Xaliq Məmmədov — şeirlər

Xaliq Məmmədov

Ölmə, eşşəyim, ölmə 

(Atalar məsəlinə həsr olunur)

Qış hara, yemək hara,

Ölmə, eşşəyim, ölmə!

Ümid eylə bahara,

Ölmə, eşşəyim, ölmə!

 

Yaz gələcək-yeyərsən,

Təzə palan geyərsən.

Mənə tərif deyərsən!

Ölmə, eşşəyim, ölmə!

 

Nə olsun, yüklənirsən,

Yoxuşa diklənirsən.

Diz qatlayıb enirsən,

Ölmə, eşşəyim, ölmə!

 

Göy çəmənə salma göz,

Yonca yoxsa, etmə söz!

Çalış, beş-on il də döz,

Ölmə, eşşəyim, ölmə!

 

Mülayimsən mərhaba-

Biz alarıq hesaba!

Yem düşər bir gün qaba,

Ölmə, eşşəyim, ölmə!

 

Səni yüksüz qoymaram,

Hey minərəm, doymaram.

Lal ol, kar ol- dəymərəm,

Ölmə, eşşəyim, ölmə!

 

Bir az yavaş get-toxta,

Qeybəti qır qıraxda.

Boynunda qızıl noxta,

Ölmə, eşşəyim, ölmə!

 

«Şükür!»-söylə, səsin var,

Almağa-nəfəsin var!

Beldə palan bəsin! Var!

Ölmə, eşşəyim, ölmə!

Sənsən gərəyim, ölmə…

Ölmə… ölmə…

A qardaş

 

Gedirsən, yaxşı yol, obaya – elə,

Məndən də salamı yetir, a qardaş!

«Uğurlar!»-söyləyən xoş arzuları,

Özünlə Vətənə götür, a qardaş!

 

Söylə o dağlara məndən etiraz:

Niyə qəribləri yad etmir bir az?

Qocaman dağlardan istəyən muraz,

Deyirlər, kamına çatır, a qardaş!

 

Soruş zirvələrdən, dururmu qarı,

Çağlayıb axırmı buz bulaqları?

Mən görə bilmirəm, sən yad et, barı,

Könüldən nisgili itir, a qardaş!

 

Şirindir Vətənlə vüsalın dəmi,

Hər dağı, hər daşı könül həmdəmi.

Tükənmək bilməyən odlu eşqimi,

Mahaldan — mahala ötür, a qardaş!

 

Gədəbəy elində doğuldum-durdum,

Vətənin gövhəri o gözəl yurdum!

Nurlu bulaqlardan sən bircə qurtum-

Xaliqə içməyə gətir, a qardaş!

Qayıda

 

Bu həsrət könlümün odu- alovu,

Sevdiyim ocağa, külə qayıda!

Qürbət diyarları dolanan canım,

Yurduma- çəmənə, çölə qayıda!

 

Aça qucağını meşə, çəmən, çöl,

«Xoş gəldin!»- söyləyə bağçalarda gül!

Ürəyi yaralı o Sarı bülbül,

Sevdiyi qönçəyə, gülə qayıda!

 

Olsa da həyatın eniş- yoxuşu,

Vətəndir qəlbimin gözəl naxışı.

Bu dərdli könlümün nisgil baxışı,

Bəmlərdən yüksələ zilə, qayıda!

 

Demirəm həyatım yol edir hədər,

Razıyam qismətə verdiyi qədər!

Qürbətdə Xaliqə etmiyə xətər,

Son çağım obaya- elə qayıda!

Qiymət