“Bax budur yaşamaq” şeirlər kitabı ilə baş-başa...
Ziyadxan Budaq imzası Azərbaycan ədəbi mühitində kifayət qədər tanınmış onlarla parlaq imzadan biridir. Onun yaradıcılığı ilə tanışlıq geniş oxucu kütləsinə doğmadır. Həm bir qabaqcıl təhsil işçisi, həm ötkəm şair olaraq ulu sözün imkanlarından məharətlə istifadə etməyi bacaran şairdir. İlk tanışlığımızdan xeyli müddət keçib. Poeziyasına nəzər salan kimi yaradıcılığı ilə şəxsiyyətinin vəhdət təşkil etdiyi qənaətinə gəlmişəm. Nitqində necə natiqdirsə, poeziyasında da ustadlara bənzəməyə çalışır, daha çox ibarəli kəlamlar işlədir, dərin mənalı ifadələrə üstünlük verir.
Şairin on dördüncü şeirlər kitabı oxucularla son görüşünün müjdəsidir. “Bax budur yaşamaq” adlanan kitaba şairin bir poeması və müxtəlif vaxtlarda yazdığı şeirləri toplanmışdır. Kitab şeirlərin birinin adı ilə belə adlandırılmışdır. Kitabın redaktoru “Sarı Aşıq” məclisinin yaradıcısı və aparıcısı Adil Cəfakeşdir. Son səhifədə kitabın “Bakı mətbəəsi” ASC-də hazır depozitivlərdən ofset üsulu ilə hazırlandığı qeyd olunub. 336 səhifədən ibarətdir.
Kitab “Vətən sevgisi” şeiri ilə açılır. Təbiidir, hər şairin yaradıcılığında baş mövzu Vətəndir.
Yaxşı bilir Vətən özü, canım onun sipəridir,
Qeyrətimin qan üzündə, hünərində görünür o.
Gözüm onun varlığıdır, kirpiklərim çəpəridir,
Bu dünyanı heyran qoyan zəfərimdə görünür o.
Təkcə zamanın hadisələri aşılanmır, burda həm də mövqe sərgilənir. Şair lirik qəhrəmanın dili ilə hay-küysüz, pafossua ürək sözlərini, qürur hissini nəzmə çəkir, gücümüzün, qüdrətimizin tərənnümü kimi zəfərimizin dünyaya bəlliliyinə eyham vurur.
“Bu illərdə doğulanlar” şeirini də məna-məzmun cəhətdən ağırçəkili şeirlərdən hesab etmək mümkündür. Şair deyir:
Azadlığın rənginə bax! Bəxtim kimi ağdır elə,
Ana yurdun bütövlüyü cah-cəlallı bağdır elə.
Sevincə bax! Şadlığa bax! Unudulmaz çağdır elə,
Bu illərdə doğulanlar bunu yurda pay yetirdi.
Sözsüz ki, şeir Vətən müharibəsindən sonra yaranıb. Azərbaycanın hər zaman başının üstünü qara buludlar alanda həmin dövrün əli silah tutanları silaha sarılıb ana yurdun müdafiəsinə qalxıblar. Bu, min illər boyu dəfələrlə təkrarlanıb. Şairin şeiri hər zamana uyğundur, aktualdır.
“Döyüş meydanı” şeir bir az nikbin notlar üzərində köklənsə, bədbin görünsə belə çılpaq həqiqətdir. Cəng meydanının real təsviridir.
Bir ayrı dünyadır döyüş meydanı,
Ölməzlik, Dönməzlik qoşadır burda.
Oğullar Vətənin axır gümanı,
Oğullar şəhidlik yaşadır burda.
Qeyrətə sığınmaq bir ayrı hünər,
Güllədən yayınmaq Allah işidir.
Göydə alışanlar torpaqda sönər,
Bu da cavanların bir vərdişidir.
“Bax budur yaşamaq” şeiri şairin lirik qəhrəmanı ilə dünyanın nizam-tərəzisinə ötərgi baxışıdır. Bu mövzuda çox şair qələmini sınayıb. Müqəddəs söz isə həmişə aktualdır, orijinaldır, işlətmə yerinə uyğun bənzərsizdir, öykəmdir. Görün Ziyadxan Budaq nə deyir?
Özündən ayrılıb, təklənib dünya,
Mənim qeyrətimə köklənib dünya.
Şövkətim-şanımla köklənib dünya,
Bax budur yaşamaq! Bax budur ömür!
Hansı şeirini seçəsən? Hansından misal gətirəsən? Bunları sözgəlişi demək mümkün deyil. Sanki, Ziyadxan Budaqın on dördüncü şeirlər kitabına çoxşaxəli yaradıcılığının ən yaxşı şeirlərini seçib toplayıblar. Bəs onda niyə “Seçilmiş əsərləri” deyil, şeirlərdən birinin adı ilə “Bax budur yaşamaq” adlanır?
Sualların cavabı cox sadədir. Ziyadxan Budaq bizim ustadlardan biridir, ustadların mənəvi törəmələrindəndir. O, şeiri, poeziyası ilə bunu isbatlayır. Yaradıcılığı önümüzdədir. İstər sağdan sola vərəqlə, dəyərləndir, istər soldan sağa… İstər ağırçəkili qəzəlini, poemasını, on dörd hecalı şeirlərinə nəzər sal, istər heca vəznində yazılanlara… hətta dildə ritmik oynayan, az sözlə çox məna, mətləb bildirən dərin məzmunlu bayatılara bax. Ziyadxan Budaq məsuliyyəti hər şeirdən, hər misradan, hər söz birləşməsindən boylanır, deyir mən burdayam.
Amma hərdən şair də özündən çıxır. Söz qanmayanları görəndə coşur. Bu da təbiidir. Yurdun oğlu silahlanıb Vətənin müdafiəsinə qalxdığı kimi Əlahəzrət SÖZü də müdafiə etmək hər bir qələm əhlnin müqəddəs borcudur.
Sənin nə vecinə ziyalıyam mən,
Sənin nə vecinə söz adamıyam.
Düşünə bilənin xəyalıyam mən,
Duyan kimsələrin öz adamıyam.
Mənim kimliyimdən sənə nə ziyan?
Onsuz da görmürsən, heç baxma yenə.
Bir deyil, beş deyil şairi duyan,
Sən varsan, ya yoxsan, nə fayda mənə? (“İrad” şeiri)
Məncə, şərhə ehtiyac yoxdur. Dünya yaxşılardan xali deyil. Nadanlardan çox millətin aydınlarıdır.
Kitaba şairin qəzəlləri, bayatıları və “Lə İləha İlləllah” poeması da daxil edilmişdir.
Bütün bunlar, əlbəttə ki, ədəbi tənqidin, mütəxəssislərin süzgəcindən keçməli və dəyərləndirilməlidir. Atüstü söhbətin müzakirəsi deyildir. Mən, sadəcə olaraq göz gəzdirdim, ruhumu oxşayan, ovqatı kökləyən şeirlərdən tək-tək nümunələr göstərməyi özümə borc bildim.
Kitab qalın üz qabığı ilə nəfis tərtibatla nəşr olunub. Sözsüz ki, kitabda müəyyən texniki qüsurlar da var, bunlar sırf nəşriyyat xətalarıdır. Həmin xətalar şeirlərin dolğunluğuna heç bir təsir göstərmir.
Əli BƏY AZƏRİ
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru