Xaliq Məmmədov — şeirlər

Xaliq Məmmədov

Çoxdan

 

Hicrandan danışıb öldürmə məni!

İllərim o yolu keçibdi, çoxdan!

Baharım uduzub payıza-qışa,

Qara saç başımnan köçübdü çoxdan.

 

Təzədən taledən yüz eylə dilək,

Karvan öz yolunda, yollarsa-külək.

Sevgimi özümlə odlayan fələk,

Ayrılıq libasın biçibdi, çoxdan.

 

Eşqimə xəyanət deyil gərəyim,

Sədaqət-amalım, ömür dirəyim.

İllər sınağınnan çıxan ürəyim,

Yaxşını yamandan seçibdi, çoxdan.

 

Mən necə sevinim qəmli halımda,

San ki, bəhsə girib fələk zalım da!

Şirin xatirələr zülmət yolumda,

Dönübdü çırağa-saçıbdı çoxdan!

 

Xaliqəm, min sual odlu qəlbimdə,

Nə fərqi: səbəbi səndə, ya, məndə?

Bir yorğun ovçuyam dumanda-çəndə,

İtibdi şikarım-qaçıbdı çoxdan!

 

Bu ha

Belə getsə çəkəcək bizləri savaşa bu ha,

Üz verirsən, az qalır lap başa dırmaşa bu ha!

 

Peşimansan “Salam!”a, tezcə dürtülür araya,

İstər oxşatsın özün dosta, ya, qardaşa bu ha.

 

Fırıldaq sir-sifəti, üz-gözündən piy tökülür,

Elə bil baş vurubdu qazanda bozbaşa bu ha!

 

Dəvətsiz təşrif edir — özgə yerin dar eyləyir,

Görünür, adət edib müftə plov-aşa bu ha!

 

Zarafat eyləyibən kimsə buna “molla” deyib,

İnanıb öz-özünə, indi gəlib cuşa bu ha!

 

Dilinə hər nə gəlir, vızıldadır ortalığa,

Sırıyır hər məclisə özünü birbaşa bu ha!

 

Nə qədər söyləsə də ilahətdən bəhrəsi nə-

Utanar şeytan özü, dayanarsa qoşa, bu ha!

 

Topuq vuran diliylə elmi-münəvvərəm deyir,

Görünür üz tutubdu tiryəkə, xaşxaşa bu ha!

 

Çatlasın öz başında şər sevənin öz xətası,

De ki, ləhnət şeytana!  Olsun bizdən haşa bu ha!