VAQIF OSMANOV   “VƏTƏN GÖZDÜ, BİZ – KİRPİK”

ƏDƏBİ TƏNQİD

Yazıçı Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” hekayəsində vətən faktoru

 

Biz – Sovet dönəminin yetirmələri yəqin ki, yaxşı xatırlayırıq, o vaxt belə bir mahnı oxuyardıq: “Haradan başlanır Vətən?” Bu sualın, bəlkə də, onlarla cavabı olduğunu indi daha yaxşı anlayırıq. Dar çərçivədə götürsək, Vətən beşiyimizdən, böyüdükcə doğulduğumuz evdən, həyətdən, kəndimizdən, şəhərimizdən, daha sonra SSRİ adlı nəhəng bir dövlətin, sonradan “seçməyib sevdiyimiz” Azərbaycanın sərhədlərindən başlanır Vətən.

Amma bu sərhədi kim dəqiqləşdirə bilər ki? O taylı, bu taylı Azərbaycanın bir başı Ötükən, Altay, o biri başı Kərkük elləri, Macarıstan puştaları, Irəvan, Zəngəzur, Göyçə, Borçalı, Dərbənddirsə, haradan başlanır Vətən?

Hələ bir az da qlobal götürsək, bu sərhədlər bəsit görünər. Yaşadığımız planet, kiçik zərrəsi olduğumuz Günəş sistemi bəşər övladının ucsuz-bucaqsız Vətəni deyilmi? Bəs haradan başlanır Vətən? İstiqlal şairimiz Xəlil Rza Ulutük inamla car çəkir ki, Vətən torpaqdan yox, kişi qanındakı qeyrət selindən başlanır.

Vətən haqqında düşüncələrimə səbəbkar yazıçı, keçmiş hərbçi Əli bəy Azəri oldu, daha doğrusu, onun “Sərhədçi zabitin etirafı” hekayəsi.

Hər il Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində hekayə müsabiqəsi keçirmək artıq ənənəyə çevrilmişdir. Bu il 99-cu ildönümlə əlaqədar keçirilən müsabiqədə “Sərhədçi zabitin etirafı” müəllifini qaliblərdən biri etmişdir.

Əvvəlcədən onu qeyd edim ki, hekayəni oxuyub sona çatanda, sanki çox maraqlı süjet xətti olan bir filmə baxdım. “Baxdım” sözünə təəccüblənməyin. Əsər o qədər canlı, hadisələr dinamik və axıcı, personajlar dolğun yaradılıb ki, sərhədçilər haqqında bir filmin ssenarisi təsiri bağışlayır. Bu hekayəyə ekran həyatı vermək mənim ideyam olsun, bu ideyanı həyata keçirmək isə kino sahəsində çalışanların işidir.

Həmişə düşünmüşəm ki, istedadlı söz adamlarının iki yox, üç gözü olur: iki fiziki və bir mənəvi-həssas gözü. Onların güclü müşahidə qabiliyyəti, öncəgörməsi, şüuraltı baxışları olmasa yaddaqalan əsər ərsəyə gətirə bilməz. Bunu bu hakayənin müəllifinə də nədən şamil etdiyimi yavaş-yavaş izah etməyə çalışacağam.

Yazıçı əsərin ideyasını, kompozisiyasını, kulminasiya nöqtəsini düşünməklə bərabər, hadisələrin cərəyan etdiyi ərazini də yaxşı öyrənməlidir. “Sərhədçi zabitin etirafı” hekayəsində Əli bəy zaman və məkanı elə təsvir edir ki, sanki öz ixtisasını və peşəsini yaxşı bilən coğrafiyaçı, yaxud dənizin təbiətinin xüsusiyyətlərinə bələd olan hidrometeoroloqdur:

“Elə bir yerdəydik ki, meşə də vardı, dəniz də, bataqlıq da. Özü də bəzən meşə dənizin içinə uzanırdı, bəzən dəniz meşənin… Bəli! Çox qəribə bir yer idi. İlin bəzi vaxtlarında dənizin suyu qalxır, sahilə yaxın qamışlı bataqlıqları basaraq meşənin içərilərinə girirdi. Elə vaxtlar da olurdu ki, su çəkilirdi, meşə öz yerində qalırdı, dənizin yerində də boy vermiş qamışlı bataqlıqlar erkək qurbağaların qurultusuna züy tuturdu”.

Diqqətli olanlar söhbətin Vətənimizin hansı bölgəsindən getdiyini başa düşər. Xəzər dənizinin suyunun səviyyəsinin qalxıb-enməsi mütəxəssislər üçün əsl müəmmaya çevrilmişdir. Təqribən 20-25 ildən bir səviyyə tərəddüdləri nəticəsində Xəzərin sahil əraziləri yerini dəyişir. Yaxın son dövrdə – 1977-ci ildə dənizin ən aşağı, 1995-ci ildə isə ən yuxarı səviyyə göstəriciləri müşahidə edilmişdir. Dənizin səviyyəsinin ən yuxarı vaxtlarında sahildən keçən dəmir yolu, meşələr su altında qalmış, yarımada adaya çevrilmiş, belə demək mümkünsə, Azərbaycanın torpaq sahələri azalmışdır. Səviyyə aşağı düşəndə də əks proseslər baş vermişdir. Bax, budur, yazıçıya gərək olan biliklər, həssas müşahidə gözü!..

Hekayədə hadisələrin dinamikliyi zastava rəisi kapitan Babək Kərimovun ailə vəziyyəti ilə əlaqədar ongünlük məzuniyyətə çıxmasından sonra başlanır. Buna görə də baş leytenant hərbi rütbəsini yenicə almış hekayənin lirik qəhrəmanının məsuliyyət yükü ikiqat artır. Hekayə birinci şəxsin dilindən qələmə alındığından “qəhrəman” sözünü tez-tez işlədəcəyəm.

Zastavanın yaxınlığındakı Zoroba kəndi keçən əsrin 30-cu illərində yaradılmışdır. Zorobanın əhalisi üç kəndin “sözə baxmayan” adamlarından ibarətdir. “Əsasən, xırda ticarətlə məşğul olanları, hökumət üçün əhəmiyyətli maneə törətməyənləri “kulak” damğası vuraraq Sibirə sürgünə göndərməyib, həmin kəndlərdən ayırıb bura yerləşdirmişdilər”. Əli bəy Azərinin qənaəti belədir,  kəndin adını da uğurlu tarıb; Zoroba – zorla köçürülənlərin obası.

Hər bir yaşayış məntəqəsində olduğu kimi Zoroba kəndində də bir-iki ipə-sapa yatmayan insanın olması təbiidir:

“Nailə arvadın babası Nəriman kişi o vaxt burda duruş gətirməmiş, yuxarıdakı kəndlərinə qayıtmışdı. Kolxoz sədri onu zorla kənddən qovmaq istəyəndə elə kolxoz tövləsinin qabağında günün günorta çağı qəməni çıxardıb sədrin qarnına soxmuş:

-Adam bu qədər nankor olmaz. Nəsilliklə babamın qapısında yallanıb ağ günə çıxmısınız. İndi də onun mal-heyvanı hesabına kolxoz qurub dolanırsınız. Məni öz kəndimdə sakitcə yaşamağa qoymayacaqsınız? – demişdi.

Ağsaqqalların məsləhəti ilə Nəriman kişi “əlləri qandallanmamış elə o gedən getmişdi”. Sonradan Culfa tacirlərinə qoşulan, dükan açan, “Sona adında əri ölüb dul qalmış sona kimi bir gəlinlə evlənən, iki oğlu, bir qızı olan Nərimanın” uşaqlarından biri sonralar Nərimanın bu taydakı nəvələri Nailə ilə Seymuru tapmışdı.

Əri öləndən sonra Rusiyada yaşayan “oğlanlarının hesabına bəy balası kimi dolanan Nailənin qardaşı dələduz Seymurun da Rusiyaya getdiyini deyirdilər”…

Yenicə rütbəsi artırılmış qəhrəman “bu fərəhi yaşamağa”, “nəfəsini dərməyə” macal tapmamış, mərkəzdən teleqram gəlir. Teleqramda ağ və qara ölüm – narkotika daşıyan qaçaqmalçıların hekayənin qəhrəmanının rəhbərlik etdiyi zastavanın ərazisindən keçdiyi, yaxud əraziyə yaxın yerlərdə fəaiyyət göstərdiyi bildirilir:

“Məsələnin tam olaraq aydınlaşdırılması üçün komissiya tezliklə bölgəyə yollanacaq. Qarşılamağa və hərtərəfli kömək göstərməyə hazır olun!”

Sərhəd Qoşunları Akademiyasının məzunu, Dəstə qərargahında işləyən, indi də zastavada rəis vəzifəsini müvəqqəti icra edən qəhrəman sahə müvəkkilinin xəbəri olmadan, mərkəzdən gələcək komissiya üzvlərini gözləmədən xarici vətəndaşla əlbir olan yerli şəxsi ələ keçirmək üçün əməliyyat hazırlamağı qərara alır. Gənc və özünü təsdiq etmək üçün alışıb-yanan yenicə baş leytenant rütbəsi almış sərhədçi zabit özünə güvənir:

“Bu, mənim üçün Sərhəd Qoşunları Akademiyasının sonuncu kursundakı dövlət imtahanına hazırlıq deyildi, döyüş əməliyyatına atılmaqdı. Həm də mənim üçün hərbi döyüş yetkinliyinə ilk imtahan idi. Lovğalanmaq istəmirəm, sadəcə özümə çox arxayındım, əməliyyatın öhdəsindən gələcəyimə inanırdım.

…Komissiya adı altında əməliyyat qrupu bu işi araşdırmağa gəlir. Qoy, gəlsin. Onlar gəlib öz işini görənə kimi mən də başladığım əməliyyatı yekunlaşdıracağam”…

Əli bəy Azəri lirik qəhrəmanın obrazı ilə peşəkar hərbçi, məntiqli kriminalist necə olmalıdır sualını cavablandırır, əməliyyatın incəliklərini bircə-bircə nəzərdən keçirir: “yağışlı hava sərhədçi üçün arzuolunmazdı, çünki yağış bütün izləri yuyub aparırdı, …deyəsən yağışın yağması əməliyyatın xeyrinə olacaqdı, “sərhəd pozucusu” təbiətin qoynunda çox yubanmayacaqdı”. Həmçinin başqa daha incə detallar: su içilən stəkanın yerli istehsal olmaması, çəlləyin yanındakı qəzet parçasının ərəb hərfləri ilə yazılmış yazısı, qəzet parçasındakı şəkilin Tehranda çəkilməsi, Seymur evə gələndə işıq olmadığını görüb şübhələnər deyə çırağın yandırılması, öskürüb asqırmamaq, lap astadan nəfəs almaq, otaqda siqaret çəkməmək (səbəbini sonra yazacağam), dəniz sahilindəki qarğının qeyri-adi hərəkəti və s.

Hər bir əsərin (həcmindən asılı olmayaraq) tərbiyəvi əhəmiyyəti haqqında öz fikrini bildirmək Sovet təhsil sisteminin müsbət cəhətlərindən biri idi. Şagird əsərin əsas ideyası, tərbiyəvi rolu haqqında müstəqil və subyektiv fikrini açıqlamaqla həm də söz ehtiyatını artırırdı, nitqini zənginləşdirirdi, müstəqil düşünmək qabiliyyətini cilalayırdı. Bu hekayədə yazıçı belə bir tərbiyəvi məqamları qabardır – Vətəni sevmək, lazım gələrsə həyatını təhlükəyə qoyaraq onu qorumaq, cəsarətli olmaq. Və bununla bərabər pis vərdişlərdən imtina etmək, məsələn, siqaretdən. Zorobanın sakinləri ümumiyyətlə siqaret çəkmək kimi zərərli vərdişdən uzaqdır:

“…Ölkədə görünməmiş işdi. Babək deyirdi ki, Baharlının Sobu, Xudafərinin Şamlı, bir də Boradigahın Zoroba kənd camaatı siqaret çəkmir. Doğrusu, bunu mən ilk dəfəydi eşidirdim…                                                 …Siqaretin tüstüsü divarlara elə hopmuşdu ki, tezliklə çəkilib getməyəcəkdi. Kənardan gələn mütləq bunu hiss edəcəkdi, o da ola ki, ömründə siqaret çəkməyən”…

Bəşəriyyətin siqaretə “müharibə” elan etdiyi indiki zamanda hekayədəki bu fikirlər “siqaretə yox deyək!” mübarizəsinə bir yazıçı köməyidir.

“Sərhədçi zabitin etirafı”nda Nailə arvadın evində gecənin zülmətində Seymuru gözləmə anları o qədər real, həyəcanlı təsvir edilmişdir ki, sanki, əməliyyatda özün iştirak edirsən. Gözlənilən “qonaq” gələndə siqaretin iyini hiss edib “evdə yad adam olduğunu lap mağarasına qayıdan ayı kimi duymuşdu”.

Seymurun və digər yad ölkə vətəndaşının ələ keçirilməsi əməliyyatının həyəcanlı səhnələri –  Əlixanov kimi təcrübəli çavuşu asanlıqla yaralaması, hekayəni qəhrəmanının onu təqib etməsi, Seymurun sərhədçi zabitin “yerə uzan!” əmrinə özünə güvənərək “bircə onu görməyəcəksən” cavabı, “bədheybətə oxşayan div boyda qonağın dəniz sahilinə çathaçatda yoxa çıxması çox inandırıcı təsvir edilmişdir, yenə vurğulayıram, uğurlu dedektiv filmdəki kimi.

Sərhədçi zabit əməliyyatın iflasa uğradığını, “qonağın” aradan çıxdığını, əlinə düşən şansı itirdiyini acı-acı fikirləşdiyi anda kəşfiyyatın rəisi mayor Fərmanovun rəhbərliyi ilə xüsusi dəstənin gəlməsi onun nitqini qurutmuşdu. Mayor Fərmanovun: “Sən nə etdin? Gül kimi əməliyyat qurmuşduq, naşılığınla onu pozdun. Biz onların ikisini də iş başında yaxalamalıydıq” ittihamları qarşısında o, nə deyə bilərdi ki?..

Hər şeyi boynuna alan Nailə arvad Seymurun narkotikləri harada gizlətdiyini də demişdi. “İki saat ərzində hər yer ələk-vələk edilsə də nə Seymur tapılırdı, nə də narkotika”.

Əməliyyatın uğurla başa çatmasına Xəzərin sahilindəki bataqlıq – gölməçədəki o birilərindən fərqlənən balaca boylu qamış “kömək” etdi. “Qamış qeyri-adi tərpənirdi, başqa qamışlar kimi Xəzərin mehindən xumarlanıb yırğalanmırdı”.

Mayor Fərmanova düşündüklərini izah etsə də mayorun ağlına bir şey batmırdı, amma sərhədçi zabit o fərqli qamışa “arxayın” idi:

“Qamış ətrafda olan qamışlardan bir az yoğun idi, elə bil bura qamışı deyildi, hardansa gətirilmişdi. Tutub özümə tərəf çəkdim. Qırıq qamış əlimdə qaldı, dartıb sudan çıxartdım, fikirləşdiyim qədər gödək deyildi. Bir an karıxıb qaldım, səhv etdiyimi düşündüm. ”Yaxşı, bu qırıq qamış niyə burdaydı? Bunu bura kim gətirib sancmışdı?”

Narkotika qaçaqmalçısının suyun dibində bu qamış vasitəsi ilə nəfəs aldığını anlayan zabit əmr verdi:

-Cəld olun! Onu xilas edin, indicə boğulacaq!

Beş dəqiqədən sonra Seymuru, daha sonra sellofan torbaları sahilə çıxardan, elə oradaca siqaretə “tövbə” edən sərhədçi zabit mayor Fərmanovdan isti-isti ilk “mükafat”ını alır:

“-Yaxşı işinə görə çox sağ ol. Özbaşına əməliyyat hazırlayıb mərkəzin planına maneə yaratdığına görə töhmət elan edirəm!”

Hekayəni çox bəyənən yazıçı-tənqidçi Pərvanə Bayramqızının fikirləri ilə tam razıyam:

“Qəhrəmanın sonda aldığı təltiflər içində ona daha əziz olanı elan edilən “töhmət”in olması mənə Mübariz İbrahimovu xatırlatdı. Niyəsini sözsüz ki, bilirsiniz… Qəhrəman Vətən yolunda nə edirsə canıyla-başıyla edir, təşəkkür üçün yox. Döyüş səhnələrini əks etdirməyən əsər yazılarkən əsas ideya vurğulanır”…

Pərvanə xanımın fikrinə qüvvət, qəlbində Vətən eşqi olan kəsin Vətən uğrunda etdiyini düşünməyə macalı olmur.

Şair Məmməd Aslanın iki misrası çoxdan yaddaşıma həkk olunub:

Vətən gözdür, biz kirpik,

Gözümüzün keşiyini çəkirik.

Vətəni göz bəbəyi kimi qorumağın bu qədər bədii, şairanə anlamını eşitmisinizmi? Anamız, canımız, gözümüz Vətənə bir kirpik xidməti göstərə bilsək, necə də xoşbəxt olardıq!

Əli bəy Azəri də bu müqəddəs işi – Vətəni göz bəbəyi kimi qorumağı vaxtı ilə hərbçi cəsarəti ilə etmiş, bu gün də öz ürəyi, ürəyinin sözünə baxaraq qələmiylə yerinə yetirməkdədir.

Uğurlar!..

VAQIF OSMANOV

Ədəbi tənqidçi

Noyabr, 2018

“Xəzan” jurnalı, N18, noyabr-dekabr 2018

“Ədalət” qəzeti, N10(5474), 17 yanvar 2019