Keçmişim
Ya özüm günahkar, ya da ki, yaşım:
Yaman soyuq keçir daha yay-qışım.
Deyirəm, qayıtsın küskün yaddaşım-
Şirin keçmişimi yadıma salım,
Qayıdım, biryolluq keçmişdə qalım!
…Çox xoşbəxt olmuşam uşaq yaşımda.
Şirin xatirələr var yaddaşımda!
Uzun gecələri ocaq başında,
Yığışardıq, şənlənərdik! Gülərdik!
Növbələşib, şirin nağıl deyərdik!
Yaz gəldi- başlardı «sezon»un işi,
Kənddən köç edərdi hər böyük-kişi.
Uşaqlıq çağımın gözəl vərdişi:
Hörümçək uçurdub-onu izlərdik,
«Atam gəlsin!»-həsrət ilə gözlərdik! *
Tələsərdik,qaçaq «Güney»ə çıxaq,
Tay-tuşlarnan «çilik-ağac» oynayaq!
Yorulanda,bacarmasaq oynamaq,
Suya gələn qızlara söz atardıq.
Uşaq idik! Yaxşı-pisi qatardıq!..
Gələndə qapıya Xıdır zamanı,
Fırlanar kir-kirə, ev dəyirmanı.
Anam üyüdərdi yenə buğdanı,
Qoyud çalıb biz, həvəsnən yeyərdik!
«Xıdır Baba, xoş gəlmisən!»- deyərdik!
…Ağaran saçlarım bir dənə-dənə,
Ömürdən yadigar hər keçən günə!
Gəlin,babam gilə yığışaq yenə,
Səməndər dayımız bir qarmon çalsın,
Könlüm sükut etsin, xəyala dalsın!
İnanın,zəmannan istəmir bəxtim:
Nə var-dövlət olsun, nə qızıl taxtım!
Dövr etsin arxaya uşaqlıq vaxtım,
Atam qayğı çəksin-məni saxlasın!
Ağrıyan yaramı anam bağlasın!
Yenə də açılsın bağlarda güllər,
Köç etsin yaylağa sevimli ellər!
Aradan keçsədə hər neçə illər,
Adım qoy qayıtsın o doğma yurda,
Desinlər:»Xaliq də yaşayıb burda!»
*hörümçək uçurtma -uşaq oyunu
Bir az qocalmısan…
Xəyallarda dönə-dönə,
Üz tuturam keçən günə.
Həsrət oxu bağrım dəlir!
Gənclik eşqim dilə gəlir,
Göz yaşıyla deyir mənə :
Çox arzundan bac almısan!
Xaliq, bir az qocalmısan!
Xəyal dünyamda azıram,
Heç bilmirəm nə yazıram!
Qələmimnən çıxan şeir,
Haray salır- mənə deyir,
Qismətinə bəxşiş olan,
Yollarında ucalmısan!
Xaliq, bir az qocalmısan!
Göz gəzdirib bu ağ başa
Dərilməmiş tər bənövşə,
Təbəssümlə nəzər salır.
San ki məni-məndən alır!
Pıçıldayır ahəstədən:
Məhəbbətdən güc almısan,
Xaliq! Bir az qocalmısan!
Boylanıram üfüqlərə,
Qəm çəkirəm nahaq yerə.
Bu günümdən gəlir bir səs-
Fikir etmə belə, əbəs!
Qismət olan gözəl bəxtin
Əllərindən tac almısan,
Xaliq! Bir az qocalmısan!
Yarpaqların pıçıltısı,
Bulaqların şırıltısı,
Bulaq üstə bir gözəl də,
Tutu quşu-şirin dildə
Mahnı deyir həzin-həzin!
Nədir xəyala dalmısan?
Xaliq, bir az qocalmısan!
* * *
Saf eşqiylə sevinc verən,
Məni vüsala yetirən,
Qırx ildir ömür yoldaşım,
Sevincə-dərdə sirdaşım
Məhəbbətlə baxıb deyir:
Ürəyimdə iz salmısan,
Heç demərəm, qocalmısan!