Olmaya
Nə ola, dəyişə dünyanın tərzi,
Heç ömür boranı, qarı olmaya!
Nə dərd ola, nə gözlərdə intizar,
Ürəklərin ahu-zarı olmaya.
Acı qəm-kədərin yetişə sonu,
Kainat geyinə toy-bayram donu.
Cəm ola şüura Haqqın qanunu,
İnsafsızı, zülümkarı olmaya!
Fəsildən fəsilə keçməyə zaman,
Yüz illik bahara verilə fərman!
Heç kimin gərəyi olmaya loğman,
Gümrah ola, heç azarı olmaya.
Döyünən ürəyə verilə qismət,
Vüsala yetirə gözəl məhəbbət!
Bülbülü sevdiyi gülə yaza bəxt,
Qönçənin üstündə xarı olmaya!
Məhəbbət çələngi qoyula qoşa,
Sevənlər ömürü bir vura başa.
Xaliqəm, yetişə hamı yüz yaşa,
Ömür qırılmaya, yarı olmaya.
Qayıda biləydin
Dönəydim hicrandan uzaq dünənə,
Qalan illərimi qurban verərdim!
Sənli bircə günüm bəs idi mənə,
Qayıda biləydin… Olmazdı dərdim!
Qayıt ki, qayıdım özümə özüm,
Bu qəmli yaddaşım, ərisin, itsin.
Qayıt ki, qayıtsın gecəm, gündüzüm,
Həsrət ürəyimnən silinsin, getsin!
Qayıt, dilə gəlsin eşqimiz, fəqət-
Neçə deyilməmiş sözümüz qalıb!
Bizə gərək deyil nakam məhəbbət-
Sevda vüsalında gözümüz qalıb!
…Qayıda bilməzsən! Bağlıdır yollar,
Ora gedən gəlməz!.. Gözlərimdə yaş!
Arzular deməyin nə mənası var,
Sən yoxsan! Məndə də ağarıbdı baş!
* * *
Daha görükməyir gəncliyin izi,
Ot-alaq içinda cığırlar itib…
Aylı gecələr də gözləmir bizi!
Bir dərdli ürəyin payızı yetib…
Yaşadır eşqimi şirin xəyallar,
Ürəkdə nə qədər sirlər qalıbdı!
Fələyin biz üçün yazdığı qərar,
Bizi gedər-gəlməz yola salıbdı.
«Əlvida!»- deməyə yetməyir gücüm,
Mən necə ayırım özümü məndən!
Bəlkə də, mən …yoxam, bilmirəm özüm,
Səninlə ayrılıq yetişən gündən…
Gördüyüm yuxu
Mən bir ömür yaşadım yuxumda, bu gecədə!
Qayıtmışdıq keçmişə, xoşbəxt idik necə də!
Arzular qanadında asimanda uçurduq,
Ayrılığın, əcəlin ağuşundan qaçırdıq.
Ölüm-itim, qəmli yol sanki bizim deyilmiş,
Neçə nisgil arzular yenidən dilə gəlmiş…
Həminki görüş yeri… Dalğaların hay səsi,
İki sevən cavanın odlar yağan nəfəsi…
Eşqimizin şahidi — fırtınalı göy dəniz
Coşaraq soruşurdu : “- Niyə siz gec gəldiniz!
Deyin, unutdunuzmu tytduğunuz ilqarı,
Yoxsa ki, qismət oldu ayrılığın yolları?”
“-Aman, gurlayan dəniz, sorğulama bu dərdi!
İki sevən ürəyin dərdi səni qədərdi!
Qismətin soyuqluğu bizi üşütdü yaman,
Kor olmuş fələk tökdü yolumuza qar — boran!..”
Dəniz məni dinlədi, “ah”ı göyə ucaldı,
Fırtınalar içində ağ bir qapı açıldı.
“Ayrılmayın bir daha, keçin, — dedi, — qapıdan,
Qoy sizdən uzaq olsun əcəl gətirən hicran!”
Dayandırdı ilahəm, qoymadı gedim – keçim,
Məhəbbətlə söylədi:
“-Sənlik deyil bu seçim!
Bu ağ qapı sərhəddir, sənə olmaz. Sən dayan!
Qonaq gəldim… görüşdük… Mən gedirəm, sən oyan!”
Yalvardım: “- Tənha qoyma, məni özünlə apar!
Bəlkə, nakəm gəncliyim özünü səndə tapar?!
İstəmirəm oyanım! Sənsiz kiməm, nəyəm mən,
Divarlara çırpınan heysiz bir küləyəm mən.”
Eşitmədi mələyim. Dənizə addım atdı.
Bir ömürə dəyəcək xoşbəxtlik başa çatdı.
Əl etdi, Ağ qapıdan keçdi. Əridi… İtdi…
Hicranı unutmayan bir gecəm belə bitdi…
Oyanmışam yuxudan. Göz yaşımı silirəm.
Bir gün mən də keçəcəm Ağ qapıdan… Bilirəm…