Bibimin kəndə qayıtmağı camaat arasında bərk səs-küyə səbəb oldu. Az qala bütün kənd ondan danışırdı.
Yazıq qadın küçəyə çıxmağa peşman idi, dərhal xısınlaşma başlayır, bibim gözdən itənə qədər arxasınca tamaşa eləyirdilər.
Qonşumuz Şayəstə xalanın birinin də üstünə beşini qoyub danışanda elədiyi kimi, onların dəridən-qabıqdan çıxmalarından hiss eləyirdim ki, bibim bu adamların nəzərində çox qorxunc və idbar bir varlıqdır.
Amma əslində belə deyildi. Bunu aləmdən-aləmə hamı bilirdi ki, bibimin gözəlliyi bütün ətraf kəndlərdə də adla deyilir.
Hələ qız vaxtı tay-tuşunun, lap elə ondan böyüklərin də bibimə necə bəxtəvərçilik verdikləri indi də yadımdadır.
Küçə-baca bir yana, o heç evdə də bir gün görmürdü. Atamla anam sanki gün-gündən bu adama qarşı daha qəddar olurdular.
Onlar yarım il, bir il bundan əvvəlki adamlar deyildilər; süfrə başında onu dodaqucu danışdırır, iş görəndə ona həqarətlə baxır, söz tapmayanda isə hərəkətlərini lağa qoyurdular. Bibim özü də bunu hiss eləyir, amma nədənsə susur, heç nə demirdi.
O təkcə mənimlə ürəklə danışır, yeri düşəndə biz hərdən bəzi şeylər barədə məsləhət də eləyirdik. Amma mən görürdüm ki, bibim günü-gündən yaz buzu kimi göz önündəcə necə əriyir.
Bir dəfə o, dükandan qayıdıb gələn kimi dərdinə əlac axtaran adam təkin məndən soruşdu ki, niyə axı hər şey o istədiyinin əksinə oldu, niyə? Məgər o günahkardır ki, dünya axmaq adamlarla doludur?
Mən nə illah elədimsə, bibim ayrı heç nə demədi və əksər vaxtlarda olduğu kimi gücünü yenə də gözlərinə verdi.
Buna oxşar hadisələr sonralar da təkrar olundu. Həmişə deyib-gülən bu şux qadın ərinin və bir cüt balasının ölümündən sonra belə olmuşdu. Kənddə hamı danışırdı ki, çox çəkməz, bibimin başına hava gələr.
Hələ onda kənddə elə bir qapı yox idi ki, bir evdən üç nəfər allahın qəzəbinə bir gündə gəlmiş olsun.
Heç şöhrəti ətraf kəndlərə yayılmış Seymur əminin könüllülər batalyonu da — üç nəfər də onlardan öldürmüşdülər — o gün kəndi o qəfil bəladan xilas eləyə bilmədi. O hadisə baş verən vaxt bibim bizdə idi.
Nəsə aparmağa gəlmişdi. Qəfildən adamların fəryadı eşidildi. Səs kəndin yuxarısından — bibimgilin təzəcə tikib başa gətirdikləri ev də orada idi — gəlirdi.
Dərhal kənd bir-birinə dəydi. Aramsız güllə səslərindən vəlvələyə düşmüş adamlar qaçışır, çığırır, qorxunc səslə bir-birini səsləyirdilər.
Biz evimizin yanındakı təpəyə qalxanda bibimgilin evi artıq od içində idi. Alovun dilləri az qalırdı ki, göyə çatsın.
Təxminən saat yarımdan sonra bədxahların həmişə əyri nəzərlərlə süzdüyü evdən bircə qapqara qaralmış divarlar qaldı.
Bibimin dizin-dizin sürünə-sürünə o divarları yalamağına baxmaq nədənsə yadıma öz qanlı yarasını yalayan canlını salırdı; necə olmasa da, onun iki ciyərparası və sevimli əri bu divarların arasında yanıb külə dönmüşdü.
Axşamüstü hadisəni öz gözü ilə görmüş qonşu Püstə xala camaata danışırdı ki, yırtıcılar evdən qaçan ata-balanı iki dəfə necə tutub tonqala atıblar. Bunu eşidən arvadlar təzədən qiyyə çəkdilər.
Onlar ağlaşa-ağlaşa üzlərini cırır, saçlarını yolur, murdar düşmənə qarğış tökürdülər. Əliyalın kişilər heç cür qərara gələ bilmirdilər ki, necə eləsələr, namərd qonşulardan layiqli qisas almaq olar.
Bibimin başına o bədbəxt hadisə gələn gün kəndimizdə daha beş evin qapısını qara xəbər döydü.
Elə bil dava başlanan gündən bu xəbər evləri növbəyə qoymuşdu, birindən çıxıb o birinə girir, ordan da o birisinə adlayır, abırsız dilənçitək qapıları sülənirdi. Bir dəfə mən oturub hesabladım görüm, kənddə elə ev varmı ki, bəla ondan yan ötmüş olsun?
Hamının, ələlxüsus da, ahılların dediyindən belə çıxırdı ki, onlar bibimin başına gələn müsibətdən ağırını nəinki görüb, heç haqqında da eşitməyiblər. Onda heç bilmirdik ki, bibimi gözləyən əsl fəlakət hələ qabaqdadır.
Bir gün yazın əvvəllərində, günortaüstü kəndə hay düşdü ki, üzümlükdə meynə budayanları tutublar. Bu hadisədən sonra Seymur əminin şirləri — kənddə hamı onları belə çağırırdı — bir qədər hörmətdən düşdülər: daha günün günorta çağı da hadisə hadisə dalınca baş verirdi… Əsir aparılanlar arasında bibim də var idi. Bu bizim üçün əsl müsibət oldu. İllah da atam…
O başını soxmağa yer axtarır, bilmirdi kimi günahlandırsın ki, ürəyi soyusun. O, bibimin iki uşağı və əri odlara qalananda o qədər kədərlənməmişdi ki, bibim özü əsir aparılanda o qədər qəm-qüssəyə batdı. Bəlkə də, o gün bibim əlinə düşsəydi, atam onu öz əllərilə boğub öldürərdi. O heç cür başa düşə bilmirdi ki, bacısı niyə öldüyü yerdə ölmürdü, onun üzümlükdə nə iti azmışdı axı? Əslində hamının əli işdən-gücdən soyumuşdu, heç kimin sabaha ümidi yox idi. Bibim özü işə-gücə əl atırdı ki, başı qarışsın, dərdi-səri unudulsun. O da belə…
Mən əvvəl elə bilirdim, atamın belə asıb-kəsməyi anama görədir. Olur onda belə şeylər: anamın yanında döşünə döyməkdən sanki həzz alır. Amma o, üzünü ikiəlli qapayıb «necə rüsvayi-cahan oldum, xudaya, sən bu qıza bir ucuzca ölüm yetir» deyəndə inandım ki, o, bibimin ölümünü necə sidqi-ürəkdən arzulayır. Anam da onu bu sözlərlə sakitləşdirdi:
— Olacağa çarə yoxdu, nədi qismətdi.
O gün təsəlliyə gələn adamların üzünə atamın necə xəcalət çəkə-çəkə çıxdığını görmək niyəsə elə mənim üçün də ağır idi. Birtəhər qaçıb canlarını qurtarmış adamlar hadisənin təfsilatı barədə danışdıqca düşmən əlinə keçməməkçün bibimin
özünü qayadan atdığını eşidəndə kəndə xəbər çatan andan kömür kimi qapqara qaralmış atam da elə bil az-maz rahatlanan kimi oldu. Onlar atama təsəlli verirdilər ki, qəm yeməsin, fələyin zülmü çoxdu, allahın da mərhəməti…
Aradan ay yarım keçməmiş kəndə o gün tutulan kişilərin güllələndiyinin xəbəri gəlib çıxdı. Onlardan təkcə Fərrux əmini öldürməmişdilər ki, əsirlərlə dəyişsinlər. Ölməyi ilə sağ qalmağının elə bir fərqi olmayan qoca onsuz da ayaq üstə zorla dayanırdı.
Heç bilən də yox idi, o gün üzümlüyə necə və hansı niyyətlə gedib çıxıb…
Meyitləri vermək üçün bir ətək pul istədilər. Mənim təxminimə görə, heç kim o qədər pulu tapıb verməyə razı olmazdı. Axı bu dünyada olmayan adamın harda olmağının, görəsən, ölü sahibləri üçün nə fərqi vardı ki? Amma kim idi mənim dediyimlə oturub-duran? Tezliklə doqquz həyətdə yasxana quruldu. Öz meyitlərini alıb onları ağır-əziz eləməklə nə demək istədiklərini soruşduqda dərin xəyala dalmış atam soyuqqanlı halda:
-Kaş belə bir xoşbəxtlik bu gün bizim də başımıza gələydi. And olsun allaha, toy çaldırardım bu həyətdə,-deyib sinədolusu köks ötürdü. Öz doğmaca və cavan bacısının ölümünü belə ürəkdən arzulayan bir adamla ata-bala olmaq mənimçün inanılmaz bir şey idi. İndi necə də istəyində idim ki, bibim olan yerdə kaş atam olaydı!…
Bibim! Gör nə vaxt idi, onların haqqında dəqiq bir şey bilən yox idi? Əvəzində ara-bərədə söz-söhbət nə qədər desən! Bu söhbətləri birinci dəfə kəndə Sərtib əminin oğlu Əbdüləli gətirib yaymışdı. Ara qarışan kimi baş götürüb Bakıya gedən bu oğlan hərdənbir kəndə baş çəkməyə elə bil məhz ona görə gəlirdi ki, insan ağlına batmayan müxtəlif cür dedi-qoduları toxum kimi kəndə əkib getsin. Onu xoşlayanlar da vardı, nədi-nədi, Bakıdan gələndə od qiymətinə də olsa, o şey qalmırdı ki, tapıb gətirməsin. İllah da yemək şeyləri. Elə ki, söz Əbdüləlinin ağzından çıxdı, şayiələr kəndi dərhal ağzına alırdı. İndi burda eşitdiyi bir şeyin ora-burasına da düzəliş eləyib çətinə düşən kimi «vallah, eşitdiyimi danışıram» deyənlərin sayı-hesabı yox idi. Hətta bəzən bu söhbətləri ən ciddi adamların da dilindən eşidə bilərdin. Arada söz gəzirdi ki, bibimgili mərkəzə, yəni Yerevana aparıblar. Orda onların başına min bir oyun açıldığını utana-utana danışsalar da, hər halda danışırdılar. Əbdüləli mənə elə belə də dedi:
-Bibin tək olsaydı, nə vardı ki? O yun çubuğunun əvəzini də ondan çıxacaqlar.
Yun çubuğu — bu, arıq, sısqa, hörümçəkdən can uman Gülbuta xalanın ayaması idi.
Əbdüləlidən o xəbəri eşidən gün mənim bibimə elə yazığım gəldi ki, Qurana yalandan əl basdığı üçün ağzı gedib qulağının dibində durmuş Şayəstə xalaya da heç o qədər ürəyim yanmamışdı. Əgər Əbdüləli allahından dönüb «ola bilsin ki, hələ onları xaricə də satdılar» xəbərini bir qədər gec versəydi, məsələni onunla necə çürüdəcəyimiz o bir allaha qalırdı. Mənimçün əsl məşəqqət də elə o andan başladı ki, bu qəfil xəbəri eşitdim. O vaxtacan ümid eləyirdim ki, bibim haqqında daha nələr eşidəcəyimdən asılı olmayaraq, gec-tez, axır, o, bir gün evimizə qayıdacaq.
Hamı danışırdı ki, lazım gələndə heç uşağa, qadına, qocaya da rəhm eləmirlər, amma əsasən kişiləri, illah da gəncləri dərhal qətlə yetirirlər. Ürəyimdə elə hey allaha yalvarırdım ki, nə olurdu, olaydı, bircə bibimi xaricə satmayaydılar. Ona görə də gözəl qızların orda kinoya çəkilmək xəbəri məni bir o qədər də silkələmədi.
Bircə hər dəfə bibimin indi haralarda olduğunu fikirləşəndə az qalırdı, başıma hava gəlsin. Hər dəfə onu xəyalımdan keçirirdim ki, əgər bibim desə ki, iki oğlunu, cavan ərini yandırıb kül eləyiblər, onu bağışlayarlar. Onsuz da ona olan olmuşdu.
Bu vaxtlar həmişə onu qınayırdım ki, yəqin, bibim nəyə görəsə bunları deməkdən çəkinir, olsun ki, bəlkə də, özünü sındırmaq, alçaltmaq istəmir, ona görə…
Məğrurluq onun köhnə xasiyyəti idi.
Təxminən ay yarım beləcə keçdi və bir gün bibimgilin düşmən əsirləri ilə dəyişdiriləcəyi barədə şad xəbər də kəndə çatdı.
Əlaltdan xəbər gətirən olmuşdu ki, düşmənlər nə qədərsə pul da istəyiblər. Bu, əsasən qadınlar üçün nəzərdə tutulmuşdu. Atam o sözü eşidən andan varından yox olmuşdu. Hiss eləmək olmurdu ki, o bundan şaddır, ya əksinə? Amma anamın onu necə dilə tutduğunu görəndə hər şey mənə aydın oldu. Bəlkə də, o, atamın alakönül olduğunu görüb belə əl-ayağa düşmüşdü, çünki atam nə «hə» deyən kimi «hə» deyir, nə də birdəfəlik etirazını bildirirdi. Allah tərəfi, anamın bu işin sonrasından ehtiyat eləməyə haqqı da vardı; birdən iş işdən keçəndən sonra atam günahı onun üstünə yıxsaydı, onda necə?
-Sabah desələr ki, Elxan pulundan qorxdu, daha onda təqsiri bizim boynumuza yıxma! — mənim təxminimə görə, anamın bu sözündən sonra atam hiss elədi ki, yaxşı, ya pis, hər halda bacı onundu və kimliyindən, necəliyindən asılı olmayaraq bacısı üçün cavabdehliyi də məhz o daşımalıdır. Sonra məni yuxu tutdu və bu söhbətin ardından xəbərim olmadı. Səhər açılanda isə qapımızdakı beş baş maldan həyətdə cəmi bircəciyinin qaldığını gördüm.
Atam bibimin dalınca qonşu rayona, əsirlərin dəyişdiriləcəyi yerə gedəndən sonra anam Əbdüləlinin ömrünə bir xeyli dua tökdü və dedi ki, neçəyə ki, onlar veriblər, bu dar macalda inəkləri Əbdüləlidən başqa bir adam o qiymətə almazdı. İndi də sərhədin o tayındakılarla əlaqəyə girmiş, qadın kimi qeybətsevən bu loxəbərə qarşı qəlbimdə birdən-birə qəribə bir minnətdarlıq duyğusu baş qaldırdı, amma mən bilirdim ki, bu, müvvəqqəti şeydir.
Atamgil üç gündən sonra qayıtdılar. Elə günə düşmüşdü ki, bibimi tanımaq üçün mən təxminən yarım dəqiqəyə qədər onu diqqətlə süzməli oldum. Bunun bir səbəbi də o idi ki, bir vaxtlar nazlı-qəmzəli yerişiylə ürəklərə od salan bibim atamın arxasınca yöndəmsiz bir yerişlə axsaya-axsaya gəlirdi və mən hiss elədim ki, durduğum yerdəcə qəhər məni boğur. Biz devikmiş halda bir-birimizi qucaqladıq. Bibim hönkürəndə də hiss elədim ki, elə bil o nədənsə hürküb. Sanki o, kənd adamları ilə də qorxa-qorxa görüşdü. Sonra biz onu araya alıb evə apardıq.
Arvadlardan kimsə onun qoluna girmişdi və hamı səssizcə içini çəkirdi. Mənə qətiyyən elə gəlmirdi ki, bu, sevincdən də ola bilər. O gün Fərrux əmi ilə Gülbuta xalanı da azad eləmişdilər, amma nədənsə az qala bütün kənd bizə yığılmışdı.
Bibimə sualı yağış kimi yağdırırdılar: onları tutandan sonra hara aparıblar, işgəncə veriblər, ya yox, saxladıqları yer necə idi, gündə neçə dəfə yemək verirdilər və s… Alnında, yanağında qaraltılar olan xəstəhal bibim indi birinə danışdığı şeyi beş dəqiqədən sonra bir ayrısına söyləyir, heç on dəqiqə keçməmiş həmin söhbət yenidən təkrar olunurdu. Bir şeyi on dəfə eşitməklərinə baxmayaraq, hər dəfə bibim sözə başlayanda onların ağzı ayrıq qalırdı. Ələlxüsus, onu xəstəxanada müalicə eləyən həkimin Bakıdan köçüb getdiyini və çörək itirmədiyini eşidəndə arvadlar dünyada o xoş söz qalmadı ki, halal adamların ünvanına deməsinlər. Sonra az qaldı, bibim yaddan çıxsın. Hərə indiyəcən rastına çıxan yaxşı adamlarla bağlı bir xatirə danışmağa başladı. Bibimin dediklərindən mənim ən çox yadımda qalan işgəncə ilə qətlə yetirilənlər barədə söhbət idi. Nə qədər ağır da olsa, bibimin yalnız o barədə söhbətinə qulaq asmaq istəyirdim, çünki mənə elə gəlirdi, hansısa bir möcüzənin sayəsində darda olanlar lap son anda qurtulub öz layiqli qisaslarını almalıdırlar.
Di gəl bibim sonralar da — düz iki həftə gəlib-gedənimiz oldu, qonaq-qaranın ayağı qapımızdan kəsilmədi — bu barədə danışanda nədənsə heç bir möcüzə baş vermirdi… Bununla belə o günlər elə bil dərdlərimizin çoxu unudulmuşdu, hərçənd ki, atam günü-gündən daha qaraqabaq və tündməcaz olurdu. Onun bu halı hiss olunmadan anama da keçdi. Heç cür ola bilməzdi ki, bibim bunu duymamış olsun.
Elə bil günü-gündən o da adamayovuşmaz olur, adamların onun barəsində xoş sözlər danışmadığını hiss eləyirdi. Bir dəfə o, ayağının sınığını — bu, bibim özünü qayadan atanda olmuşdu — həkimə göstərmək lazım olduğunu deyəndə atam bir üz göstərdi ki, onların qardaş-bacı olduğuna inanmaq üçün heç nənəmi dirildib o biri dünyadan gətirmək də kifayət eləməzdi. İntəhası bundan sonra bibim də üz vurmadı. O hadisədən sonra hiss elədim ki, yazıq qadın ağrılarına necə sonsuz əzab hesabına sinə gərə bilir, dərdini içində çəkir. Onun gömgöy göyərmiş barmaqlarının ağrısından günlərlə ilan kimi qıvrıldığını görəndə isə atamın nə cür qaniçən olduğuna bir daha inandım. Nə illah elədimsə, bibim mənimlə həkimə getməyə razı olmadı. Onu nə üçün xəstəxanaya aparmadığının səbəbini soruşanda isə atamın üzünə sanki qaramtıl tül pərdə çəkildi.
-Uşaqsan, get uşaq qələtini elə,-onun mənə cavabı bu oldu,-mənə ağıl verən olub.
Necə oldusa, bir dəfə bibimdən soruşdum ki, onu orda kinoya çəkiblər? Təəccübdən onun ensiz, qəşəng qaşları baş-başa gəldi, sanki alnı kiçildi.
-Nə kino? Kino nədi?
Mənim təxminimə görə, əgər gerçəkdən də, belə bir şey olmuşdusa, elə bu sözün özü də ona bəzi şeyləri xatırlatmalı idi. O mənim bunu hardansa eşitdiyimi də duymamış olmazdı, çünki görməzə-bilməzə belə şeyi özündən icad eləməyə gərək adamda baş ola.
-Deməli, belə söhbətlər də gəzir?-o, yuxuda sayıqlayan adamlar kimi bir səs çıxardıb fikirli halda, əli qoynunda pəncərəyə doğru getdi.
-Əbdüləli deyir, o kinolara ən gözəl qızları çəkirlər. Deyir, dünyanın hər yerində indi ən çox dəbdə olan o cür kinolardı. Çünki yaxşı pula gedir.
-Axı mən heç gözəl də deyiləm, bibi qurban,-küçədən gəlib-gedənlərə tamaşa eləyən bibim mənə tərəf döndü,-sən niyə hər səfehin sözünə inanırsan?!
Sualına cavab vermədən mən onu eləcə otaqda qoyub çıxıb getdim. Əslində ona görə getdim ki, dediklərim üçün xəcalət çəkməyim; yer yarılsaydı, utandığımdan yerə girərdim. Yəqin, o heç vaxt bunu bilməyəcəkdi ki, mən hər dəfə onun haqqında bir xəbər eşitdikcə xəlvətə çəkilib necə göz yaşı axıtmışam. Bunu bilməyi üçünsə gərək onda eşitdiklərimin hamısını bitdə-bitdə ona danışaydım.
Düz iki gün bibimin gözünə görünmədim. Deyəsən, heç o da mənimlə üz-üzə gəlməyin həvəsində deyildi. Ertəsi gün sıx yarpaqlı tut ağacının budağında oturub özümçün məşqulat eləyirdim. Sudan qayıdan bibimin Seymur əminin uzaqdan gəldiyini görüb addımlarını yavaşıtdığını hiss elədim. Oğlan da onun tuşuna çatıb ayaq saxladı. Bibim salam verəndən sonra onlar müəmmalı tərzdə bir-birlərini süzdülər. Açığı, gözləməzdim ki, kim, kim, Seymur əmi bibimin salamını yerə sala. Bir vaxtlar bibimin dərdindən dəli-divanə olan bu oğlanın bu günəcən məhz ona görə evlənmədiyini kənddə kim bilmirdi ki? Elə bunsuz da. Əgər salam, doğrudan da, allah salamıdısa, Seymur əminin onu almamağı günah idi. Belə bir günündə bibimin könlünü qırmaq da heç bir insafa-mürüvvətə sığmırdı. Bəlkə, beş-altı il bundan əvvəl yazdığı məktubu bibimə yetirməkçün məni dilə tutan adam heç o deyildi? Amma axı hardan biləsən ki, mən eşitdiklərimi Seymur əmi də eşitməyib?
Ola bilsin ki, arada hələ mənim bilmədiyim, başa düşmədiyim başqa şeylər də vardı. O, bibimi kinayəli baxışlarla süzüb-süzüb yola düzəldi. Mən bu yaraşıqlı və gözəl qadını heç vaxt bu qədər pərt görməmişdim. Seymur əmi bir qədər aralandıqdan sonra nə fikirləşdisə, geri dönüb hələ də yerində quruyub qalmış bibimi təkrar-təkrar gözdən keçirtdi və başını bulayaraq yenidən yola düzəldi.
Bir qədərdən sonra eyvana təzəcə qalxmışdım ki, anamgilin səsini eşitdim. Necə ki, uşaqla danışarlar, anam bibimlə o ahənglə danışırdı. O axşam bibim səhərəcən otaqdan bayıra çıxmadı. Mən arada xəlvətcə qapıya yaxınlaşıb açar yerindən onun ağladığını gördüm. Atamgil son vaxtlarkı adətlərinə uyğun olaraq o axşam da bibimi şam yeməyinə dəvət etmədilər. Mən onları yuxuya verəndən sonra xəlvətcə yemək götürüb özümü bibimin yanına verdim. O, əlimdəkiləri görüb qəmli-qəmli gülümsündü. Belə vaxtsız və həyəcanlı gəlişimdən, o, işin nə yerdə olduğunu dərhal duydu. Gətirdiklərimi stolun üstünə qoyub onunla üz-üzə dayandım. O elə bir görkəmdə idi ki, sanki ölüb ölümdən qayıtmışdı. Onun bu gecədən sağ çıxacağına göydən allah da yenib gəlsəydi, inana bilməzdim. Qorxudan bağırmamaq üçün qollarımı onun boynuna dolayıb, dedim ki, səni çox istəyirəm. Bibim qarşısında
albom, şəkillərə baxırdı.
-Elə mən də,-deyib azca gülümsündü, ancaq sifəti heç bu gülüşdən də işıqlanmadı. Bununla belə, həmişəki kimi bibim yenə də gözəl idi. Nənəm də həmişə deyərdi ki, bu qızın bəxti yox, özü gözəldi. Arvad elə bibimin bəxtindən gileylənə-gileylənə də bu dünyadan köç elədi.
-Yekələndə bunu böyüdərsən,-mən oturandan sonra bibim götürüb kənara qoyduğu şəkli mənə tərəf uzatdı,-heç kimə göstərmə, qoyarsan kitabının arasına, qalar.
-Mütləq,-mən ağlıma heç nə gətirmədən, necə ki, kişilər elər, o cürə söz verdim və qüssəli halda onların dörd nəfərlik ailə üzvünə nəzər saldım. Həm də bibimin şəkli saxlamaq üçün bu dar macalda o cür etibarlı yer fikirləşib tapdığına özüm də mat qaldım: elə kitabım vardı ki, heç davadan qabaq da illərlə üzünü açmazdım…
Bir hovur da oturduqdan sonra gözləri dolmuş bibim xahiş elədi ki, çıxıb gedim. Əslində heç mən də yubanmaq fikrində deyildim. Deyirdim, o, çörəyini rahat, tez və iştaha ilə yeyə bilsin.
Ertəsi gün alaqaranlıqda bizi yuxudan Ələmdar əminin vahiməli səsi oyatdı.
-Yanğın!-deyə o elə qışqırırdı ki, elə bil gözgörəti ətini kəsirdilər. Bu cür fəryadlara çoxdan öyrəncəli olsaq da, dərhal eyvana tökülüşdük. Həyətin tən ortasında nəsə alışıb yanırdı. Ətrafı xoşagəlməz, beyinçatladan bir iy başına almışdı. Qışqırışa-qışqırışa vahiməli halda odu söndürmək üçün ora-bura qaçışan adamların kölgəsi qorxunc bir mənzərə yaratmışdı. Onların arasında təkcə bibim gözə dəymirdi. Mən dərhal içəri qaçdım ki, onu xəbərdar eləyim. Otaq bomboş idi. Gətirdiyim yemək də eləcə stolun üstündə qalmışdı. Mən yenidən özümü bayıra atdım və gözümə ilk sataşan yarıçılpaq geyimdə bir tərəfdə dayanıb sakitcə göz yaşı axıdan atam oldu. Sonra kiminsə dilindən bibimin adını eşitdim. Təzə-təzə gələnlərə hamı bibimin adını deyirdi. Mən handan-hana başa düşdüm ki, nə olub? Qəfildən:
-Bi-bi!-deyə dəli kimi bağırdım və elə bildim ki, səsimdən bütün kənd lərzəyə gəldi,-ay bi-biii!…
Əvəzində qəmli halda əlində avtomat dayanmış, üz-gözü odda işıqlanan Seymur əmini gördüm və nəyə görəsə mənə elə gəldi ki, bütün təqsirlərin hamısı ondadı.