BASIR
Bizdə yaşamaq istəyən,
Barmağını YAPa basır.
YAPa qarşı «çaşanları»,
Trolları «topa basır».
Verə bilmədik öyüdü;
Uşağımız dərd böyüdür…
Iqtidar yalan üyüdür,
«Müxalifət» gopa basır.
Bölür bizi bölüşənlər,
Doğru sözə ilişənlər.
Boynu haramdan şişənlər,
Xalqdan qapa-qapa, basır.
Məkansızdır haqq şairi,
Tanıyır bu xalq,şairin.
Bir geydirmə «Xalq şairi»,
Otuz kitab çapa basır.
Uzadıblar «xərəyini»,
Daha sıxma ürəyini.
Tofiq quru çörəyini,
Yenə yağsız supa basır.
BARMAQ
İnsanda ən əvvəl alışır zəhmətə barmaq,
Zəhmət çəkən insanı salır zillətə barmaq.
Daş dövrü olandan yaranıbdır belə adət,
Kəl barmağa üstün gəlib hər yerdə şəhadət.
Başlar da,bədənlər də ona eylər itaət,
Ondan yaranıb silkələmək millətə barmaq,
Barmağa baxıb hətta düşər heyrətə barmaq.
Barmaq var-işi xırda-xuruş xırdalamaqdır,
Barmaq var-işi işlərə barmaq calamaqdır.
Barmaq var-işi təkcə burun qurdalamaqdır,
Yazıq o ki,onda çəkilib xəlvətə barmaq,
Az fikr elə,qoyma düşə pis niyyətə barmaq.
İz qoymaq ilə bəxti qaraltmaqdı məramı,
Qol çəkmək ilə rəngi saraltmaqdı məramı.
Əslində bu dünyanı daraltmaqdı məramı,
Layiqdir,əyər taxsa üzük,hörmətə barmaq,
Qovzar özü lap öz yiyəsin şöhrətə barmaq.
Gördüm yuxuda baği-çəmənzar,oturub yar,
Çit,xara,ipək hər nə deyirsənsə əyər,var.
Bir yanda manat paçkasıdır,bir yanı dollar,
Bu vaqedə kaş hər tərəfindən bitə barmaq.
Yumdum gözü,aram ilə barmağı uzatdım;
Yetdi! Fəqət amma ki,yetişdi çitə barmaq.
Məqsəddən ötər saxladı barmaqyeri Tofiq,
Döndü dişi altında onun konfetə barmaq.
Papaq
Başımız üstə əsrlər boyu şelləndi papaq,
Bərk yapışmışdıq,»37″də yelləndi papaq.
Bəxt açılsın deyə,ta tərsinə çöndərdik onu,
Aclıq oldu yedik,axırda qan əndərdik onu.
Kommunistin araba çarxına döndərdik onu,
Yetmiş il partbilet eşqiylə diyirləndi papaq.
«Şiş» dedik, «kepka» dedik, «norka» dedik saldıq ələ,
Əllərə qalmışı tərk eyləməmiş qaldıq ələ…
Baş qoyub onda ki, asudəliyi aldıq ələ,
Başı tərk eyləyib asudə veyilləndi papaq.
Bir də gördük papaq altdan kişilər çıxdı üzə,
Kişilər çıxcaq üzə partiyalar qalxdı yüzə.
Qarşıya qoyduq, oturduq papaqinən üz-üzə,
O qədər susduq, axırda özü dilləndi papaq.
Başa çırpıldı nəhayət şapalaqtək papaq ox!
Ömrünü sürmədi başlarda papaqtək papaq oxx!!
Qazanın ağzına örtüldü qapaqtək papaq oxxx!!!
Elə yelləndi ki, ev küncünə hilləndi papaq.
Elə yatdıq papaq altında ki, yelləndi papaq.