Yurda qayıdış anketi (hekayə) Əli Bəy Azəri

Şahmarın ailəsi bayram süfrəsinə yığışmışdı. Ailədə Cəfərqulu tayfasından da vardı, Mehdili, Tağılı, Kəlbə İsmayıl tayfasından da… İndi onlar üçün bunun bir o qədər də fərqi yox idi. Artıq otuz ilə yaxınlaşırdı ki, doğma yurddan didərgin düşüb gəlib əyalət şəhərinə sığınmışdılar. Kənddən köçəndə hər tayfa öz köçünü sürmüşdü. İllər keçdi, uşaqlar böyüdü, yeni ailələr yarandı. Yeni ailələr kənddəki tayfaları birləşdirdi. Nə sığındıqları şəhərdən qız aldılar, nə də onlara qız verdilər. Ötən müddət onları şəhərə uyğunlaşdıra belmədi. “Doğma yurd” deyib dad elədilər. “Doğma yurd” dedilər, dodaqları yeddi yerdən çat verdi.

Bu gün təkcə bayram şənliyinə toplaşmamışdılar, həm də ciddi bir məsələni müzakirə edəcəkdilər. Vətən müharibəsinin, işğalda olan rayonların azad edilməsindən dörd ay keçirdi. Hökumət internet üzərindən anket göndərmişdi, onu müzakirə etmək lazımdı. Şahmar kişi bu məqsədlə hamısını başına toplamışdı. Məsləhət, məşvərət etsinlər, görək kəndə kim qayıdacaq, kim qayıtmayacaq. Düzdür, ötən müddət ərzində heç kim əlini əlinin üstünə qoyub oturmamışdı, hamı qolunu çırmayıb işləmiş, qazanmış, ev-eşik sahibi olmuşdu. İndi elə etmək lazım idi ki, burdakı evlər də sahibsiz qalmasın. Eyni zamanda doğma yurda dönüb ordakı həyatı da canlandırsınlar.

-Pəh! İndi yadlarına düşüb! – Şahmar ucadan səsləndi ki, diqqətləri onda olsun. – Dörd aydır müharibə başa çatıb, torpaqlar azad olunub. Şadyanalıq ediblər. Dambadurumbla Zəfər paradı keçiriblər. İndi yadlarına düşüb ki, bəs bu qara camaatın da ağzını aramaq lazımdı. Görək kim qayıdır, kim qayıtmaq istəmir. Niyə qayıtmaq istəmir. Adama deyərlər ki, köçürəndə soruşan oldu  köçürsən, ya qalırsan? İndi də elə… Hərənin evin tik, yığ avtobusa, apar tök ora. Denən bu siz, bu da sizin otuz il həsrətində olduğunuz kəndiniz. Buyurun, yaşayın. Hər evə də on qoyun, bir inək, beş də keçi ver, təsərrüfatlarını qursunlar. Gerisi sənlik deyil. Qara camaat öz güzəranını quracaq.

Əlqərəz, Şahmar kişi danışa-danışa gəlinlər əl qatdı süfrəyə, masanın üstü tərtəmiz yığışdırıldı. Ayaz baxdı ki, görsün noutbuku gətirmək lazımdır, ya yox. Sorğu internet üzərindəydi deyə anketi noutbukda doldurmalı olacaqdılar. Bayram süfrəsinə dəvət şəxsiyyət vəsiqələri ilə olmuşdu. Lağlağı eliyib deyib-gülsələr də hər kəs anketi öz pasportu ilə doldurmalıydı. Ayaz ha baxdısa da Şahmar buna əhəmiyyət vermədi.

-Hələ adama bir çay gətirin içək, sonra işə başlayarıq. Yağlı aş, ət qızartması həmişə yanğı verir.

Yeməkdən sonra çay içmək adətlərini tərgidə bilmirdilər. Kənddə belə öyrəşmişdilər, çünki orda təsərrüfat işləri o qədər çox olurdu ki, vaxt bəs eləmirdi. Yeməyini yedin, çayını iç, dur get işinin-gücünün dalınca… Burda isə vaxt çoxdu, yeməyə də, fasiləyə də, çaya da bəs eliyirdi. Ekrandan sağlamlıq verilişi aparan həkimlər elə hey üyüdüb tökürdülər ki, yeməkdən sonra bir saat müddətində çay, su içmək olmaz, bədənin dəmirin yuyub aparır, orqanizmi zəiflədir. Kimə deyirsən, de, Şahmar bu qulağından alıb, o biri qulağından havaya vızıldadırdı. Şahmar atasından, dədəsindən bunu görmüşdü, oğlanları da Şahmardan. Odur ki, indi yeməyin üstündən dərhal çay sifarişi eşidən kimi sevindiklərindən gözləri parıldadı, hərəsi öz arvadına baxıb işarə elədi.

-Hamısı durub məni gözləyir. – Oğlanlarının işarəsi Zərnigarın gözündən yayınmadı. – İndi gəlinlər oturacaq, qaynana çay gətirəcək. Özü də yarpızlı, kəklikotulu, qantəpərli, zirəli, mixəkli…

-Mama, sən narahat olma, onlar durub gətirərlər. – Böyük oğlu Şamxal araya söz atdı. – Sadəcə, qantəpərin, zirənin yerini tanımırlar.

-Özün tanıyırlar ki, yerin də tanısınlar? – Şahmar atmacasından qalmadı.

-Hardan tanısınlar? Zirə ancaq bizdə bitir. Qalan heç yerdə belə bitgi olmur. – Bunu da Zərnigarın geoloq qardaşı Şəfi dedi.

-Xarı bülbülü də elə deyirdilər. Guya Şuşadan başqa heç yerdə bitmir. – Şamxal əlavə etdi. – Sonra bir çox rayonlarda bitdiyi aşkar oldu.

Bu dəm Şamxalın yoldaşı Nigar məcməyini masanın üstünə qoydu. Çayın gəlişi ilə ətri otağa yayıldı. Pürrəngi çayla dolu stəkanlar yuxarıya ötürüldü.

-Çay dəmləmək, gətirmək problem deyil. – Nigar sözgəlişi bildirdi. – Qorxuram bizim gətirdiyimiz çayın dadı Zərnigar xalanın dəmlədiyi kimi olmasın.

-Mamamın dəmlədiyi çaya çay çatmaz. – Şamxal təriflədi. – Mamam çaya nə qatırsa, onun tamı da, ətri də bambaşqa olur.

-Yaxşı, görək, mamanı az təriflə. – Şahmar dilləndi. – Çaylarınızı için, başlayaq, görək nə yazırıq.

Çaylar içildi. Çay süfrəsi də yığışdırıldı. Ayaz noutbuku gətirib masanın üstünə qoydu. Düyməsini basıb işə saldı.

-Birinci kimdən başlayaq? – Ayaz sözgəlişi soruşdu.

-Birinci mamandan başlayaq. – Şahmar yarızarafat, yarıciddi üzünü Zərnigara tutdu. – Yeri pasportunu gətir.

-Pasportumu gətirməyinə gətirim. Ancaq ağbirçək dura-dura məndən niyə başlayasınız, bunu başa düşə bilmədim.

-Nə fərqi var?

-Fərqi çoxdu. Ağbirçək evin xeyir-bərəkətidi.

-Nə deyirəm ki. – Şahmar təslim oldu.

Füruzə arvad süfrədən tez durub otağın o başındakı kresloya yayxanmışdı. Gözünü də zilləmişdi televizorun ekranına. Səsi zəif olduğundan güclə eşidilirdi. Füruzə arvad çox yaxındaydı deyə eşidirdi, həm də otaqda danışılanlara qulaq qoyurdu.

-Dur, yaxın gəl, ay nənə. – Şahmar üzünü ona tutdu. – İndi nəslin ağbirçəyi də, ağsaqqalı da sənsən. Nəsil sənin başına yığışmalıdır. Sən necə desən, eləcə də olacaq.

-Ehh! – Füruzə arvad bir ah çəkdi. – Elə bil heç yoxumuşlar. Dörd qardaşımın dördünü də qara torpaq bircə ilin içində uddu.

-Dözə bilmədilər ayrılığa. Sən elə bilirsən doğma el-obadan ayrılmaq asan məsələdir?

-Hardan tapım indi başına döndüyüm Dəli Qurbanı? Tüfəngi salıb çiyninə düşsün qabağa. Qayıdaq gedək elimizə, obamıza.

-Müharibədə də tüfəngiynən vuruşurdu? – Şamxal soruşdu.

-Dava başlayanda dörd igid oğlu varıydı, dördü də silahlanıb qalxmışdılar dağların başına. Sinələrini düşmənə sipər eləmişdilər. Nə gecələri vardı, nə gündüzləri, onlar qoruyurdu vətəni. Oğlanları ola-ola Qurban getməliydi döyüşə?

-Bir onlar deyildi ki? – Şahmar pərtləşdi. – Biz iki qardaş, ikimiz də ordaydıq dayna. Kəndin cavanlarının çoxu ordaydı.

-Sizə nə deyirəm ki? Eləsi də vardı beş oğlundan biri də əlinə tüfəng alıb erməni qabağına durmadı.

-Onların söhbəti bizlik deyil, öz sözümüzü danışaq. O vaxt sovetlər təzə dağılmışdı. Dığalarınan hələ əlaqələrini tam kəsmirdilər. Xəlvət-xəlvət əlaqə saxlayanlar vardı. Tüfəngi götürüb erməni dostuna, kirvəsinə güllə atmayacaqdılar ki?

-Mən nə deyirəm ki? – Füruzə arvad çiyinlərini çəkdi.

-Yaxşı, onda başlayaq. – Şahmar Ayaza işarə verdi.

Zərnigar Füruzə arvadın pasportunu gətirməyə getdi.. Ayaz gözünü noutbukun ekranına zillədi.

-Kəndinizə qayıtmaq istəyirsinizmi?

-Bıy, başıma xeyir! –Füruzə heyfslənən kimi oldu. – Bu nə sualdı? Qayıtmaq istiyirsən nədi? Otuz ildi gözümüzün qorasını sıxmırıqmı? Canımı orda qoyub gəlmişəm. Qayıtmaya bilərəmmi?

-Bir il də keçsə, sən deyəndi. Düz otuz il olacaq ki, sən ordan çıxmısan. Otuz ilə orda can qalar? – Şahmar başını buladı. – Bir də qurd-quran açma. Suallara qısa-konkret cavab ver. Səndən başqa on adam gözləyir.

-Bəs nə deyim?

-Eləcə, hə, yox. Səni zorla məcbur edən yoxdur. Ölkə başçısı da deyib ki, könüllü şəkildə camaatı sorğulayın. Bilək kim gedir, kim getmək istəmir.

-Mən, vallah, gedəcəm. Özümü bu neçə ildə aldada-aldada qoruyub saxlamışam. Mən Əzrayıla elə-belə can verən deyiləm hələ… Oruş dərəsinin suyunda paltar yuyacam. Heç bir ağardıcı-paraşok lazım olmur. İncirin dibində palaz açıb bircə buğum qaynadırsan, qar kimi ağappaq olur. Kəhrizin suyundan daşıyıb gətirəcəm, qızdırıb çiməcəm. Kəhrizin suyunda çiməndə quş kimi yüngül olur adam, elə bil indicə dünyaya gəlmisən. Adamın saçları da ipək kimi yumşaq olur, sanki uşaq tüküdür, sığalladıqca adamın özünün də xoşu gəlir. Abuseyidin suyundan da nə yemək bişirsən, dadına, tamına qüvvət verir. Burda şəhərdə istiyirsən Tiflisin, Çinin yox, İtaliyanın yox, lap İranın, Hindistanın ədvasından vur, xeyri yoxdur, həmin dadı, tamı ala bilməzsən, çünki suyu o su deyil.

-Deməli, gedirsən?

-Bəs nə…

-Onda pasportunu bəri elə.

Zərnigar bayaqdan əlində tutduğu pasportu Ayaza uzatdı. Ayaz pasportu alıb qarşısına qoydu və Füruzə arvadın şəxsi məlumatları noutbukun ekranında açılmış anket sorğusuna doldurdu.

-Halaldı nənəmə, doxsan bir yaşın içindədi.

-Yaşımı iki il az yazıblar, doxsan üç olmalıdı. – Füruzə arvad düzəliş elədi.

-Elə niyə, ay nənə? Biz eşitmişik ki, o vaxt oğlanların yaşını az yazdırırmışlar. Deyirmişlər, əsgərliyə gedənə kimi sümükləri bir az da yoğunasın.

-O vaxtın kişiləri çox ağıllıydı. Elə qızlarını da iki-üç yaş az yazdırardılar. Kimidi gəlib kənddə yoxlanış aparan ki, görüm kimin uşağı olub. Həm də müsəlmançılığa görə qızın on beş yaşı ərə gedən vaxtıydı. İki-üç yaş az yazdıranda olurdu əsl ərgən vaxtı. Ərə gedən kimi də doğmalıydı. Doğmasaydı günü olacaqdı qara.

Aralığa lal sükut çökdü. Ayaz gərginliyi yumşaltmaq istədi.

-Hə, nənə, indi sən de, mən qrafaları doldurum.

-Mən nə deyəcəyəm? Sualları oxu, özün də onlara uyğun yaz, doldur.

-Oxumağına mən oxuyum, ancaq sən nəsə deməlisən ki, mən də cavab yerinə dolduram.

-Deyim də… – Zərnigar arvad nəsə fikrə getdi. – Həə… Yaz ki, tezliklə dədə-baba yurduna qayıtmaq istiyirəm, ay hökumət. Sağ ol ki, erməniləri iti qovan kimi qovub bizim ərazilərimizdən çıxartmısan. Siz var olun. Ordumuz var olsun. Allah-taala bayrağımızı həmişə uca eləsin. Bilirən ki, müharibəyə xərciniz çox çıxıb. Uçurulub, xarabaya qoyulmuş kəndləri tikib çatdıra bilməzsiniz. Eləcə maşın ayırın, onu da edə bilməsəniz, icazə verin, özümüz tutaq, yığışıb gedək kəndə. Üzü yaya gedir, bir azdan istilər düşəcək. Hərəmiz bir alaçıq, dəyə qurub içində yaşıyarıq. Payıza kimi də daxmadan-zaddan qaralıyarıq özümüz üçün. Sən eləcə dükan tikdir, avtobus ayırtdır, rayon mərkəzinə gedib-gələ bilək. Poçt açdır, klub tikdir, camaatın boş vaxtı olanda ora yığışıb nərddən, dominodan oynasın.

-Ay nənə, sənin danışdıqlarını yazmaq üçün heç bir qrafa ayrılmayıb.

-Boy, başıma xeyir. Bəs nə üçün qrafalar ayrılıb?

-Yazılıb ki, ailədə neçə nəfərsiniz?

-Yaz ki, ərim ölüb, tək qalmışam.

-Yox, yox, yazma, dayan. – Şahmar müdaxilə elədi. – Kənd icra nümayəndəsinə zəng vurmaq lazımdı. Görək Zərnigar arvadın təsərrüfatını ayırıb, yoxsa oğlanlarından birinin üstündədi. Yoxsa, hökumət bunu bizdən niyə soruşsun? İcra hakimiyyətindən siyahını götür, doldur təhvil ver. Seçkidə nətəri eliyirlər, indi də elə…

Şahmar telefonu götürüb zəng vurdu. Hamı sakitcə zəngin nəticəsini gözləyirdi. Beşinci zəngdən sonra xəttin o başında səs eşidildi:

-Alo… eşidirəm.

-Baloğlan, nə var, nə yox?

-Çox sağ ol. Yaxşılıqdı. – Azca fasilə oldu. – Kimdi?

-Tanımadın?

-Yoox!

-Yaxşı fikirləş!

-Deyirəm tanımadım də. Bir də gecənin bu vaxtı kim kimə zəng vurur? Nə qaçhaqaçdı? Köçürük?

-Məndən çox sənə zəng vuran olur?

-Rəhmətliyin nəvəsi, deyirəm tanımadım də! Mənim sovetliyimdə 261 təsərrüfat var. Hamısı da danışmaqda natiqdi. Həftə səkkiz, mən doqquz zəng vururlar. Elə bil bu telefon şirkətləri müftə kontur paylayır. Zəng vuran da verir əngə, danış ki, danış. Ə, day, nə qədər danışmaq olar?! Vallah, sizin əlinizdən axırı özümü lallığa, karlığa vuracam. Tez elə, de görüm, kimsən, gecənin bu vaxtı nə istiyirsən? İşim var, qonağım o biri otaqda gözdüyür. – Ani ara verib davam etdi. – Bircə arayış istəmə. Gecənin yarısında təcili başçı yox ha, heç başçının dədəsinin dədəsi də qəbirdən xortduyub gəlsə, xeyri yoxdu. Kimdi idarəyi gedən, lampa işığında köhnə binada arayış yazan. Orda heç gündüz oturmaq olmur. Divarlar adamın üstünə gəlir, vahimələnirsən. Yox, yox…

-Şahmardı danışan. – Baxdı ki, Baloğlana qaldı, sözə qaldı, özü hamıdan betər əngə verəndi, bir söz de, otur gözlə, qurd quran açıb əlli dərənin suyun qatacaq bir-birinə.

-Hansı Şahmar?

-Ə, sənin sovetliyində neçə Şahmar var?

-İkisi köhnədən var idi, ikisi də təzədən doğulanlardandı. Köhnələrdən biri öldü. Mənim hesabımınan üç olmalıdı. Ancaq kompüterdə baxıram ki, yenə dörd göstərir.

-Öləni o tərəfə elə. Qalanlardan elə ikisi mənəm dayna.

-Məzələnirsən mənnən? – Baloğlan ciddiləşdi. – Necə yəni ikisi mənəm?

-Biri mənəm, biri də nəvəmdi, dayna. Balaca oğlum oğluna mənim adımı qoyub ki, sağlığımda addımı, adaşımı görüm. O dünyaya gedəndə də gözütox gedim, day sizin kimi sağır yox.

-Boo, ə Şahmar, sənsən? Ə, day belə de də… Yoxsa başlamısan ki, tanıdın, tanımadın. Ə, mən münəcciməm, yoxsa falabaxan, öncəgörən, ekstrasens? Əlimi iyləmişəm ki, baxım, görüm kim zəng eliyəcək? Sən Allah, qısa elə, evdə qonaq var.

-Qaçqınkomdan anket göndəriblər, onu doldururuq.

-Nə anket? Onu sizə kim göndərib? Bəs mənim niyə bundan xəbərim yoxdu? Başçı bizə bu barədə hələ heç nə deməyib.

-Deyirlər bir həftədi yayılıb. Nə avız başçı saa heç nə demiyib?

-Dədəmin goru, xəbərim yoxdu, başçı da demiyib.

-Burda hamı doldurub.

-Nə anketdi elə? Kim gətirib?

-Heç kim gətirmiyib. İnternet üzərindən yayılıb.

-Pah atonan! Belə de… internet bütün dünyanı kor qoyacax, vaallah!

-İndi nə deyirsən, doldurax, doldurmuyax?

-Doldurmağına bir sözüm yoxdu, doldurun, ancaq bir az ehtiyatlı doldurun, artıq-əskik heç nə yazmıyın. Yəqin o anketi lap yuxarılarda da oxuyacaqlar. Birdən siyasi səhv-zad buraxarsınız ha… dədəmin goru haqqı, tifağınızı odduyarlar. Sonra deməyin ki, Baloğlan müəllim demədi. Mənə də üçpapaq İmaşın nəvəsi Baloğlan deyərlər. Birdəfəlik sırğa elə, sözlərimi as qulağından: “Ehtiyatlı igidin anası ağlamaz!”

-Zərnigar nənəmi soruşacaqdım. Təsərrüfatda kimin üstündədi?

-Kənddən köçəndə kimin üstündəydisə, elə onun üstündədi. Ə, məylim biz təsərrüfat bölürük, təsərrüfat ayırırıq? Başçı tifağımızı dağıdar. Elə orda prokuroru çağırıb soxdurar içəri.

-Kənddən köçəndə dədəmin təsərrüfatındaydı.

-Sonra nə oldu?

-Nə olacaq? Dədəm öldü, aparıb İmamzadə qəbiristanlığında basırdıq. Arvad da tək qaldı.

-Qoca vaxtı təzdən ərə verəcəkdin? Tək qalıb qalıb də… – Baloğlan nəsə fikirləşdi deyə qısa fasilə verdi. – Sənnən nə desən çıxar. Bax ha, ərə verəsi olsan, fiktivni nigaha da salsan, elə elə o da məcburi köçkün olsun. Yoxsa… dərhal qeydiyyatdan çıxararlar.

-Deyəsən, fəlfəlliyirsən ha…

-Sənin nə danışdığından xəbərin var? Nə deyirsən, mən də cavabını verirəm. Hə, de görüm çörək pulunu kimin kartı ilə alır?

-Bizim kartımızla.

-Tək təsərrüfat olmur. Yazmışıq sizin üstünüzə, deməli, sizin təsərrüfatdadı.

-Bizim kartla yeddi nəfər çörək pulu alır. Deməli, yeddi nəfərik?

-Elədir.

-Üç oğlumun üçü də evlənib, ailə-uşaq sahibidirlər. Sən indi onların təsərrüfatını ayırmamısan?

-Yox! Qəti icazə yoxdur.

-Məcburi köçkünlükdən sonra az qalır otuz il olsun.

-İstiyir lap əlli il olsun, icazə yoxdur. Başçı dədəmizi qəbirdən çıxardıb dalımıza şəlləyər.

-Ə kişi, ölkənin qaydası-qanunu var. Adam on səkkiz yaşdan sonra istiyər təsərrüfatdan ayrılar, istiyər valideynləri ilə qalar.

-Siz hələlik anketdə bir yerdə yazın. Sonrasına idariyə gedəndə baxarıq.

-İdarəyə gedəndə nə dəyişəcək?

-Heç nə.

-Bəs niyə deyirsən?

-Bəs nə deyim?

-Day heç nə.

-Başın salamat qalsın deyə hamını bir təsərrüfat yaz.

-Sonra deməzsən ki, aldatdım?

Baloğlandan səs çıxmadı. Şahmar əsəbləşdiyindən gülümsəyib telefonu söndürdü.

-Mənim hökumətimə bir bax. İcazə yoxdu təsərrüfatdan ayırmağa, icazə yoxdu… Bəs doxsan yaşlı qoca arvadı gətirib bizim təsərrüfata birləşdirməyə icazə var?

Ayaz Şahmarın üzünə baxırdı.

-Nə gözünü döyürsən? Yaz ki, tək təsərrüfatdı. Qoy arvada ayrıca ev tikib versinlər. Dədə yurdunu bərpa etməliyik, ya yox? – Sözünə bir az ara verdi, Baloğlanla danışıqdan sonra özünə gələ bilmirdi, əsəbdən dodaqları səyriyirdi. – Şahmar ancaq sizə lazım olanda yada düşür. Nə vecinizədi. Deputatınızı seçib oturmusunuz. Şahmar beş il yada düşməyəcək.

-Bunun anketə nə dəxli var?

-Dəxli odur ki, Şahmarı ancaq onlara lazım olanda axtarırlar. Deputat seçkilərində gündə az qala beş dəfə zəng vururdular. “Şahmar, amanın bir günüdü, filankəsə də de, bir səs də qənimətdi!” İndi noldu? Şahmarın adını telefonuna yox, heç it dəftərinə də yazmayıblar.

-Baloğlanın başın burax, de görüm, Firuzə arvadın təsərrüfat məsələsinə nə yazaq?

-Tək təsərrüfat, tək ev. Başqa cür ola da bilməz. Madam ki, Allah-taala Əzrayılı Füruzə arvadın canını almağa göndərməyib, deməli, hələ o yaşamalıdır. Yaşaması üçün də evi olmalıdır.

-Day, yaşını yaşayıb, dişini dişəyib. Bundan sonra geridə qalanı yox ki, gözü yollardan yığılmasın.

-Bıy, başıma xeyir! – Füruzə arvad elə bil yatmışdı, ayıldı. – Bəs o yurda bu külfəti kim qaytaracaq? Mən hələ sənin gəlinlərinə döşək salmağı, yorğan sırımağı öyrətməliyəm. Sac asmağı, qavlrqa qavırmağı göstərməliyəm. Kirkirə çəkdirməliyəm. Qatığı necə çalmaq lazımdı, pendir tutmaq üçün qursağı heyvanın harasından kəsirlər, onu başa salmalıyam. Kəndin bir aləm işi var. Heyf deyil kənd həyatı. Yoxsa, gəlib yığışmışıq şəhərə, hər şey yaddan çıxıb. Bilirsən də Əzrayıl niyə gəlib canımı almır? Bunları özümlə o dünyaya apara bilmərəm. Kiməsə verib getməliyəm.

Araya sükut çökdü.

-Ayaz, — Şahmar dilləndi. – ordan sualları oxu, görək day nə yazıblar?

-Sual: “Öz kəndinizə qayıtmaq istəyirsiniz, yoxsa başqa kəndə?”

-Əlbəttə ki, öz kəndimizə. Başqa kənddə mənim nə azarım var?

-Öz kəndimizə. – Ayaz bunu təkrarlayıb klaviaturaları dingildətdi. – Qeyd elədim. Sonrakı sual: “Öz kəndinizə qayıtmaq mümkün olmadıqda, hara qayıtmaq istərdiniz; qonşuluqdakı kəndlərdən birinə, yaxınlıqdakı qəsəbəyə, yoxsa rayon mərkəzinə?”

-Ay bala, mən heç nə başa düşə bilmirəm. Bizi erməni otuz ildir ki, didərgin salıb, dədə-baba yurdumuza həsrət qoyub. İndi də hökumətin bu sorğu-sualı heç xoşuma gəlmir. Necə yəni öz kəndinizə qayıtmaq mümkün olmadıqda..? Bəyəm torpaqların hamısı alınmayıb ki?

-Ay arvad, özün də deyirsən ki, dünyagörmüş adamam. Bu anket bir sənin üçün nəzərdə tutulmayıb ki… Ümumidir, hamı üçündür. Xudafərində Araz çayının qabağın kəsiblər, su-elektrik stansiyası tikiblər. O taylı-bu taylı on-on beş kənd qalıb suyun altında. İndi həmin kəndlərin sakinlərini hökumət neyləməlidi; qaytarmalıdı, yoxsa Bakıda saxlayıb buraxmalıdı taleyin ixtiyarına?

-Yox!

-Əlbəttə, yox. Odur ki, yerli-yataqlı soruşur. Deyir görüm qonşu kəndlərdə yaşamaq istəyirlər, yoxsa şəhər həyatına öyrəşdiklərindən qalıb rayon mərkəzində yaşamağa üstünlük verirlər. Bir də elə kəndlər var ki, yeddi-səkkiz evdən ibarət olub. Həmin kəndləri yenidən bərpa etməyin nə mənası var?

-Niyə elə deyirsən? Ay bala, hər quşa, hər heyvana öz yuvası əziz olan kimi insana da öz evi, öz kəndi doğmadır.

-On dəfə imama ağlıyanda, bir dəfə də yezidə ağlamaq lazımdı, deyiblər. Bu hökumət anası ölmüşün anası yoxdu deyə elə hamı özünü fikirləşir. Bir dəfə də hökuməti fikirləşin də…

-Hökumətlik burda nə iş var?

-Çox iş var. Məktəb tikilməlidi? Tikilməlidi. Kitabxana, dükan, klub, poçt, tibb məntəqəsi… Neçə ildi örüş xamlıyıb, indi oralarda ilan əlindən tərpənmək olmur… yəqin.

-Yaxşı, o sual mənlik deyil, keç o biri suala.

Ayaz kompüterin ekranına baxdı.

-Qayıdandan sonra hansı sahədə işləmək istərdiniz; dövlət idarə və müəssisələrində, özəl sektorda, yoxsa fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olardınız?

-Əla sualdır. – Şahmar müdaxilə etdi. – Ancaq bu sual da sənlik deyil. Doxsan bir yaşında…

-Doxsan üç. – Füruzə arvad düzəliş etdi.

-Olsun doxsan üç. – Şahmar razılaşdı. – Doxsan üç yaşında arvad bundan sonra gedib dövlət idarəsində süpürgəçi işləməlidi? Bu anketi hansı savadsız hazırlayıb, görəsən? Uzaq başı toyuq-cücə saxlaya bilər.

-Fərdi sahibkarlıq deyəndə yəqin elə onu nəzərdə tutublar. Fərdi sahibkarlığa bax ha…

Ayazın bu düzəlişinə hamısı gülüşdülər.

-Keç o biri suala. – Şahmar qəti fikrini bildirdi. – Bu sual nə nənəmlikdi, nə arvadlıq, nə də mənlik. Biz pensioner adamlarıq; istiyir altmış altı-yetmiş yaşlı arvad-kişi olsun, istiyir doxsan üç yaşlı qoca qarı.

-Nənə təndirin yeri yadındadı?

-Niyə yadımda deyil, ay bala. Bayaq yorğan-döşək deyəndə, təndir də dilimin ucundaydı. Təndirsiz kənd olar. Allaha yalvarmışam, maa möhlət versin. O kənddə bir təndir quracam, çörəyinin dadı ellərə yayılsın. Şəhərə gələndən çörək dadı nədi, bilməmişəm. – Burnu ilə nəfəs aldı. – Oxxay, uzaq keçmişdən burnuma çörəyin iyi gəldi.

-Bəlkə, Dəmirlə əlaqə saxlayaq? – Ayaz təklif etdi. – Bir aydan çoxdur ki, danışmırıq. Görək onlar nə deyir? Belə bir anketdən xəbərləri varmı?

-Hə, yaxşı olar. Əvvəllər tez-tez danışırdıq. – Zərnigar onun sözünə qüvvət verdi.

-Amerika ilə buranın arasında doqquz saat fərq var. İndi onların iş-gücünün qızğın çağıdı. – Şahmar etiraz etmək istədi.

-Elə əsl vaxtıdı. İndi yəqin ki, nahar fasiləsindədirlər. Çörəklərini yeyib dincəlirlər.

-Zərnigar elə dedi ki, elə bildim Dəmir nobata gedib. Heyvanı yığıb Pəyə dərəsinə mağala, iştahla çörəyini yeyir. – Füruzə arvad sözündən qalmadı.

Şahmar telefonu götürüb zəng vurdu. Bir neçə dəfə zəng gedəndən sonra ekran açıldı və Dəmir görüntülü danışmağa başladı:

-Bayramınız mübarək. – dedi. – Nə yaxşı hamınız bir yerdəsiniz?

-Bayramın mübarək. – Şahmar cavablandırdı. – Həm bayrama görə yığışmışıq, həm də hökumət anket göndərib, onu doldururuq.

-Mənim də qabağıma çıxdı, fikir vermədim. Burda hökumətin adından elə gic-gic sorğulara əhəmiyyət vermirlər. Burda hər kəs özünə bir hökumətdi. Yaxşı nə deyirlər?

-Soruşurlar ki, kəndə getmək istəyirsən, ya yox?

-Hələ gedən olmuyub?

-Yox!

-Niyə?

-Otuz ildi erməni buraxmırdı, indi də özümüzünkülər.

-Nə deyib buraxmırlar?

-Deyirlər ərazi minalıdı, olmaz. İnfrastruktur yaradılmalıdı. Sonra kəndlər bərpa olunmalıdı. Sonra da… nə bilim, daha nələr, nələr.

-Eşitdim bir kənd tikməyə başlayıblar.

-Hə. Adına “Ağıllı kənd” deyirlər.

-Bəs o biri kəndlərin taleyi necə olur?

-Hələ müzakirə aparırlar.

-Yəqin gözləyirlər ki, o biri kəndlər də “ağıllansın”, sonra tikintisinə başlasınlar.

Əlaqə kəsildi. Telefona zəng gəldi. Baloğlan idi.

-Şahmar, — odlu-alovlu danışırdı, çox həyəcanlıydı. – İndicə başçının köməkçisi ilə danışdım. Deyir anketləri düz doldurun. Konkret orda nə sual qoyulub, qısa cavablandırın; hə, yox. Artıq-əskik heç nə. Sizin taleyiniz o anketdən asılı olacaq. Hökumət bəyənsə, dədə-baba yurduna qaytaracaq, bəyənməsə, ömrü boyu o yerlərə həsrət qalacaqsınız.

Şahmarın rəngi də əhval-ruhiyyəsi kimi qaraldı. Bayram əhvalına toplaşan külfət onun rəngindən anladı ki… hələ çox var.

22-25 mart 2021-ci il, Gəncə şəhəri

Qiymət