Zahid Yusifov — şeirlər

ZAHİD YUSİFOV

Hünər dildədir

 

Varlı olmağımdan Vallah, keçibdir,

Baxıram yoxluğun qara üzünə.

Tanrımı bu bəxti bizə seçibdir?

Dərd verib, elə bil baxıb üzünə!

 

Dil verib arxadan danışmaq üçün,

Cansız kölgələrə qılınc çəkirik!

Bir maraq xətrinə yanaşmaq üçün,

Min dona giririk, min dil tökürük.

 

De, nəyi itirib, nəyə ağlarıq?

Bəlalı başımız özgə əldədir…

Ağrımaz qafaya dəsmal bağlarıq,

Həpimiz-göpumuz, hünər dildədir!

 

 

Bülbül

 

Al dərdimi nəğmə kimi,

Yurd yerində oxu bülbül.

Dön başına çölün,düzün,

Ətirini   qoxu bülbül!

 

Ömür gəlib bata batdır,

Üfüqünə çata çatdır,

Dərd oxunu ata atdır…

Çək sinəmdən oxu bülbül!

 

İtgin düşdüm gen Dünyada,

Doğmalar da döndü yada,

Həsrət dadın dada-dada,

Gözə haram yuxu, bülbül!

 

***

Kölgələr içində darıxır nəfəs,

Naməlum qütbləri arayır Ruhum.

Bu yerdə nə Sevgi, nədə ki, həvəs,

Qalmayıb, xəstədir, ağrıyır Ruhum!

 

Məkirli, hiyləgər üzlə üzlənib,

İki üz «mən»lərin dölü çoxalıb!

Sökülüb yuvası, yeri düzlənib,

Hünər də süst düşüb, qaxılıb qalıb!

 

***

Dünyanın sırtına mən yük olmadım,

Könlümdə daşıdım dərd-azarımı.

Qorxulu dövranda «döyük»olmadım….

Mumladıb yaşadım dərd-azarımı!

 

Ruhumun çidarsız qanadları var,

Bütlərin çiyninə qonmağı yoxdur!

Yolundan dönməyən «inadkarı»var,

Tufanlar əlində sınmağı yoxdur!

 

***

Gümana qaçmadım, sığınmadım ha,

Bəlkəyə etmədim ümid,yaşadım!

Sınaqlar ömrümə möhrünü  basdı,

Seçərək özümə səmit, yaşadım…

 

Önümdə, yolların yüzü düzüldü,

Burulan döngəsi şübhə gözlüdü,

Nə qədər əzablı yola dözüldü!..

Həyata eşqimdir Səmit, yaşadım!

 

Qiymət