Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.
Kitab gözəl insan, əsl ziyalı, bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.
Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.
Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…”
Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…
Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər — filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.
Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək, onun müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.
Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.
Zaur Ustac demişkən: “Sevin ki, seviləsiniz!”
Müəllif: Tuncay Şəhrili