May ayı gələndə kəndə, san ki, vəlvələ düşürdü. Kolxozun sahələri «qoruq» elan olunurdu. Hər bölgənin öz briqadiri düşürdü yollara, hamını xəbərdarlıq edirdi:
— Filan gündən dağa köç başlayır. Hazır olun!
Hamı mal-qarasını yaylağa çıxarmalıydı. Əsasən, nənələr-babalar köçərdilər. Kimin nənə-baba yoxu idisə, gərək mal-qarasını qoşaydılar kimlərəsə. Bizdə asan idi. Gözümü açandan rəhmətlik babam ferma müdiri olub. Kolxozun köçü yaylaqlara gedəndə bizim heyvanları da aparardı. Heyvanlar dəstələnərdi, kolxoz köç aparmağa bir-iki yük maşını ayırardı.
Dərslər qurtaran tək mən də olardım yaylaqlı. Əsas yaylaq yerimiz indi sahibsiz qalan Əvəlikli və Mahmudlu yaylağının yuxarı «döşü», düz ermənilərin sərhədi idi. Vəzifəm nənəmin ocaqda köz altında bişirdiyi «kömbə»ni qaymaqla-yağla yeyib gəzmək, həm də buzovlara nəzarət etmək idi. Düz zirvədə, erməni sərhədinə 100-200 m qalmış Soyuqdərə deyilən yer vardı. Gün qızanda qaçardım ora. Qar yeməyə. Avqust ayında da qar olardı orada. Üstünün tozuni silərdim, ovuclayıb ləzzətlə təbii dondurmanı yeyərdim. Orada hərdən erməniyə rast gəlmək olardı. Hərdən soruşardılar, «hansı köçdənsən?» , cavab verərdim. Palıdlı, İsə bulağı, Soyuqdərə, Köç yeri, Mahmudlu, Bərə — uşaqlıq dünyamın, nənəli — babalı xoşbəxtliyin şirin xatirəsi, ermənilərə qalmış xatirəsi…
Qonşu kəndin köçü üzbə-üz dağın əks döşündə yerləşirdi. İtmiş buzovu gəzəndə həmin dağın yamacında çiyələk yığan bir qızla tanış oldum.
-Olar, mən də yığım çiyələk? -dedim.
-Mənim deyil ki, bu dağ! -dedi.
Soruşdum, Aidə idi adı. Gözəl üzü san ki, ay parçası idi.
-Sən necə gözəlsən, Aidə! — dedim.
-Bilirəm, hamı deyir mənə bu sözləri! — nazla cavab verdi.
Yığdığımız çiyələyi bir yerdə yedik. Xeyli oturduq, ayrılanda sabah görüşməyi şərtləşdik.
-Bizim çadır odur ey, filanıncı. Bax bu qayanın yuxarısından məni səslə, nə vaxt gəlsən. Gələcəm. – Dedi Aidə.
Qayıdan tək: «Nənə, uşaq üçün elçi getmək olarmı?» -soruşdum. «Bıy, sənə qurban olum! Evlənməkmi istəyirsən?»- öpdü nənəm məni. «Yox, nişanlanardım ki, heç kim məndən almasın Aidəni!» Səhər günorta Aidəylə görüşə hədiyyə ilə getmək istədim.
Soyuqdərəyə qalxdım. Papağımı soyuq və təmiz qarla doldurdum. Aidəmə verəcəkdim təmiz qarı. Mən Qayalığa gəlib çıxanacan qar yoxa çıxdı, əridi. Qayanın başından səslədim Aidəni. İkicə dəfə «Aidə!» deyən tək çıxdı bayıra. On dəqiqəyə yanımdaydı. Gün əyilənəcən bir yerdə olduq.
-Tezdən oyana bilərsən? -soruşdum.
-Sənə belə lazımsa oyanaram! Nə olub?
-Sənə təmiz qar gətirəcəm. Günorta o dağdan bu dağa gələnəcən qar əriyir. -papağımı göstərdim. — Səhərlər bir elə isti olmur.
-Yaxşı olardı gətirə bilsəydin! Xarlamış qar yeyərdik bir yerdə! — dedi Aidə.
Səhərisi tezdən durub qalxdım zirvəyə. Soyuq qarı papağıma yığıb götürüldüm üzü aşağı. Elə o dəqiqə kəllə-mayallaq getsəm də, papağı elə sıxmışdım ki, qar yerə dağılmadı. Zirvədən ətəyə, ətəkdən başqa dağın zirvəsinə çıxanacan qar …əridi! Aidəmlə görüşə hədiyyəsiz gəldim!
-Alınmır, alınmasın. Canın sağ olsun!- dedi Aidə.
Bir neçə gün belə keçdi. Amma, Aidəyə qar çatdırmağı unuda bilmirdim. Axşamların birində dərdimi nənəmə söylədim. «Canım canına qurban, ay igid balam!» — dedi nənəm. Səhər duranda nənəm mənə bir 4-5 litrlik bidon(qab) və bir dəsmal verdi. «Şahzadə balam, igid balam! Qabı doldur qarla. Bu dəsmali da yaxşıca bürü qaba, apar sevgilinə!» Elə də etdim. Qarla dolu bidon əlimdə Qayalığa çatdım! Nə qədər sevinirdim! Qalxdım adət etdiyim qayanın başına: «Aidə! Aidə!» — səslədim sevinclə. Aidə çıxmadı bayıra. Handan hana bir qadın alaçıqdan çıxıb cavab verdi:
-Yorma özünü, bala, sakitləş və çıx get! Dünən Aidə getdi şəhərə, evlərinə! Atası apardı.
-Necə evlərinə, bəs mənə demədi!?
-Get, bala, gələn il görüşərsiniz!
Yastı daşın üstündə həmişəki yerimizdə oturdum. Qarı yeyə bilməzdim, Aidəm üçün gətirmişdim. Atmağa da əlim gəlmirdi…
Aidəmsə getdi, bir daha görmədim…