Xədicə(ə) Xədicə binti Xüveylid. (İslam. Tarixə dönüş.) Xaliq Məmmədov

Tarix

Dünyada insanın əldə etdiyi ən böyük nailiyyət sevgidir.

 

Peyğəmbərin ilk tam ardıcıl tərcümeyi-halı (sira), evliliyi-yaşayış tərzi İbn İshaq (704-767) tərəfindən yalnız 100 il sonra, 8-ci əsrin ortalarında tərtib edilmişdir.

Təəssüf ki, bu tərcümeyi-hal yazılmış əlyazmanın özü də yox olub, bizə yalnız İbn Hişamın, ehtimal ki, 9-cu əsrin əvvəllərində İbn İshaqdan köçürdüyü gəlib çatmışdır. Ümumilikdə isə, peyğəmbərin tərcümeyi-halının toplanması və sistemləşdirilməsi prosesi 9-cu əsrin ortalarına qədər davam etmişdir. Daha sonrakı tərcümeyi-hallarında bəzən, indi bizə məlum olan ilkin tarixi və bioqrafik əsərlərdən fərqli məlumatlara da rast gəlinir.

İslamın ilk dövrü barədə, peyğəmbərin(s) həyatını əks edən yazılarda hadisələrin baş verdiyi tarixi, kimin hansı ildə, hansı günda doğulduğu, hara getdiyi tarixləri dəqiq qəbul eləmək elmi araşdırmaçılar üçün suallar doğurur ki, bu da təbiidir. Peyğəmbərin(s) həyatı, islamın ilk addımları barədə söylənən hadisələrin doğruluğu şübhə doğurmasa da, o hadisələrin tarixləri müəyyən dolaşıqlar yaradır. İnsan yaddaşına, nəql edən vasitəçilərin hafizə gücünə nə qədər etibar etmək olarsa, bu tarixlərə də o qədər ciddi yanaşmaq olar.

 

 

Xədicə(ə)

Xədicə binti Xüveylid.

 

Peyğəmbərin ailəliyi baradə düşünmək istəyən hər bir kəsin dilində birinci olaraq Möhtərəm Xədicə(ə) adı səslənir. İlk müsəlman qadın. Peyğəmbərin ilk və sağlığında yeganə həyat yoldaşı.

Ömrünün son dəqiqələrinə qədər, peyğəmbər ona ən böyük sevgi və hörmətlə yanaşmış, Xədicə bu sevgiyə incə nəvazişlə, qayğı ilə cavab vermişdir.

Əbəs yerə deyildi ki, ahıl çağında sevimli arvadı Aişə, Xədicədən söz düşəndə deyərmiş ki, onunla yaşayan çoxsaylı arvadların heç birinə, çoxdan rəhmətə getmiş Xədicəyə olan qısqanclıq qədər qısqanmır.

***

Hələ islamın meydana gəlməsindən əvvəl isməti və ləyaqətinə görə, xalq arasında ona “Tahirə” (pak, təmiz qadın) deyirdilər. Xədicənin(ə) Ficar müharibəsindən əvvəl ölən atası Qüreyş qəbiləsinin ən görkəmli tacirlərindən biri idi. Xədicə, cahiliyyə dövründə -islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr — iki dəfə ərə getmiş və hər iki əri dünyasını dəyişmişdir.

 

Peyğəmbərin(s) Xədicə(ə) ilə evliliyi, bəzi tədqiqatçıların araşdırmalarında həmişə bir qədər tənqidi görünür, haqqsız olaraq bu evlilik guya kasıb bir gəncin çıxış yolu və varlı çoxyaşlı tacir qadının şıltaqlığı kimi qələmə verilir. Buna səbəb, nədənsə müsəlman tarixi ənənəsində qəbul olunmuş fikirdir ki, Xədicənin(ə) Məhəmmədlə(s) evlənərkən 40 yaşı var idi. Amma, Xədicənin(ə) həmin vaxtda cəmi 28 yaşı olduğu haqda məlumatlar var və bu fakt, onların evlənmək səbəblərini araşdırarkən çox şeyi dəyişir, ailə xoşbəxtliyinin tam yerində olduğunu sübut edir.

Ondan başlayaq ki, evliliyə qədər hər ikisi gözəl tanış idilər. Hər ikisinin, ata nəslindən- Xədicənin(ə) ulu babası Əbd əl-Uzza və Məhəmmədin(s) ulu babası Əbd Manaf doğma qardaş idilər. Onlar ana tərəfdən isə Luai qəbiləsinə mənsub olublar.

Müsəlman tarixçiləri bu qohumluğun, onların adlarının üstündən bir səbəbə görə yan keçirlər: “əl Uzza” və “Manaf” bütlərin adı idi, Əbd əl-Uzza – “əl- Uzzanın qulu”, “Əbd Manaf”- “Manafın qulu” deməkdir. İslam peyğəmbərinin(s) əcdadlarının islamdan yüz illər qabaq bütpərəst olmaqları təbii idi, bunu gizlətməyə ehtiyac nə ola bilər?!

Xədicənin(ə) təvvəlüdünü qeyd edərkən, islam araşdırmaçıları əsasən, onun qardaşı oğlu Hakim ibn Hizama sitat gətirirlər. İbn Hizam söyləyirmiş ki, Xədicə ondan iki il əvvəl, fil yürüşündən (fil yürüşü — 570-ci il. Maraqlıdr ki, bu yürüşlərin sayları da mübahisəlidir.) 15 il əvvəl doğulub. Bu fikir çox şübhə doğurur, çünki məlumdur ki, onun özü, 674-cü ilə qədər yaşayıb. Belə alınır ki, guya o 120 il yaş yaşamışdır.

Orta əsr müəllifləri bu rəqəmi qeyd edərkən, ibn Hizamın öz yaşı barədə öz dediyini əsas tutmuşlar. Əlbəttə ki, kimsə 120 il də yaşaya bilər, amma, burada sual çıxır ortaya. O dövrün ərəb tarixçiləri 6-7-ci əsrdə yaşamış bir çox tarixi şəxslərin yaşı barədə yazarkən, nədənsə, onların çoxunun məhz  120 yaş yaşayıb dünyalarını dəyişdiklərini qeyd etmişlər. Yeri gəlmişkən, peyğəmbərin(s) əmisi Abd əl-Muttalibin də 120 yaşa qədər yaşadığı xəbər verilir. İkinci məqamsa odur ki, o dövrlərdə uzun ömürlülük az hallarda olurdu. Akademik O.G. Bolşakov qeyd edir ki, o dövr səlnaməçilərində bu “120” rəqəmi, şübhəsiz ki, yalnız «çox», «çox uzun müddət» deməkdir, dəqiq 120 yaş demək deyil.

Şərqjünas, professor A. Müller də ərəblərdə və ümumən şərqdə 7; 40; 120; kimi rəqəmlərin həmişə “çox” kimi, yayılmış rəqəm kimi olduğunu demişdir.

Peyğəmbərlə evlilik quranda 40 yaşında olmağı  ona görə şübhəlidir ki,  peyğəmbərə ərə gedəndən sonra Xədicə ən azı altı dəfə ana olmuşdur, sonuncu dəfə isə Məhəmmədin(s) dini təbliği başlayandan sonra, yəni təxminən 612-613-cü illərdə. Əgər ənənəvi hesablamaları həqiqət kimi götürsək, demək, Xədicə(ə) 57-58 yaşında olanda ana olmuşdu.

Xədicə Məhəmmədlə evlilikdə iki oğlan və dörd qız anası olmuşdu.

İlk övladları oğlan olub, adına Qasım deyiblər. Buna görə də Allah Rəsulu “Əbul-Qasım” ləqəbini almışdır. Oğlan iki il yaşadı. Sonuncu uşaq Abdulla idi. O, peyğəmbərlik missiyasının başlanmasından sonra dünyaya gəldi, lakin çox qısa bir ömür yaşadı və körpəlikdə öldü.

Qasım ibn Məhəmməd

Zeynəb binti Məhəmməd

Ruqaiya binti Muhəmməd

Ümmü Gülsüm binti Məhəmməd

Fatimə binti Məhəmməd

Abdullah ibn Məhəmməd

[Burada qısa bir haşiyə edim: Azərbaycan ünvanlı bir mənbədə Xədicənin(ə) Peyğəmbərlə(s) üç oğlu  (3-cü- Təyyib!?) və dörd qızı olduğunu, guya oğulların hər üçünün də islamdan qabaq doğulduğunu oxudum. Əlimin altında olan bütün mənbələri bir də nəzərdən keçirtdim. Azərbaycanlı qələm tutanının bu xəbəri hardan götürdüyünü tapmadım.]

***

Əl-Bəlazuri tərəfindən tərtib olunmuş “Ənsab əl-əşrəf” (“Əsilzadələrin şəcərəsi”) əsərində bir maraqlı qeydə rast gəlmək olur. Orada, peyğəmbərin üçüncü arvadı Aişə və əmisi oğlu Abdullah ibn əl-Abbas təsdiq edirlər ki, onlar evlənəndə, Xədicənin(ə) təxminən 28 yaşı vardı. Bu məlumat bir sıra müasir araşdırmalarda həqiqətə yaxın hesab olunur.

Maraqlıdır ki, U. M. Uott bütün variantları eyni dərəcədə misal gətirir: “Toy ilində Məhəmmədin 21, 23 və ya 25, Xədicənin isə 28-40 yaşı var idi”, və oxuculara hansı yaşın daha doğru olduğunu özləri seçmək hüququ verir.

Onlar evlənəndə Məhəmmədin 23, Xədicənin isə 28 yaşı olduğu barədə Aişənin xəbəri həqiqətə daha yaxın olduğunu əsərlərində göstərən alimlər çoxdur.

Xədicənin sonuncu övladının İslam dövründə dünyaya gəlməsi faktını İbn Səd də daxil olmaqla bir çox müəlliflər təsdiqləyir. Buna görə də toy zamanı Xədicənin 25-28, Məhəmmədin isə 21-25 yaşında olduğu daha ağlabatandır.

 

Xədicə Qüreyş qəbiləsində nəsil başçısı Əsəd ibn Əbdül-Uzzanın oğlu Xuveylid ibn Əsədin və qədim Qüreyş nəslindən olan Fatimə binti Zaidə Əmir (Hisl) ibn Luayyın ailəsində anadan olub. Cahiliyyə dövründə Ərəbistanda məskunlaşan qəbilələrdə yeni doğulmuş qız uşaqlarını torpağa basdıraraq öldürmək adəti var idi. Hər şeydən əvvəl, bu vəhşi adət kasıb çoxuşaqlı ailələrdə doğulmaq bədbəxtliyi yaşayan qızlara şamil edilirdi, qızları “artıq boğazortağı” sayırdılar. O dövr bütpərəstlərin zəif doğulmuş körpələrə yazığı gəlmirdi, çünki uşaq ölümünün geniş yayıldığı bir şəraitdə onları böyüdüb boya-başa çatdırmaq çox problemli idi. Qızın öldürülmək kimi dəhşətli aqibətlə üzləşməməsi onun çox güman ki, varlı bir ailədə doğulduğunu və yaxud ailənin böyük qızı olduğunu göstərir. Xədicənin həyatının ilk illəri haqqında az-çox dəqiq deyilə biləcək bütün bunlardır.

Xədicə nikah yaşına çatanda, valideynləri qızı öz əmisi oğlu Varaqə ibn Nofələ ərə vermək niyyətində idilər. Lakin o, hənif (tövhid təbliğçisi) idi və xristianlığa meyl edərək rahib olmaq niyyətində idi. Nikah baş tutmadı. Lakin Xədicə uzun müddət tək qalmadı və tezliklə ərə getdi.

Bəzi müsəlman müəlliflər var ki, Xədicəyə “Bakirə” ləqəbii verildiyinə əsaslanaraq, onlar Məhəmmədlə evlənməzdən əvvəl “Allahın Rəsulu kimi evli olmadığına” inanmağa çağırış edirlər. Göründüyü kimi, yalnız intuisiyaya əsaslanan bu fikri ilk dilə gətirənlərdən biri “Əl-İstiqas fi bidai-s-salas” əsərində Əbu-l-Qasim Əli ibn Əhməd əl-Kufi (? – 963) olmuşdur.

İbn Hişamın əsərində yer tutmuş, Məhəmmədin bizə gəlib çatan ilk tərcümeyi-hallarından ən mötəbəri sayılan İbn İshaqda — Sirada deyilir ki, Xədicənin ərləri Qüreyş qəbiləsində Məhzum tayfasından olan Uteyik ibn Abid ibn Abdullah və Bənu Amr ibn Təmimdən  olan Əbu Hala ibn Malik olublar.

Dərhal qeyd etmək lazımdır ki, Uteyyik ibn Abid adının tərcüməsi (ərəb yazısının oxunuşunun dəyişkənliyinə görə) fərqli ola bilər. Atik ibn ‘Abid və ya ‘Atik ibn ‘Aiz kimi variantlarda da rast gəlinir.

Xədicənin ilk iki ərinin adları ilə bağlı müəyyən aydınlıq olsa da, onların birinci-ikinciliyi ilə bağlı tam qeyri-müəyyənlik var. İbn İshaqın / İbn Hişamın Sirasında ilk həyat yoldaşının adı Uteyyikdir. Bu versiyaya bir çox müəlliflərin əsərlərində rast gəlmək olar. Digər mütəxəssislər Xədicənin ilk ərinin Əbu Hala olduğunu deyirlər.

Xədicənin ilk ərləri haqqında real məlumatın olmamasının səbəbi nə ola bilər?

Birincisi, Məhəmməd(s) heç vaxt Xədicənin keçmiş həyatı ilə bağlı mövzulara toxunmayıb və ona ehtiram bəsləyən bioqraflar ilk müsəlman qadının əvvəlki evliliklərini daha az xatırlamağa çalışıblar.

İkincisi, Xədicənin ilk iki əri: Uteyyik və Əbu Hala şəxsiyyət kimi müsəlman müəlliflər tərəfindən hörmətə layiq görülməmişdir.

Bunlardan birincisi Məhəmmədlə düşmənçilik edən Qüreyş tayfası Məhzuma mənsub idi və onun bir çox yaxın qohumları Bədr (624) və Uhud (625) döyüşlərində bütpərəstlərin tərəfində müsəlmanlara qarşı vuruşmuşlar. Əbu Hala barədə rəvayətlər də çoxdur, bəzi rəvayətlərə görə hətta o, ölməmişdən əvvəl, Xədicəyə boşanma da vermişdi.

 

Məhəmməd(s) Xədicənin evində yaşadığı ilk gündən orada uşaqlar olub, lakin onların tam kimliyi və sayı sirr olaraq qalır. Övladlığa götürülən o uşaqlarla bağlı Peyğəmbərin həyatında və onun ailəsinin müasir tərcümeyi-hallarında rast gəlinən məlumatlar çox ziddiyyətlidir.

Bu qəribə görünür. Məhəmmədin həyatı barədə yazan bütün tədqiqatçılar üçün İbn İshaq / İbn Hişamın Sirası əsl stolüstü, ən məşhur istinat yeridir. Həmin bu kitabda uşaqlar barədə məlumatlar var. Bu çoxsaylı islam müəllifləri məntiqi olaraq, bu qeydlərə diqqət çəkməli idilər. Nədənsə, peyğəmbərlə bağlı çox tarixi hadisələri araşdırarkən, müsəlman alimləri İbn İshaqa istinad edirlər, amma, Xədicənin peyğəmbərə ərliyinə qədər olmuş uşaqları barədə oradaca olan məlumatdan yan ötmüşlər.

İbn Hişam orada yazır ki, Xədicənin Uteyikdən bir oğlu — Abdullah və bir qızı — Cariyə, Əbu Haladan bir oğlu — Hind və bir qızı — Zeynəb olub.

M. Uott yazırdı ki, Xədicənin övladları iki oğul və bir qız idi — Hind ibn Əbi Hala, Hala ibn Əbi Hala və Hind binti Uteyyik.

“Müsəlmanların mənəvi anaları” adlı kollektiv əsərdə Əbu Halanın Hala adlı oğlu və Uteyiqin qızı Hinddən bəhs olunur. Eyni varianta R.Xaylamazın “Möhtərəm Xədicə” kitabında da rast gəlirik.

Taufik Əbu İlmin “Fatimeyi-Zəhra” əsərində artıq Xədicənin eyni ad daşıyan oğlu və qızı Hinddən bəhs edilir. Burada oğlanın atasının adı Əbu Hala, qızın atasının adı isə Uteyyikdir…

Yenə variyantlar var, yazmıram.

Niyə müəlliflərin əsərlərində Xədicənin Uteyyik və Əbu Hala ilə evliliyində doğulan uşaqlar və ataları barədə məlumat son dərəcə fərqlidir?

Hind və Hala: adların hər biri həm qızlara, həm də oğlanlara verilə bilər. Hind (“Mülayim” və ya “Hindiyana”, yəni “Qarayağız” mənasını verir) və Hala (“Ay işığı”) adları əsasən qızlara verilirdi.

Amma bəzən uşağı bəd nəzərdən qorumaq və ya şər qüvvələri azdırmaq üçün yeni doğulan oğullara da belə adlar qoyublar. Odur ki, Xədicənin ilk iki evliliyində Hind və Hala adlarını daşıyan həm oğlu, həm də qızı ola bilərdi. Bu hal, bu adların daşıyıcısının – oğlan və ya qızın kim olduğunu müəyyən etməkdə müəyyən çaşqınlıq yaradır.

Bu oğul və qızların bəzilərinin uşaqlıqda ölməsi ehtimalı var və buna görə də ola bilər ki, onlar haqqında çox az məlumat var.

Bir fakta da diqqət yetirək. Əgər İslam ənənəsinə uyğun saysaq, 595-ci ildə Məhəmmədlə evlənəndə Xədicə 40 yaşında olub. Bu versiyanı doğru qəbul etsək, demək, Xədicənin uşaqlarından bəziləri peyğəmbərlə eyni yaşda ola bilərdi. Bu halda təbii ola bilərdi ki, böyük sayıla bilən evlad evə üçüncü ögey atanın gəlməsinə narazı ola bilərdi.

Ola bilsin ki, Xədicənin övladlarından bəziləri sonradan İslamı qəbul etməyiblər, üstəlik, Peyğəmbərə və ilk müsəlmanlara qarşı edilən zülmlərdə iştirak ediblər.

Belə hərəkəti ilk növbədə, özlərini Məxzum qəbiləsinin nümayəndəsi hesab edən, üzvlərinin çoxu həmişə yeni məzhəb düşmənlərinin önündə olan Utayik övladlarından gözləmək olardı.

Hətta sadalanan mümkün səbəblərdən biri də kifayət idi ki, müsəlman müəlliflər Xədicənin ilk iki evliliyindən doğulan övladlarını xatırlamaq istəməsinlər.

Əbu Halanın oğlu Hind, anasının Məhəmmədlə evləndikdən sonra da uzun müddət onlarla birlikdə qaldığı iddia edilir. Hind ibn Əbi Hala Peyğəmbərin(s) yanında böyümüş,  onunla birlikdə iman uğrunda hərbi yürüşlərdə iştirak etmişdir. Qeyd olunur ki, o, “Əli ibn Əbi Talibin başçılığı altında Cəməl döyüşündə (“Dəvə döyüşü” 656) şəhadəti qəbul etdi”.

Odur ki, Hind ibn Əbi Halanın 595-ci ildə kiçik uşaq olduğunu fərz etsək, o, 656-cı ildə 60 yaşında vəfat etmişdir.

Hind ibn Əbi Halanın (Xədicə ilə Əbi Halanın oğlu) varlığı haqqında məlumatı, ət-Tirmizi xüsusən təsdiq edir. O, Peyğəmbərin(s) nəvəsi əl-Həsən ibn Əlinin aşağıdakı hekayətini misal gətirir: “Mən əmim Hind ibn Əbi Haladan soruşdum… Allahın elçisinin nəcib xüsusiyyətləri haqqında danışmağı xahiş etdim. O həmişə Onun xüsusiyyətlərini təfərrüatlı şəkildə təsvir edirdi. Mən çox istəyirdim ki, şəxsən ondan Allah Rəsulunun nəcibliyi barədə eşidim… onları xatirimdə saxlayım, sonra imkan daxilində onlara əməl etməyə çalışım”. (Тирмизи. С. 12–13, 135–136.)

Xədicə ilə Üteyiqin qızı Hind haqqında da bəzi məlumatlar qorunub saxlanılmışdır. Nəql edilir ki, nikah yaşına çatanda Xədicə onu Məhzum qəbiləsindən Safi ibn Üməyyə ilə evləndirdi. “Bu birliyin bəhrəsi Məhəmməd adlı bir oğlan olacaq, onun Mədinədə nəsli “Tahirənin nəsli” adlandırılacaq, yəni, Xədicilər».

Xədicənin qalan övladları haqqında demək olar ki, heç nə məlum deyil.

Qayıdaq Xədicənin əvvəlki ərlərinin ölümündən sonrakı həyatının təsvirinə.

Məlumat var ki, Xədicənin ikinci əri vəfat etdikdən sonra, Uteyikin qohumu Əmr ibn Hişam ibn Muğirə Xədicəyə evlənmək istəyib. O, sonralar ilk müsəlmanların ən qızğın düşmənlərindən birinə çevrildi və onlardan “Əbu Cəhl” (“Cəhalət atası”) ləqəbini aldı.

O, Məhəmmədlə(s) həmyaşıd və onun uşaqlıq dostu idi. Lakin Xədicə Əmri rədd etdi. Məhzum nəslinin varlı nümayəndəsindən yoxsul bir yetim Haşimini (Məhəmmədi) üstün tutdu. Bu hadisə sonralar onun – yəni, “Əbu Cəhl”in Məhəmmədə düşmənçiliyinin səbəblərindən biri oldu. Həqiqətən də, Məhəmmədin varlı-dövlətli Əmrə qarşı, sadiqlik, düzgünlük və etibarlılıq kimi qazandığığı təmiz nüfuzdan başqa qoyacağı heç bir şey yox idi.

***

Topdansatış ticarətlə məşğul olan Xədicə, öz ticarət işinə yalnız etibar etdiyi şəxsləri cəlb edirdi.

Bir gün ona başqa şəhərlərə gedən karvanları müşayiət edə bilən ağıllı və işgüzar bir adam lazım oldu. Bu məqsədlə bir neçə dəfə Məkkəyə adam göndərdi ki, uyğun adamlar tapsın. Çox keçmədi, öz etibarlılığı və yaxşı xasiyyəti ilə tanınan Məhəmməd adlı bir gənc haqqında ona məlumat yetirdilər. Məkkədə Məhəmməd əl-Əmin (Sadiq) adını hamı eşitmişdi.

Ticarət işlərində ona kömək edən Meysərə adlı nökərini də ona köməkçi verdi. Nökərinə tapşırdı: “Həmişə Məhəmmədə itaət et. Heç bir şeydə ona qarşı çıxma. Qayıdanda gördüklərini mənə danışarsan”.

Məhəmmədin ilk ticarət əməliyyatı Xədicənin mallarından ibarət karvanı Suriyaya müşayiət etmək oldu və bunun üçün ona ödəniş olaraq dörd dəvə verildi (Большаков, 1989. С. 66). Məhəmməd Xədicənin xidmətində olarkən dəfələrlə işgüzar fərasət və sədaqət nümayiş etdirdi. Bu, uzun müddət diqqətdən kənarda qalmadı: tezliklə qadın səmərəli iş görən bu cəlbedici gəncə meyl etdi, həyatını birləşdirməyə qərar verdi. Eyni zamanda, təşəbbüsü özü ələ almalı oldu.

Diqqət edək ki, İbn İshaqın özü də əldə edə bildiyi məlumatların etibarlılığına şübhə edir, o, Xədicənin monoloqunu “Deyilənə görə” sözləri ilə müşayiət edir.

“Xədicə Məhəmmədlə görüşdü və deyilənə görə ona dedi: “Ey əmim oğlu! Mən qohumluğuna görə, xalqın arasında qazandığın hörmətə görə, düzlüyünə, yüksək əxlaqına, sözünün doğruluğuna görə səni istərdim.” Sonra ondan onunla evlənməsini istədi” (И.Х. С. 52.).

Onlarla dini kitabın müəllifi Reşit Haylamazda isə tam başqa bir fikrə rast gəlmək olur: Xədicə bu sözləri Məhəmmədə şəxsi görüşündə deyil, məktubda bildirib (Хайламаз. С. 41). Bu fikir isə qəribə görünür, çünki Xədicə oxumağı və yazmağı bilmirdi. Məhəmməd də Quranda verilmiş məlumata görə nə oxumağı, nə də yazmağı bacarırdı: (7:158)

əl-Əraf surəsi, 158-ci ayə

De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”

***

Xədicənin vasitəçisi dostu Nəfisə binti Üməyyə idi. O, evlilik təklifi ilə Məhəmmədin yanına gedib. Onun bu hadisə ilə bağlı sonralardakı hekayəti müxtəlif variantlarda qorunub saxlanılıb. Onlardan biri budur: “Ondan soruşdum: “Sənə evlənməyə nə mane olur?” O cavab verdi: “Mənim gəlinə başlıq pulunu (məhrini) ödəmək imkanım yoxdur”. Mən ondan soruşdum: “Gəlin haqqını ödəməkdən azad olub var-dövlətə, hörmətli-izzətli bir şəraitə dəvət eedilirsənsə, necə?” Soruşdu: “Kimdir dəvət edən?” Cavab verdim: “Xədicə”. Məhəmməd razılaşdı». (Хайламаз. С. 39–40).

Evlənmək danışıqlarında vasitəçi kimi çıxış edən qohumları müəlliflər müxtəlif şəxslər kimi göstərirlər. İbn İshaq həmçinin yazır ki, Xuveylid ibn Əsədin (Xədicənin atasının) yanına Məhəmmədlə birlikdə “əmisi Həmzə ibn Əbd əl-Müttəlib getdi. Onu nişanlandırdı və Məhəmməd evləndi”. Bu variantı məşhur tarixşünas İsmayıl ibn Kəsir:  “Qisəsül-ənbiya” (“Peyğəmbərlər haqqında hekayələr») kitabında da yazır. Həmzə və Abbasın birlikdə elçilik etdikləri barədə də məlumatlara rəst gəlmək olur.

Bəzi müsəlman müəlliflər bunun qeyri-mümkün olduğunu deyirlər, çünki Xuveylid əl-Ficar müharibəsi zamanı (585-590) ölüb və gəlinin maraqlarını o vaxtkı ailə qəbiləsinin başçısı Amr ibn Əsəd təmsil edirdi. Eləcə də, Həmzə və Abbasın (gənc yaşlarına görə) elçilik və nişan mərasimində olmaqları şübhə doğurur. Çox güman ki, bu adlar sonralar Abbasi xəlifələri dövründə hakim sülaləni razı salmaq üçün çəkilməyə başladı.

Xədicə yuxarıda qeyd etdiyimiz kimi, Məhəmmədin maddi vəziyyətinin pis olduğunu bildiyi üçün mehr verilməkdə israr etmədi. Lakin Əbu Talib bunun Haşim ailəsinə rüsvayçılıq olacağını deyərək, adət-ənənəni pozmamağa və nikah hədiyyəsinin dəyərini öz vəsaiti hesabına ödəməyə qərar verdi. Bu fakt hər kəs tərəfindən tanınır, yalnız bu ödənişin ölçüsü məsələsi fərqlənir. İbn Hişam nikah hədiyyəsi olaraq 20 dəvə verildiyini yazmışdır. Eyni rəqəmi məşhur ərəb tarixçisi İbn əl-Əsir də qeyd etmişdir.

Və yenidən fərqli artırmalar, fərqli fikirlər meydana çıxır.

Əsas istinad yeri sayılan İbn İshaqın- İbn Hişamın qeyd etdiyi 20 dəvə olsa da,

sonradan bəzi islam müəllifləri üçün bu məhr ölçüsü qəbuledilməz dərəcədə kiçik, gələcək İslam Peyğəmbəri üçün layiqsiz göründü və “dərəcələr” yüksəlməyə başladı. 20 dəvəyə daha 500 gümüş dirhəm (Хайламаз. С. 41–42) əlavə olundu və hətta çox sonralar 500 qızıl dinar məbləği də ortaya çıxdı…

 

***

619-cu il, Mədinəyə hicrətə üç il qalmış, Allah Rəsulunun sevimli əmisi Əbu Talibin ölümündən üç gün sonra Xədicə xəstələndi və qısa sürən xəstəlikdən sonra dünyasını dəyişdi. O, Məkkədə, Hajun (Hacun) qəbiristanlığında dəfn edilib. Onun dəfni zamanı Allah Rəsulu özü qəbrə enmişdir. Cənazə namazı qılınmadı, çünki o vaxt hələ məlum deyildi. Həmin il İslam tarixinə “Hüzn ili” kimi daxil oldu.

Onun vəfat gününə qədər olan yaşı, Məhəmmədlə evləndiyi zaman ona aid edilən yaşın sayından asılı olaraq, 52-dən 65-ə qədər fərqli şəkildə göstərilir.

Amma o, kifayət qədər qoca qadına oxşayırmış ki, iti dilli Aişə bundan istifadə etməyi unutmamışdır. M. əs-Seyidin “Qadınlar”ında olan qeyd: “Bir gün o, Peyğəmbərə Xədicə haqqında dedi: “Nə üçün Qureyş yaşlı qadınlarından damağı qırmızı (yəni dişsiz) olan çoxdan ölmüş bir qadını xatırlayırsan? Allah ki, onun yerinə sənə daha yaxşısını verib? ”

Bu sözlərdən, Aişənin dediyinə görə, Məhəmməd o qədər qəzəbləndi ki, alnında bitən tüklər titrədi.

“Allaha and olsun, Allah mənə ondan yaxşısı ilə əvəz vermədi. İnsanlar məni yalançı hesab etdilər, o mənə inandı. Başqaları məni varımdan məhrum edəndə, o mənə rəğbət bəsləyərək varını mənə xərclədi. Allah mənə ondan övlad verdi, başqa zövcələrdən isə mənə övlad vermədi!”

Burada əlavə etmək yerinə düşərdi ki, Aişə özü uşaq idi, Xədicənin nə dərəcədə qoca olduğunu heç cür bilə bilməzdi. Xədicə rəhmətə gedəndə onun 5 yaşı vardı ki, bu barədə gələcək yazılarda ətraflı danışarıq.

Peyğəmbər Xədicəni həmişə hörmətlə yad etmişdir. Çox-çox sonralar Əli ibn Əbi Talib çıxışlarından birində demişdir: “Mən Allah Rəsulunun… belə dediyini eşitdim: “Qadınların ən yaxşısı Məryəmdir… Mənim qadınlarımın ən yaxşısı isə Xuveylidin qızı Xədicədir”.

***

Məhəmmədə yaxın olan insanlar onun haqqında xatirələrinin sistemli qeydinə və ya gələcək nəsillərə ötürülməsini xronoloji qaydada sistemləşdirməyə əhəmiyyət vermirdilər, ilk növbədə əsas şeyin — vəhy mətnlərinin qorunmasına diqqət yetirirdilər. Xatirələri qeyd etmək zərurəti yarandıqda, Məhəmmədin ən yaxın yoldaşları artıq dünyasını dəyişmişdi və yalnız onun həyatının son illərini bilən, peyğəmərin sağlığında azyaşlı olmuş şəxslər və ya onun peyğəmbərlikdən əvvəlki tərcümeyi-halının ayrı-ayrı epizodları ilə əvvəlki nəsil hesabına tanış olan insanlar qalmışdı.

Məhəmmədin xarakterini və ailədəki davranışını başa düşmək üçün istifadə edilən məlumatların ən maraqlısı onun ən kiçik və sevimli həyat yoldaşı Aişənin xatirələridir, lakin onlar da əsasən onun həyatının son on ilinə aiddir.

Çətinliklər Məhəmmədin doğum vaxtını təyin etməklə başlayır. İslamda peyğəmbərin doğum gününün 12 Rabi 1-də qeyd edilməsi çoxdan müqəddəsləşdirilib və onun anadan olduğu il «fil ili» hesab olunur – 570-ci il.

Lakin bu, mənbələrin göstərdiyi tarixlərdən yalnız biridir. Məs.: Tabarinin yazdığında qeyd olunur ki, Məhəmməd, Xosrov Ənuşirvanın hakimiyyətinin (531-579) 42-ci ilində anadan olub. 531+42=573. (Таб., I, 967) İkinci bir missal: dəqiq məlumdur ki, 653-cü ildə 88 yaşında vəfat edən əl-Abbas Məhəmməddən üç-dörd yaş böyük idi, yəni, Abbas (qəməri və şəmsi illərin fərqliliyini nəzərə alaraq) 567-ci ildə anadan olmuşdur. 567+ 4 = 671. Və il.və s.

Biz 21-ci əsr hadisəsini qeyd edərkən, günü – saatına kimi dəqiqləşdirə bilərik. 6-7-ci əsrlərdə isə, hətta təqvimi olmayan bir məkanda heç kim yazmırdı kimin hansı gündə doğulub evləndiyini. Belə işlər yalnız böyük tarixi hadisələrin vaxtı ilə bağlanırdı. Məs.:Bizansların hücumu ili, Sasanilərin yürüşü və il. və s.

Onu da qeyd edim ki, bu yazdığım və yazacağım yazılar bədii ədəbiyyat vahidi kimi deyil, sadəcə olaraq, bəzi mübahisəli tarixləri, hadisələri araşdırmaq cəhdi (yalnız və yalnız – cəhd!) kimi qəbul edilməlidir.

 

Epiloq əvəzi.

K. Şmirger (100 il qabaq yazılmış romandan bir parça)

Bir neçə gün qabaq, Məhəmməd Hira (Cəbəl ən-Nur) dağına tərəf üz tutmuşdu, üç gün qalmışdı orada, gəlişi indi idi.

— Xədicə, sən xalça toxuyursan?

Əvvəlcə cavab vermədi, onun yorğun görkəmi, yorğun səsi qadını qorxutdu, qısa bir sükutdan sonra özünü ələ alaraq, dedi:

— Hə, Məhəmməd, xalça.

Məhəmməd, Xədicənin ayaqları tərəfdə qoyulmiş yastığa oturaraq arxasını divara söykədi:

-Xəstəyəm, Xədicə.

Zərif qəhvəyi gözləri ərinin üzünə zilləndi.

-Sən yaxşılaşacaqsan,- dedi sakitcə.

Məhəmməd susurdu. Küçədən yüksək səslər eşidildi. Məhəmmədin kiçik qızları Roqaiya və Fatimə qara ləkələrlə örtülmüş yeni doğulmuş keçi balasının kimə məxsus olması ilə bağlı mübahisə edirdilər.

-Xədicə, — Məhəmməd yenidən dilləndi, — sən xalça toxuyursan. Rəsmi haradan alırsan? Rənglərin hansı ardıcıllıqla getməli olduğunu, xətlərin necə kəsişdiyini necə bilirsən?

— Bəzi insanlar şairlik edirlər. Bəziləri fleyta çalır, bəziləri fikirlərini rəngli saplarla toxuyur. Odur ki, hər kəs deyə bilmədiyini ifadə etmək üçün öz yolunu axtarır…

— Maraqlıdır, sən nə cür edirsən, de mənə!

Xədicənin yanaqları azca qızardı. Başını uzanan saplar boyunca davamlı olaraq çoxrəngli yun çəkən əllərinə əydi:

— Xalçamdakı mavi ulduzlar səni axtaran düşüncələrimdir. Ağ qövslər bir-birinə qarışdıqları bir şəbəkə yaradır; beləcə səni tapmırlar. Qızılı çəhrayı, güllərə bənzər ulduzlar hər dəfə mənə yaxınlaşanda deyəcəyin sözlərindir…

O, birdən yaşını xatırlayaraq susdu və ilk dəfə sevgilisi ilə tək qalan gənc qız kimi danışdığına görə utandı.

— Davam elə, Xədicə! — israr etdi. – Sonrasını da de!

-Davam edim? – yüngülcə gülümsəyərək soruşdu,  – Çox dedim, axı!

-Tünd qırmızı rəng xalçanın fonu, əsasıdır. Bu rəng sənin mənə sevginin rəmzidir, Xədicə!

O, susdu. Məhəmməd qara saçlı başını onun qucağına endirdi.

— Ola bilərmi ki, – sakitcə soruşdu, – ola bilərmi ki, Allah Öz sözünü təbliğ etmək üçün məni seçib?

Səssizcə əli ilə sevimli ərinin saçlarını sığallayırdı, dodaqların əvəzinə ürək cavab verirdi.

— Əgər belədirsə, — o sakitcə pıçıldadı, — mən bu çağırışa əməl etməliyəmmi? Məni kim dinləyəcək, inanacaq?…

— Məhəmməd, — Xədicə sevgi dolu səslə dedi, — sən özün üçün hansı yolu seçsən, biz birlikdə gedəcəyik…

“Sənə kim inanmaya bilər? Mən ki, inanıram sənə!” – dedi Xədicə, yeganə sədaqətli dostu, məsləhətçisi, sevimli insanı…

 

Bu yazılarımda onlarla araşdırmalardan istifadə etmişəm. Maraqlananlara adlarını yenidən sadalamaq mümkündür. Хишам, Барто́льд, Уотт, Хайламаз, Большаков, Ислах, Бухари, Шариати, Топбаш, EI, Ирвинг, A.A…