Ülviyyə Əbülfəzqızının yazıçı Əli bəy Azəri ilə müsahibəsi
Bu dəfə «Yaradıcılıq emalatxanası» rubrikamızın qonağı Əli bəy Azəridir.
Əli bəy Azəri Azərbaycan ədəbi mühitində daha çox “Xəzan” jurnalının redaktoru kimi tanınır. Sonra hərb mövzulu əsərlər müəllifi kimi də müəyyən oxucu dairəsinə məlumdur. Ümumilikdə on beş kitab müəllifidir. Yüzdən çox hekayə, dörd yüzdən çox müxtəlif səpkili məqalə yazıb.
“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun”, “Şəhərli qızın dəli sevgisi”, “Gəlin, tanış olaq”, “Bizi Umudsuz qoyma”, “Nə deyim?”, “Generalın yefreytor vəkili” və “Köhnə il hara gedir?”kitablarında toplanmış romanlar, povestlər, hekayələr və publisistik məqalələr onun qələm məhsullarıdır.
Müxtəlif mövzularda yazdığı hekayələr müəllifini müsabiqələrdə qalib etmişdir. Bu gün onun bəzi hekayələrindən söz açmaq fikrindəyik.
-Xoş gördük, əziz Əli bəy. Stiven Kinq söyləyib ki, “Oxumaq üçün vaxtınız yoxdursa, demək, nə yazmağa materialınız, nə də vaxtınız var”. Dəyərli Əli bəy, mütaliəni çox sevdiyim üçün hekayələriniz məni də cəlb etdi, rubrikamızın da şərtləri daxilində qısa olaraq gəlin birlikdə bəzi məqamları müzakirə edək.
-Xoş gördük. Hekayə mənim üçün çox dəyərli bir nəsr nümunəsidir. Qəhrəmanın həyatından çox kiçik bir səhnəni yüksək məharətlə təsvir etməyi öz üzərinə götürürsən. Elə təsvir etməlisən ki, oxucu həm zövq alsın, həm də ibrət götürsün. Hər bir hekayəmdə buna nail olmağa çalışmışam.
-Əli bəy, «Qəribə at oğurluğu» hekayənizdəki Qırğıgöz Səməndərə bir oxucu gözü ilə baxsanız, ona acığınız tuturmu, yoxsa, insanlar yardım etmədiyi üçün Səməndərin oğurluğuna haradasa haqq qazandırırsınız? Ümumiyyətlə, oğurluğa bəzi məqamlarda haqq qazandırmaq olarmı?
-“Qəribə at oğurluğu”nda təsvir olunan hadisə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”ndakı Məmmədhəsən kişinin eşşəyinin itməyi kimi real həyatdan götürülüb. Hadisəni olduğu kimi təsvir etməkdə məqsədim adamların gözünü açmaq, başlarına gələ biləcək hadisədən qaçmağın yollarını axtarmağı öyrətməkdir. “Adam hadisə öz başına gəlməyincə ağıllanmaz” deyiblər. Bu işdə adamın ən yaxın köməkçisi, məsləhətçisi kitab olur. Bizdən əvvəl də belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Zəkalı adamlar oxuyur, ibrət götürür, zəkasızlar da “korun körpüdən keçməsi” kimi bu dünyaya kor gəlib, kor da gedirlər. Ümumilikdə heç vaxt oğurluq hallarına haqq qazandırmamışam. Səbəb nə olur olsun. Səməndərin də halına təəssüflənərək acıyıram.
-Əli bəy «Şər» hekayənizin maraqlı süjet xəttinə əsasən sualım belədir: Şərin nə olduğunu bilməyənlər şərlə qarşılaşanda onu ilk dəfədən «tanımaq» şansları heçmi yoxdur?
-Keçən il 27 oktyabrda Şabranda “Xəqani” poeziya evinin rəhbəri Aybəniz xanımın təşkilatçılığı ilə təşkil olunmuş görüşümdə məktəblilərdən biri də bu sualı verdi. Deyəsən, onda da yaxşı cavablandıra bilmədim, nəydisə şagirdlər narazı qaldılar. Adam şərlə qarşılaşacağını bilsə, əlbəttə ki, yayınmağa çalışar. Ancaq hər zaman şər adamın gözünə mələk qismində görünür. Bu barədə klassik yazıçıların da hekayələri var. Mən də həyatdan götürülmüş bir əhvalat üzərində qələmimi sınamağa çalışmışam.
-«Qisas» hekayənizdə erməni xislətinin necə iyrənc olduğuna bir daha şahidlik edirik. Hekayənin süjet xəttində də öz qisası zamanı günahsız insanların ölümünü adi sayan erməni qarısının xisləti üzə çıxır. Bu obraz sübut edir ki, mənfur ermənilər vəhşiliyə, günahsız qan tökməyə öyrəşiblər. Azərbaycanlılar isə öz yaxşı əməlləri ilə həmişə onları riqqətə gətirir. Əli bəy, daha hansı hekayələrinizdə biz onların murdar əməllərinin şahidi oluruq?
-“Qisas” hekayəsində təsvir olunan əhvalat da həyatdan götürülüb. Erməni qadın öz dar düşüncəsində gəlinini, oğlunu və kimi gəldi zəhərləmək məqsədilə hərəkətə keçir. Əlbəttə, həmişə sadəlövh hərəkətləri ilə diqqət çəkən azərbaycanlılar bir çox hallarda ermənilərin hiyləsinə tuş gəliblər. Bəzən də öz humanist addımları ilə ermənilər nankor əməllərinin qarşısını alıblar. Mən konkret olaraq heç vaxt “bu ermənidir, deməli pisdir, oğrudur, riyakardır, canidir” deyə qarşıma məqsəd qoyub onları pisləməmişəm. Onlar öz hərəkətləri ilə “ad-san” qazanıblar. Eyni zamanda dünyanın hər yerində, elə bizim yan-yörəmizdə də pis əməl sahiblərinə belə qiymət verirlər. Deyirlər: “filankəs elə bil ermənidir!”
-Əli bəy, «Köhnə il hara gedir?» ifadəsini hekayənizə, hətta hekayələriniz toplanmış kitabınıza ad seçmisiniz. “Zaman heç itmir, itən bizik. (Pol Klodel: Fransız şairi, dramaturqu) Əli bəy bu aforizm ilə razılaşırmı?
-Yaşanmış hər an ömürdür. O da ola ki, bir il. Bir ildə adam nə qədər hadisələrin şahidi olur, xatirələr toplayır. Əlbəttə ki, adam bu xatirələrlə yaşayır, onları başqalarına danışır, yayır. Getdikcə yeni hadisələr yaranır, köhnələrin çoxu əhəmiyyətini itirir, unudulur. Zaman hər zaman yenilənir, insan isə yaşlaşdıqca, gücdən düşdükcə unudulmağa başlayır. Təbiətin dəyişməz bir qanunu var. Nənələr, babalar vaxtının çox hissəsini nəvələri ilə keçirirlər, onlara nağıllar danışırlar. Danışdıqları nağılları ilə də özləri də nağıla, dastana dönürlər. Nə qədər ki, nəvə yaşayır, xatirələrində nənəsini, babasını yaşadır. Bax, budur, həyatın dəyişməz fəlsəfəsi. Adamlara da ümid verən, unudulmaq qorxusundan xilas edən elə budur.
-«Şəhərli qızın dəli sevgisi» də diqqətçəkən əsərlərinizdən biridir. Əli bəy, bu hekayədə də müxtəlif yanaşmalar var. Hər kəsin «dəli» adlandırğı İsmayıl əslində qəlbdən və saf məhəbbətlə sevir, güvənir. Amma kifayət qədər təhsilli, sağlam bir xanım günü xoş keçsin deyə, İsmayılın sevgisi- hissləri ilə oynayır. Sonu isə faciə ilə bitir, hər iki gənc həyatını itirir. Sizcə, niyə cəmiyyətdə «hisslərlə oynayanların» sayı artır, əsas səbəb nə ola bilər?
-Yazıçı bir əsər yazanda mütləq qarşısına məqsəd qoymalı deyil ki, baş verən hadisələrin səbəblərini açıqlasın. Yazıçı müstəntiq deyil ki, hadisəni sonadək açsın. Yazıçı əhvalatı təfsilatı ilə təsvir edərək bir az bədiiləşdirir, bir az məna verib oxucularına çatdırır. Aşbaz bişirdiyi yeməyə müxtəlif ədvalar vurub dadlı edəndən sonra süfrəyə gətirdiyi kimi yazıçı da eyni əməlləri təkrarlayır. Bəzən bibər, istiot çox olduğundan yemək acı olan kimi əsər də tünd təsir bağışlaya bilər. “Şəhərli qızın dəli sevgisi” kiçik həcmli povestdir. Bir dəfə ədəbi tədbirlərin birində fasilə zamanı yazıçı Kənan Hacı ilə çay içirdik. Ədəbi tənqidçi Vaqif Yusifli bizə yaxınlaşdı və dedi: “Gərək Yelenanı öldürməyəydin!” Elə dedi ki, Kənan da heyrətləndi, qonşu masalarda əyləşənlər də heyrətlə bizə baxdılar. “Başqa variant vardımı?” – mən də sualla cavab qaytardım. Dedi yox. Povesti təzə yazanda Hafiz Rüstəm, Lalə İsmayıl, Şahməmməd Dağlaroğlu, Pənah Azəri, Alı Rəhimoğlu, Hikmət Məlikzadə və bir çox imza sahibləri mənə müraciət edib, başqa variantların olub-olmadığının müzakirəsini aparıblar. Onlar da sizin kimi Yelenanın və İsmayılın halına acıyıblar. Ancaq nə etməli? Odla oynamaq olmaz! İnsan həyatını yüzdə yüz ürəyinin ixtiyarına buraxmamalıdı. Ağılla düşünməlidi. Burda situasiya məcburiyyət yaradır. Kənddə tək-tək oğlan qalıb, hamısı şəhərə üz tutub. Yelena da əylənməyi xoşlayır. İsmayıldan da başqa heç kim yoxdur. İsmayıl isə dəlidir.
-«Sərhədçi zabitin etirafı» nəyi dəyişdirdi? Əli bəy, bu kitabla tanış olmayanlara kitabdakı hekayələrin mövzusu baradə məlumat verməyinizi xahiş edirəm.
-Azərbaycan müstəqil ölkədir. Dövlət sərhədlərini öz sərhədçiləri qoruyur. SSRİ-nin tərkibində olduğumuz, yəni müstəqil olmadığımız vaxtlarda Azərbaycan sərhədləri haqqında iki film çəkilib. Otuz illik müstəqillik dövrümüzdə nə film çəkilib, nə samballı əsərlər yazılır. Təkcə bir müəllif – şair Əvəz Qurbanlı “Canlı dirəklər” adlı kiçik həcmli roman (povest də demək olar) yazıb. Vəssalam. O da Sərhəd Qoşunlarının tərkibində xidmət edib deyə yazmağı özünə mənəvi borc sayıb. Mən diqqət çəkmək üçün bu addımı atdım. Müxtəlif illərdə şanlı sərhədçilərimizin həyatından yazdığım povest və hekayələri bir yerə toplayıb kitab şəklində çap etdirdim. O hekayələrdə təsvir olunan sərhədçilər mənim xəyallarım, ideallarımdır. Çox təəssüf ki, bunlar reallığı əks etdirmir və sərhədçilərin yuxarı eşalonunda oturan generalitet bunu qəbul etməyi bacarmır. Mən təsvir edirəm ki, sərhədçilər akademiyasında təhsil alan kursantlarla ayda bir dəfə universitet tələbələri arasında görüşlər, disputlar, intellekt yarışması keçirilir, bunlar isə bunu etmək əvəzinə sərhədçi kursantları cəmiyyətdən təcrid etməyə çalışırlar. Bəyəm sərhədçilər bu cəmiyyətin bir hissəsi deyilmi? Onların sevib-sevilmək, özlərinə təhsilli həyat yoldaşı seçmək hüquqları yoxdurmu? Yaxud, zastavada xidmət keçənlərlə kənd məktəblərinin görüşü, şagirdlər arasında sərhədlərin qorunmasının müqəddəsliyi barədə aparılan maarifləndirmə işləri təqdirəlayiq iş deyilmi? Bir sözlə, şanlı sərhədçilərimiz haqqında çox ibrətamiz epizodlar üzərində hekayələr yazmışam. Onların hər biri ayrıca müzakirə mövzusudur.
-Əli bəy, yaradıcılıq emalatxanasını necə təsvir edərdiniz?
-Emalatxana özlüyündə bir istehsalat müəssisəsi kimi xarakterizə olunmalıdır. İstehsalat isə tək adamın işi deyil, kollektiv əməyin nəticəsidir. Mən bir müddət, hətta deyərdim ki, xeyli müddət yaradıcılıqdan kənarda qalmışam. Hərbçi olmuşam. I Qarabağ müharibəsində iştirak etmişəm. Atəşkəs dövründə səkkiz il cəbhə bölgəsində xidmətimi davam etdirmişəm. Ordudan tərxis olunandan sonra bu sahədə gecikdiyimi hesab edərək bir müddət köklənə bilməmişəm. Düşünmüşəm ki, mən ədəbiyyat üçün bundan sonra nə edə bilərəm. Heç olmasa Dağlıq Qarabağ adı altında baş verən hadisələri nizamla yazmaq missiyasını öz üzərimə götürmüşəm. Bu sahədə hələ də boşluqlar var. 6-8 il müddətində “Hərbi Zəngilan” roman-xronologiyasını, “Arazgersdən keçən köç” və “Qəmlibel müsibəti” povestlərini yazmışam. Onları yaza-yaza digər mövzularda da boşluqlar olduğunu görmüşəm. Cəmiyyətə sırışdırılan “adlı-sanlı” qələm sahiblərinin elementar məsələləri bilməməsi mənə ağır gəlib. Bu gün hekayə adı altında nə cür mətn istəsəniz, taparsınız. Adamlar hekayətlə hekayənin fərqini ayırd edə bilmirlər. Bütün bunlar aidiyyatı yerlərdə müzakirələrin keçirilməməsi, ədəbi tənqidin passivliyi ucbatından baş verir. Odur ki, ədəbiyyat nəzəriyyəsinin tələblərinə uyğun yazmaqla bir növ nümunələr göstərirəm. Şübhəsiz ki, bütün nümunələr ideal ola bilməz. Ancaq sidq-ürəklə deyə bilərəm ki, mənim yazdığım hekayələr janrın tələblərinə tam cavab verir.
Yaradıcılıq emalatxanam da qarmaqarışıqlıqdır. Yarımçıq qalmış əsərlərim çoxdur. Yeni mövzular köhnələri işləməyə imkan vermir. Ancaq onları unuda bilmirəm. Əsas gücümü həmişə olduğu kimi başımıza bəla olan müharibə mövzusunun dərinliklərinə baş vurmaqla məsələni bədii müstəvidə üzə çıxartmağa sərf edirəm. 1986-1987-ci illərin hadisələrinə çıraq tutacaq “Erməni Borisov” adlı povest yazmışam. Yaxın və dürüst hesab etdiyim adamlara oxutmuşam, bəzi müzakirələr əsasında düzəliş və əlavələr etmişəm. Mədəniyyət nazirliyi 2025-ci ilin kitab nəşri planına salıb. 1988-1991-ci illərin hadisələrinə uyğun “İki zəngəzurlu zabit” romanını yenicə bitirmişəm, oxunuşdadır. 44 günlük Vətən Müharibəsindən yazdığım irihəcmli romanım hələ də çap olunmayıb. Mifologiyaya aid sistemli hekayələrim (13 hekayə) digər yarımçıq mətnlərim kimi hələ də kompüterin yaddaşında növbələrini gözləyir.
Bir sözlə, görüləcək işlərim çoxdur.
Gileylənmək kimi çıxmasın, bu tərəfdən də jurnalın nəşri vaxtımın bir hissəsini tutur. Bu da çox vacib məsələdir. Səkkiz ildir ki, davamlı olaraq iki ayda bir dəfə “Xəzan” jurnalını çıxardıram. İndiyə kimi altmış nömrəsi çıxıb, oxucuların ixtiyarına verilib. Elektron variantı internetə yerləşdirilib. Hər nömrəsi 250-300 səhifəlik kitabın materiallarına bərabərdir. Göndərilən materialları oxumaq, müəlliflərin nəzərindən yayınan xırda-para qüsurlara əl gəzdirmək adamdan gərgin iş tələb edir.
Bir sözlə, yaradıcılıq emalatxanamda hər gün iş gedir, boş dayanmağa vaxt yoxdur.
-Rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün Sizə təşəkkür edirik, bol-bol yaradıcılıq uğurları arzulayırıq.
-Yaradıcılığıma diqqət yetirib işıq tutmağa çalışdığınız üçün əslində mən sizə təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)