Olmaya
Nə ola, dəyişə dünyanın tərzi,
Heç ömür boranı, qarı olmaya!
Nə dərd ola, nə gözlərdə intizar,
Ürəklərin ahu-zarı olmaya.
Acı qəm-kədərin yetişə sonu,
Kainat geyinə toy-bayram donu.
Cəm ola şüura Haqqın qanunu,
İnsafsızı, zülümkarı olmaya!
Fəsildən fəsilə keçməyə zaman,
Yüz illik bahara verilə fərman!
Heç kimin gərəyi olmaya loğman,
Gümrah ola, heç azarı olmaya.
Döyünən ürəyə verilə qismət,
Vüsala yetirə gözəl məhəbbət!
Bülbülü sevdiyi gülə yaza bəxt,
Qönçənin üstündə xarı olmaya!
Məhəbbət çələngi qoyula qoşa,
Sevənlər ömürü bir vura başa.
Xaliqəm, yetişə hamı yüz yaşa,
Ömür qırılmaya, yarı olmaya.
Hayıf oldu
Qızıl tək vaxtımı xərclədim hədyan,
İtirdim nahaqdan il, hayıf oldu.
Sadəlik üstündə dostluq qurmuşduq,
Bir anda apardı sel, hayıf oldu.
Tükəndi imkanlar, qarışdı aləm!
Dostluq belə olar? Mən hardan biləm!
Bu dərdi götürməz yüz dəfdər-qələm,
Ümidlər alışıb kül, hayıf, oldu.
“Dost-dosta tən olar” – yazılıb haqqdan!
Bizdə tən olmadı, hayıf o vaxtdan!
Neçə him-cim gəldi mənə, əl altdan,
Sonda topuq çaldı dil, hayıf oldu!
Arxayın olmaqnan belə dostlara,
Yaralı barmağa olmazmış çara.
Mənim güvəndiyim uca dağlara,
Qar-boran gətirdi yel, hayıf oldu.
Çəkilən planlar çox idi, yaman,
Az qala, fatehə dönmüşdüm, inan.
Oturub yarım il çəkdiyim plan,
Tullandı qırağa, bil, hayıf oldu.
Şəkil önündə
Nə deyim, bilmirəm! Dəyişməmisən!
Önündə dayanan qocaya bir bax!
Ağarıb saçlarım. Sən həminkisən,
Sənin gözlərində dayanıbdı vaxt.
Bu donmuş gəncliyə deyimmi təbrik?
Əbədi sükut da gözəl olarmış!
“Haraya, nə zaman, nəyik- biz kimik?”
Sükutun özünün cavabı varmış…
Gözümə zillənən bu lal baxışlar,
Nakam arzuların səlnaməsidir.
Dərd üstə dərd qoyan o gözlər, qaşlar,
Yatmış gözəlliyin nalə səsidir.
Çətinmiş! Bu qədər yük məni yorub.
Oyanıb, bircə yol deyib güləydin,
Qayğılı səsinlə halımı sorub,
Dərdimi sinəmdən yarı böləydin!
Mənimlə yol edən bu illər, heyhat,
Min dərdin izini sinəmə salıb.
Adı mənim olan bir şirin həyat,
Məndən uzaqlaşıb, səninlə qalıb.