Hər ilin bu günü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların yaranma günü kimi bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Daxili Qoşunların hərbi hissələri, əlahiddə bölmələri yüksək nizam-intizama, döyüş hazırlığı səviyyəsinə görə nümunəvi ordu birləşməsi kimi göstərilir. Yaranışından konkret baza üzərində formalaşdırılmış Daxili Qoşunlar Milli Ordu ilə bərabər səviyyədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mənfur ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir.
Milli Ordunun yaradılması ilə paralel olaraq ölkə müstəqillik qazandıqdan bir müddət sonra Daxili Qoşunların formalaşması başlandı. Arxiv materialından göründüyü kimi: “Sovet imperiyasının süqutundan sonra, 1991-ci ilin dekabr ayında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycanın Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır.
Daxili Qoşunların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsi kimi yaranması və formalaşması ölkəmizin çox çətin, qarışıq bir dövrünə təsadüf etmişdir. Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 9 mаrt 1995-ci il tаriхli Fərmаnı ilə Qоşunlаrın Аzərbаycаnın ərаzi bütüvlüyü uğrundа Еrmənistаnın hərbi təcаvüzünə qаrşı döyüşə bаşlаdığı gün «Dахili Qоşunlаr Günü» еlаn еdilmişdir. Həmin ildən etibarən DİN Daxili Qoşunlarda 12 mart tarixi «Daxili Qoşunlar Günü» kimi təntənəli şəkildə qeyd olunur”.
Beləliklə, konkret baza üzərində yaradılmış Daxili Qoşunlar Milli Ordu bölmələri ilə bərabər ölkənin ərazi bütövlüyü uğrunda savaşa cəlb olunmuş, hətta bəzi hallarda ən çətin ərazilərin müdafiəsini öz üzərinə götürmüşdür.
Birinci Qarabağ savaşı zamanı, daha doğrusu, 29 aprel 1994-cü ildə Prezident Aparatında keçirilən müşavirədəki çıxışında o vaxtkı prezident – ölkənin Ali Baş Komandanı Heydər Əliyev Daxili Qoşunların xidmətini yüksək qiymətləndirərək demişdir:
“Daxili Qoşunların, əsasən cəbhə bölgəsində olan hissənin xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün onlara hörmət və ehtiramımı bildirmək istəyirəm. Onlar orada böyük işlər görürlər. Azərbaycanın torpaqlarını qəhrəmancasına müdafiə edirlər. Belə döyüşçülərin işi hər birimizi sevindirir və böyük hörmət hissi doğurur”.
Daxili Qoşunların bölmələri 44 günlük Vətən Müharibəsi zamanında da torpaqlarımızın erməni işğalından azad olunmasında digər qoşun birləşmələri ilə bərabər rəşadətli döyüş yolu keçmiş, hünər və cəsurluq nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının prezidenti – Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunlar haqqında demişdir: “Dахili Qоşunlаrdа хidmət еdən şəхsi hеyət Аzərbаycanın ərаzi bütövlüyü uğrundа cəsаrətlə vuruşmuşdu, şəhidlər vеrmişdi və tоrpаqlаrımızın qоrunmаsı uğrundа böyük işlər görmüşdür.
Dахili Qоşunlаrın üzərinə çох böyük vəzifələr düşür və bunlаr uğurlа yеrinə yеtirilir”.
Bu gün Azərbaycan oğulları Daxili Qoşunlarda xidmət keçdiklərini böyük qürur hissi ilə ifadə edirlər. Daxili Qoşunlarda xidmət keçmiş, Vətən uğrunda döyüşlərdə iştirak etmiş çoxsaylı medal və orden qazanmış igidlər yeni xidmətə qoşulanlara nümunə göstərilir.
Daxili Qoşunların bütün şəxsi heyətini 12 mart yaranma günü münasibətilə təbrik edir, yüksək əzmkarlıq, daima döyüş ruhunda vətəni müdafiə etmək qabiliyyəti, anda sədaqət və üçrəngli bayrağımız altında birlik arzulayıram.
DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİNƏ EŞQ OLSUN!
Əli BƏY AZƏRİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,