Gəncədə anadan olmuş xanımın Türkiyədə millət vəkilliyinə namizədliyinə uğurlar diləyək.
Elə insanlar var ki, onlar haqda danışdıqca nura boyanır, arınır, saflaşırsan. Həmin an ağlına gələn ilk cümlə bu olur: ”Dünya yəqin ki çoxdan, lap çoxdan dağılardı belə insanlar olmasaydı”. Biz adətən dahi şəxsiyyətlərdən danışarkən — ”Onun dünyaya gəlişi bir hadisə idi”, — deyirik. Bu fikrə etirazım yoxdur, sadəcə, həyatın amansız acılarını az qala bal-şəkər kimi dadıb yoluna davam edən, zorla közərən odunu alışdıran, qurumuş ağaca can verən, soyuq baxışları sevgiylə boğulan göz yaşlarına çevirməyi bacaran insanların gəlişini necə adlandıraq? Belələri şübhəsiz, bir həyat hadisəsi deyil, həm də bəşəri yüksəlişdir. Bu mənada, çoxlarına nümunə ola biləcək bir ailədən, o ailənin nağıl kimi görünən həyat hekayəsindən qısa şəkildə danışmağı özümə borc bildim…
Vəfa, üç yaşı olanda ailəsi ilə birlikdə Gəncə şəhərindən Rusiyaya köçür. Bir gün avtomobillərin keçməsinin yasaq olduğu ərazidə gül toplayarkən onun həyatını kökündən dəyişəcək müdhiş bir hadisə baş verir. Zibildaşıyan maşın qəza törədərək balaca qızcığazı iki ayağından məhrum edir. Onun üçün saniyələrin il kimi keçən uzun, məşəqqətli anları başlayır. Aylarla xəstəxana çarpayısından günəşə boylanır, sarsıdıcı ağrı ilə amputasiya olunmuş ayaqlarına baxır, təəssüflənir. Lakin zaman keçdikcə həyata, taleyə qarşı üsyan etmədən buna vərdiş edir. Onu həvəslə yerimək sevdasından məhrum edən bu ağrının yeri qaysaqlanmamış qardaşı hovuzda boğulur, ailəni də, balaca Vəfanı da bir daha sarsıdır. Bu hadisədən sonra ailə doğma el-obasına — Gəncəyə qayıdır… Vəfa böyüdükcə bir həqiqətə inanır ki, insan öz iradəsi ilə çətinlikləri dəf edə bilər. Alimlərin uzun illərin təcrübəsi olan «insan əsl xarakterini, simasını və mənəvi çəkisini həyatın zor, çətin günlərində açır» fikri onu məyusluqdan qurtarır, həyata daha böyük sevgi ilə baxmağa sövq edir… İllər öz axarı ilə keçir. Vəfa tələbə adını qazanır. Səhhəti ilə bağlı yolu tez-tez Türkiyəyə düşür. Yeni bir sınaq, yeni bir imtahan qarşısında qalır. Ancaq bu dəfə təkcə Tanrının sınağına tuş gəlmir, ilk baxışdan içində təlatüm yaradan Mehmet Akduz da onu məsuliyyət hissi ilə üz-üzə qoyur. Mehmet onunla ailə qurmaq, ömrünün sonuna qədər ona sadiq qalacağına dair vəd verir, vəfa andı içir. Bu sədaqət andının işığı altında onların ailəsində iki gözəl qız övladı böyüyür. Anlar ötdükcə hər ikisi bilir ki, bu çətinliklər bitməyib və bitməyəcək. Ancaq vacib olan əlac sevgi, qarşılıqlı anlaşmadır…
Vəfa Akduz illərdir ictimai-siyasi həyatda çox fəaldır. «Kimsəsiz Uşaq və Qadlnlara Yardlm» İctimai Birliyinin sədridir. Qadın problemlərindən tutmuş qazilərin sağlıq, sosial məsələrinin çözülməsində daim onların yanındadır. Bir-birindən maraqlı, əhəmiyyətli layihələr qurur və bu, Vəfa xanımı həyata daha çox bağlayır. Bəlkə də bu sətrləri oxuduqca deyəcəksiniz: «İçində bu qədər həyat eşqi, qurub-yaratmaq sevgisi olan, insanlara yardım etmək üçün dünyanın o biri başına getməyə hazır olan belə bir xanım nə üçün millətin elçisi olmasın?!» Elə mən də eynən bu cür düşündüm. Məlumat aldım ki, Vəfa xanım qarşıdakı seçkilərdə bu həyatın imtahanı qarşısına çıxacaq, özünü sınayaqcaq. Əslində, onun kimi vətənpərvər, içi həyat eşqi ilə dolu bir qadının millət elçisi olması insanların xeyrinə olar, onların sosial güzəranına müsbət təsir edər. Əminəm ki, Vəfa Akduz zərif çiynlərini həyatının baş qəhramanı, ər oğlu ər Mehmet Akduzla, bir-birindən gözəl, ağıllı balaları, ona etimad göstərən xalqı ilə bərabər dünyamızın sağlam, firavan olması üçün hələ çox işlər görəcək! Gəlin, birlikdə Vəfa xanıma seçkilərdə uğur arzulayaq, xeyr-dua verək. Bizim xeyir-duamıza onun indi daha çox ehiyacı var.
Hüseyn İsaoğlu ( Məmmədov ) Yazıçı-publisist.