“ … dədə, ay dədə …” Hər dəfə fərqli tonlarda səslənsə də uzun illərdən bəri vərdiş etdiyi eyni “alarm” sədaları altında oyandı. Adəti üzrə əlini yana uzadıb yatağı yoxladı… Sonra əmin olmaq üçün sola çevrildi. Yanılmamışdı. Həmişəki kimi boş idi… Əlini yatağa sürtdü. Buz kimi idi… O da adəti üzrə sübh tezdən oyanıb, həyətə düşmüşdü… “Alarm” ikinci dəfə səslənəndə qeyri-iradi sağa çevrilib yataqdan qalxdı. “Şortik”ini bir az aşağı çəkib üst-başını düzəltdi. Altıncı oğlunun cığ-cığ səsi idi… “köpəkoğlu cığ-cığ dayısına oxşayıb…” fikri beynində dövrə vurarkən, — “dədə, beşinci gündür. Söz vermişdin ki, bu gün gedəcəyik… Səhərdən səni gözləyirəm. Özün demişdin tezdən basabas düşməmiş gedərik…” – deyə uşaq birnəfəsə sicilləmə şikayət qarışıq ismarıcı aşağıdan yuxarıya göndərdi. Əhməd çəkələyinin bir tayını tapıb geyinsə də nə billah elədi ikinci tayını tapa bilmədi. Taxtın başından əl-üz dəsmalını götürüb çiyninə atdı. İndi xatırladı ki, 1 sentyabr 2023-cü il, cümə günüdür. Ötən həftə uşağa verdiyi sözü kəlmə-kəlmə xatırlamağa başladı: — “yağmasa, üzümüzə gələn cümə sübh tezdən, basabas düşməmiş gedərik…” Tez bütün məsələni təfərrüatı ilə xatırlayıb telefonu axtardı. O da həmişəki kimi yəqin baş tərəfdən taxtın altında olacaq… Əyilib əvvəlcə mobil telefonunu, sonra isə eynəyini taxtın altından tapıb çıxartdı. Telefonun ekranında barmağı ilə gəzişib, axtardığını tapdı. Üstündən basıb bir az gözlədi. Ekranda nə gördüsə, “yes” nidası çəkib, sevindi. 351 manat aylıq məvacibi kart hesabına oturmuşdu. İndi arxayın uşağı aparıb məktəb paltarı ala bilərdi…
Eynəyini bir az da nizamlayıb “termo”ya tərəf getdi. “Zalım qızı bir dəfə burada oturmadı…” düşünə-düşünə “termo”nun qarşısındakı kətildə oturub, səliqə ilə qatlanmış bayrağa və tərs üzünə qoyulmuş çərçivəyə diqqətlə baxdı… Sonra ikinci oğlunun əlində yanacaq doldurma tapançası olan fotosuna baxıb qürurlandı. Oğlu fotoda döyüş təyyarəsinə yanacaq doldururdu. Yaxınlıqdakı aviasiya hərbi hissəsində müqavilə ilə texnik işləyirdi. Simasındakı kövrəklik yerini yenicə fəxarət hissinə vermişdi ki, gözü üçüncü oğlunun növbəti səliqə ilə qatlanmış bayraq üzərinə tərs üzünə qoyulmuş fotosunun çərçivəsinə sataşdı.
Bu dəfə özünü saxlaya bilmədi… Əl-üz dəsmalı ilə gözünün bulaqlarını quruladı. Əlini boynuna apardı. Bir müddət beləcə qaldı… Sonra dördüncü oğlunun tank üstündə olan fotosuna baxdı. Dördüncü oğluna 90-ıncı illərdə şəhid olmuş tankçı əsgər yoldaşının adını qoymuşdu. İndi o da tankçı idi. Çox da uzaq olmayan hərbi hissələrin birində müqavilə ilə xidmət edirdi. Oğlunun tankın “lyuk”undan boylanan baxışlarını oxşamaq üçün əlini boynundan endirdi. Ancaq qeyri-iradi beşinci oğlunun yenicə “Gülhane”dən göndərdiyi fotodakı çarpayıda havadan asılmış gipsdə olan ayağına çəkdi…
Kişi tənək çöpü ilə qalanmış təndir kimi ağarıb, qarala-qarala qalmışdı. Bu vaxt yataq otağının qapısı döyüldü… Bir gözü “Gülhane”dən fotoda, bir gözü də qapıda:“Gəl, gəl ay oğul, gəl görüm…” – Əhməd uşağı içəri çağırdı. Arıq-sısqa bir oğlan uşağı içəri girdi. Bu onun altıncı oğlu idi. Ani olaraq Əhmədin eynindən nə keçdisə, eşidilə biləcək səslə: “Əstəğfirullah, lənət şeytana” – deyib, uşağı dinləmək üçün özünü birtəhər toparladı… “Dədə, ay dədə saat 9-un yarsı olub. Sonra basabas olacaq ha… özün demişdin. Yağış da yağmır…” “Hə, maşallah yaxşı gün çıxıb. İndi gəlirəm gedək.” – deyib Əhməd uşağı yola saldı. Özü də ardınca birinci mərtəbəyə düşdü. Adəti üzrə evdə ancaq ailə üzvüləri olanda əynində “şortik”dən başqa heç nə olmazdı. Yenə dəsmalı çiynində, qurşaqdan yuxarı lüt həyətin o başındakı hamam otağına tərəf getdi. Əhməd əvvəllər Bakı şəhərinin lap mərkəzində Hüsü Hacıyevlə Bəşir Səfəroğlu küçələrinin kəsişməsində təxminən 100 ildən bir az artıq ailəsinin yaşadığı sənədli-sübutlu xüsusi həyət evində yaşayırdı. Sonra evləri plana düşdü, … . İndi gəlib çıxıb Qobuya. Söz düşəndə deyir bizi gəldiyimiz yerə qədər (Şamaxını nəzərdə tutur) qovacaqlar. Yeddi oğul atası olan Əhməd kişinin yaxşı gen-bol həyəti, bağı-bağçası, iki mərtəbəli evi, halal süd əmmiş xanımı və sonbeşik bir qızı var. Görünür toy günü edilən dualar müstəcəb olub…
Əhməd əl-üzünü qurulaya-qurulaya qayıtdı. Əl-üz dəsmalını həyətdəki şəritin üstünə atıb, birinci mərtəbədəki zala keçdi. Ortadakı masanın üstündə səhər yeməyi üçün hər şey olsa da Əhməd əyləşmədi. Ayaqüstü iki stəkan çay içib həyətə çıxdı. Bəlkə də səhər saat 6-dan geyinib hazır dayanmış, bu il 9-cu sinifə gedəcək altıncı oğlu da dabanqırma ardınca… “Gəl bala, gəl. Gəl, gedək sənin də məsələni həll edək. Görək sonra başımıza nə iş gəlir…” – deyə-deyə Əhməd, ardınca da oğlu həyədən çıxdılar…
Əhmədin atadan qalma bir “31”-i var idi. Əhməd heç vaxt maşını həyətə salmaz, yay-qış həmişə darvazanın ağzında, elə küçədəcə saxlayardı. Onlar maşının yanına çatanda Əhmədin Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin yeddinci sinifində oxuyan oğlu və Bakı Xoreoqrafiya Akademiyasının beşinci sinif şagirdi olan, aman-zaman bir qızı artıq maşında oturmuşdular. Uşaqlar onları görən kimi ikisi də bir ağızdan: “Vallah sakit duracağıq… biz də gedirik…” – deyə elə yazıq görkəm aldılar ki, Əhməd uşaqların xətrinə dəyə bilmədi. Yüngülcə başını bulayıb, altıncı oğluna qabaqda oturmağı işarə etdi…
… Onlar Nizami metro stansiyasının qarşısından keçəndə Əhməd indi avtovağzaldan Qobuya işləyən 567 saylı marşrutun əvvəllər burada dayandığını və o vaxtlar nömrəsinin 67 olması barədə uşaqlara məlumat verdi. Retro avtomobil vurğunu olan Əhməd “sarı PAZ avtobus”u uşaqlara elə təriflədi ki, uşaqların təsəvvüründəki o nəqliyyat vasitəsini biz indi təsəvvür belə edə bilmərik. O ki, qaldı təsvir edək… Əhməd balaca şahzadəsinin xahişi ilə yaxın yolunu uzaq edərək, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanından sağa dönüb yeni salınmış parkın içərisi ilə yuxarı köhnə Sovetski – indiki Nərimanov küçəsinə tərəf qalxdılar. Əhməd buraların tamam dəyişməsi barədə uşaqlara məlumat verə-verə Nərimanov küçəsi ilə Nəriman Nərimanovun heykəlinin başına dövrə vuraraq, “Qırx pilləkən”in yuxarısından ötüb, əvvəl “qəmbərli” küçə ilə üzü aşağı, sonra Şeyx Şamil küçəsi ilə “İçərişəhər” metrosuna tərəf gedərək İstiqlaliyyət küçəsinə çıxdılar. İstiqlaliyyət- köhnə Kommunist küçəsi ilə Mirzə Ələkbər Sabirin heykəlinə tərəf gedib, oradan sola indiki Azərbaycan-köhnə Hüsü Hacıyev küçəsinə döndülər. Mərkəzi Univermağın yanından ötüb, Yazıçılar Poliklinikası olan binaya çatanda Əhməd sürəti tam azaldıb küçənin üstündə olan böyük tağın altından görünən solub bozarmış çəhrayı rəngli daş hasarın içərisindəki xüsusi mülkü göstərərək, bu evin onların dədə-baba mülkü olması barədə uşaqlara bəlkə də mininci dəfə məlumat verdi. Hələ: “Zalım uşağı bizi yerimizdən-yurdumuzdan elədilər… Neçə ildir elə belə də qalıb… Hər görəndə adamın ürəyi ağrıyır… Nə sökürlər… Nə tikirlər…” – deyə dodaqaltı şikayətləndi də … Azərbaycan küçəsi ilə “Beşmərtəbə”yə tərəf gedib Mirzə Ağa Əliyev küçəsinə çıxdılar. Musiqi Akademiyasının qarşısından keçib, sola döndülər. Mərkəzi Bankın qarşısından ötüb, Azərbaycan Dillər Universitetinə tərəf getdilər. Xoreoqrafiya Akademiyasının tuşuna çatanda sola dönüb yuxarı qalxdılar. Xoreoqrafiya Akademiyasının qarşısından keçəndə balaca şahzadə: “Mənim məktəbim… mənim məktəbim…” – deyə sevincini ondan iki yaş böyük qardaşı ilə bölüşdü… … bi az da irəli gedib, köhnə Bakı şəhəri Baş Polis İdarəsi ilə köhnə Təzə bazarın arasında Mərdanov Qardaşları küçəsində beşmərtəbəli binanın birinci mərtəbəsinin qarşısında çoxlu uşaq və böyük yığıldığını görüb dayandılar. Əhməd uyğun bir yer tapıb, maşını park etdi. Maşın dayanan kimi boynundan ağ-qara zolaqlı ağac asılmış, əlində qoltuq ağacı olan, cındırından cin hürkən bir kişi başını Əhməd tərəfdən qapının açıq şüşəsindən içəri soxub: “Xoş gəlmisiniz. Əgər çox ləngiyəcəksinizsə, açarı verin, zəhmət olmasa.” – deyə onunla burun-buruna, göz-gözə dayandı… Əhməd: “Heç yana getmirik, uşaqlar maşındadır. Qapılar açıqdır. Dayımgilə girib, çıxırıq…” – dedi və altıncı oğluna göz vurdu. Arxada oturan yeddinci oğlu ilə balaca şahzadə maşında qaldılar. Əhməd altıncı oğlu ilə qapıların açılmasını gözləyən camaata qarışdı… “on çoxdan olub, niyə açmırlar?!”, “bunlar harda qaldı?!, “budur bunların gördüyü iş?!” və s. və i. suallar qulaq deşirdi…
Nəhayət, qapılar açıldı. Hamı içəri daxil olmağa başladı. Qapıların ağzında hazır dayanmış bələdçilər içəri girənləri məktəb və liseylərin adına, nömrəsinə görə uyğun pəncərələrə yönəldirdilər. Növbə Əhmədgilə çatanda ata-oğul bir ağızdan “Uzay” dedilər. Onları eyni ad yazılmış pəncərəyə tərəf yönəltdilər. Xoşbəxtlikdən bu pəncərənin ağzı boş idi. Ata-bala pəncərənin önünə gəldilər. Əhməd heç ağzını da açmadan salamsız-kalamsız məktəbdən sinif rəhbərinin göndərdiyi şəkili pəncərədəki xanıma göstərdi.Ölçünü soruşanda Əhməd uşağı göstərdi. Satış nümayəndəsi xanım şəkili göstərib: “Hamısından?” – deyə sual edəndə Əhməd: “Köynəkdən iki dənə, qalan hərəsindən bir dənə” – cavabını verdi. Heç 3 dəqiqə keçməmiş xanım əlində bağlama qayıtdı. Əhməd bağlamanı alıb oğluna verdi. Soyunub-geyinmə otağına gedə-gedə:“Köynəklə şalvarı yoxla bəsdir.” – göstərişini verdi. Yoxlamanın müsbət nəticəsinin təsiri altında, yüksək əhval-ruhiyyə ilə malların pulunu ödəməli olduqları digər pəncərəyə yaxınlaşdılar. Əhməd şəstlə bir şalvar, bir jaket, bir jilet, iki köynəyi piştaxtanın üstünə qoydu. Pəncərədə olan xanımlardan biri malları hesablayıb:“144 manat, əfəndim” – dedi. Əhməd kefini pozmadan yenə şəstlə: “Oldu!” – dedi və bir neçə saat əvvəl balansına 351 manat aylıq məvacibi yüklənmiş maaş kartını döş cibindəki mühüm sənədlərin arasından siyirib çıxartdı. Kartı görən xanım əhvalı pozulmuş halda:“Bəy əfəndi, lütfən para ilə, para… nəkt” – deyə israr etməyə başladı. Vəziyyəti belə görən Əhməd əvvəlcə pəncərənin qarşısında 360 dərəcə dövrə vurub, pəncərələrdəki məşhur məktəb və liseylərin adını təkrar-təkrar diqqətlə oxudu. Sonra qeyri-iradi elə xanımın ləhcəsində: “Vay canına” – dedi. Bir az düşünüb: “Bəs sizin post-terminallar hanı?” – deyə sual etdi. “Post-terminal, filan yok! Ya nəkt, ya da cepden cepə!” – deyə xanım bir daha israr edincə, Əhməd: — “Param yox, param kartda… cepim də budur” — deyib cibindən düyməli “Aselsan”ı çıxartdı. Əhmədin mobil telefonunu görən kimi bayaqdan qapının ağzında dayanıb mənzərəni seyr edən səliqəli geyinmiş, saçı-saqqalı səliqəli kəsilmiş ucaboylu kişi Əhmədə yaxınlaşaraq: “Bununla olmaz ki, abiciyim… bununla olmaz… get paranı çək, gəl nəkt ödə… zorluq çıkarma abiciyim…” – dedi və Əhmədi çıxış qapısına doğru yönəltdi. Bu vaxt ödəniş etmək üçün növbəyə dayananlardan bir nəfər: “Getməyin, Əhməd dayı… getməyin…” – deyə səsləndi. Hamı dönüb səs gələn tərəfə baxdı. Sarışın ucaboylu 30-35 yaşlı bir nəfər: “Mən ödəyərəm, siz sonra mənə verərsiniz.” – deyə amiranə, bir az da kinayə və istehza qarışıq tonda davam etdi. “Ay bala, bilsəydim yolda pulu çıxardardım… mən nə bilim… televizor səhər-axşam bar-bar bağırır… mən də düşdüm kəşbək havasına… bu da oldu belə…” – deyə Əhməd suyu süzülmüş halda altıncı oğlu üçün seçdiyi məktəbli geyimləri bükülmüş bağlamanı götürüb elə girdiyi qapıdan da çıxdı. Baş verənlərdən heç nə anlamayan altıncı oğlu qapıda dayanmış kişiyə fəxrlə baxıb, fəzada balaca əlləri ilə ürək rəsmi cızaraq elə havadan könül xoşluğu ilə ona göndərdi. Əhməd binadan təxminən on addım aralandıqdan sonra dönüb içəri girib çıxdığı qapının üzərindəki iri qırmızı hərflərlə yazılmış üç hərfdən ibarət yazını oxumağa çalışdı: “ALA” – qapının üstündə belə yazılmışdı. Əhməd beynində “post-terminal”, “kəşbək”, “ƏDV” fikirləşdikcə gözünün qabağında olan iri qırmız hərflərlə yazılmış “ALA” daha da böyüyür, rəngi tündləşirdi… Əhməd gözlərini ovuşdurub, altıncı oğlunu yanına çağırdı: “Bala, gör o qapının üzərinə nə yazılıb? Bəlkə mən düz oxuya bilmirəm… bəlkə mənim gözlərim alacalanır…”
Elə ki, Əhməd ayağını qapının kəndarından bayıra atdı, içəridəkilər hərəsi bir ağızdan düşdü yazıq sarıyanız oğlanın üstünə… Elə bil heç bayaqdan ağızlarına su alıb kirimişcə gözləyən bunlar deyildi… Biri: “Ay bala, naprasnı belə maşennikin əvəzinə pul ödəyirsən… oçen naprasnı… Baxıram, özü də heç bizim millətin adamına oxşamırsan… Gərək ödəməzdin… Canı çıxardı yaxında bankomatlar var, gedib pulunu çıxardıb, gəlib hamı kimi ödəyərdi… Jadnı çuşka hələ bir post-terminal axtarır, çek istəyir… Belələridir də gül kimi şəhərimizi zibilləyənlər…” İkincisi: “Əlbəttə, qardaşın da (qapının ağızında dayanıb hər şeyə nəzarət edən saçı-saqqalı səliqə ilə kəsilmiş bayaqkı kişiyə işarə edərək) işin-gücün belə qızğın vaxtında indi durub post-terminal dalınca düşəcək… Zarafat deyil e, bu boyda respublikadakı bütün liseyləri paltarla bu kişi təmin edir… Özü də birbaşa Türkiyədən gətirir. Hamısı təmiz turetski maldır. Fabrişni…” Üçüncüsü: “Adam da tanımadığı adamın əvəzinə pul ödəyər? Batdı o pullar… indi sən o avaranı haradan tapacaqsan? Gərək heç olmasa, telefon nömrəsini alardın… ya bir sənədini götürərdin… Tanıyırsan kimdi, harada yaşayır?” Dördüncüsü: “Mən tanıyıram, Santavik Əhməddir… Qoca Qurdlardandır… Evləri də Qusi Qciyev uqıl Şorsda idi… İdi deyəndə ki, elə indi də ordadır, ancaq bunları köçürdüblər Qobuya…” … Sarıyanız oğlan danışanlara məhəl qoymadan özünün və Əhmədin ödəməli olduğu məbləği nağd şəkildə ödəyib küçəyə çıxdıqda ancaq “31”-in uzaqlaşan boğuq səsini eşidə bildi…
Uşaqlara heç nə hiss elətdirməsə də Əhmədin dişi bağırsağını kəsirdi. Paytaxtın mərkəzində millətin gözünün qabağında çeksiz-filansız gedən şıdırğı alverin miqyasını fikirləşdikcə bir abbasılıq santavik Əhmədin yadına düşür, tüstüsü təpəsindən çıxırdı… Uşaqlara heç nə hiss etdirmədən, hərdən bir altıncı oğlunun üzünə təbəssüm edə-edə evlərinə gəlib çatdı. Onları elə darvazanın ağzındaca maşından düşürüb özü isə iş yerinə baş çəkmək üçün yenidən şəhərə doğru istiqamət aldı. Bu dəfə Hökməli deyil, Lökbatan tərəfdən getmək qərarına gəldi. Köhnə Qobudan çıxdıqdan sonra məcburi köçkünlər üçün tikilmiş yeni Qobu qəsəbəsinə çatmamış maşını sağa çəkib saxladı. Maşından düşüb xeyli yoldan uzaqlaşdı. Bir sal daş tapıb üstündə oturdu. Həmin günü xatırlamağa çalışdı. Səhər saat 10 olardı. Birinci oğlu ilə hərbi komissarlığa getdiyinə görə həmin gün şəhərin mərkəzində həyətlərində yerləşən atadan qalma xırdavat dükanını gec açmışdı. Qonşu Pakizə xala yorğan sırımaq üçün ən böyük iynəni istəyirdi. Əhməd “İynə-qıyıq”, Pakizə xala “təmənə” deyə-deyə eyni, adi iynədən bir neçə dəfə böyük iynənin adının üstündə mübahisə edirdilər. Bu zaman arıq, çəlimsiz bir oğlan uşağı içəri girib: “Dayı, tələsiyirəm tez bir santavik ver” — deyərək 20 qəpik qoydu və piştaxtadan 1 ədəd santavik götürüb kassa çeki almadan çıxıb getdi. Ardınca iki nəfər bazburutlu, səliqəli geyinmiş cavan adam dükana daxil oldu. Çağırılmamış qonaqlar özlərini əraziyə cavabdeh vergi müfəttişi kimi təqdim edərək, sonuncu satılmış mala görə nə üçün kassa çeki verilmədiyini soruşdular…
…Əhməd çox düşündü… Yəqin etdi ki, məsələ həmin iki nəfərdə deyil. Şübhəsiz ki, onları kimsə göndərib… Hələ bu hadisədən çox əvvəl yeni gəlmiş sahə müvəkkilinin onu gözümçıxdıya salmasını xatırlamağa başladı… Yox, yox… Əlbəttə, məsələ bu da deyil… Bir xeyli də əvvələ getdi… Hə, bütün işlər həmin axşam başladı, — “Allah atalara rəhmət eləsin. Goruna qurban olduqlarım ona görə deyib ki, şər çağından xeyir gəlməz…” – həmin axşam o ki, o şəbbəlilər qapısını döyüb zor-güc dədə-baba mülkünü onsuz da hansı yolla olur olsun əlindən alacaqlarını bildirmişdilər, bütün bəlalar o gündən bir-bir qapısını döyməyə başladı… İndi də belə…. Əhmədin beynində cürbəcür qara fikirlər firlanıb yox olurdu… Beyni də beyninə bir dərd olmuşdu… — “Balam, göz qırpımında bir başda milyon fikir necə dövrə vurub keçə bilir axı? Görəsən arvadlarda da belədir, yoxsa bu zülmü də ancaq kişilər çəkir?”- düşünə-düşünə o zaman ayıldı ki, sarı 10 qəpikliklə açar əvəzinə maşını işə salmağa çalışır. “Lənət şeytana” — deyib, qəpiyi sürət qutusunun üstündəki çəkmə daxıla atdı. Ciblərini axtardı, maşının açarını tapa bilmədi. Oturacaqda çox o tərəf, bu tərəf qurcuxandan sonra elə də qalın olmayan qayın anasının atadan qalma maşını adına keçirməyi münasibətilə verdiyi döşəkçənin altından nəyinsə onu incitdiyini anladı. Yenə ucadan “lənət şeytana”- deyib, bir az qalxınaraq birtəhər nimdərin altından açarı götürdü. Nəhayət özünə gəlib, maşını işə salaraq, yoluna davam etməyə başladı. Məcburi köçkünlər üçün salınmış “Qobu park”ın yanından ötüb keçəndə beynini yenə qatmaqarışıq fikirlər çuğladı: — “Bunlara bax də dağdan-dərədən gələnlər üçün şəhərin mərkəzində pulsuz-parasız ev tikib paylayırlar, bizi də minillik dədə-baba ev-eşiyimizdən didərgin salırlar… Gəl indi bu qaçqınların yanında hökumətin əleyhinə danış görüm, nə danışırsan, necə danışırsan!?…” – bu fikir-xəyal ilə nə vaxt iş yerinə çatdı, heç özü də bilmədi. Maşını xəstəxananın işçiləri üçün nəzərdə tutulmuş yerdə park edib, düşdü. Qapını bağlayıb açarı köynəyinin döş cibinə qoydu. Cibinin üstindən sanki açarı cibinə yapışdırırmış kimi bir neçə dəfə məxsusi sığallaya-sığallaya xəstəxananın girişinə çatmışdı ki, yeni gələn müdirin yenə əsib-coşduğunu gördü. Girişdə heç kim görünməsə də, müdirin səsi dünyanı başına götürmüşdü. Deyəsən təhlükəsizlik xidmətinin rəisini danlayırdı: — “… buna bax qazi olub mənim üçün, nə qazi, nə mazi yaxçi oğlanlar hamısı getdi qara torpağın altına… qazi… palkovnik olub mənimçün… nə olsun palkovniksən… palkovnik qaldı orda… burda palkovnik də mənəm, general da, bildin… Hanı o demaqoq? — O yazıq Əhməd? Nədi onun adı? Hə, Santavik Əhməd… Gələn kimi gəlsin yanıma… Görüm, yenə nə pox qaynadıb orada…” … Bu dəm girişdə əvvəlcə təhlükəsizlik xidmətinin rəisi 13-14 yaşından həyatını orduya bağlamış, dövlətimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda bütün əməliyyatlarda iştirak etmiş müharibə veteranı, orden-medalları çəlimsiz yeni müdirdən ağır olan ehtiyatda olan polkovnik-leytenant Əmirov göründü: — “Əhməd niyə yazıq olur? Yazıq sizsiniz və sizin kimilərdir. Əhməd kişi min dəfə sizin kimilərdən ləyaqətli insandır. Kişinin iki oğlu siz burada rahat çapıb-talamağınız üçün şəhid olub. Üçüncü neçə vaxtdır müalicə alır hələ də ayağa qalxmayıb…” – elə bu dəm Əmirovla Əhməd göz-gözə gəldilər. Əmirovun səsinin tonunu azaltması ilə bərabər müdirin arıq-sısqa bədəni eyni vaxtda girişdə peyda oldu. Zalım oğlu elə bil kostuyumu gəzdirmək üçün yaradılmış özüyeriyən asılqan idi… İndi ikisi də girişdə dayanıb sakitcə aşağıda dayanmış Əhmədə baxırdılar. Ani olaraq Əhmədin gözünün qabağına “Mauqli” cizgi filminin sonundakı Şirlə Çaqqal olan kadır gəldi. Pilləkənin üstündəki kiçik kvadrat meydançadakı mənzərə təxminən belə idi. Bir tərəfdə dağ böyda, şir ürəkli, cüssəli təhlükəsizlik xidməti rəisi, digər tərəfdə “ştativ” müdir… Ani olaraq Əhəmədin üzünə yüngül təbəssüm qondu. Bu məqam müdirin gözündən qaçmadı. Qeyzlə sükutu yenə müdir pozdu: — “Bu da bizim qəhrəman… Harada idin a kişi? Yenə gedib, neynəmisən orada?” Əmirov söhbətin ardına şahidlik eməmək üçün: — “Yaxşı cənab müdir, siz özünüzə qapı açıb bağlamağa yeni dəstə axtarın, biz – yəni mənimlə gələn 9 nəfərlə birlikdə çıxıb gedirik. Bizim nə belə hörmət-izzətə, nə də buradan gələn ah-nalə dolu qəpik-quruşa ehtiyacımız yoxdur. Allah dövlətimizin bayrağını daim uca etsin, onun verdiyi bizə yetər. İş bizə başımızı qatmağa, fikrimizi dağıtmağa lazım idi… Kişini də çox incitməyin, belə insanları başımızın üstündə gəzdirməliyik…” Müdir sanki ikisinə də eyni vaxtada cavab verə bilmədiyi üçün əzab çəkə-çəkə, Əmirova: — “Get-get, başının dəstəsini də götür get, bunun naz eləməyinə bir bax… gözüm atırdı elə sizdən ötrü… göndərmişdilər ki, bu on nəfər yazığı işlə təmin edin, biz də etdik… xoşunuz gəlmir yol açıqdı… biz işimizi görməyə adam taparıq…” – deyib, anındaca Əhmədə tərəf çevrildi: — “Hə de görüm yenə neyləmisən ki, hərə bir tərəfdən zəng edir?” “Heç nə… Neyləmişəm ki?..” – Əhməd yazıq-yazıq çiyinlərini çəkdi. “Necə yəni neyləmişəm? Gedib qardaşların obyektində aləmi qatmısan bir-birinə ictimai-asayişi pozmusan, təxribatçılıq etmisən, işin-gücün qızğın vaxtında müştəriləri narahat etmisən… Başqa nə olacaqdı ki, od vurub odlamaq istəyirdin cammatın obyektin!?” Əhməd xeyli susdu. Sonra: — “Nə bilim e.. Vallah qalmışam belə…” “Vallah, mallah bilmirəm. Get sən də ərizəni yaz, öz xoşunla çıx get…” “Yoldaş müdir, ərizəni yazıb gedərəm, ruzini verən Allahdır. Ancaq xahiş edirəm, mənimlə belə danışmayın… Bura dövlət müəssisəsidir, hamımız da burada işçyik. Hərənin də öz vəzifəsi, məsuliyyəti var…” “Allah-mallah, xahiş-maiş… nə Allah, hanı Allah!? Nə xahiş!? Xahişi qayış elə, as özünü, sənin də canın qurtarsın, bizim də…” “Budu ha dədədən qalma bir dəri qayışım var”, deyib, Əhməd belində elə qayışın hesabına güclə duran şalvarının cin çıxan yerinin üstündən kəmərini qaldırıb müdirin gözünə soxmaq istədi… “…hə bu kəmər məni saxlayar, a müdir, başına dönüm de görüm mən indi gedim harada asım özümü?” Müdir qeyzlə əlini qarşıda 20 ildən artıq yarımçıq qalıb göz dağına çevrilmiş yeni hündür mərtəbəli binaya tərəf tuşlayıb: — “Get, gül kimi binadır, ya özünü asarsan, ya atarsan özün bilərsən…”
Əhməd bir söz demədən sakitcə başını aşağı salıb yarımçıq göydələnə tərəf addımlamağa başladı. Başqa vaxt həndəvərdə qoca gözətçi olsa da indi heç kim yox idi. Əhməd ehmalca qapının cəftəsini açıb binanın həyətinə daxil oldu. İlk olaraq xəyalına sağdakı girişin yerində əvvəllər yaşamış professor gəldi. Elə həmin girişdən girib yavaş-yavaş yuxarı qalxmağa başladı. Ona elə gəldiki, rəhmətlik professor da onunla birlikdə yuxarı qalxır, hətta üşənən kimi də oldu. Ani olaraq professoru yanında, ona toxunan hiss etmişdi… Professor bu yarımçıq qalmış binanın yerində bir mərtəbəli köhnə evində yaşayan yaşı 80-dən artıq qoca kişi idi. Beş otaqlı şəxsi mülkündə həyat yoldaşı və universitetdə müəllim işləyən qızı ilə xoşbəxt yaşayırdılar. Bu xoşbəxtlik söküb-tikmək məsələsi ortaya çıxana qədər davam etmişdi. Əksər şəhər əhli kimi bir gün söküb-tikənlər professorun da qapısını döydülər. O, sona qədər eyni cümləni təkrar etdi: — “Burada doğulub, boya-başa çatmışam, burada da öləcəm. Mən öləndən sonra nə istəsəniz onu da edərsiniz!” Həyat yoldaşı könülsüz, qızı isə canı-dildən nə billah etsələr də kişini yola gətirə bilmədilər. Bir gün də ailəlikcə belə mübahisə etdikləri vaxt tikinti layihəsinin prorabı qapını döyür, kişi gözünə döndüyüm eləmə tənbəllik mətbəxdə kartof soyduğu bıçaq əlində, yaxasında önlük çıxır qapıya ki, — “A bala nə olub, imkan verin yaşayaq…” Kişinin sözü ağzında qalır. Prorab nə deyir, demir bilmirəm… Qəfil haya-küyə millət yığışır, polislər gəlir. Professoru əli bıçaqlı, yaxaşındakı önlüyü qanlı aparırlar şöbəyə. Şöbənin girişində onları ilk görən polis nəfəri soruşur ki, — “Bu qəssabı haradan gətirmisiniz?” O soruşan, bu soruşan kişinin adı qalır qəssab. İçəridə olanda da bu dünya ilə vidalaşana qədər ona “Qəssab” deyirlər, o da deyir qəssab özünüzsünüz, mən professoram, özü də fəlsəfə elimləri doktoru…” Yazıq kişinin elə istintaq altında təcridxanada zəhri çatlayıb ölür. Adın qoyurlar 80 yaşlı qoca kişi idi, ürək tutmasından ölüb… Evinin yerinə düşən pulu da kompensasiya kimi prorabın ailəsinə verirlər. Həyat yoldaşı köçhaköçdə vəfat edir. Müəllim qızı da bir az kirayələrdə yaşadıqdan sonra düşür küçələrə… Son vaxtlar köhnə qonşular deyirdilər ki, “Beşmərtəbə”nin yanındakı keçiddə yaşayır, gəlib-gedəndən siqaret istəyir… Bu fikr-xəyal ilə nə vaxt sonunca mərtəbəyə qalxdığını heç özü də hiss etmədi. Amma sanki professor onun yanında idi və Əhmədə özünü binadan atmağa təşviq edirdi. Tikilinin lap kənarına yaxınlaşdı. Neçənci mərtəbə olduğunu bilmirdi. Təxminən 13-cü, 15-ci mərtəbə ola bilərdi. Həyətdə və ətrafda bir inni-cinni yox idi. Yalnız bir az kənarda xəstəxananın həyəti və maşınlar üçün nəzərdə tutulmuş dayanacq görünürdü. Orada da heç kim gözə dəymirdi. Nəzərləri ilə axtarıb atadan qalma “31”ini tapdı. Həmin andaca rəhmətlik atasının nə vaxtsa birlikdə rus filmi izləyərkən özünü gicgahından tapnça ilə vuran zabit üçün yazıq günaha batdı deməsi gəlib durdu gözünün qabağında. Anındaca atasının səsi olduğu kimi qulağında cingildədi: — “Adam heç bir halda özünü öldürməz, bu birinci günahdır. Qəti və dəqiq. Müzakirə olunmur! İkinci hər bir müvəqqəti çətinlik növbəti xoşbəxt günlərin kol-kos basmış giriş qapısıdır. O kol-kosu təmizləyib, yeni yerdə yeni həyata başlamq lazımdır…” Bu yandan da professor onu lap kənara çəkir, həyətdə prorabı vurduğu yeri göstərməyə çalşırdı… Sonra nə düşündüsə əlini kəmərinə apardı. Kəmərini, köynəyinin döş cibində olan maşının açarını yoxladı. Ani olaraq beyninə gələn ilk fikir belə oldu ki, mən ölsəm, uşaqlar maşının qapısını necə açacaqlar!?… Sonra bəs onları məktəbə kim aparaqcaq!? Oğlanlar heç… Arvad da heç – onsuz da bir ömürboyu ondan bir insanlıq görmədim… Bəs qızım!? Bəs mənim balerinam!? Bəs mənim balaca şahzadəm necə olacaq!? Bu suallar beynini yeyərkən professorun müəllim qızı haqqında eşitdiyi hekayətlər gəldi gözünün qabağına… Lap kənara gəlib, xala xətrin qalmasın məqsədilə çəkilmiş qırmızı, son sərhəddi bildirən lenti qaldırıb həyətə bir də baxdı. Lenti buraxıb kəmərini bir də yoxladı. Bəs hanı bu insanlar!? Başqa vaxt – filmlərdə biri özünü binadan atmaq istəyən kimi hamı toplaşır həyətə, səslənirlər ki, belə etmə. Hər şey yaxşı olacaq, filan… Digər dilə tutmalar… Xilasedicilər… Hanı bəs bu insanlar!? Hanı!?
Binadan həyətə — düz professorun prorabı vurduğu yerə hoppanmaq istəyirdi ki, axadan səs gəldi: — “Ata”, “ata” – bu onun balaca şahzadəsinin səsi idi. Arxaya çevdildi bu həqiqətən onun qızı idi. Rəqs paltarında əlini atasına tərəf uzatmışdı. “Gəl, ata, gəl. Bura xoşuna gəlmir İtaliyaya gedərik. Mən ora getmək istəyirəm. Gəl.” “Əstəğfirullah, dərs paltarında buraya niyə gəlmisən bala?”, — qızından soruşdu və əlavə etdi, — “…biz səninlə nə şərt kəsmişdik?” “Rəqs paltarı ancaq məktəbdə və səhnədə…” – qızı başını aşağı salıb dedi və Əhmədin əlindən tutub binanın içərisinə doğru çəkməyə başladı. Əhməd harada olduğunu kəsdirə bilməsə də, kimsə həqiqətən onun əlindən tutub, bərk-bərk çəkirdi…
Göz qapaqlarını güc-bəla aralayıb baxdı. Həqiqətən bu onun aman-zaman bircə balası, öz qızı idi. Əhmədin çarpayıdan sallanan sağ əlindən tutub bərk-bərk çəkə-çəkə deyirdi ata dur, ata dur anam deyir ki, çay hazırdır…
Əhməd yuxulu-yuxulu yəqinlik hasil etmək üçün sol əlini yanındakı boş yerə çəkdi. Sonra bir az qalxınıb sağ tərəfə termonun üstündəki fotolara baxdı… “Əstəğfirullah!” – deyə-deyə qanrılıb, çarpayının altından telefonu gotürdü. Ekranda bir az gəzişib, axtardığını tapdı. Üstündən basıb, bir az gözlədi. Ekranda nə gördüsə “yes” deyərək ayağa qalxdı: — “Lənət şeytana! Deyirəm axı, bizdə belə şey olmaz!!!”
01.09.2023 – 15.01.2025. Bakı.