Bakıda gecə saatlarında yol kənarında yaşıllıq hissədə tikinti işərinə başlanıb.
Ərazidə ağacların kəsildiyi iddia edilir. “Xezerxeber.az”ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə foto yayılıb. Məlumata görə, həmin foto Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində çəkilib.
Çəkiliş apardığımız müddətdə tikintini aparan və ya prosesə məsul olan şəxslərdən heç birini ərazidə tapmaq olmayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları həmin ünvana gəliblər. Onlar görülən işlərə müdaxilə ediblər.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. İşlərin qarşısı alınıb. Sözügedən ünvan nəzarətə götürülüb.