ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – Ayaz Imranoglu deyir ki…

Kəndimizdən gələn səs

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ-4

Həsən kişi eşidir ki, qonşuları Mələkgildə keçi kəsiblər. Tez özünü salır ora və yalvar-yaxar edib deyir:

-Mələk bacı, mümkünsə keçinin dərisini verin bizə, çünki arvad bir az şor tutub, bəlkə motal basdıq.

Mələk də etiraz edib deyir:

-Olmaz, ay kişi, uşaqlar bilib məni danlayarlar.

O deyir, bu deyir, axırda arvad əlacsız qalıb deyir:

-Neynim e, aparırsan-apar, soruşan olsa deyərəm, it aparıb…

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ -5

Bir gün rəhmətlik Nəbi kişi qız elçiliyinə gedir. Söhbət gəlib mətləb üstünə çatanda o stəkana bir qənd salıb deyir:

-Əmioğlu, bizim gədə sizin qızınızı istəyir, deyin Allah xeyir versin, duruq gedək. Ev sahibi güləş bir görkəm alıb deyir:

-Rəhmətliyin oğlu, qızımız bir deyil, iki deyil, beş-altıdır, hansını deyirsiniz?

Nəbi kişi nə qədər fikirləşirsə də qızın adını yadına sala bilmir. Odur ki, ayağa qalxıb deyir:

-Əşi, nə fərqi var e, qızdır da, birini verin çıxaq gedək evimizə.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ -6

Qonşumuzun oğlu Gülabbasa toy edirdilər. Baxdım ki, əmioğlum Badamlı əvəzinə də araq gillədir. Yaxına gəlib dedim:

-Ay kişi, canına yazığın gəlsin, az iç.

Mənə nə desə yaxşıdır:

-Əmioğlu, sənə bir sualım var, de görüm bir vedrə arağı heyvanın qabağına qoysalar içər?

Dedim:

-Yox.

Dedi:

-Ay sağ ol, deməli arağı heyvan yox, insan içməlidir?!

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ -7

İmamyar kolxoz sədri işləyəndə birinci katib Cabbarov gəlib çıxır heyvandarlıq fermasına və onu danlayıb-dansıyıb deyir:

-Ə, yekəpər, səndən təsərrüfata rəhbər olmaz. Nə vaxtadək bu inəklər qısır qalacaq? Nə üçün qısırlığa qarşı ciddi mübarizə aparmırsan?

O, ciddi görkəm alıb deyir:

-Yoldaş katib, özüm ölüm bu il öz gücümə də qala qoymayacağam bir inəkdə qısır qalsın

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ -9

Hüseynqulu harada məni görür öpürdü. Deyirdi yerlilərimi görüb öpməsəm rahat olmuram. Bir gün yoldaşımla gedərkən qarşımıza çıxdı. Həmin qayda ilə mənlə öpüşdü. Gördüm yoldaşıma baxır. Dedim:

-Hüsenqulu, yoldaşımdır. Özü də Zəngilanlıdır. Öpə bilərsən.

Yazıq başın aşağı salıb handan-hana dedi:

-Bacı rayonda olanda elə ağıllıydım. Bakıda başım xarab olub

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 009

Həmyerlim taksi sürücüsü Mədət danışır ki, maşına ağsaqqal nurani bir kişi mindi, düşəndə pulu qoyub düşdü. İstədim pulu qaytarım gördüm kişi yoxdur. Təəccüblə sağa-sola baxdım, amma kişini tapa bilmədim. Evdə anama danışdım, anam da dedi ki, o kişi ya seyiddir, ya da müqəddəslərdəndir. Onu görən kimi pulu qaytar. Bir gün o kişini yolda gördüm, amma sarıqlı vəziyyətdə. Yaxınlaşdım ki, tanışlıq verim, keçən dəfə yoxa çıxdız filan.

Kişi ağzından çıxanı mənə dedikdən sonra dedi:

— ” Adə, maşını saxlamısan lyukun ağzında, lyuk da açıq,

maşından düşən kimi düşdüm lyukun içinə”.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ -12

Bir gün Həsən kişi eşidir ki, qonşu kənddə olan kirvəsi Məmiş rəhmətə gedib. Arvad-uşağı da başına yığıb üz tutur həmin kəndə və  başlayır hündürdən bayatı çağırmağa:

-Kirvə hey, hara gedirsən?

Gəlib-gəlib görürlər ki, Məmiş kişi quru dərənin başında tikan qırır. Kişi devikmiş halda onu qucaqlayıb deyir:

-Ə, kirvə, bəs ölməmisən? Axı bizə xəbər gəldi ki, sən ölmüsən.

Məmiş kişi də dəlil-dəlalət edib deyir:

-Əşi ölmək nədir, zad nədir, görürsən ki, burada tikan qırıram. Zəhmət çəkmisiniz. Allah mərdiməzarın evin yıxsın. Qayıdın gedin evinizə.

Həsən kişi əl çəkməyib deyir:

-Ə, kirvə, buralarda heç ölən, itən, qırxı, yeddisi tamam olan yoxdur? Çünki bizim arvadlar yaman dolublar, özlərini cırırlar. Dedim bəlkə bir az ağlayıb ürəklərini boşaldalar. Yoxsa çoxunun bağrı çatlayıb öləcək.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 16

Bir gün Səfiyar kişi görür ki, oğlunu əsgərliyə çağırıblar. Dərhal oğlunu təlimatlandırıb aparır hərbi komissarlığa və and-aman edir ki, uşağın qulaqları kardır, heç nə eşitmir. Komissar onu yoxlamaq üçün çox çək-çevir edir və ona müəyyən suallar verir. Görür ki, oğlan heç dinmir, elə hürüt-hürüt baxır. İnanıb onu evə buraxır. Səfiyar kişi oğlu Gülalını da götürüb ikinci mərtəbədən birinciyə düşür və başlayır yaxın dost-tanışları ilə söhbət etməyə. Komissar heç kim bilməsin deyə ehmalca:

-Gülalı, – deyə səsləyir.

Elə bu vaxt Gülalı çaşıb:

-Bəli, bəli, -deyə yuxarı qaçır. Komissar onu yaxalayıb deyir:

-Səfiyar kişi, heç utanırsan o boyundan, buxunundan? Mən boyda kişiyə yalan deyirsən. Uşaq əməlli-başlı eşidirmiş ki.

Səfiyar kişi komissarın cibinə xeyli pul basıb deyir:

-Ay rəhmətliyin oğlu, uşaqdır də, qanmır, bir dəfə “bəli” deməyinnən elə bilirsən ki, qulağı açıldı…

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 17

Dayımgillə bizim ev qonşu idi. İki evin arasında elektrik dirəyi vardı ki, eşşəklərimizi yaz, yay, payız aylarında dirəyə bağlayardıq. Əmi oğlu kolxoz sədri işlədiyindən  qağam (atam) gecələr öz eşşəyimizlə yox dayımgilin eşşəyi ilə kolxozun ot tayasından kiplər daşıyıb gətirərdi. Dayım Famil hər səhər görür ki, eşşək qan-tərin içindədi. Bir gün, iki gün, üç gün keçir nəhayət qağama deyir:

-Ay İmran insafın olsun bu eşşəyi az işlət də. Hər səhər baxıram ki, qan-tərin içindədir. Alığı hələ də buxarlanır.

Qağam görür işin üstü açılacaq deyir:

-Dayıoğlu (atamla dayım mamaoğlu, dayıoğludurlar) məni niyə günahkar sayırsan. Sizin eşşəyi səhərə kimi cinlər minib çapır

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ -26

Atakişi əmi Həkəri çaya balıq tutmağa getmişdi. Balıq kanı olan yerə nə qədər qırmaq atsada qırmaqdakı qurdu balıqlar  yeyir  heç cürə balıq tuta bilmirdi. Bu vaxt Seyid Məhərrəm baba gəlib çıxır. Görür ki, Atakişi hər dəfə qırmaq atanda “Ya seyid Vəli ağa”nın(ad şərtidir) cəddi deyir. Özüdə balıq tuta bilmir. Deyir:

-Ayə Atakişi nollar bir dəfədə mənim cəddimi çağır də.

Atakişi əmi “Seyid Məhərrəmin cəddi” deyib qırmağı çaya tullamağı ilə balıq tutmağı bir olur. Deyir:

-Seyid cəddinə qurban olum düz deyirsən səni yanımda qoyub beş kənd o yandakı seyidin cəddini çağırırdım. Yəqin o da eşitmirmiş…Eşitsə də deyirmiş ayə Atakişi seyid Məhərrəm yanındadır onun cəddini çağır.. Daha bundan sonra hər yerdə sənin cəddinə and içəcəm.

Atakişi əmi tutduğu balıqdan bir neçəsin seyid Məhərrəm babaya verib kəndə dönürlər

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 137

Bizlərdə bir nəfər vardı ağıl dəlisiydi. Hamı ona “professor” deyirdi. Günlərin bir günü “professor” kənd məscidində namaza durur. İbadət qurtaranda məscidin mollası mehrabdan Allahın hüzurunda cümə namazına duranlara əvəzsiz qiymət veriləcəyini deyir. “Professor” yanındakı qonşusunu dümsükləyib:

-Qıldığım cümə namazını Allah neçiyə alır, deyə bilmərəm. Elə namaz qıldım ki, özümə satsalar, bir şahıya da almaram.

 

Zəngilan gülməcələri -204

ORTA NƏKTƏBİ GÜC-BƏLA İLƏ BİTİRƏN MAMED DAYI KOLXOZDA BAŞ ÇOBAN İŞLƏYİRDİ. QAÇQINLIQ VAXTI O DA BAKIDA MƏSKUNLAŞMIŞDI.

BİR DƏFƏ MAMED DAYI ŞƏHƏRDƏ QABAĞIMA  ÇIXDI. HAL-ƏHVAL TUTUB ÇAYXANAYA GETDİK. MAMED DAYI KALSTUKLU, TƏZƏ KOSTUYUMDA İDİ. ÖZÜDƏ ƏLİNDƏ DƏFTƏR, KİTAB. DEDİM MAMED DAYI HARDAN GƏLİRDİN. DEDİ DƏRSDƏN.

-NƏ DƏRSİ?

-BOY…BƏS MƏN BDU(Bakı )Dövlət Unveristeti)DƏRS DEYİRƏM.

-HANSI FƏNNDƏN?

-TARİXDƏN

-SABAH GƏLƏCƏM DƏRSİNƏ

– BALA SƏN ALLAH GƏLMƏ. BİABIR EDƏCƏKSƏN MƏNİ

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 347

Qonşum Molla Bəhram deyir:

Bismillah-rəhmanü-rəhim!!!

-Cavanlıqda adamın ağlı olmur.Yaxşı bir yolgöstərən də olmur ki,deyə “Bala,evlənəndə dili lal,qulağı kar qız al.Lap yaxşı olar ki,gözünün biri də kor olsun ki,hər şeyi görməsin.Aldanırsan qızın qırmızı yanağına,göz-qaşına,çolka-molkasına,bir də ayılırsan ki,tifağın dağılıb.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ  – 493

Bir dəfə yazıçı Əli Vəliyevin zəngilanlı qohumlarından bir kəndçi arvad onlara gəlir.Yazıçının arvadı nə qədər israr edirsə,qadın içəri girmir və deyir:

-Əli qağamdan utanıram.

Yazıçının arvadı Əli Vəliyevin iş otağına girərək kənddən filankəsin gəldiyini,ancaq ondan utandığı üçün içəri girmədiyini deyir.

Əli Vəliyev qapıya çıxaraq qadınla hal-xoş edir,sonra isə onu içəriyə dəvət edir.Qadın deyir:

-Əli qağa,utanıram e…

Əli Vəliyev deyir:

-Bayırda özünü soyuğa vermə.Utanırsan,gəl içəridə utan də.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ  494

Bir nəfər dəyirmana dən aparmaq üçün qonşusunun eşşəyini istəyir.Qonşu deyir:

-Ay qonşu,günortaya qədər eşşək özümə lazımdır. Günorta işimi qurtarandan sonra özüm eşşəyi gətirib sənə verərəm.

Günorta olur,amma qonşu eşşəyi gətirib çıxarmır.Dəyirmana dən aparmaq istəyən adam öz oğlunu qonşuya göndərir ki,eşşəyi nə üçün gətirmədiyini qonşudan soruşsun.Oğlan qonşunun həyətinə gəlib ev yiyəsini çağırır.Səsə ev yiyəsinin oğlu çıxır.Dəyirmana dən aparmaq istəyənin oğlu deyir:

-Ə,dədəm dədaa eşşək demişdi,nooldu ?

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 495

Hər yaz Həkəri çayı daşıb əkin sahələrinin bir hissəsini yuyub aparırmış. Kolxoz sədri belə qərara gəlir ki, çayın sahilinə bənd basdırsın. Ona görə də camaata tapşırır ki, sabah hər evdən bir nəfər adam özü ilə də bir ulaq götürüb kolxoz idarəsinin qabağında hazır olsun. Sabah hamı öz ulağı ilə idarənin qabağına gəlir. Ancaq koxozçulardan biri gəlmir. Sədr onun qapısına adam göndərir ki, nə üçün gəlmədiyini öyrənsin. Vacib işi çıxdığı üçün rayon mərkəzinə getmiş kolxozçunun oğlu gələn adama deyir:

-Dədəm deyirdi ki , bizdən eşşək olacaq, ancaq adam olmayacaq.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ  – 499

Vüqarın dədəsi Bəhlul kişi ölüm yatağında imiş. Heç nə yemmirmiş. Vüqar dədəsinin yannına gəlib deyir:

-Dədə, yumşaq armud olsa, yeyərsən?

Dədə qolunu yorğandan kənara çıxarıb titrəyən əllini oğluna tərəf uzadaraq:

-Hanı?-deyir.

-“Olsa” deyirəm e,dədə.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 500

Bİr dəfə kənd klubunun qarşısına yığışıb söhbət edirdik. Bir nəfər yaxına gəlib dedi:

-Xəbəriniz var Xasaydan, deyir, tapançalı, piştovlu bir müstəntiqlə ailə həyatı qurub.

Mədət kişi əlini-əlinə vurub dedi:

– Paho, bununku oldu zülüm, biz arvadın bir tapançasına dözə bilmirik. Görəsən bu iki tapançaya necə cavab verəcək?

 

 

Zəngilan gülməcələri – 501

Kolxoz sədrinə zəng vururlar ki, sabah sağıcı Mehri hazırlıq görsün AzTv intervü verəcək. Kolxoz sədri Mehrigilə gəlib deyir:

-Az, sabaha hazır ol intervü verəcəksən..

-Sədir qağa intervü nəmənədi?

-Nə bilim az…. Hər halda çimib hazır ol.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 502

Günlərin bir günü Əsi kənd məscidində namaza durur. İbadət qurtaranda məscidin mollası mehrabdan Allahın hüzurunda cümə namazına duranlara əvəzsiz qiymət veriləcəyini deyir. Əsi qağa yanındakı qonşusunu dürtmələyib:

-Qıldığım cümə namazını Allah neçiyə alır, deyə bilmərəm. Elə namaz qıldım ki, özümə satsalar, bir şahıya da almaram.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ  – 503

Bizim bir kolxoz sədrimiz var idi. Arvad oldu, kişi oldu hamısına deyirdi:

-Neynim, bircə gecə mənimlə yatasan burda – idarədə, onda görərsən ki, başına nələr işlər gəlir.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 504

Bir dəfə Qubadlının kürd kəndlərindən iki nəfər Akara dəmiryol vağzalına gəlib ordakılardan soruşurlar:

-Əmioğlu, siz bilərsiniz, bu dəmiryolu ilə Bakıya necə gedirlər?

Həmin adamlar da bunları avam görüb deyirlər:

-Bax gördüyünüz bu relslərin üstünə çıxıb istədiyiniz yerə gedib çıxa bilərsiniz.

Onlar da buna inanırlar və biri bir relsin, digəri də o birisının üstünə çıxıb xeyli yol gedirlər. Sonra yoldaşlardan biri o birinə üz tutub deyir:

-Ə, səncanın, mən lap əldən düşdüm. Gəl düşək bir az da piyada gedək

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 505

Əsi istədiyi qızgilə zəng edir. Dəstəyi qızın atası götürdüyünü bilmədiyindən elə zənn edir ki, istədiyi qızdır. Ona görə də:

– Maralım, ceyranım, dovşanım…- deyib qızın gözəlliyini öyür.

Arada pauza verib gözləyir ki, qız nəsə desin. Amma qızdan səs çıxmır. Ona görə də şübhələnib yavaşca:

-Kimsən?..

Qızın atası gur səsiylə:

-Meşəbəyi….

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 507

Cəbrayıl müəllim rus dilindən dərs desə də dərsinin yarısını iştirakçısı olduğu Böyük vətən müharibəsinə, yarısını da əxlaqa həsr edərdi. Həmin gün isə islam dinindən danışırdı. Danışıb qurtardıqdan sonra sual verdi:

-Kim cənnətə getmək istəyir? – dedi.

İbrahimdən başqa hamı əlini qaldırdı.

Cəbrayıl müəllim İbrahimi ayağa durğuzub:

-Sən cənnətə getmək istəmirsən seyid Gülzarın nəvəsi?

-Yox.

-Nə üçün?

-Nənəm deyir ki, dərsdən çıxan kimi evə gəl.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 508

Nəvəm Murad həvəslə məktəbə getsə də niyəsə müəlliməsinə isinişmirdi. Bir gün isə məktəbdən acıqlı halda gəlib kitablarını yerə çırpdı. Dedim:

– Qaqaş nooluf?

– Mən daha dərsə getməyəcəyəm, belə müəllim olmaz, gündə bir cür danışır.

-Necə bəyəm?

-Dünən deyirdi üçün üstünə dörd gələndə yeddi eləyir, bu gün deyir beşin üstünə iki gələndə yeddi eləyir. Bunun hansına inanasan?

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 509

Bu yaxınlarda jurnalist, məhşur futbol azarkeşi zəngilanlı Akanı küçədə görüb fürsəti fövqə verməyib atüstü müsahibə götürmüşdü. Suallardan biri belə idi:

-Deyirlər azarkeş kimi sizin verdiyiniz proqnozlar özünü doğruldur. Deyin görək Azərbaycan yığması Brazilya millisini uda bilərmi?

Akan təhrini pozmadan:

-Əlbəttə uda bilər.

-Axı bu necə ola bilər?

-Brazilya miĺlisinə Ermənistan formasını geyindirsələr, bu mümkündür.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 510

Bir dəfə yas yerində molla çox avazla quranın yasin surəsini oxuyub başa çıxandan sonra yanındakılardan biri Aşırxanın qulağına pıçıldayır ki, görürsən, molla nə qədər savadlıdır. Aşırxan azacıq sükutdan sonra deyir:

-Düz deyirsən, savadına söz yoxdur. Amma nə olsun ki, yola saldıqlarının heç biri geri qayıtmır.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 511

Bir gün xala Cümşüd bir kostyum alıb əyninə geyib poçtun qabağıa gəlir. Bu vaxt Aşırxan kişi qarşısına çıxır:

-Aşırxan qağa, bunu min manata almışam, gör  necədir?

Aşırxan kişi etinasız halda kostyumun o tərəf- bu tərəfinə baxıb deyir:

-Çox yaxşıdır, amma gərək on min manat da verib bir ağıl alıb qoyasan başına

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 512

Rəşid müəllim heç vaxt Azaddan dərs soruşmasa da beş yazırdı. Cəmi bircə dəfə Azadı ayağa durğuzub suruşdu:

-Ən böyük səma cismlərindən hansını tanıyırsan?

–Buludu – deyən Azad sevincək cavab verdi.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 513

Köçkünlüyün təzə vədələri idi. İmamqulu Bakıda məskunlaşdığından  tez-tez avtobusdan istifadə edir. Bir gün yenə avtobus dayanacağına gəlmişdi ki, görür döşü-başı açıq çılın-çılpaq bir qadın dayanıb. Yaxınlaşıb deyir:

-Anam-bacım, səhər-səhər evdən çıxanda üstünüzə-başınıza baxmısınız?

Qadın cavab verir:

-Həri, nə olub ki?

İmamqulu deyir:

-Nə olacaq, xalqımızı təhqir etmisən, belə də geyim-keçim olar?!..

Qadın istehza ilə gülüb deyir:

-Paşyol, suka.

İmamqulu kişi elə biliir ki, ona deyir, sağ ol

Odur ki, etiramla baş əyib,

-Sən də sağ ol! – deyir.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 514

Bilogiya müəllimiz Heydər müəllim dərsə gəlmədiyindən onu coğrafyadan dərs deyən Rahid müəllim əvəz edirdi. Dərsimiz qan dövranın izahı olduğundan Rahid  müəllim uşaqlara aydın olsun deyə, misal çəkdi:

– Uşaqlar, əgər mən başı üstə dursam, bildiyiniz kimi, qan mənim başıma toplanar və mən qızararam.

Uşaqlar bunu təsdiq etdilər. Rahid müəllim sözünə davam edib:

-Yaxşı, bəs nə üçün mən ayaq üstə duranda qan ayaqlarıma toplanmır?

Akif tez əlini qaldırdı. Rahid müəllim:

-Hə, de görək niyə?

-Müəllim ona görə ki, ayaqlarınız boş deyil.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 515

Zologiya müəllimiz Tapdıq müəllim biləndə ki, Azadgilin ailəsi heyvandarlıqla məşğul olur, xeyli inəkləri var tez-tez bu mövzuda ona sullar verirdi. Bir gün dedi:

-Azad südün tərkibində olan maddələrdən beşini saya bilərsənmi?

Azad şəstlə sinəsini qabağa verib:

– Müəllim yağ, pendir, qatıq, süzmə, şor

Tapdıq müəllim yenə sual verdi:

-Bəs südü turşumaqdan qorumaq üçün ən asan yol hansıdır?

-Südü inəyin yelnində saxlamaq.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 516

Riyaziyyat dərsinə hazırlıqsız gələn İbrahimə Garay müəllim yağlı iki yazıb xeyli təhər- töhmət etdikdən sonra:

-Sən yaşda olanda mən dərslərə hazırlıqlı gəlir, müəllimin verdiyi bütün suallara düzgün cavab verirdim.

İbrahim səbirlə ah çəkib:

– Doğrudur müəllim! Lakin sizin müəlliminizlə mənim müəllimim, gərək ki, eyni adamlar deyildilər.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 517

Bu günlərdə həmyerlilərimdən biri ilə görüşüb hal-əhval tutdum.

-Necədir vəziyyətin? – dedim.

Cavab verdi ki, çox pis.

Dedim:

-Nə üçün belə, olmaya xəstələnmisən?

Dedi:

– Bəli, əmioğlu. Əzrayıl əlində sivri qılınc kəsib başımın üstünü. Deyir, bu saat canı alacağam. Yalvar-yaxar edib deyirəm, ay nainsaf, gəl daşı ətəyindən tök, bir az möhlət ver. Bəlkə bu yaxınlarda qayıtdıq Zəngilana, onda gəlib öz işini görərsən. Deyir, olmaz ki, olmaz, bu saat canı alacağam…

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 521

Arvadının yemək gətirməsini gözləyən yetim Əli başını qatmaq üçün arvadından xəlvət zümzümə edir:

-Sevgili yarım gələcək, nazlı yarım gələcək…

Mətbəxdən bunu eşidən arvadı:

–İndi gəlib birini elə vuracam ki, təcili yardım gələcək

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ -522

Rəssam dostumuz Nazim Hüseynov söyləyir ki, 34-35 il əvvəl olan hadisələrdən biridir. Yəni Qarabağ münaqişəsinin qızışan vədələri. Erməni quldurları sərhədyanı rayonlarımızda gündə bir hadisə törədirdilər. Belə bir vaxtda bizim  cavanlar  dağ keçidindən yüklü  eşşəyini  yedəkləyib  gələn bir  ermənini  saxlayıb  soruşurlar ki, ermənisən yoxsa müsəlman? Erməni fikirləşir ki, desə erməniyəm  öldürəcəklər, desə  müsəlmanam, deyəcəklər ki, onda “fındıq” de görək.

Odur ki, yazıq-yazıq deyir:

-Ara mən  nə erməniyəm, nə də müsəlman.  MƏN  BU  EŞƏKİN  BALASIYAM

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 524

Sovet dövründə biz tərəflərdən bir ananın oğlu urisetdə hərbi xiddmətdə imiş.Soyuq qış günlərindən birində ana tək-tənha mal nobatına getməli olur. Hava çox soyuq imiş.Ananın yadına əsgərdə olan oğlu düşür:

_Nənən ölsün,ay İramazan (bizlər anaya nənə deyərdik), qışın bu soyuğuna urisiyatda nejə dözürsən?!

Bir az keçir.Ana çör-çöp yiğıb bir ocaq qalayır.Ananın donmuş bədəni bir azca qızınır.Ana yenə də əsgərdəki oğluna xitaban deyir:

_Nənən ölsün,ay bala,deyəsən hava bir az isindi axı…Yəqin sənin də canın qızdı…

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 528

Bizdə bir kişi var idi. Kəndə kino gələn kimi kinomexanikə bir- iki ağac ilişdirib deyirdi:

-Ə, bura sənin üçün dəlixanadır, avara köpək oğlu, həftə səkkiz, sən doqquz, gündə dəhdüş maşını minib qaçırsan bura?..

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 529

Bir yas yerində molla “YASİN” surəsini çox kəsə oxudu.Adətən oxunması 40-45 dəqiqə çəkməli olan bu surəni molla 5-6 dəqiqəyə başa vurdu.Mollaya yaxın oturduğumdan ona tərəf əyilib astadan qulağına pıçıldadım:

-Ay molla,deyəsən “yasin” çox qısa oldu axı…

Molla qımışaraq dedi:

-Bu rəhmətlik çox arif adamdır.Elə bir-iki kəlmədən nə demək istədiyimi başa düşdü.Ona görə də uzunçuluğa ehtiyac yoxdur.

 

ZƏNGİLAN GÜLMƏCƏLƏRİ – 530

Həsənqulu kişinin qəribə xüsusiyyəti vardı. Kənd sovetinin sədri Mehti kişini görəndə boyunu sevib deyərdi:

-A nər ey, ə, bilirsən bu nə oğuldur?

Elə ki, tini o tərəfə sovuşdu, arxasınca boğma verib deyirdi:

-Ə, qoy rədd olsun ənə, ağzı, burnu sulu Həsənquludan sovet sədri olar?