bir əlini ayaqlarımın arasına saldı. Çırpınıb əlindən çıxaraq ayağa durdum.

− Tualetə getməliyəm, − deyib dəhlizə oradan da tualetə qaçıb, qapını arxadan bağladım. Unitazda oturub nə edəcəyimi, necə edəcəyimi düşünürdüm ki, gözüm başımın üstündən keçən paltar asmaq üçün ipə sataşdı. Cəld yerimdən qalxıb ipi mismarlardan açıb əlimdə bükərək tualetdən çıxdım. Çıxarkən gözüm mətbəxdəki masanın üstündə böyük bir mətbəxt bıçağına sataşdı. Bıçağı da götürüb arxadan saldım ətəyimin belinə. Samvel köynəyini çıxararaq çarpayıda uzanmışdı. İpi ona göstərib gülümsədim.

− Onu neynirsən? – deyə soruşdu.

− Əllərini bağlayacam.

− Zarafat edirsən? − Yox, sənə bu gecə bir həzz yaşadacam ki, bara gələndə hər dəfə məni seçəcəksən.

Əvvəl tərəddüd etsə də, sonradan razılaşdı. Əllərini qaldırıb başının üstündə çarpayının dəmir millərinə bərkbərk bağladım. Əlimlə dartışdırıb açılmayacağından əmin olandan sonra, oturdum çarpayının ayaq tərəfində və onun şalvarını çəkib əynindən çıxardım. Mən şalvarını çıxardıqca saralmış dişləriylə üzümə baxıb hırıldayırdı. Şalvarı çıxarıb yerə atdım.

− Bilirsən mən kiməm? – deyə soruşdum.

− Marinasan, necə yəni kimsən.

− Xeyr, mən Marina deyiləm, rus da deyiləm. Mən azərbaycanlıyam və Xocalıdanam.

− Başa düşmürəm nə demək istədiyini, − deyib qalxıb oturmaq istəyirdi, amma əlləri çarpayıya bağlı olduğundan qalxa bilmədi. Hər ehtimala qarşı ətəyimin belindən bıçağı çıxarıb sinəsinə dirədim ki, birdən əli açılarsa, bıçağı saplayım ürəyinə.

− Dəli olmusan sən, bu nə zarafatdır?! – deyə bağırdı.

Şəhadət barmağımı dodaqlarıma qoyub: − Sus… Sakit ol! İndi sənə hər şeyi başa salacam, − dedim və başıma gələnləri bir-bir danışdım ona.

İlan vurmuş adam kimi yerindən sıçrayıb qalxmaq istəyirdi ki, yenə əlləri bağlı olduğundan qalxa bilmədi.

Bıçağın ucunu bu dəfə boğazına dirəyib tərpənməməsini əmr etdim.

Öldürmə məni, − deyib yalvarmağa başladı, − Sənə çoxlu pul verərəm, gedib öz vətənində istədiyin kimi yaşayarsan. İnanmırsan, bax ordadır, − başıyla servantın lap yuxarıdakı gözünü göstərdi, − çoxlu puldur, dollardır hamısı. Götür çıx get, nə sən məni tanıyırsan, nə də mən səni, amma öldürmə məni.

Ayağa qalxıb otaqda var gəl eləməyə başladım.

İndiyə kimi bir qarışqanı belə öldürməmişdim, indi necə adam öldürəcəkdim. Həyəcandan əllərim əsirdi. Yox, mən adam öldürə bilmərəm, cəsarətim çatmaz buna. Yaxşı bəs nə edəcəm deyə düşündüm. Gözüm yarımçıq konyak şüşəsinə sataşdı. Cəld şüşəni götürüb başıma çəkib, döşəməyə atıb, servantın pul olan gözünü açdım. Doğurdan da, selafon torbaya bükülü bir xeyli Amerika dolları vardı.

− Hə, götür, hamısını götür və çıx get, – Samvel sevincək dedi.

− Kəs səsini! – deyə qışqırıb, pulları masanın üstünə qoydum.

Konyak yavaş yavaş öz işini görürdü. Bədənimə xüsusi bir istilik yayılırdı, həyacan və qorxu da yavaşyavaş yox olurdu. Özümü tanıya bilmirdim, tamamən dəyişib başqa bir insan olmuşdum. Gəlib yenə çarpayının ayaq tərəfində oturdum. Samvel gözlərini üzümə bərəl- dərək nə edəcəyimi gözləyirdi.

Səni asanlıqla öldürməyəcəm, mənə yaşatdığın əzabları bu gecə sən də çəkəcəksən, − deyə-deyə çəkib onun alt paltarını əynindən çıxarıb əlimdə bükərək penisindən tutdum və digər əlimdəki bıçaqla penisini dibindən kəsməyə başladım. İlk dəfə bıçağı onun murdar ətinə çəkəndə sıçrayan qan ürəyimin çırpınmasına səbəb olurdu.

İyrənməyə başlayırdım. Amma tez özümü topladım. Onun mənim başıma gətirdiyi oyunları xatırladıqca bıçağı lap ürəklə çəkirdim. Onun nərildəməyi, bağırmağı, yalvarmağı mənə təsir etmirdi. Cansız bir ət parçası kimi kəsirdim onu. Kəsdikcə isə əsəb və nifrət gözümü lap çox qaraltmağa başlayırdı.Yavaş-yavaş, əzab verə-verə kəsirdim, işgəncədən artıq zövq almağa başlayırdım. Bitməsini istəməsəm də, kəsib qurtardım. Sonra əlimdəki parçanı Oturacağın üstünə atdım. Samvel yerində qıvrılaraq ayı kimi böyürməyə başladı. Səsini qonşular eşitməsinlər deyə qanlı alt paltarını ağzına dürtdüm. O yerində çabaladıqca qan fışqıraraq divara səpələnirdi. Kənara çəkilib bir müddət onun ağrıdan əzab çəkməsinə tamaşa elədim. Qan artıq fışqırtıyla deyil, yavaş-yavaş axırdı. Qalxıb mətbəxə keçdim, duz qabını götürüb qayıtdım və çevirib içindəki duzu kəsdiyim yerə tökdüm. Yenidən bağırmağa başlayanda ağzındakı alt paltarını barmağımla boğazına doğru itələdim. Biraz bağırıb yenə zarımağa başladı. Tez-tez nəfəs aldıqca piyli qarnı qalxıb enirdi. Bir saata yaxın belə zarıdı və səsi kəsildi. Qalxıb iki barmağımı boynuna dirədim və gördüm ki, nəbzi hələ atır, demək hələ ölməmişdi. Bir müddət də oturub gözlədim. Gözüm divardakı saata sataşdı, beşə on dəqiqə işləyirdi. Bir daha nəbzini yoxladım, vurmurdu, artıq qan itirmədən ölmüşdü.

Bundan sonra nə edəcəyimi qərarlaşdırmaq üçün, oxu- duğum bütün detektiv əsərləri yadıma salmağa çalışdım.

Qatil cinayət yerini tərk etməzdən qabaq nə etməlidir? İlk növbədə qurbanının öldüyünə tam əmin olmalıdır. Bunu düşünüb bıçağı yerdən götürüb Samvelin ürəyinə sapladım. Nə səsi çıxdı, nə də tərpəndi, çoxdan ölmüşdü, ölməmişdisə də, indi dəqiq öldü. Daha sonra cinayət yerində iz buraxmamaq üçün əl izləri təmizlənməlidir.

Cəld çantamdan dəsmalımı çıxarıb hara toxunmuşdumsa, oraları sildim. Hamama keçib əlimin qanını yuyub, masanın üstündəki pulları çantama yığıb tələsik küçəyə çıxdım. Blokdan ayağımı çölə bir addım atmışdım ki, ildırım çaxdı, göy guruldadı, yağan yağış leysanla əvəz olundu. Başımı yuxarı qaldırıb, buludlu, qaranlıq səmaya baxaraq əllərimi yana açaraq dərindən nəfəs aldım. Həm özümün, həm əzizlərimin qisasını almışdım, bundan gözəl nə ola bilərdi ki. Soyuq yağış üz-gözümü islatdıqca konyakın da təsiri gedirdi. Dar küçələrlə keçib ana yola çıxdım. Sağa-sola baxdım gözümə bir dənə də olsun maşın dəymirdi. Yolun kənarıyla biraz getmişdim ki, gecəgündüz işləyən bir mağazanın qabağında ağ rəngli bir taksinin dayandığını gördüm. Yaxınlaşıb əllərimi şüşəyə dirəyib maşının içinə baxdım, kimsə yox idi. Girdim mağazaya. Yaşlı bir kişi satıcıyla söhbət edirdi.

− Sürücü sizsiniz? –barmağımla çöldəki maşını göstərdim.

− Bəli, mənəm, amma daha işləmirəm, evə getməyə hazırlaşıram.

− Mən sizə iki qat pul ödəyərəm.

Nə fikirləşdisə razılaşdı.

Taksidən düşüb bloka girdim. Səhərə az qalırdı, bu vaxtı evə girsəydim şübhə yaradardım deyə elə blokda pilləkənin üstündə oturub başımı divara söykəyərək yuxuladım. Səhər küçədən keçən maşınların səsinə oyandım. Bu geyimdə evə girə bilməzdim. Tələsik blokdan çıxıb evin arxasındakı parka keçdim. Yağış kəsib gün çıxmağına baxmayaraq, havada sərinlik vardı. Gecədən də yaxşıca islanmışdım deyə üşüyürdüm. Bir saata kimi də parkda oturdum. Artıq qızlar işə getmiş olardılar, qalxıb evə gedib əynimi dəyişdim. Azca qızdırmam varıydı, həm də yuxusuz idim. Qonşuya keçib Malikə zəng vurub, xəstə olduğumu, bu gün işə gələ bilməyəcəyimi deyib, evə qayıdıb duş alıb yatdım.

O gündən sonra hər gün televizorda xəbərlər proqramını izləyirdim. İki gün sonra belə bir xəbər verildi: “Ermənistan vətəndaşı olan Samvel Qriqoryan Tbilisidə kirayə qaldığı evdə cinsiyyət üzvü kəsilərək qətlə yetirilmişdi. Polis qətlin qisas zəmnində baş verdiyini deyir. Şahidlərin dediyinə görə mərhum qətlə yetirilməmişdən bir neçə saat qabaq bardan bir qadınla çıxmışdır. Şahid ifadələrinə əsasən qadının foto robotu çəkilmişdir və hal-hazırda polis həmin qadının axtarışındadır”. Canıma qorxu düşdü, heç barda məni tanıdıqlarını düşünməmişdim. Bir neçə gün heç hara çıxmadım, ancaq işə gedib, evə gəlirdim. Artıq burada qala bilməzdim, Mingəçevirə qayıtmaq fikrindəydim ki, amma sərhədi necə keçəcəkdim əgər polis məni axtarırdısa. Çətin bir vəziyyətdəydim. Çox düşünüb, götür-qoy edəndən sonra Rza bəyə hər şeyi danışıb ondan kömək istəmək qərarına gəldim.

Rza bəy məni xoş üzlə qarşılayıb, oturmağa yer göstərdi.

− Necəsən, qızım, işlərin necə gedir, oğlun necədir? − Çox sağ olun, Rza bəy. Hər şey yaxşıdır, amma böyük bir problemim var, köməyinizə ehtiyacım var.

Sağ qaşını yuxarı dartıb: − Buyur, qızım, əlimdən nə gəlirsə, kömək edərəm.

− Rza bəy, heç bilmirəm hardan, necə başlayım.

− Rahat ol, qızım, utanıb çəkinmə, mən də sənin əmin, dayın.

− Rza bəy, mən adam öldürmüşəm.

− Nə?!… – deyib yerindən dik atıldı, − necə yəni adam öldürmüşəm, zarafat edirsən? − Xeyr, Rza bəy, mən həqiqətən də adam öldümüşəm, − deyib və hadisəni bütün təfsilatı ilə danışdım. Sözümü bitirib, hönkürtüylə ağladım.

Rza bəy ayağa qalxıb, başının arxasını qaşıya-qaşıya bir neçə dəqiqə otaqda var gəl edib, qayıdıb oturdu yerində.

− Qorxma, qızım, ağlama da, sən adam öldürməmisən, sən bir it gəbərtmisən, haqqına da eləmisən, − nəsə düşünüb aramla sözünə davam elədi, − əvvəlcə işin nə yerdə olduğunu bilmək lazımdır, sonra nəyi necə etməyə qərar vermək. Şəhər polis idarəsində mənim müstəntiq dostum var, ondan öyrənərik indi işin nə yerdə olduğunu. – deyib stolun üstündəki çox saylı telefon aparatlarından birinin dəstəyini qaldıraraq nömrəni yığıb, on-on beş dəqiqə gürcü dilində nəsə danışıb dəstəyi yerinə asdı.

Vəziyyət o qədər də ürək açan deyil. Polis o itin ölümündə sırf bardan çıxdığı qızı, yəni səni günahkar bilir.

Şahid ifadələrinə görə həmin qız, yəni sən Samvellə getmək üçün israr etmisən və bunun üçün də bara artıq məbləğdə pul təklif etmisən ki, bu da şübhələri sənin üzərində cəmləyir.

Yenə qalxıb otaqda var gəl etməyə başladı. Qapını açıb dəhlizə: − Qızım, bizə iki çay, – deyib bağladı və gəlib yerində oturdu.

Əlini başları arasına alıb fikrə getdi. Otaqda dərin bir sükut hökm sürürdü, divardakı saat hər taqqıldadıqca sanki beynimə vururdu. Ağır sükutu katibə qızın qapını taqqıldadaraq əlində iki çayla içəri girməsi pozdu. Rza bəy çayından bir qurtum içib, stəkanı nəlbəkiyə qoyaraq: − Səni ölkədən çıxarmaq lazımdır, amma necə sərhəd keçid məntəqəsində dəqiq tutulacaqsan, − çənəsini qaşıyaraq yenə fikrə dalaraq davam elədi, − demək qanuni yolla deyil, qaçaq keçməlisən sərhədi, – deyib cəld stolun üstündəki qara dəri üzlüklü qalın dəftərçəni qarşısına çəkərək tez-tez vərəqləməyə başladı. Dəftərçəni vərəqləyərək axırıncı səhifəyə çatıb, yenə əvvəldən bu dəfə bir az aramla vərəqləyərək, − hə, tapdım, – deyərək şəhadət barmağını mənim oxuya bilmədiyim bir yazının ütsündə saxladı və cəld telefon dəstəyini qaldıraraq nömrə yığıb, yarım saata kimi gürcü dilində nəsə uzun-uzadı danışdıqdan sonra üzünü mənə tutaraq gülümsəyərək: − Get evə heç kimə heç nə demədən hazırlaş, − dedi, − axşam Malik gəlib səni götürəcək. Narahat olma, səni sərhəddən sağ-salamat Azərbaycana keçirəcəklər.

Sevincimdən qalxıb onun buynunu qucaqlayaraq ağladım: − Çox sağ olun, Rza bəy, nə yaxşı ki, sizin kimi yaxşı insanlar var.

− Bir şey deyil, qızım, özündən muğayat ol, – dedi və alnımdan öpdü.

Qapıdan çıxarkən arxadan məni çağırdı, çiynimin üstündən çevrilib ona baxdım, gözləri dolmuşdu: − Qızım, kaş ki hər bir Azərbaycan övladı sənin kimi işğal olunmuş torpaqlarımızın, şəhidlərimizin, günahsız qətlə yetirilən həmvətənlərimizin qisasını ala bilərdi, – dedi.

Evə çatıb özümün və Nəsimin əşyalarını yığdım.

Çox şey götürmədim ki, qızlar şübhələnməsinlər. Yerimə girib özümü yatmış kimi göstərdim. Gecə saat üçdə pəncərənin qabağında maşın səsi eşidib pəncərədən baxdım ki, Malikin maşınıdır. Çantalarımı bir əlimə, Nəsimini isə ədyala bükərək digər əlimlə qucağıma alıb barmaqlarımın ucunda qapını açıb çölə çıxdım.

Yarım saatdan bir az çox yol gedib Rustavi şəhərinə çatdıq. Şəhərin girişində bizi “Mersedes” markalı bir maşın qarşıladı. Maşından iki nəfər düşüb bizim maşına yaxınlaşdılar, Maliklə gürcü dilində nəsə danışdıqdan sonra Malik arxaya çevrilərək: − Düş, onların maşınına otur, qorxma Rza bəyin dostlarıdılar, səni sərhəddən keçirəcəklər, – dedi.

Maliklə sağollaşıb təşəkkürümü bildirib həmin adamların maşınına oturdum. Yol boyu ancaq öz aralarında asta səslə danışdılar, məndənsə heç nə soruşmadılar. Bir saat sonra Qırmızı körpü deyilən Gürcüstan−Azərbaycan sərhədinə çatdıq. Sərhədi keçərkən bizim maşınımızı yoxlamadılar. Sərhədçilər maşının nömrəsinə baxıb, əsgəri salam verərək şlaqbaumları açıb bizi sərhəddən buraxdılar. Eyni hal Azərbaycan tərəfdə də təkrarlandı. Məni Azərbaycan tərəfdə düşürüb, rus dilində burdaa o tərəfə özümün gedəcəyimi deyib, maşınlarına minərək uzaqlaşdılar. Gecəni burada qalıb səhərin açılmağını gözləmək istəyirdim ki, səhər marşrutla Mingəçevirə gedim və birdən yadıma düşdü ki, çantamda yetərincə pul varsa, niyə marşrut gözləməliyəm ki? Bir taksiyə oturub Mingəçevirə sürməsini xahiş etdim.

Mingəçevirə çatanda artıq səhər açılırdı. Nəsimini və çantalarımı götürüb, evə keçib əşyalarımı yerbəyer edib, yatağıma uzanıb yuxuya getdim. Yuxudan Nəsiminin səsinə oyandım. Pəncərədən çölə baxdım ki, artıq səhər açılıb. Qalxıb əynimi dəyişib uşağı da qucağıma alıb ərzaq almaq üçün maqazinə getmək üçün dəhlizə çıxdığımda qapısının ağzını süpürən İlahəylə qarşılaşdım. Bizi gördükdə süpürgə əlində donub qaldı.

− Yuxu görürəm mən? – deyə təəccübünü gizlədə bilmədi.

− Yox, yuxu görmürsən, bu bizik, gəlmişik, – deyib boş əlimi onu qucaqlamaq üçün açdım.

Əlindəki süpürgəni yerə ataraq üstümə qaçıb məni bərk-bərk qucaqladı. Nəsimini və məni dəfələrlə öpə-öpə: − Ay qız, nə vaxt gəlmisiz belə xəbərsiz? – deyib yenidən məni qucaqladı.

− Dünən gecə. Gecə deyəndə ki, səhərə yaxın artıq çatmışdım evə.

Nə düşündüsə, qəfil üzünü dəhlizin qaranlığına tutub: − Tubu xala, ay Tubu xala çıx gör kimlər gəlib, – deyə qışqırmağa başladı.

Tubu xalagilin qapısı açılaraq arvad hövlank özünü çölə atıb: − Nə olub, ay qız, nə qışqırırsan, qan-bağır elədin, − və bizi görüb sözü ağzında yarımçıq qaldı. Bir anlıq yerində duruxub, − Bıy… mənim balalarım gəlib ki, − deyərək qollarını yana geniş açaraq üstümə qaçıb məni bərk-bərk qucaqlayıb dayanmadan bir neçə dəfə məni, Nəsimini öpməyə başladı. Çiyinlərimdən tutub məni özündən aralayaraq üzümə diqqətlə baxıb, − Saçlarını kəsdirmisən, daha da gözəlləşmisən, − deyib yenidən qucaqladı.

Onlarla biraz söhbət etdikdən sonra mağazaya getmək üçün aşağı düşdüm. Blokdan çıxarkən Səyyarə arvadla üz-üzə gəldim. Gülümsəyərək salam verdim. Məni tərs-tərs aşağıdan yuxarı süzərək: − Rədd olub getmişdin, içimiz rahat idi, − deyib, yanımdan ötüb keçdi.

Həmin gün İlahə uşaqlarıyla axşama kimi bizdə oldu. Mən Gürcüstan həyatımdan, o isə mən olmayanda burada olanlardan dınışdıq doyunca. Gecə onlar gedəndən sonra gündəliyimi qabağıma qoyub olanları qeyd elədim.

Solmaz xala üçün darıxmışdım. İlahə söz verdi ki, sabah zəng vurub ona gəldiyimi deyəcək. Fərhadı da görə bilməmişdim deyə sabah onun iş yerinə getməyi fikirləşdim.

Səhər durub Nəsimini geyindirib evdən çıxdım.

Üzü parka doğru getdikcə payızın sərinliyi canıma dolurdu. Ən sevdiyim fəsildir payız. Üzümü səmaya tutub günəşə baxdım. Sanki günəş də mənim kimi həyatını acılarla yaşamış, həyatdan küsmüş, rəngi soluxmuş bir vəziyyətdəydi. Arabir qarşısına buludlar keçir, amma tez də buludun arxasından başını çıxararaq soluxmuş bəniziylə zorla təbbəsüm edir yerə. Bəlkə də günəş və yer sevgilidilər və küsüblər bir-birlərindən, ona görə də günəşin rəngi belə solğundur. Yer isə küskünlüyünü bozarmış torpağıyla, saralaraq yarpaqları tökülmüş ağaclarıyla biruzə verir.

Yolu keçib Fərhadın işlədiyi gül dükanına yaxınlaşdım. İçəri girməyərək qapının ağzında dayandım. İçəridə müştəri vardı, başı gül bağlamağa qarışmışdı deyə bizi görmürdü. Birdən başını qaldırıb qapının ağzında bizi görüb əvvəl təəccübləndi, sonra gülümsünərək gəlirəm dedi. Müştərini yola salıb piştaxtanın dalından sıçrayaraq çıxıb bizə tərəf yüyürdü. Çatan kimi də Nəsimini qucağımdan alıb atıb tumağa başladı: − Maşallah, nə yaman böyüyüb bu, − deyib uşağı öpərək yenidən atıb tutmağa başladı.

− Az qalıb, üç aydan sonra bir yaşı olur.

− Hə, daha yekə kişi olur. Nə vaxt gəlmisiz? − Dünən.

− Qayıdacaqsan? − Yox, daha həmişəlik burdayam.

Üzündə xüsusi bir təbəssüm yarandı: − Nə yaxşı oldu bu. Darıxmışdım, − ani sükut və əlavə elədi, − Nəsimi üçün.

Yanındakı oğlana birazdan qayıdacağını deyib bizimlə parka düşdü. Bir saata yaxın gəzdik. Gah Nəsiminin əlindən tutub yeridir, gah da boynuna alıb gəzdirirdi.

Həmin gündən sonra yenə də hər səhər oyandıqda qapımın ağzında bir dənə qızılgül olurdu. Heç birini də atmırdım, solana kimi stəkanda suya qoyub stolun üstünə qoyurdum, solduqda isə ləçəklərini qoparıb saxlayırdım.

Beləcə günlər bir birini qovurdu. Solmaz xala arada gəlib bir-iki saat oturub gedirdi, hərdən Həmidə xalayla görüşüb söhbət edir, Rza bəyi soruşurdum, o da onun da tez-tez məni soruşduğunu deyirdi, arada parka çıxır, Nəsimini gəzdirir və hər dəfəsində də Fərhad da işdən icazə alaraq bizə qoşulurdu. Amma bütün bunlarla yanaşı da hər gün qonşular tərəfindən təhqirlərə məruz qalırdım. Nəsimi böyüdükcə bu təhqirlərin və təhqir edənlərin sayı getdikcə artırdı. Artıq məhlədəki mağazadan da heç nə ala bilmirdim. Mağazanı işlədən − adını bilmədiyim kişi bir gün mənə dedi ki: “Mənim erməni uşağının anasına satılacaq malım yoxdur, get başqa yerdən al”  Nəsiminin ad gününə bir neçə gün qalmışdı.

Bazardan evə gəlirdim, uşaq da qucağımda. Yolun kənarında bir maşın saxladı, arxa qapı açılaraq dayım düşdü. Sevinərək: − Dayı, − deyib üstünə getdim.

Amma dayım məni sinəmdən itələyərək: − Cəhənnəm olub getmişdin, nəyə qayıtdın yenə bura, başımızı aşağı eləməyə? – dedi.

− Dayı…

− Mənə dayı demə, nə vaxt o qucağındakı küçüyü rədd edərsən, o zaman dayı deyərsən.

− Bu mənim uşağımdır, dayı, mən necə ondan əl çəkim axı? − Mən nə bilim, öldür, apar at Kürə. Neynirsən elə. Ya onu rədd elə, ya da özün rədd ol bu şəhərdən.

İnana bilmirdim eşitdiklərimə, nə danışırdı dayım, necə yəni özüm öz uşağımı öldürməliyəm. İnsan da heç öz övladının qatili olardımı? Heyvanlarda instiktlə bala sevgisi deyə bir şey var. Heç bir heyvan öz balasına qıymır, böyüyənə kimi onu başqa canlılardan qoruyur, yemləyir. Bəs şüurlu insan niyə öz balasına qıysın axı, yəni insan heyvan qədər deyilmi ki, öz övladını məhv eləsin.

− Dayı, axı sən də bir valideynsən, sənin də övladların var axı, insan necə öz övladına qıya bilər? – dedim.

− Bura bax, sən öz küçüyünlə mənim oğlanlarımı bir tutma. Sənə dedim götür zibilinidə rədd ol get bu şəhərdən, bəsdir biabır etdin bizi el içində.

Artıq əsəbimə hakim ola bilmirdim, özümdən asılı olmadan qışqırdım: − Mənim uşağım zibil deyil, küçük də deyil, bəsdirin əl çə… – sifətimə dəyən şillədən yerimdə səndirlədim, yıxılmamaq üçün yaxınlığımdakı ağacdan tutdum. Şillənin səsindən uşaq qucağımda diksindi və ağlamağa başladı.

Uşağı köksümə sıxıb: − Bu gündən mənim sən adda dayım yoxdur, – deyib üzümü çevirib getdim.

Arxamdan: − Sənə bir gün vaxt verirəm, rədd olub şəhərdən getməsən, başına it oyunu açdıracam, – qışqırdı və maşın qapısının taqqıltısı gəldi.

Nəsiminin ad gününü İlahə, Tubu xala, Fərhad və Həmidə xalayla birgə öz evimizdə qeyd elədik. Solmaz xala da gəlib ayaq üstü təbrik etdi, dayımın qorxusundan çox otura bilməyib getdi. Ad günündən sonra təhdid və tənqidlərin sayı artırdı. Bir neçə dəfə küçədə Rəşad qabağımı kəsib hədə-qorxu gələrək şəhəri tərk etməmi tələb etmişdi. Nəsimini oynamaq üçün yataqxananın dəhlizinə buraxırdım, qonşular hamısı öz uşaqlarını evlərinə çəkirdilər. Oturub düşündüm ki, artıq burada bu vəziyyətdə qala bilməyəcəm. Uşaq böyüdükcə özünə də “erməni oğlusan” deyib alçaldacaqlar. Bakıya getməyi düşünürdüm. Amma Bakıya hara, kimin yanına gedəcəkdim.

Samveldən götürdüyüm pullarla da uzağı beş-altı ay dolana bilərdim, bəs sonra nə olacaqdı, ölkədə işsizlik baş alıb getdiyi bir halda mən necə iş tapa biləcəkdim. Bunları düşünərək Bakıya getmək fikrindən daşındım.

Yanvar ayı son günlərini yaşayırdı. Bu il qış sərt gəlmişdi, qar yağmasa da, şaxtadan küçəyə çıxmaq olmurdu. Evdən ancaq ya dükana, ya da kitabxanaya getmək üçün çıxırdım. Bütün günü evdə oturub ya uşaqla oynayır, ya da kitab oxuyurdum. Mətbəxdə təhqirlərlə qarşılaşmamaq üçün kiçik bir elektrik pilətəsi alıb yeməkləri də elə evdə bişirirdim.

Bir gün səhər yuxudan dəhlizdən gələn səs-küyə oyandım. Yerimdən qalxıb əynimi geyinib, dəhlizə çıxıb gördüm ki, dəhliz polislərlə doludur. İlahədən nə baş verdiyini soruşduqda, dedi ki: “Gecə komendantın otağını yarıblar, çoxlu sayda əşya və pul oğurlayıblar”. Mənə aidiyyatı olmayan bir şey olduğu üçün qapını örtüb keçdim içəri. Nəsimi üçün səhər yeməyinə sıyıq bişirməyə hazırlaşırdım ki, qapı döyüldü. Açdığımda qarşımda bir polis mayoru dayanmışdı. Salam belə vermədən: − Mən buranın sahə müvəkkiliyəm, adım Telmandır. Gecə baş vermiş oğurluqla bağlı hamının izahatını alırıq, – deyib, təklif belə gözləmədən içəri keçib stul çəkib oturdu, − gecə oğurluq olarkən bir səs-küy, ya şühəli nəsə eşitməmisən? Qapını örtüb, keçib onunla üzbəüz çarpayıda əyləşdim. Gördüyünüz kimi komendantın otağı birinci, mən isə ikinci mərtəbədə qalıram, ona görə də mənim nəsə bir səs eşitməyim mümkünsüzdür.

Furajkasını çıxarıb stolun üstünə qoyaraq keçəl başını qaşıyaraq: − Amma qonşuların dediyinə görə oğurluq baş verən saatlarda səni birinci mərtəbədən yuxarı çıxan görüblər, – dedi.

− Ola bilməz! – deyib yerimdən qalxdım.

Səsimə uşaq yuxudan oyanıb ağlamağa başladı.

Uşağı ədyala büküb qucağıma aldım. Yalandır, mən gecə səhərə kimi yatmışam, səhər də sizin səs-küyünüzə oyanmışam yuxudan, – dedim.

− Bura bax, ay qız, səsini üstümə qaldırma. Diqqətlə qulaq as, gör nə deyirəm. Sənə bir həftə vaxt verirəm, ya rədd olub buralardan gedəcəksən, ya da oğurluğu üstünə yıxıb səni basacam içəri.

− Mən heç yerə getməyəcəm, günahım olmayan, etmədiyim bir işi də üstümə yıxmağa haqqınız çatmır. İndi isə evimi tərk edin, – deyib barmağımla qapını göstərdim.

Furajkasını götürüb, keçəl başını bir daha qaşıyaraq qoydu başına və ağır-ağır yerindən qalxaraq qapıya tərəf addımladı. Qapıya çatanda çevrilib: − Otur yaxşı-yaxşı fikirləş, bir həftə vaxtın var fikirləşməyə, – deyib, qapını açaraq çıxdı.

Qapı bağlanan kimi oturdum çarpayıya. Əsəbdən əllərim əsirdi. “Axı mən kimə neyləmişəm, İlahi, nə istəyirlər bunlar məndən” öz-özümə pıçıldadım.

Bir həftə sonra səhər yuxudan qapının döyülməsinə oyandım. Qapını sanki yumruqla döyürdülər, həm də dayanmadan. Tələsik yerimdən qalxıb, xalatımı əynimə keçirib qapını açdım. İki nəfər polis işçisiydi, mənə polis bölməsinə getməyimi dedilər. Səbəbini soruşduqda, orada deyəcəklər dedilər. Əslində səbəbi bilirdim. Əynimi geyinib, Nəsmini İlahəyə verib polislərlə birgə aşağı düşdüm. Məni polis maşınına mindirərək polis bölməsinə gətirdilər. Üstündə “Əməliyyat müvəkkili polis kapitanı Cavadov” yazılan bir qapını açaraq məni içəri ötürdülər.

İçəridə otuz beş-qırx yaşlarında bir kapitan əyləşmişdi.

Məni görüncə: − Əyləş, – deyib başıyla qarşısındakı stulu göstərdi.

Stul çəkib oturdum. Kapitan bir müddət məni süzüb: − Yəqin ki, nəyə görə burda olduğunu bilirsən? – deyə soruşdu.

− Təxmin etmişəm, – dedim.

− Yəni oğurluqda əlin olduğunu etiraf edirsən.

− Xeyr, siz nə danışırsız, mənim heç nədən xəbərim yoxdur, mən oğurluq etməmişəm, – deyib, yerimdən qalxdım.

− Otur aşağı, − sərt səslə oturmamı əmr etdi, − bəs o zaman burada neyləyirsən? − Oğurluq baş verən günün sabahı sahə müvəkkili adı, deyəsən, Telman idi, hə, Telman mənə dedi ki, bir həftə müddətinə şəhəri tərk etməsəm, oğurluğu mənim üstümə yıxacaq.

− Utanmırsan, oğurluq etməyin bəs deyil, hələ polisin üstünə şər də atırsan! – deyərək üstümə qışqırdı.

− İnanın mənə, vallah, mənim heç nədən xəbərim yoxdur, böhtan atırlar mənə, – ağlamsınaraq dedim.

− Ay qız, bura sənin üçün məscid deyil ki, and içəsən, inanaq. Polis bölməsindəsən sən və oğurluq baş verən saatlarda səni komendantın otağının qabağında görüblər.

− Ola bilməz, mən o gecə oğlumla yatmışdım, heç dəhlizə belə çıxmamışam qaldı ki, aşağı düşəm.

Cavadov stolunun üstündəki düyməni basaraq: − Şahidləri gətirin, – dedi.

Bir az sonra qapı açılaraq Səyyarə arvad və iki nəfər başqa adlarını bilmədiyim qonşum içəri girdilər. Hər üçü üzümə duraraq dirəşdilər ki, oğurluq baş verən gecə saat üç-dörd radələrində məni komendantın otağının qarşısında görüblər. Ağlayıb, yalvardım, yalandan üstümə şər atmamalarını xahiş etdim, amma xeyri olmadı. Onlar gedəndən sonra kapitan Cavadov mənimlə mülayim danışmağa başladı: − Bax, gözəlim, şahid ifadələri də var. Artıq oğurluğu danmağının bir xeyri yoxdur. Biz bilirik ki, sən bu işi tək görməmisən. Eşitmişəm ki, körpə uşağında var, heç olmasa, ona yazığın gəlsin. Gəl yaxşı qız ol, onların adlarını denən, mən də sənə kömək edim icbari işlə canını qurtar, get.

− Axı mən oğurluq etməmişəm, inanın mənə, mənim heç nədən xəbərim yoxdur, – deyib, hönkürərək əllərimlə üzümü tutdum.

− Daha özün bil, gedib səkkiz il içəridə çürüyərsən ağlın başına gələr, – dedi və səsində bayaqkı mülayimlikdən əsər qalmamışdı.

− Axı niyə belə edirsiz? – deyib başımı qaldıraraq yaşlı gözlərimlə ona baxdım.

− Mən sadəcə işimi yerinə yetirirəm, − deyib, stolun üstündəki sarıya çalan kağız qovluğu qarşısına çəkib, vərəqləyərək sözünə davam etdi, − indi dur get və şəhərdən kənara çıxma. İstintaq bitənə kimi səni hər zaman bura çağıra bilərik.

Ordan çıxıb gəldim evə. İlahə və Tubu xala da məni tək qoymamaq üçün axşama kimi oturdular yanımda.

Artıq şəhərdən çıxışıma da qadağa qoyulmuşdu. Səhəri gün polislər gəlib evimdə axtarış apardılar və döşəyin altından Samveldən götürdüyüm bir neçə yüz dolları tapdılar. Gürcüstanda işlədiyim müddətdə aldığım maaşdan yığdığım puldur desəm də, onlar həmin pulların komendantın evindən oğurlandığını deyib müsadirə etdilər. Artıq çörək almağa belə bir qəpik pulum da qalmamışdı. Bir neçə gün sonra məni Mingəçevir şəhər prokurorluğuna çağırdılar. İşi aparan prokuror da kapitan Cavadov kimi oğurluqda kimlərlə əlbir olduğumu deyəcəyim halda mənə bir neçə il icbari iş kəsəcəyini, əks halda işin bir həftə ərzində məhkəməyə göndərəcəyini dedi. Yenə şahid qismində həmin qonşularım çağırılaraq dindirildi və yenə də üzümə duraraq oğurluq baş verən gecə məni komendantın otağının qarşısında gördüklərini dedilər.

Heç bir çıxış yolum qalmamışdı. İşlətmədiyim bir cinayətdə suçlanaraq həbsə atılacaqdım. Nə qədər düşünürdüm bir yol tapa bilmirdim. Artıq məhkəmədən çağırış da gəlmişdi, fevralın iyirmi səkkizinə çağırmışdılar. Məhkəmə vaxtı yaxınlaşdıqca sıxılırdım. Evdən çölə çıxmır, vaxtımı daha çox Nəsmiylə keçirməyə çalışırdım. Tutulsam, oğlumun aqibəti necə olacaq sualı beynimi yeyirdi, amma bir cavab tapa bilmirdim.

Məhkəməyə iki gün qalmış səhər Nəsimini də geyindirib evdən çıxdım. Çıxarkən özümlə gündəliyimidə götürüb gəzə-gəzə Kür sahilinə gəldim. Gecəni səhərə kimi yatmayıb, düşünüb qərarımı vermişdim, oğlumu yad əllərdə alçalmağına imkan verməyəcəkdim. Münasib bir yer tapıb oturdum və gündəliyi dizimin üstünə qoyub səmaya baxdım. Az buludlu bir hava vardı. Solğun qış günəşi arabir buludların arasında boylanıb Kürə baxıb utancaq uşaqlar kimi tez də çəkilərək buludların arxasında gizlənirdi. Kürün suları bu gün əvvəlki günlərdən daha bulanıq görünürdü. Sanki o da içimdəkiləri duyaraq ətrafa öz qəzəbini bulanıqlığıyla çatdırmaq istəyirdi. Mingəçevirə gələndən Kür çayı mənim ən yaxın dərd ortağım olmuşdu. Tbilisiyə getdim, orda yenə Kür çayıyla dərdləşməyə davam etdim, amma bilməzdim ki, hər dəfə dərdlərimi susaraq dinləyən bu çay bir gün məni lal axan sularına qərq edərək sevdiklərimə qovuşdurmağa aparacaq. Nəsimi də sanki olacaqları duymuşdu . Sakit-sakit oturub çaya baxırdı. Qaldırıb otuzdurdum digər dizimin üstündə, gözlərinin içinə baxıb “Məni bağışla, oğlum, amma mən səni qoyub gedə bilmərəm, ikimiz bir yerdə gedəcəyik” dedim. Papağın altından çıxıb, alnına tökülən saçlarını qoxlayıb, üzündən, gözündən öpüb yenidən otuzdurdum yanımda − yerdə. Gündəliyimə son sözlərimi yazıb altında bu günkü tarixi qeyd etdim: 26 fevral 1994- cü il, şənbə günü…

EPİLOQ. Fevralın 27-si 1994- cü il balıqçılar tərəfindən Kür çayından qadın və uşaq meyitləri tapılmışdır. Qadın gödəkcəsiylə uşağı özünə bərk-bərk bağlamışdı. Balıqçılar bu haqda polisə məlumat vermişlər və polislər meyitlərin Əliyeva Elnurə Sayəddin qızına və onun oğlu Nəsimiyə aid olduğunu bildirdilər. Elə həmin gün Kür çayı sahilindən bir dəftər tapdılar. Dəftərin mərhumun gündəliyi olduğunu polis təsdiqlədi. Elnurənin gündəliyinin son səhifəsində belə bir məktub yazılmışdı: “Həyat mənimlə çox acı bir oyun oynadı. On altı yaşımdan taleyin hər acısını daddım. Əzizlərimi, yaxınlarımı gözümün önündə vəhşicəsinə öldürdülər, özümü dəfələrlə zorladılar. Erməni vəhşiliyinin hər üzünü gördüm. Əsirlikdən qurtaranda düşündüm ki, öz millətimin içinə gedirəm, tam olmasa da, yaşadıqlarımın qismən unudulmasına şərait yaradılacaq mənə, amma hardan bilərdim ki, burda məni daha acınacaqlı bir həyat gözləyir.

 Solmaz xalaya, İlahəyə, Tubu xalaya, Fərhada, Həmidə xalaya, Rza bəyə mənə etdikləri hər bir yaxşılığa görə, göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm.

Haqqınızı halal edin.

 Dayım və onun oğlanları, düşünürdüm ki, siz məni hamıdan qoruyacaqsız, sizləri özümə arxa-dayaq bilirdim, amma yanıldım. Sizlər məni qorumaqdansa, ayaqlar altına atdız, alçaltdız, namussuz, fahişə adlandırdız. Sevimli dayım və oğlanları, əgər sizlərin fikrincə mən namusu ləkələnmiş bir qızamsa, o zaman mən öz namusumu intiharımla yudum. Bəs siz öz çirklənmiş vicdanınızı nəyləsə yuya biləcəkmisinizmi?  Məni oğurluqda günahlandıran kapitan Cavadov, yalandan üzümə duran Səyyarə arvad və digər qonşular, mənə təcavüz etmək istəyən mənzil istismar sahəsinin müdiri və digərləri sizlərin ermənidən heç bir fərqiniz yoxdur, çünki erməni mənə fiziki təcavüz etdisə, siz mənə mənəvi təcavüz etdiniz. Mən oğlumu da götürüb bu iyrənc cəmiyyətdən gedirəm və sizlərin hər birinizi Allaha tapşırıram.” İmza: Elnurə 26 fevral 1994 cü il  Elnurə və oğlu Mingəçevir şəhər qəbirstanlığında dəfn edildi. Əgər bir gün yolunuz ordan düşərsə, bir qadının tez-tez bu məzarları ziyarət etdiyini görərsiz ki, bu Solmaz xanımdır və onun qəbrinin üstünə hər gün səhər bir ədəd qızılgül qoyan oğlan görərsiz ki, bu da Fərhaddır

Qiymət