1918-ci il martın 3-də Brestdə sülh konfransı öz işinə yekun vurdu. Birinci Dünya və Vətəndaş müharibəsindən tam zəifləmiş Rusiya Almaniyaya böyük ərazisini – Polşanı, Pribaltikanı, Qərbi Ukraynanı və digər məntəqələri təslim edərək sülh sazişini imzaladı.
Brest-Litovsk sülh müqaviləsinin Türkiyəyə aid hissəsinə görə Rusiya, rus qoşunlarının işğalı altında olan Şərqi Anadolu ərazilərini, 1877-1878-ci il rus-türk müharibəsinin yekunlarına görə Osmanlı dövlətindən aldığı Qars, Ərdəhan və Batum vilayətlərini də dərhal boşaltmağı öz üzərinə götürdü. Müqavilədə Qafqazdan imtina etmək kimi tələb də qoyulmuşdu.
Burada məqsəd Rusiyanı parçalamaq, Qafqazı Rusiyanın tərkibindən çıxararaq, qərb dövlətləri arasında bölüşdürmək idi. Və əlbətdə, söhbət ilk növbədə, Azərbaycanın ələ keçirilməsindən gedirdi.
Lakin, bolşeviklər Bakıda istehsal olunan məhsulların (əsasən neftin) xeyli hissəsini Almaniyaya verməklə Bakı üzərində öz nəzarətlərinin tanınmasına nail oldular. Neft mədənlərinin təhlükəsizliyini təmin etmək üçün Almaniya İmperiyasının hakimiyyət orqanları heç bir üçüncü ölkəyə dəstək verməməyi və Bakı regionunun bilavasitə yaxınlığında üçüncü dövlətlərin (Türküyənin) hərbi əməliyyatlarının qarşısını almağı öhdələrinə götürdülər.
Brest sülh sazişi gedişində türk nümayəndə heyəti də iştirak edirdi. Burada bağlanan Rusiya-Türkiyə əlavə sazişində Sovet hakimiyyətini “həm Rusiyada, həm də Türkiyənin işğal olunmuş vilayətlərində yerləşən türk və rus təbəələrindən ibarət erməni döyüşçülərini tərxis etmək və erməni hərbi hissələrini ləğv etmək” öhdəliyi olan bir bənd də var idi.
Lakin, fevralın 23-də Cənubi Qafqazda yaranmış olan Zaqafqaziya Seymi bolşevik hökumətinin hakimiyyətini tanımaqdan və onun imzaladığı Brest-Litovsk müqaviləsinin şərtlərini yerinə yetirməkdən imtina etdi. Zaqafqaziya Seymi ilə Türkiyə arasında müharibə başladı. Bu savaş cəmi səkkiz gün davam etdi. Türklər 14 aprel 1918-ci il tarixində Batumu asanlıqla ələ keçirdilər. Qarsda türklərə qarşı vuruşan ermənilər uzun müqavimət göstərə bilməyib məğlub oldular. 1918-ci il aprelin 23-də Zaqafqaziya hökumətinin rəhbəri və xarici işlər naziri A. Çxenkeli türk generalı Vehib paşaya göndərdiyi teleqramında məlumat verib bildirdi ki, öz müstəqilliyini elan etmiş Zaqafqaziya Respublikası Türkiyənin tələblərini qəbul edir və “3 mart Brest-Litovsk sülhü” əsasında danışıqları davam etdirməyə hazırdır. Elə həmin gün, Osmanlı dövləti Zaqafqaziya Respublikasının müstəqilliyini tanıdı və sülh danışıqlarının Batumda keçirilməsinə razılıq verdi. 1918-ci il 6 may tarixində Osmanlı və Zaqafqaziya nümayəndə heyətləri Batuma gəldilər. Osmanlı nümayəndə heyəti 10 nəfərdən, Zaqafqaziya nümayəndə heyətinə isə 45 nəfər daxil idi. Lakin nümayəndəlik 6 həlledici üzvdən ibarət idi. Buraya gürcülərdən A. Çxenkeli və N. Nikoladze, azərbaycanlılardan M.Ə.Rəsulzadə və M.H.Hacınski, ermənilərdən R.İ.Kaçaznuni və A.İ.Xatisov daxil edilmişdi [1, s. 34; 2, s. 109] Türklər “Qafqaz hökuməti ilə imzalanacaq sülh müqaviləsi layihəsi” adlı 11 maddədən ibarət müqavilə layihəsi hazırlamışdılar. Müqavilə layihəsindən də göründüyü kimi, bu şərtlərin qəbul edilməsi Zaqafqaziyanın Osmanlı dövlətinin nəzarətinə keçməsi demək idi.
11 maddədən ibarət müqavilə layihəsi aşağıdakılardan ibarət idi:
“1.Qafqaz hökuməti ordusunu dərhal halhazırki vəziyyətdə buraxacaq. Bu ordunun miqdarı və yerləşəcəyi yer Osmanlı hökumətinin razılığı ilə təyin ediləcək;
2.Qafqaz hökuməti Osmanlı ordusu və ya Dövlət-i Osmaniyə tərəfindən yaradılacaq Müsəlman korpusu üçün könüllü toplanmasına icazə verəcək;
3.Osmanlı dövləti zərurət yarandığı halda daxili nizam-intizam və asayişin bərpa olunması və qorunması üçün Qafqaz hökumətinə silahlı qüvvələri ilə köməklik göstərəcək. Digər tərəfdən Qafqaz hökuməti erməni quldur dəstələri ilə olan müharibədə Osmanlı dövlətinə köməklik göstərməyə məcburdur;
4.Osmanlı hökuməti Qafqaz hökumətinin sərhədlərini xarici düşmənlərdən qoruyacaq;
5.Qafqaz hökuməti öz ərazisində olan ingilis, fransız, amerikan, italyan və rus zabitlərini dərhal ölkə xaricinə çıxaracaq və gələcəkdə bu təbəələrdən ordu və hökumət idarələrində istifadə etməməyi öhdəsinə götürəcək. Osmanlı dövləti ilə İngiltərə, Fransa və İtaliya arasında müharibə davam etdiyi müddətdə bu dövlətlərin təbəələrinin Qafqaz hökuməti daxilində qalması qadağan ediləcək;
6.Osmanlı Ordusu Baş komandanlığı Qafqaz hökumətinin dəmir yollarında hər cür hərbi yüklər daşımaq hüququna malik olacaq. Bu məqsədlə Osmanlı Ordusu Baş komandanlığı bir hərbi dəmir yol heyəti təşkil edəcək ki, bu heyət dəmir yollarının təhlükəsiz və fasiləsiz işləməsini təmin edəcək;
7.Osmanlı dövləti altıncı maddədəki hüquqlarını tam və ya qismən öz müttəfiqlərindən birinə verməyə və ələlxüsus da müttəfiqlərinin hərbi yüklərinin nəqlini icra etməyə səlahiyyətlidir;
8.Osmanlı dövləti tələb edərsə, Qafqaz hökuməti Bakı limanındakı müəssisələrlə Xəzər dənizindəki Qafqaz hökumətinə aid nəqliyyat vasitələrini Osmanlı hökumətinin sərəncamına verəcək;
9.Qafqaz hökuməti Osmanlı dövləti müharibədə olduğu müddətdə onun düşmənləri ilə diplomatik və ya heç bir siyasi əlaqədə olmayacaq;
10.Osmanlı dövləti Qafqaz hökuməti ilə xarici siyasət və hərbi sahədə tərəflərin iqtisadi mənafelərinə uyğun bir ittifaq bağlayacaq;
11.Qafqaz hökuməti öz ərazisində istehsal olunan məhsulların Osmanlı dövlətinə və onunla müttəfiq olan ölkələrə ixrac edilməsi üçün bütün qüvvəsi ilə köməklik göstərəcək və bu məmləkətlərə göndərilmək üzrə Qafqazdan keçəcək yüklərin tranzitini asanlaşdıracaq. Osmanlı dövləti də bunun müqabilində Qafqaz hökumətinin ehtiyac duyduğu malların idxalında ona yardım edəcək” [3; 20, v. 2-4] Göründüyü kimi, irəli sürülən tələblər (məs.: 8-ci bənd) Osmanlı siyasi dairələrinin daha irəli gedən turançı siyasətindən xəbər verirdi.
Ənvər paşa müqavilə layihəsi ilə kifayətlənməyərək, mayın 4-də Vehib paşaya göndərdiyi teleqramında, Osmanlı dövləti ilə Qafqaz müsəlmanları arasında əlaqənin kəsilməməsi üçün Axıska, Axalkələk, Gümrü, Alagöz dağı və bölgədəki dəmir yolunun Türkiyəyə verilməsini tələb edirdi…
İstifadə materialları:
1.Авалов 3. Независимость Грузии в
международной политике. 1918-1921 гг. Париж, 1924
2.Kazemzadeh F. The Struggle for Transcaucasia (1917-1921). New-York, 1951
3.ATASE, BDH, K. 2917, D. 493-302, F. 1-136, 1-137.