Zəlimxan Yaqubun şeirləri

Zəlimxan Yaqub

Köç mənim

 

Aldanmışam sərvətinə dünyanın,
Ömrüm-günüm, yalan mənim, puç mənim.
Nahaq yerə yaxasından yapışdım,
Taqsır mənim, günah mənim, suç mənim.

 

Beş-altı gün yas paltarı geyəllər,
Hərdən yaxşı, hərdən yaman deyəllər.
Ehsanımı şirin-şirin yeyəllər,
Qırxa qədər yeddi mənim, üç mənim.

 

Qələm alsın başdaşımı yazanlar,
Bel götürsün məzarımı qazanlar.
Ay Zəlimxan, ağı desin ozanlar,
Kəfən mənim, karvan mənim, köç mənim

 

Səni sevmək üçün gəldim dünyaya

 

Çöldə çiçək oldum, çəməndə naxış,

Şimşəkdə od oldum, buludda yağış.

Sirli bir göz gördüm, nurlu bir baxış,

Çevrildim çeşməyə, qarışdım çaya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Mən min il əvvəl də gələ bilərdim,

Min ildən sonra da ölə bilərdim.

Zamanı başqa cür hesablayardım,

Vaxtı başqa cürə bölə bilərdim.

Düşüb sən doğulan həftəyə, aya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Səsini eşitdim, səsdən səs aldım,

Şaqraq gülüşündən güc, həvəs aldım.

Sən nəfəsim oldun, mən nəfəs aldım,

Muştuluq verdilər Günəşə, Aya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Neçə dinsizləri dinə gətirdim,

Qorudum, sünbülü dənə gətirdim.

Könlümdə nə varsa, sənə gətirdim,

Mənim yollarımı kəsə bilmədi

Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Məcnun da, Kərəm də, Fərhad da mənəm,

Məcnuna, Fərhada qanad da mənəm.

Ölüm də, sevgi də, həyat da mənəm,

Şükür Yaradanın verdiyi paya,

Səni sevmək üçün gəldim dünyaya

 

Nә var görәn

 

İnsan niyә vurulur ada, şana-şöhrәtә,

Dünyanın sәrvәtindә, zәrindә nә var görәn?

Rahatlıq yoxdu yerdә, Adәm yerә düşәndәn,

Bu xaraba dünyanın yerindә nә var görәn?

 

Ağrımız çoxalanda yaranı keyitmәdi,

Dәrdi hәr gün böyütdü, sevinci böyütmәdi.

Eh, bu qoca dәyirman kimlәri üyütmәdi,

Dәyirmanın çarxında, pәrindә nә var görәn?

 

Tәmiz ürәk gözәldi, isti can, isti sinə,

Kin-küdurәt bağlasa, hisdi can, hisdi sinә.

Düşәndә tәbiәtin oduna, istisinә

Niyә kölgә gәzirik, sәrindә nә var görәn?

 

Savaşların, qanların göz açmırıq yasından,

Tәmizlәnә bilmirik paxırından, pasından.

Niyә әlini çәkmir dünyanın yaxasından,

Şeytanın fitnәsindә, şәrindә nә var görәn?

 

Uyduq fani dünyanın adәtinә, dәbinә,

Möhtac olduq axırda dәrmanına, hәbinә.

Ömrü boyu can atdıq dәryaların dibinә,

Heyif, bilә bilmәdik dәrindә nә var görәn?