Ziyəddin Səlim, şeirlər

Ədəbiyyat

TƏRƏZİ DÜZ ÇƏKİR.

Niyə arsızlığa qoyub özünü,

Hamını aldadıb hırıldıyırsan?

Əyriyə dəyişib sən öz düzünü,

Saxta qızıl kimi parıldayırsan?

 

Sifətdən gülərüz olmaq asandır,

Səni içəridən didər ağrılar.

Düzəlməz cəmiyyət dediyin andır,

Özünü doğru tək tutar oğrular.

 

Təmizlik əyyamı gedibdir, nədir?

Zibil lağ eyləyir qızıl külçəyə.

Demə zirvələr də həmin zirvədir,

Qartal dərələrdən baxır sərçəyə.

 

Bir də görürsən ki, bir gözəl ahu

Gəlib zövcə oldu yönsüz kəlçəyə.

Dəyəri  itibdir hər şeyin,  dədə,

Saflar  saflığını  satıb  saflaşır.

 

Dünən  əllərinə  su  tökən  gədə

Bu  gün  ədasından  xaşıl  tək  daşır.

Dünyanı günahkar bilmə.

Günahlar

Vallah, özümüzdə, özümüzdədir.

Tərəzi düz çəkir, pərsəngindəki

Barmağı görməyən gözümüzdədir.

 

BİZİM QARABAĞ.

Gəlib heyran olur dostlar-tanışlar,

Bizim Qarabağın öz aləmi var.

 

Şuşa şüşə kimi safdı, təmizdi

Xanbağı silinməz, pozulmaz izdi.

 

Bərdə muğamatın həzin pəsidi,

Ağdam zilə qalxan zənguləsidi.

 

Hələ kəndlərimiz var bu diyarda,

Adına vurğundur qış da, bahar da.

 

Çəmənli göy çəmən, Güllücə güldü,

Gülablı adından gülab süzüldü.

 

Bağbanlar bir bağdı, barlı-bəhrəli.

Baharlı baharla yaşadır eli.

 

Çıraqlı bir sönməz nurdu, çıraqdı,

Pirilər tarix tək varaq-varaqdı.

 

Şərifli kəndi də şərəfdir bizə,

Babaşlı əzizdir hər birimizə.

 

Gözəldir hər zaman könüldə, gözdə,

Bizim kəndimiz də, səhərimiz də.

 

MƏNDƏN  SONRA  QALAN

                           DÜNYA.

Başımda yüz xəyal, fikir,

Gah uçurur, gah da tikir,

Məni imtahana çəkir

Məndən sonra qalan dünya.

 

Gedənlərin ruhu öndə,

Eləsi var yaman gündə,

Danışacaq hansı dildə

Məndən sonra qalan dünya.

 

Atdığım yekmi, caharmı?!

İynə ucu ümid varmı?!

Görən məni yaşadarmı

Məndən sonra qalan dünya.

 

Oğlumun ər havasıdır,

Qız nəvəmin həyasıdır,

Mənimlə bir qalasıdır

Məndən sonra qalan dünya.