Min cür bəhanələr fikirləşirlər. “Ədəbiyyatı bazar formalaşdırır” deyirlər. Əsərlərini kütlənin könlünü oxşayacaq səviyyəyə uyğunlaşdırıb yazırlar. Bəzi hallarda savadsız təbəqənin, necə deyərlər, bazarda kartof-soğan satanların başa düşəcəyi tərzdə yazırlar. Bununla ədəbiyyat inkişaf etməz. Belə olan halda dəyərli ədəbi nümunələr, ədəbi hadisəyə çevriləcək əsərlər yaranmaz.
İstənilən müqaisə yararsızdı, deyiblər. Ancaq müqaisədən başqa yol da göstərməyiblər. Biz bu gün qonşularımızın heç birinin ədəbiyyatı ilə müqaisə apara bilmirik. Çünki heç birinin inkişafından xəbərimiz yoxdur. Yadda qalanlarımız da Sovet dövründən öyrəndiklərimizdi, o da orta və yaşlı nəslin qəlbində yaşayanlardır. Ayağımız açılsa da Türkiyə və Avropa ədəbiyyatından çox az adam xəbərdardır. Hərdən Markesdən, Kafkadan sitat gətirmək də bir dəb olaraq artıq öləziyib. İndi heç özümüzünkülərdən də sitat gətirən yoxdur.
Bütün bunlarla yanaşı pərakəndə halda adamlar fəaliyyət göstərir, yazıb-yaradır, çap olunur, təqdimatlar keçirir, müxtəlif auditoriyalarda görüşlər təşkil edirlər. Həmin əsərlər müxtəlif yerlərdə çap olunduğundan, saytlarda yayımlandığından aşağı-yuxarı xəbərimiz olur. Yeni yaranan əsərlərin böyük əksəriyyəti ailə dramı, sevgi, məişət problemləri üzərində qurulan əsərlərdir. Tək-tək hallarda hüquq-mühafizə işçiləri, hərbçilər, psixoloqlar haqqında əsərlər yaranır. Belə əsərlər yaranmadıqca cəmiyyətin mübarizə əzmi zəifləyir, qırılır, öləziyir. Cəmiyyət isə fəal olmadıqda ölkə çökməyə məhkumdur. İndi hamının hüquqları müdafiə olunmalıdır. Ölkə olaraq hüquqlarımız müdafiə olunmurdu, torpaqlarımız işğaldaydı. Zor gücünə torpaqlarımız azad olundu. Bəs hüquqlarımız?
Bu barədə qələm əhli düşünübmü?
Ədəbiyyatda vəkil obrazına böyük ehtiyac var.
Diqqət çəkmək üçün “Generalın yefreytor vəkili” adlı bir roman yazdım. Orda çəkişmələr jurnalistlə vəkil arasında gedir. Hərçənd özümdən asılı olmayaraq sonda vəkil jurnalistə uduzdu. Reallıq göz qabağındadır. Pis-yaxşı, adamların harayına vəkillər yox, jurnalistlər gəlir, cəmiyyəti onlar müdafiyə etməyə çalışırlar. Bəs onda bu qədər vəkil ordusu nəyə lazımdır?
Bəlkə, yaxşı bir vəkil obrazı yaratmaqla dönüş etmək mümkündür? Vəkil obrazına cəmiyyətdə ehtiyac duyulur. Elə ədəbiyyatda da…
P.S. Bəli, ədəbiyyatda vəkil obrazına böyük ehtiyac var. Haqqın, ədalətin, qanunun qalib gəlməsi yolunda mübarizə aparan, sona qədər öz borcunu yerinə yetirə bilən vəkil obrazı.
Tarixin hər dövründə, bütün xalqlarda ədəbiyyat belə mübarizlər obrazını yaratmışdır. Əlbəttə, xalqın vəkili kimi yaranmış bu tarixi mübariz obrazlar hüquq və ədalət uğrunda mübarizəni çox vaxt fiziki güc yolu ilə aparmışlar. Orta əsrlər (XlV əsr) ingilis xalq rəvayətlərinin qəhrəmanı Robin Huddan tutmuş, bizim Koroğluya kimi. Bu hal, bu obrazları yaradan ədəbiyyatın həmin dövrlə uyğunlaşması deməkdir.
X-XV əsrlərdən fərqli olaraq, müasir dövr ədəbiyyatının “robinhudları” 21-ci əsrin çağırışlarına uyğun olaraq, hüquq və ədalət naminə atdıqları hər addım qanunun icazə verdiyi səlahiyyətlərə söykənir.
Müasir dövrdə vəkil, ədalətsizliklə üzləşmiş şəxsin öz dərdini, ürək sözünü deyə biləcəyi yeganə hüquq məkanıdır, müdafiyə ümüdüdür. Belə hüquq mübarizlərinin (vəkillərin) baş qəhrəman olduqları əsərlərin yaranması, oxunması cəmiyyətdə inamın və hüquqi savadın yüksəlməsinə də xidmət edər.
Əli BƏY AZƏRİ
Yazıçı, “XƏZAN”ın baş redaktoru.
Redaksiyadan: Müasir Azərbaycan ədəbiyyatda güclü vəkil obrazı yaratmaq yolunda: yazıçı qələminin gücü, yazıçının fantastik düşüncələrdən uzaqlığı, yazıçının hüquqdan gözəl anlayışı, iradəsi və istedadı vəhdət təşkil edərsə, bu addımlar uğurla nəticələnər, əsərsə sevinə-sevinə oxunar. Yeri gəlmişkən, məşhur yazıçılardan vəkil (hüquqjünas təhsilli) olanları çoxdur. Balzak («Nikah müqaviləsi» «Polkovnik Şabert»…), Charles Perrault (“Zoluşka”, “Yatmış gözəl”, “Mavi saqqal”, “Çəkməli pişik”), Çarlz Dikkens («Soyuq ev»…), Volter, Dostoyevski, Tolstoy…