Ayaz Imranoglu — O gün sən qəribə nəgmə kimiydin… (şeirlər)

Ayaz Imranoglu

Ayaqlar nə bilsin — bu bir nağıldı

 

Gəldik neçə ildən sonra üz-üzə,

Nə salam söylədik, nə də əlvida…

Çatılmış qaşların bir sual idi,

Nəmli kirpiklərin biri bir nida.

 

O gün sən qəribə nəgmə kimiydin,

Bəstəsi özgənin, sözü mənimki.

Gözündə, göz yaşı yuya bilməyən

Bir itkin sevginin izi mənimki.

 

Vaxtsız agartdıgın o ag saçlara

Dedim sıgal çəkim, əlim gəlmədi.

Bir vaxt nagılımdan doymayan qıza

Bircə söz deməyə dilim gəlmədi.

 

Yanında durmuşdu gəncliyin-qızın,

Gözüm haçalandı, fikrim dagıldı.

Ayaqlar sürüyüb apardı bizi,

Ayaqlar nə bilsin, bu bir nagıldı.

 

Nəsimiyə

 

Haqsızlıq üstünə ayaq açanda,

Ədalət dünyadan hara çəkildi?

Nifrət gözlərindən alov saçanda,

Həqiqət dilindən dara çəkildi.

 

Dedin bir mənalı ömür bəsimdi,

Düzdün sətirləri sən inci kimi.

Hər kəlmən düşmənə qənim kəsildi,

Qəhrəman Babəkin qılıncı kimi.

 

Saxta allahlara baxdın inamsız,

Duyuram başına nələr gəlibdi.

Nə bilim bəlkə də cəngi havamız,

Sənin hünərinə bəstələnibdi.

 

Ürəyin meydanmı ilham oynayır,

Sinənə dağ boyda vüqar yığmısan.

Bu boyda cahana sığmayan şair,

Bir ovuc torpağa neçə sığmısan.

 

Şəhər həbsxana kimidir

 

Bu şəhər qadın həbsxanası kimidir.

Bir il, beş il,

Nə bilim neçə il məhbəs həyatı.

Buranın daş, divarı da

Kişi nəfəsinə darıxır.

Sapsarı ümid işıqları

Məhbəsdə boy atır.

Gələn hər təzə xəbər

Boyat çörək kimidir nadzor dilində.

Üzlərini, gözlərini boyayıb

Yollara dikilir ümidləri…

Kişisiz baraqlarda

Qəlblərindəki dualar göyə dikilir

Allaha xoş gəlmək üçün.

Bu şəhər kişi həbsxanası kimidir.

Hər kamerasında küncə qısılmış

Üzdəniraqları…

Abşakın verdiyini gözlərinə təpənlərin

İştah payı.

Zondakı vor zakonun

Qanun dərsi.

Bu şəhər uşaq həbsxanası kimidir

Türmə qapısı ağzında bazar günləri

Valdeynlərin yemək boxçası…

Azadlıqları ram edilmiş,

Bu fidan balalar…

Cəmiyyət içi adamların

Cəmiyyət üstü iddaları….

Qiymət